Məhkəmə qərarları › İş №2-1(112)-5939/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5939/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5939/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı İbrahim qızının cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının mərhum övladına şəhid statusunun bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İbrahim qızı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının mərhum övladına şəhid statusunun bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması» tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47, 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddia ilə bağlı vəsatət təqdim etmiş və vəsatətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1995-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların müddəalarına istinad olunaraq, iş üzrə cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon bölməsi ilə əvəz olunması xahiş edilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının və cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri gəlmişlər, digər cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiinin nümayəndəsi X2 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, iddia qaldırılan məsələ ilə bağlı Xidmətin yerli qurumuna müraciət etməli idi, həmin məsələ qeyd olunan qurumun səlahiyyətindədir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qaydaların 4.2-ci bəndinə görə şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X7 şəhər, rayon şöbələri tərəfindən verilir. Göründüyü kimi, mövcud qanunvericilik Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsə şəhid statusunun verilməsinin onlara bu barədə arayış verilməsi ilə təsdiqlənməsini nəzərdə tutur və bu arayışın verilməsi səlahiyyətlərini gizir və zabit heyəti istisna olunmaqla digər hərbi qulluqçulara münasibətdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin özünə yox, həmin Xidmətin müvafiq olaraq yerli idarə, şöbə və bölmələrinə aid etmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Sadalanan normaları hazırkı işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı qaldırdığı məsələ ilə bağlı hazırkı cavabdehi seçməkdə haqlı deyil, ona görə də hazırkı tələblə bağlı AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdeh qismində çıxış edə bilməz. İPM-in 13-cü maddəsinin tələbləri baxımından “cavabdehin dəyişdirilməsi” məsələsinə gəldikdə, məhkəmə vurğulayır ki, onun Xidmətin yerli qurumuna həmin məsələ ilə bağlı müraciəti olmadığından (imtina və ya hərəkətsilziklə nəticələnən), məhkəmə cavabdehin dəyişdirilməsi ilə əlaqədar iddiaçıya tövsiyə verilməsini məqsədəuyğun saymır. Beləliklə məhkəmənin qənaətinə görə cavabdehlər AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar