Məhkəmə qərarları › İş №2-1(112)-5937/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5937/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5937/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək mülkiyyət hüququnu təsdiq edən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K saylı bağ sahəsinə dair adına verilmiş çıxarışa uyğun həmin sahənin texniki pasportunun da çəkilərək verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək cərimələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K saylı bağ massivi mərhum X5 21 may 1991-ci il tarixində verilmişdir. X1 ikən həmin bağ sahəsindən istifadə etmiş, orada üzüm və əncir ağacları əkərək onlara özü qulluq etmişdir. Anası mərhumun sağlığında ikən dəfələrlə həmin bağ sahəsində olmuş, ona kömək etmişdir. Lakin sonradan mərhum X7 ağır yataq xəstəsi olduğundan, anasının isə ayaqları şiş xəstəliyinə tutulduğundan bağ sahəsinə gedib-gələ bilməmişlər. Mərhum ölərkən bütün əmlakını ona vəsiyyət etdiyindən o həmin 0,12 ha olan bağ sahəsim sənədləşdirmək üçün cavabdehə müraciət etdikdə cavabdeh və onun səriştəsiz əməkdaşları müxtəlif bəhanələr gətirərək həmin torpaq sahəsinin qonşular tərəfindən hasarlanaraq, zəbt olunduğunu bildirmiş və bu səbəbdən ölçü işlərini apara bilmədiklərindən ona sənəd verməkdən imtina etmişlər. Buna göra də məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi 262K saylı bağ massivinə dair çıxarış almaq üçün X4 adına arayış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-296/2021 qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivndə yerləşən 0.12 ha sahəsi olan 262K bağ sahəsinə dair hüququn iddiaçının mərhum babası X6 məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-296/2021 saylı qərarından apellyasiya və kassasiya şikayətləri versə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 avqust 2021-ci il tarixli 2-1(103)- 1674/2021 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2021-ci il tarixli qərarı ilə isə cavabdehin kassasiya şikayətləri təmin olunmayaraq qərar qüvvəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-296/2021 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilsə də, cavabdeh təşkilat onun mülkiyyətinə daxil olan ərazinin bir neçə sotunu öz yaxın adamına satması bəhanəsi ilə 10 iyun 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K saylı bağ sahəsinə dair adına çıxarış versə də, bu səfər texniki pasportu verməkdən imtina etməkdədir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi rəsmi şikayət ərizələri və müraciətlər etsə də, məhkəmə qərarını bu günə qədər icra etməkdən dolayı yollarla imtina etməkdədir.

3. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Odur ki, ümumi ərazi daxilində yerləşən qonşu torpaq sahəsi arasında keçid yolu nəzərə alınmaqla notariat qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Yuxarıda qeyd edilən səbəbə görə torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununan 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsim, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi «dan 262K saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

5. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-296/2021 nömrəli xx.xx.2021ci il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K saylı bağ sahəsinə dair hüququn iddiaçının mərhum babası X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

6. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1674/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-296/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2113/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1674/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır.

9. Məhkəmənin hazırlıq icraatı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

14. Beləliklə, məhkəmə müəyyən edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-296/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K saylı bağ sahəsinə dair hüququn mərhum babası X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

15. Cavabdeh qurum tərəfindən torpaq sahəsinə dair arayış tərtib edilsə də, məhkəmə aktının icrası başa çatdırılmamışdır.

16. İddiaçı torpaq sahəsinə dair texniki pasportun tərtib edilməsini tələb etsə də, hüquqi marağı Torpaq sahəsinin planı və ölçüsünün təsviri sənədinin tərtib olunmasına yönəlib.

17. Torpaq sahəsinin planı və ölçüsünün təsviri Azərbaycan Respublikası Prezidentinin 2015ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş və mahiyyət etibarilə özündə daşınmaz əmlakın dövlət reyestrinə qedə alınmalı məlumatları əks etdirir. Odur ki, həmin sənədin tərtibi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınmasına dair vahid prosesinin davamıdır.

18. Məhkəmə həm də nəzərə alır ki, torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və koordinatları məhkəmə araşdırmasının predmeti olmuş və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilmişdir.

19. Belə ki, iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2113/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarında 37-ci bənddə qeyd etmişdir ki, “iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyində qeyd edilmişdir ki, faktiki vəziyyətinə görə Bakı şəhəri, Sabunçu raynu Pirşağı bağ massivində yerləşən 218 nömrəli BTK-nın nəzdində olan 262K nömrəli bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və koordinatları müəyyən edilərək orada hər hansı tikinti işlərinin aparılmadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin şikayətində qeyd olunan hallar üzrə materiallarla təsdiqini tapmamış və cavabdeh də həmin hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.”

20. X8 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X8 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

21. Belə ki, məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

22. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

23. Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır.

24. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.

25. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.

26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

27. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar