Məhkəmə qərarları › İş №2-1(112)-5935/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5935/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5935/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nizami Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İşin halları İddiaçı ərizə ilə cavabdeh Bakı şəhər Nizami Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı məqsədilə Nizami RPİ-nin inzibati binasının ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, hal-hazırda qeydiyyatsız yaşadığı ünvana qeydiyyata alınmaq üçün müvafiq sənədləri toplayaraq aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanlarına müraciət etmək tövsiyyə edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhər Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1994-cü il tarixdə Türkmənistan Respublikasının Marı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il tarixdə Türkmənistan Respublikasının Marı şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı şəhəri R.Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2010-cu ildə həmin məktəbin yeddinci sinfini bitirmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün sonralar təhsilini davam etdirə bilməmişdir. Doğulduğu vaxtdan 2015-ci ilə qədər ailə üzvləri ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. 2002-ci ilin noyabr ayından etibarən anası və bacısı ilə birlikdə ünvan 4 ünvanında kirayədə yaşaymışdır. X7 Stepanovna xx.xx.1971-ci il tarixdə Qazaxıstan SSR-nin Karağandı (Karaqanda) vilayətinin Abay şəhərinin Topar qəsəbəsində anadan olmuşdur, anası vətəndaşlığı olmayan şəxsdir və onun vətəndaşlığı olmayan şəxs kimi statusu Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-714/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Anası vətəndaşlığı olmayan şəxs olduğu üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülmüşdür, hazırda ünvan 5 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğu yeri üzrə qeydiyyata alınmışdır. X2 xx.xx.1967-ci il tarixdə Ermənistan SSR-nin Masis rayonunda anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı olmuşdur, o, yaşayış yeri üzrə ünvan 6 ünvanında qeydiyyatda olmuş və xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atasının ölümü dövlət qeydiyyatına alınmamışdır, bu səbəbdən o, hələ də yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmamışdır. X1 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, uzun müddət vətəndaşlığı olmayan şəxs vəziyyətində olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5370/2018 saylı qətnaməsi əsasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən bacısının doğumu qeydə alınmış və o, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1865/2019 saylı iş üzrə 24 may 2019-cu il tarixli qərarı əsasında doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Doğum haqqında şəhadətnamə ilə təmin edildikdən sonra bacısı 2020-ci ilin fevral ayında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Yaşayış yeri olmadığı üçün və kirayədə yaşadığı yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata düşməyə razılıq vermədiyindən bacısı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilən zaman Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçı doğulan zaman xəstəxana tərəfindən doğum haqqında tibbi şəhadətnamə verilsə də, həmin vaxt anası doğumunun qeydə alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinə müraciət edə bilməmiş, daha sonra tibbi şəhadətnaməni itirmişdir. Uzun müddət iddiaçının doğumu qeydə alınmamış və iddiaçıya doğum haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən də, şəxsiyyətinüi təsdiq edən sənədlə təmin edilməmişdir. Buna görə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. 2017-ci ildə Türkmənistan Səfirliyi iddiaçının Türkmənistanın Marı şəhərində doğulmağı barədə arayış və həmin arayışa əlavə olunmuş tibbi şəhadətnamənin surətini təqdim etmiş, Türkmənistan Respublikasının Ədliyyə Nazirliyi onun Marı şəhərində doğulması faktını təsdiqləmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının doğumu Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydə alınmış və ona AZ-İV seriyalı, № 654421 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiva Xidməti iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin tanınması barədə xx.xx.2022-ci il tarixdə ******* nömrəli qərar qəbul etmişdir. Hazırda iddiaçı ünvan 9 ünvanında kirayədə yaşayır və evin mülkiyyətçisi həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata düşməsinə razılıq vermir. Yaşayış yeri üzrə qeydiyyata düşməsi üçün ünvan olmaması səbəbindən "ASAN xidmət" mərkəzi tərəfindən iddiaçının Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunması mümkün deyil. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində çıxarılacaq qətnamə icraya yönəldikdən sonra icra olunacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İşdə olan “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.1.5-ci yarımbəndini rəhbər tutaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən 14 avqust 1994-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 9195/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçı hazırkı tarixədək heç vaxt Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamış, hər hansı bir ünvan üzrə qeydiyyata düşməmişdir. xx.xx.2022-ci il tarixdə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış, lakin qeydiyyat ünvanı olmadığından şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi mümkünsüz olmuşdur. İşdən görünür ki, iddiaçının adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak olmadığından yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim edə bilməmişdir. Bu səbəbdən o, hazırda Nizami Rayon Polis İdarəsinin inzibati binasına -ünvan 7 ünvanına qeydiyyata alınması tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarı ilə qərara alınmışdır ki:

1. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur.

2. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz.

3. Bu Qərarın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirəsalınmadan təşkil etsin. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Qanunun göstərilmiş maddəsində işlənilən «Vətəndaşın yaşadığı yerə gəldikdə isə bunun müəyyən edilməsi üçün ilk növbədə onun faktiki yaşayış yeri, o cümlədən yaşayış yeri və olduğu yer nəzərə alına bilər. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adatən yaşadığı yer onun yaşayış yeri sayılır. ..Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır. Digər tərəfdən, özünə yaşayış yerini azad seçmək hüququ mütləq xarakter daşımır və bəzi hallarda isə məhdudlaşdırıla bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir. Beləliklə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola bilər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi həmçinin bərabərlik hüququnu poza bilər. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, si-yasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır. Yaşayış yeri olmayan vətəndaşlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməməsi Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinin müddəalarının pozulması kimi qəbul oluna bilər. Bu müddəalara əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bununla belə, Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər.” Həmin Qərarın 3-cü bəndinin icrasını təşkil etmək məsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2003-cü il tarixdə 55s saylı sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini qəbul etmişdir. Beləliklə, isitinad olunanlardan müəyyən olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasının qarşısını almaq məqsədilə şəxsin yaşayış yeri olmasa da, ona şəxsiyyət vəsiqəsinin verilməsi təsbit olunmuş, bu zaman yaşayış yeri olmayan şəxsin şəxsiyyət vəsiqəsində yaşayış yerinin şərti olaraq şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı kimi qeyd edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, nə qədər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixdə 55s saylı sərəncamı qüvvədədir və iddiaçının qeydiyyata alınmaq üçün başqa yaşayış yeri yoxdur, cavabdehin onu inzibati binaya qeydiyyata almaqdan imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhər Nizami Rayon Polis İdarəsinin ünvanı, yəni ünvan 10deh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar