Məhkəmə qərarları › İş №2-1(112)-594/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-594/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-594/2024 24.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X8, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs “X23” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X23” şirkətinin Azərbaycan Respublikasındakı filialı) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2998-ci il tarixli, 996 saylı sərəncamı ilə X11 fərdi ev tikintisi üçün ayrılmışdır. Bundan sonra Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 558 saylı sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2998-ci il tarixli, 996 saylı sərəncamı ləğv edilmiş və həmin sərəncamla E.B.Hacıyevə ayrılmış 600.0 kv.m torpaq sahəsi İddiaçı adına keçirilmişdir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində qanuna uyğun şəkildə yaşayış evi tikilmiş və xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 30 nömrə ilə xx.xx.2004-cü il tarixində qeydiyyatı aparılmaqla seriya FM 031942 saylı çıxarış verilmişdir. Bundan sonra iddiaçı həmin evi “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən oğlu X6 bağışlamış və Seriya RX ******* saylı xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İddiaçı qanuni istifadəsində olan 600 kv.m bağbostan kimi istifadədə olmuş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müraciət etmişdir. Bakı şəhər 1 saylı Ərazi İdarəsi tətəfındən 25 oktyabr 2022-ci il tarixli **********34 saylı məktubla cavab verilərək bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmiş, həmçinin, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Torpaq sahəsi yerləşən ərazidə inşa edilən bütün evlər çıxarışlarla təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-14804/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4286/2023 saylı qərardadı ilə “X23” Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmiş, həmçinin, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Təqdim edilmiş sənədlər toplusuna əlavə edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 558 nömrəli Sərəncamı xx.xx.2002-ci il tarixlidir. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********34 nömrəli cavab məktubu ünvanlanmışdır. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, mübahisələndirilən ərazi SOCAR-ın daimi isitifadəsində olan, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin quyuların elektron baza məlumatlarına baxış keçirən zaman müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor Neft yataqlarının dxil olduğu blokun bərpası, işlənməsi və X22 haqqında” Sazişə əsasən “X24” Şirkətətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ- mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Bu maddədə açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 110-cu maddəsində göstərilir ki, bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2017 il tarixli qərarında müəyyən edilmiş hallara görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Odur ki, yuxarıda qeyd olunanları rəhbər tutaraq məhkəmədən İddiaçı hazırki iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxs “X25” şirkətinin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, müraciətlə əlaqədar Şirkətin aidiyyəti əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilərək həmin ərazinin plan-xəritəsi və torpaq sahəsinin topoqrafik plandan çıxarışın təsdiq olunmuş surəti hazırlanmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, sorğunuzda qeyd etdiyiniz Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “X22 haqqında” Sazişə və “X20”nə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, UTM WGS 84 koordinat sistemində aşağıda göstərilən kordinatlar daxilində yerləşir: 1.396130.7138 4476635.6526 2.396150.5831 4476659.4479 3.396168.6552 4476645.3364 4.396150.6635 4476619.9364 5.396138.4397 4476629.2497 Əlavə olaraq bildiririk ki, sözügedən torpaq sahəsi bilavasitə SOCAR-a məxsus vurucu qaz xəttinin mühafizə zolağı daxilində yerləşir. “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu”na və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edildiyindən “X24” şirkəti sözügedən torpaq sahəsinin bu və ya digər halda başqa məqsədlər üçün istifadə olunmasına və özgəninkiləşdirilməsinə etiraz edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi" tələbinə dair 2-1(112)-594/2024 saylı inzibati işin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən sahəsi 6 sot olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X24” Şirkətinin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cı il tarixli 693 nömrəli torpaq sahəsinin ayrılması haqqında sərəncamına əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin 06.05.99-cu il tarixli, YC011/239 saylı razılıq məktubunu nəzərə alaraq Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi – Sulutəpə yolunun kəsişdiyi yerin cənub hissəsində Binəqədi Rayon İcra hakimiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün 9,8 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA- 08481-2022 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 996 saylı və xx.xx.2002-ci il tarixli, 558 saylı sərəncamları onlara əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin sərəncamların və onlara əlavə edilmiş digər sənədlərin surətindən görünür ki: - Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən X11 fərdi ev tikintisi üçün “Binəqədineft” NQÇİ-nin işçilərinə BŞİH-nin 659 saylı xx.xx.1994-cü il tarixli qərarı ilə Sulu-Təpə qəsəbəsində ayrılmış və uzun müddət bağ-bostan kimi istifadə etdiyi ərazidən təqdim edilmiş cizgi əsasında 600.0 kv.m. torpaq sahəsi ayrılmışdır. -Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanmış X2 ərizəsindən görünür ki, sonuncu xx.xx.1998-ci il tarixli 996 saylı sərəncamına əsasən Sulu-Təpə qəsəbə ərazisindən ayrılmış torpaq sahəsinin öz adına verilməsi haqqında icazə istəmişdir. - X14 tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2002-ci il tarixli ərizədən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.1998-ci il tarixli, 996 saylı sərəncamına əsasən Bakı şəhəri Sulu-Təpə qəsəbə ərazisindən X11 ayrılmış 600 kv.m. torpaq sahəsinin fərdi yaşayış tikintisi üçün maddi imkanın olmadığından həmin torpaq sahəsinin X1 adına dəyişdirilməsinə etiraz etməmişdir. - Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı məktubunda bildirilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinə Naxçıvani küçəsi 10 saylı yataqxanasının 4a mənzilində yaşayan vətəndaş X14 müraciət edərək 1988-ci ildən bəri qəsəbənin Sulu-Təpə sahəsində istifadə etdiyi bağ-bostan sahəsində fərdi yaşayış evi tikilməsinə icazə verilməsinə xahiş etmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, həqiqətən də vətəndaş Hacıyevin mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı vardır. Onun 1988-ci ildən istifadə etdiyi torpaq sahəsi BŞİH-nin sərəncamı ilə fərdi yaşayış ev tikmək məqsədi ilə NQÇİ-nin işçiləri üçün ayrılmış ərazi daxilinə düşdüyündən “Binəqədineft” NQÇİ-nin Əİ-06-4\655 saylı, 10.07.98-ci il tarixli məktubu ilə bu sahədən bir pay torpaq sahəsinin ayrılmasına etiraz edilmir. - Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarilxi 558 nömrəli sərəncamına əsasən İzmir küçəsi 7a saylı binanın 4-cü mənzilində yaşayan X9 ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, aralarında olan və notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinə və etibarnaməyə əsasən, Sulu-Təpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün X11 ayrılmış 600 kv.m. torpaq sahəsinin onun adına keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ləğv edilmiş, həmin sərəncamla Sulu-Təpə qəsbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün E.B.Hacıyevə ayrılmış 600 kv.m torpaq sahəsi İ.M.Paşayevin adına keçirilmişdir. İş materiallarına əlavə edilmiş Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 9cu döngə, 1 nömrəli xx.xx.2004-cü il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, torpaq sahəsinin sənədlə ölçüsü 600.0 kv.m-dir, həqiqi sahəsi 602.6 kv.m, tikinti altında qalan sahəsi isə 357.4 kv.m-dir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********03 nömrəli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulu-Təpə y/m, R.Allahverdiyev küçəsi, döngə 9, 1 saylı fərdi yaşayış evinə dair bütün hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Müvafiq sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 509 saylı sərəncamından çıxarışına əsasən Xocasən qəsəbəsi, Sulu-Təpə y/m, R.Allahverdiyev küçəsi, 9-cu döngə, 1 saylı evdə yaşayan vətəndaş X2 ərizəsini nəzərə alaraq, Binəqədi RİH Başçısının 558 saylı, xx.xx.2002-ci il tarixli sərəncamı əsasında Xocasən qəsəbəsində ona ayrılmış 600 kv.m torpaq sahəsində təqdim edilən layihə əsasında tikintisi başa çatdırılmış, MŞBİ-nin 18/03-8/6023 saylı, xx.xx.2004-cü il tarixli məktubuna əsasən Xocasən qəsəbəsi, Sulu-Təpə y/m, R.Allahverdiyev küçəsi, döngə 9, 1 saylı yaşayış evinin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması qərara alınmışdır. -Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqularının qeydiyyat idarəsi tərəfindən verilmiş FM seriyalı 031942 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 6 ünvanında 6 otaq, 114.6 kv.m yaşayış, 277.4 kv.m. olan ümumi sahəsi olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyət hüququ ilə 30/25 nömrəsi ilə xx.xx.2004cü ildə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 277.4 kv.m. olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyət hüququ ilə, fərdi yaşayış evinin yerləşdiyi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ölçüsü 0.0175 hektar olan torpaq sahəsi istifadə hüququ ilə xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı şəhəri xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Müzəffərli (Paşayev) X7 rayonu, Xocasən qəsəbəsi, Sulu-Təpə y/m, R.Allahverdiyev küçəsi, döngə 9, ev 1 ünvanında yerləşən ümumi sahəsi 277.4 kv.m., yaşayış sahəsi 114.6 kv.m., yardımçı sahəsi 162.8 kv.m. olan 6 otaqlı fərdi yaşayış evinin tam mülkiyyətini X6 hədiyyə vermişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 3-52/2-1757/2023 saylı məktubu ilə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamından çıxarışa əsasən ”Binəqədi-Neft” istehsalat birliyinin 23.12.93-cü il tarixli, 08-8/1542 nömrəli məktubu nəzərə alınaraq, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin cənub hissəsində, Şamaxı şossesində “Binəqədineft" istehsalat birliyinin işçilərinə fərdi yaşayış evlərinin tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinə torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********35 nömrəli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən sərəncamın göstərilən yerə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq “SOCAR”-ın xx.xx.2023-cü il tarixli, 14-2/2- 3390/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X22 haqqında” Sazişə əsasən “X24” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 659 saylı qərarında göstərilən Binəqədi NQÇİ-nin razılıq məktubu ilə əlaqədar sorğunuzda qaldırdığınız məsələ ilə bağlı isə bildiririk ki, iş üzrə SOCAR-a ünvanladığınız xx.xx.2023-cü il tarixli 2- 1(112)-4286/2023 nömrəli sorğunuza cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli 14- 2/2-2428/2023 nöməli məktubda qeyd olunduğu kimi, həmin məktub SOCAR-da aşkarlanmamış və NQÇİ-nin torpaq sahəsinin ayrı-ayrı fiziki və ya hüquqi şəxslərə ayrılmasına razılıq verməsi səlahiyyəti olmamışdır. Eyni zamanda bildiririk ki, Binəqədi Rayon İcra Hakimiyyətinin sözügedən qərarı SOCAR-ın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış müvafiq xəritələrində əks olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********62 nömrəli məktubu ilə göndərilmiş ortofoto görüntüsündən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin ətrafında **********35-10301, **********21-10301, **********21-10301, **********94-10301 və **********75-10301 reyestr nömrəli daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********34 nömrəli məktubu ilə göndərilmiş ünvan 7 ünvanının ortofoto görüntüsündə əks olunan ən yaxın məsafədə, sağ və sol qonşuluqdakı dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaklar ilə bağlı müvafiq sənədlərin təsdiqlənmiş surətindən görünür ki: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanında yerləşən ümumi sahəsi 204.8 kv.m. olan 2 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsi ilə birgə **********21-10301 reyestr nömrəsi ilə xx.xx.2021ci il tarixindən ********** qeydiyyat nömrəsi ilə X4 xüsusi mülkiyyətindədir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanında yerləşən ümumi sahəsi 274.8 kv.m. olan 23A saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 hektarlıq torpaq sahəsi ilə birgə **********94-10301 reyestr nömrəsi ilə xx.xx.2019-cu il tarixindən ********** qeydiyyat nömrəsi ilə X12 xüsusi mülkiyyətindədir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanında yerləşən ümumi sahəsi 492.7 kv.m. olan 31B saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 hektarlıq torpaq sahəsi ilə birgə **********75-10301 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixindən ********** qeydiyyat nömrəsi ilə X5 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdir. Bundan başqa, tərəfinizdən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmiş, həmçinin, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Qeyd edək ki, tərəfinizdən sənədlər toplusuna əlavə edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 558 nömrəli Sərəncamı xx.xx.2002-ci il tarixlidir. Belə ki, xx.xx.2001- ci il tarixdən sonra torpaq sahəsinin addan-ada keçirilməsi yerli icra hakimiyyəti orqanlarının səlayyihətləri xaricindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikasa vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı tərəf Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən sahəsi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin müraciətin təminindən imtina üçün əsasları aşağıdakılardan ibarət olmuşdur: -Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 558 nömrəli sərəncamı xx.xx.2002-ci il tarixlidir; -İddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmiş, həmçinin, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur; -Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdir. Məhkəmə göstərilən hər üç dəlilin hazırkı iddia tələbinin təmin edilməsinə mane olmadığı qənətinə gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə ilk növbədə iddiaçı tərəfin təqdim etdiyi torpağın ayrılması barədə hüquqmüəyyənedici sənədlərə münasibətdə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 659 saylı qərarı ilə Sulu təpə qəsəbəsində Binəqədineft NQÇİ-nin işçilərinə ayrılmış ərazidən Binəqədineft NQÇİ-nin 06/4-655 saylı xx.xx.1998-ci il tarixli razılıq məktubu nəzərə alınmaqla Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə X11 fərdi ev tikintisi üçün 600.0 kv.m. torpaq sahəsi ayrılmış, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, daha sonra həmin torpaq sahəsi X10 və X2 razılıq ərizələrinə əsasən Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 558 nömrəli sərəncamı əsasında İ.M.Paşayevin adına keçirilmişdir. Cavabdeh iddiaçının istinad etdiyi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 558 nömrəli sərəncamı xx.xx.2002-ci il tarixli olduğunu əsas gətirsə də yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, torpaq sahəsinin ayrılması ilkin olaraq xx.xx.2001-ci il tarixdən əvvəl baş vermiş, yəni xx.xx.1998-ci il tarixli ilkin torpaqayırma sənədi əsasında xx.xx.2002-ci il tarixdə ayrılmış həmin sahənin iddiaçının adına sənədləşdirilmişdir (keçirilmişdir). İddiaçı üçün hüquqmüəyyənedici sənəd Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 558 nömrəli sərəncamı olmaqla həmin yerli icra hakimiyyəti orqanı eyni sərəncamla iddiaçının adına keçirilmiş olan torpaq sahəsində təqdim edilən layihə əsasında tikintisi başa çatdırdığı fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması barədə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 509 saylı sərəncamı qəbul edilmişdir. Cavabdeh hazırkı iddiaya etirazında iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyi, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcud olduğuna əsaslansa da qeyd edilməlidir ki, cavabdeh özü Binəqədi rayon İcra Hakimiyyətinin torpaq sahəsinin iddiaçının adına keçirilməsi barədə xx.xx.2002ci il tarixli 558 nömrəli sərəncamını və ona əlavə olan yerləşmə cizgisini fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd qismində qəbul etmişdir ki, məhz həmin sənədlər əsasında inşa edilmiş fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnu xx.xx.2004-cü il və xx.xx.2017-ci il tarixdə qeydiyyata almışdır. Odur ki, məhkəmə torpaqayırma barədə sənədin tarixi və yerləşmə cizgisi barədə cavabdehin dəlillərini hazırkı halda mübahisənin həllinə əhəmiyyətli təsir etməyən formal mülahizə kimi qiymətləndirir. Bundan əlavə cavabdehin digər imtina dəlili olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Cavabdehin mövqeyinə görə elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və faktiki göstərilən torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda üçüncü şəxslər DNŞ-nin və X25” şirkətinin məhkəmə sorğusuna cavablarında torpaq sahəsinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor Neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X22 haqqında” Sazişə əsasən “X24” Şirkətətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi, bu səbəbdən, həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna biləcəyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamı ilə ”Binəqədi-Neft” istehsalat birliyinin 23.12.93-cü il tarixli, 08- 8/1542 nömrəli məktubu nəzərə alınaraq, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin cənub hissəsində, Şamaxı şossesində “Binəqədi-neft" istehsalat birliyinin işçilərinə fərdi yaşayış evlərinin tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinə torpaq sahəsi ayrılmış və hazırkı iddia predmeti olan torpaq sahəsinin ilkin ayrılması barədə Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamında da məhz Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamı və Binəqədineft NQÇİ-nin 06/4-655 saylı xx.xx.1998-ci il tarixli razılıq məktublarına istinad edilmişdir. Dolayısı ilə iddia olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinə ayrılmış Binəqədi rayonu Sulu təpə qəsəbəsi ərazsində Binəqədineft NQÇİ-nin işçiləri üçün nəzərdə tutulmuş ərazidən ayrıldığı və bu torpaqayırmanın ”Binəqədi-Neft” istehsalat birliyinin xx.xx.1993-cü il tarixli razılığı əsasında baş verdiyi müəyyən olunur. Əksini sübut edən hal isə nə cavabdeh, nə də üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, iddia olunan torpaq sahəsi hüququn yarandığı vaxtdan DNŞ-nin daimi istifadəsinə verilmiş torpaq sahəsi olduğu güman edilmiş olsa, o zaman bu hal torpaq sahələrinin kadastrını həyata keçirən inzibati orqana da bəlli olmuş olmalı və qeydiyyat orqanı sözügedən torpaq sahəsinə hələ ilkin olaraq xx.xx.2004-cü ildə, eləcə də sonrakı xx.xx.2017-ci il tarixdə mülkiyyət hüququnun qeydiyyatına dair qeydiyyat vəsiqəsi və çıxarış verərkən bu barədə etirazını bildirmiş olmalıydı. Lakin məhkəmə sorğusu ilə təqdim edilmiş həmin əmlaka qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş icraat materialları arasında torpaq sahəsinin sənaye təyinatlı torpaq olub DNŞ-nin daimi istifadəsində olması ilə bağlı inzibati orqanın hər hansı araşdırma apardığı, aidiyyatı qurumdan müvafiq məlumat, sənəd əldə etdiyi, müvafiq etiraz bildirdiyi və s. aşkar olunmamışdır. Həmçinin, iş üzrə müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin DNŞ-nin daimi istifadəsinə verilmiş ərazidə yerləşdiyi mübahisələndirildiyi halda həmin torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlaklar cavabdeh orqan tərəfindən xüsusi mülkiyyət hüququ ilə ayrı-ayrı şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto surətindən görünür ki, iddia olunan fərdi yaşayış evinin yerləşdiyi ərazi fərdi yaşayış evlərinin olduğu yaşayış məntəqəsi ərazisidir, həmin evin qonşuluğunda bir sıra tikililər, o cümlədən **********35- 10301, **********21-10301, **********21-10301, **********94-10301 və **********75-10301 reyestr nömrəli daşınmaz əmlaklarla bağlı təkcə fərdi yaşayış evləri deyil, həm də həmin evlərin yerləşdiyi torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə vətəndaşların adlarına qeydiyyata alınmışdır. Belə olan halda cavabdehin DNŞ-nə aid torpaq sahələrində yerləşmə ilə bağlı imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar