Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5940/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qanuni nümayəndə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən övladı İddiaçı müddətsiz təyin edilmiş üçüncü dərəcəli əlillik dərəcəsinin müddətsiz ikinci dərəcə əlilliklə dəyişdirilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, hazırki iş üzrə iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, yekunda cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş müddətsiz təyin edilmiş üçüncü dərəcə əlilliklə bağlı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçıya xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 70 faiz pozulması barədə əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı uzun illərdir, uşaq autizmi, Kanner sindromu xəstəliyindən əziyyət çəkir. Xəstə olduğu üçün TSEK komissiyasından keçirilərək ona müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xəstəliyi getdikcə ağırlaşmağa başlamışdır. Psixi Sağlamlıq Mərkəzində müayinə olunduqda xəstəliyinin ağırlaşdığını qeyd etmişlər. Daha sonra sənədlər TSERAS vasitəsilə yükənilsə də, TSEK düzgün qiymətləndirmə etməyərək müddətsiz üçüncü dərəcəli əlillik təyin etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə 2 nömrəli psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Uşaq autizmi, Kanner sindromu, yüngül kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə (İQ-54) göz kontaktı yaratmır. Əllərini silkələyir. Stereotip hərəkətlər edir; Meyar 7.1.1.2 Psixi və davranış pozuntuları => Psixoloji inkişaf pozuntuları => Uşaq autizmi => Atipik autizm - 3 və daha yuxarı yaşlarda qeydə alınan anormal və ya pozulmuş inkişaf, ünsiyyət və sosial qarşılıqlı təsirin nəzərəçarpacaq dərəcədə məhdudlaşması, davranış və ya maraqların stereotip formaları, həmçinin intellektual inkişafın təhsilə maneə yaradan bəzi geriqalmaları;” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Qeyd olunan göndərişdə əksini tapan diaqnoz OPT 50 faiz dərəcə qiymətləndirməyə əsas vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı onun barəsində əlverişli inzibati aktın qəbul edilməsi üçün qaldırdığı bu iddia məcburetmə haqqında iddia olmaqla inzibati mübahisədir. İddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarla razılaşmayaraq ilk əvvəl cavabdehə, cavabdeh imtina etdikdən sonra isə məhkəməyə müraciət etmiş, bununla qanunvericiliklə hazırkı iddianı qaldırmaq üçün müəyyən edilmiş prosessual müddəti ötürməmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İş materiallarından görünür ki, Bakı 19 nömrəli Uşaq Poliklinikasının xx.xx.2019-cu il tarixli 0055003AAAJ2 nömrəli göndərişi əsasında İddiaçı xx.xx.2019-cu il tarixdən Diaqnozun mətni: uşaq autizmi (Kanner sindromu) Nitq və davranış pozuntusu ilə yüngül kəmağıllıq (debillik dərəcəsində ağıl zəifliyi) diaqnozu ilə 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. İşdən görünür ki, xx.xx.2022-ci il tarixdə 2 nömrəli X2 tərəfindən iddiaçı barəsində əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə yenidən T00031082SGU nömrəli göndəriş verilmiş, göndərişdə əsas diaqnoz “F84.0 Uşaq autizmi, Kanner sindromu, yüngül kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə (İQ-54), göz kontaktı yaratmır. Əllərini silkələyir. Stereotip hərəkətlər edir”, “Ağırlaşma F70.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə (İQ-54), öz daxili aləminə qapanır, təfəkkürü autistik, konkretdir, intellekt və yaddaşı zəifdir.” kimi müəyyən edilmiş, cavabdeh iddiaçının əlilliyini xx.xx.2022-ci il tarixdə qiymətləndirməklə ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixdən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması ilə əlillik təyin etmişdir. İş materiallarından görünür ki, bu qərarla razılaşmayan iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə cavabdehə müraciət edərək, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarını şübhə altına aldığı üçün övladı İddiaçı əyani müayinəyə cəlb edilərək yenidən əlillik dərəcəsinin qiymətləndirilməsini xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə onun müraciətini cavablandıraraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı xx.xx.2022-ci ildən "ümumi xəstəlik" səbəbindən müddətsiz, OFP 50% əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 7.1.1.2 bəndinə uyğun olaraq, göndərişdə qeyd edilən diaqnoz - müddətsiz, OFP 50% əlilliyin təyininə əsas verir. Hazırda İddiaçı səhhətində ağırlaşmalar əmələ gəlibsə, ixtisaslaşmış səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə aldıqdan sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, övladının əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında iştirakı olmadan qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İşdən müəyyən olunur ki, imtina cavabını aldıqda sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əyani müayinəyə cəlb etməklə İddiaçı müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmiş, qərardad icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, Bakı şəhər sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2023-cü il tarixli 2- 1(112)-5940/2023 nömrəli qərardada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmuşdur. Bundan irəli gələrək, vətəndaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.1.1.3 bəndinə uyğun olaraq ümumi xəstəlik səbəbilə orqanizmin funksiyalarının 70 faiz pozulması barədə əlillik təyinatı aparılmışdır. İddiaçı hazırda onun orqanizmin funksiyalarının 70 faiz pozulmasının xx.xx.2022-ci il tarixdən müəyyən edilməsini, buna görə də ona həmin tarixdə orqanizmin funksiyalarının 50 faiz pozulması ilə əlillik təyin edilməsinə dair cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndnə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə olan “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.1-ci bəndinə əsasən - Psixoloji inkişaf pozuntuları: 7.1.1. uşaq autizmi - F84.0 7.1.1.3. uşaq autizmi (tipik autizm, Kanner sindromu) – əsas həyat bilikləri və vərdişlərinin qazanılmasına əhəmiyyətli dərəcədə mane olan verbal və qeyri-verbal əlaqənin nəzərəçarpacaq dərəcədə pozulması və stereotip qeyri-funksional davranış orqanizmin funksiyalarının 65-80 faiz pozulması- müddətsiz əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu F84.0 olan uşaq autizmi xəstəliyinin olmasını əlilliyin təyini üçün əsas hesab etmiş, həmin xəstəlik üzrə qiymətləndirmə aparılarkən Kanner sindromu (əsas həyat bilikləri və vərdişlərinin qazanılmasına əhəmiyyətli dərəcədə mane olan verbal və qeyri-verbal əlaqənin nəzərəçarpacaq dərəcədə pozulması və stereotip qeyri-funksional davranış) olan xəstələrə orqanizmin funksiyalarının 65-80 faiz pozulması ilə müddətsiz əlillik təyin edilməsi müəyyən edilmişdir. İddiaçıda Kanner sindromu olmaqla uşaq autizmi xəstəliyinin olması ilk dəfə onun əlilliyinin qiymətləndirilməsi üçün göndəriş verilərkən, xx.xx.2019-cu il tarixdə müəyyən edilmiş və həmin diaqnoza əsasən ona 3 il müddətində əlillik təyin edilmiş, daha sonra əlillik müddəti bitdikdən sonra verilən xx.xx.2022-ci il tarixli yeni göndərişdə də həmin diaqnoz təkrarlanmışdır. Məhkəmə icraatı zamanı iddiaçı cavabdeh tərəfindən əyani müayinəyə cəlb edilmiş və həmin diaqnoz öz təsdiqini tapmış, buna görə də iddiaçıya orqanizmin funksiyalarının 70 faiz pozulması ilə əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçının sağlamlıq vəziyyətində hər hansı dəyişiklik olmamasına və qanunvericiliyin tələbinə əsasən həmin xəstəliyə malik şəxslərə orqanizmin funksiyalarının 65-80 faiz pozulması ilə əlillik təyin edilməsinin nəzərdə tutulmasına baxmayaraq, cavabdeh əsassız olaraq xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 50 faiz pozulması ilə əlillik təyin etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3- 1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, nə qədər ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli göndərişdə qoyulmuş diaqnoz orqanizmin funksiyalarının 61-80 faiz pozulması ilə əlillik təyin edilməsinə əsas vermiş, cavabdeh əyani müayinə etməklə bu halı müəyyən etmək imkanına malik olsa da, qanunvericiliklə ona verilmiş bu səlahiyyətindən istifadə etməmiş, şəxs məhkəməyə müraciət etdikdə sonra aparılmış əyani müayinə nəticəsində isə həmin diaqnoz öz təsdiqini tapmışdır, deməli, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli göndəriş əsasında orqanizmin funksiyalarının 50 faiz pozulması ilə əlillik təyin etməsi qanunsuz olmuşdur. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-i n 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 50 faiz pozulması ilə əlillik təyin edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı orqanizmin funksiyalarının 70 faiz pozulması ilə müddətsiz əliliyin xx.xx.2022ci il tarixindən təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova