Məhkəmə qərarları › İş №2-1(112)-5943/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5943/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5943/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun ünvan 1 ünvana, inzibati binaya pasport qeydiyyatına alınmasının cavabdeh Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olduğu Naxçıvan MR, Naxçıvan şəhəri, ünvan 3 ünvanından Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-224/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərarına əsasən qeydiyyatdan çıxarılmışdır və ona məxsus şəxsiyyət vəsiqəsi etibarsızdır. Faktiki olaraq artıq xeyli müddətdir Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Korpus 104 ünvanda fərdi yaşayış evində yaşayır. Onun yaşadığı fərdi yaşayış evinə sənədləri olmadığından pasport qeydiyyatına alınmaq mümkün deyildir. Başqa bir ünvana da qeydiyyata alınması mümkünsüzdür. Pasport qeydiyyatının alınması ilə bağlı Binəqədi RPİ-nə müraciət etmiş, lakin ərizəsinə cavab verilməmişdir. Belə ki, fərdi yaşayış evlərinin nə vaxt konkret olaraq sənədləşdiriləcəyi məlum deyildir, iddiaçının isə hal-hazırda qeydiyyatsız qalması hüquqlarını tamamilə məhdudlaşdırmışdır və bu halın nə qədər davam edəcəyi məlum deyildir. Yaşadığı özbaşına tikilinin sənədləşdirilməsi hal-hazırda mümkünsüzdür, ölkədə bu prosesə başlanılmamışdır və belə görünür ki, bu hal uzun müddət davam edəcəkdir, məhkəmə qaydasında da özbaşına tikililərə mülkiyyət hüququ tanınması mümkünsüzdür və qanunvercilikdə nəzərdə tutulmamışdır. O, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayon İnzibati ərazisində yaşayır və yaşayış yeri üzrə Polisin inzibati binasına qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi xx.xx.2024-cü il tarixli, 3-13-46/2-6799 nömrəli iddiaya yazılı etirazında bildirilmişdir ki, inzibati binada qeydiyyatda olan vətəndaşların hərbi çağırışçı yaşına çatmış hərbi çağırışdan qəsdən və ya faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi səbəbindən hərbi çağırışdan yayınması, qanunvericiliklə barələrində mülki hüquqi öhdəlik təyin olunmuş şəxslərin öhdəlikdən boyun qaçıraraq, baş vermiş cinayətlərdə şübhəli şəxs qismində axtarılan vətəndaşların faktiki yaşayış yerlərinin müəyyən olunmaması, habelə məhkəmə və digər dövlət qurumlarının inzibati bina qeydiyyatında olan vətəndaşlara ünvanladığı bildiriş və məktubların vətəndaşlara faktiki yaşayış yerləri məlum olmadığı üçün vaxtında və operativ qaydada çatdırılmalarında, aidiyyatı qurumların fəaliyyətinin fəal təmin edilməsi və bu vətəndaşların tapılmasının operativliyini təmin etmək məqsədilə vətəndaşın faktiki yaşadığı ünvan üzrə yaxud ailə üzvlərinin və ya qohumlarının ünvanına qeydiyyata alınması daha məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli sərəncamına əsasən iddiaçı X2 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 6 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Naxçıvan MR İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(122)-224/2022 nömrəli qərarı qanuni qüvvəyə mindiyindən qərar icra edilməsi üçün Naxçıvan şəhər Polis İdarəsinə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-3675/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, sorğu edilən xx.xx.1998-ci il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək (‘‘qeydiyyatdan çıxma’’ səbəbi ilə fəaliyyətsizləşdirilib) Naxçıxan MR. Naxçıvan şəhəri, ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********56 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Bakı Baş Səhiyyə Mərkəzi” X8 20 X1 xx.xx.2024-cü il tarixli, 18-1- 20/2-Q-201-31-178/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı övladı xx.xx.2022-ci il təvəllüdlü X4 hal-hazırda sağlamdır və 20 X1 qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi qəsəbə üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 540 nömrəli arayışında qeyd edilmişdir ki, Quliyeva X5 qəsəbəsi korpus 104-də qeydiyyatsız yaşayır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2009-cu il tarixdən Naxçıxan MR. Naxçıvan şəhəri, ünvan 7 ünvanında qeydiyyatda olmuş, Naxçıvan MR İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(122)-224/2022 nömrəli qərarı ilə həmin ünvandan qeydiyyatdan çıxarılmış və yeni ünvana qeydiyyata düşmədiyi üçün şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. Hazırkı halda iddiaçı respublika ərazisində hər hansı ünvanda qeydiyyatda deyildir. İddiaçının adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak yoxdur, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi korpus 104 ünvanında qeydiyyatsız yaşayır. İddiaçı həmin ünvanda faktiki yaşaması ilə bağlı qəsəbə nümayəndəliyinin arayışını, eləcə də övladı xx.xx.2022-ci il təvəllüdlü X3 Binəqədi rayonu ərazisində faktiki yaşamaqla həmin rayonda 20 X1 qeydiyyatında olmasına dair arayış təqdim etmişdir. İddiaçı hazırda faktiki yaşadığı Binəqədi rayonu Polis İdarəsinin ünvanı üzrə qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarı ilə qərara alınmışdır ki:

1. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur.

2. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz.

3. Bu Qərarın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirəsalınmadan təşkil etsin. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Qanunun göstərilmiş maddəsində işlənilən «Vətəndaşın yaşadığı yerə gəldikdə isə bunun müəyyən edilməsi üçün ilk növbədə onun faktiki yaşayış yeri, o cümlədən yaşayış yeri və olduğu yer nəzərə alına bilər. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adatən yaşadığı yer onun yaşayış yeri sayılır. ..Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır. Digər tərəfdən, özünə yaşayış yerini azad seçmək hüququ mütləq xarakter daşımır və bəzi hallarda isə məhdudlaşdırıla bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir. Beləliklə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola bilər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi həmçinin bərabərlik hüququnu poza bilər. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, si-yasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır. Yaşayış yeri olmayan vətəndaşlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməməsi Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinin müddəalarının pozulması kimi qəbul oluna bilər. Bu müddəalara əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bununla belə, Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər.” Həmin Qərarın 3-cü bəndinin icrasını təşkil etmək məsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2003-cü il tarixdə 55s saylı sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini qəbul etmişdir. Beləliklə, isitinad olunanlardan müəyyən olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasının qarşısını almaq məqsədilə şəxsin yaşayış yeri olmasa da, ona şəxsiyyət vəsiqəsinin verilməsi təsbit olunmuş, bu zaman yaşayış yeri olmayan şəxsin şəxsiyyət vəsiqəsində yaşayış yerinin şərti olaraq şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı kimi qeyd edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının adına respublika ərazisində daşınmaz əmlaka hər hansı əşya hüququ qeydiyyata alınmadığı, iddiaçı Binəqədi rayon ərazisində faktiki yaşadığını, qeydiyyat ünvanının olmaması onun şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirilməsinə səbəb olduğunu, qeydiyyatın aparılmasının iddiaçının cəmiyyət və dövlət qarşısında hüquq və vəzifələrinin həyata keçirilməsi üçün zəruri olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının inzibati bina ünvanına qeydiyyata alınması tələbinə dair iddası təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 52, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia tələbi təmin olunsun. İddiaçı xx.xx.1998-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binası, yəni ünvan 13 ünvanı üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar