Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5942/2023 07.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: Maraqlı şəxs) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: Maraqlı şəxs) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxs onun oğlu ilə 2004-cü il tarixdə nikaha daxil olmuşdur. İddiaçı 2017ci il tarixdə mənzili əldə etdikdən sonra üçüncü şəxs orada qeydiyyata alınmışdır. Sonradan onların nikahı pozulmuş və üçüncü şəxs həmin mənzildən faktiki olaraq çıxıb getmişdir. Cavabdeh isə həmin halları nəzərə almadan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını təmin etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, mahiyyəti üzrə baxılması nəzərdə tutulan iddia onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Çıxarışdan da görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. 3 saylı MKİS-nin arayışından görünür ki, adıçəkilən mənzildə üçüncü şəxs faktiki olaraq heç vaxt yaşamamış, hal-hazırda da yaşamır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, üçüncü şəxsin göstərilən mənzilə istifadə və ya mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı mövcud olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadlarından görünür ki, iddiaçı Maraqlı şəxs adıçəkilən mənzilə istifadə hüququnun tanınması tələbi üzrə iddiadan həmin şəxs tərəfindən imtina edildiyindən iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda tərəflər arasında barışıq sazişi bağlanılmış və məhkəmə tərəfindən təsdiq edilmişdir ki, həmin sazişdə istifadə hüququna dair iddia tələbindən imtina edilməsi öz əksini tapmışdır. Ərizədən görünür ki, barışıq sazişi bağlanılması nəzərə alınmaqla üçüncü şəxs qeydiyyatdan çıxarılması barədə qərarın qəbuluna etiraz etmədiyini bildirmişdir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması (ümumiyyətlə heç bir zaman mövcud olmaması və ya əvvəllər mövcud olmuş hüququn sonradan itirilməsi) müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. İşin faktiki hallarından isə müəyyən edilir ki, üçüncü şəxsin istifadə hüququnun mövcud olub-olmaması mülki icraat qaydasında işə baxan məhkəmə araşdırmasının predmeti olmuş, üçüncü şəxs həmin hüququn realizəsindən imtina edərək barışıq sazişinin tərəfi kimi iddiadan imtina barədə öhdəlik götürmüş, eləcə də hazırkı iş üzrə məhkəməyə ərizə təqdim edərək qeydiyyatdan çıxarılmasına etiraz olmaması barədə iradə ifadəsini nümayiş etdirmişdir. Bundan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarın qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göründüyü kimi istər, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması, yəni itirilmiş hesab edilməsi (belə ki, üçüncü şəxsin ailə münasibətlərindən irəli gələn istifadə hüququnun realizəsinə hüquqi marağının olmaması məhkəmə qərardadları əsasında öz təsbitini tapmışdır) baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 yerləşən yaşayış sahəsindən Maraqlı şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5942/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5942/2023
07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver