Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5944/2021 23.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17.12.2020-ci il tarixli **********142657 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17.12.2020-ci il tarixli **********142657 saylı qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) (bundan sonra - Cəmiyyət) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, qərara əsasən vergi qanunvericiliyinə əməl edilməsini yoxlamaq məqsədilə noyabr 2017-oktyabr 2020-ci il tarixləri arasında olan müddəti əhatə edən dövr üçün səyyar vergi yoxlamasının keçirilməsi planlaşdırılmışdır. Bununla bağlı Ədliyyə Nazirliyindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Aşağıda qeyd olunanlara əsasən həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, qeyd olunan qanunsuzluqla bağlı 17.02.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə şikayət verilmiş və 16 mart 2021-ci il tarixdə qərardan verilən şikayətə məktubla cavab verməkləri azmış kimi şablon cavab verməklə kifayətlənmişlər. Məktubda Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən tərəfin hansı hüquqlarının olmasını bildirməklə qanunsuzluğa reaksiya verməklərini göstərməyə çalışmışlar. Halbuki, iddiaçı şikayətdə yoxlama dövrünün 2017-ci ilin dekabr ayından aparıla biləcəyini bildirmişdir və vergi orqanı bunu bildiyi halda bu hala hüquqi qiymət verməmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Belə ki, Cəmiyyət tərəfindən vergi orqanına müvafiq bəyannamələr təqdim olunmuş, bundan sonra vergi orqanı qanunvericiliyin müəyyən etdiyi müddətlərə əməl etməyərək səyyar vergi yoxlamasının keçirilməsi barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Vergi Məcəlləsinin yuxarıda göstərilən normalarından göründüyü kimi vergi orqanının yoxlamanı dekabr 2017-ci il tarixdən başlamaq hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddiaya münasibətdə məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, iddia tələbi mümkünsüz hesab edilməlidir. İddiaçı tərəfindən səyyar vergi yoxlamasının başlanması barədə qərarın mübahisələndirilməsi mümkünsüzdür. Çünki səyyar vergi yoxlamasının başlanılması barədə qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunda verilmiş anlayışa görə qərarın inzibati akt olması üçün o, müəyyən tələblərə cavab verməlidir. Yəni həmin qərar inzibati orqan tərəfindən qəbul edilməli, publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün hüquqi nəticələr yaratmalıdır. Səyyar vergi yoxlamasının başlanması barədə qərar inzibati orqan, yəni Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilir, səyyar vergi yoxlanmasının başlanmasını nizama salır, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Səyyar vergi yoxlamasının keçirilməsi üçün yoxlamaya əsas verən sənədlər olmalı, həmin sənədlər vergi ödəyicisinə təqdim edilməli və yoxlamanın səbəb və məqsədləri ona izah edilməlidir. Səyyar vergi yoxlamasının keçirilməsinə əsas olan sənədlər dedikdə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”, “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış” və yoxlama növbətidirsə, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında Bildiriş” nəzərdə tutulur. Lakin nəinki iddiaçı tərəfindən yuxarıda qeyd olunan sənədlər, hətta səyyar vergi yoxlaması aktı hüquqi və ya fiziki şəxs üçün hər hansı hüquqi nəticələr yaratmır. Səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsi ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaradır. Ümumiyyətlə, səyyar vergi yoxlamasının gedişində qəbul edilən yeganə inzibati akt yoxlamanın nəticələri üzrə Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul edilən qərardır. Belə ki, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Səyyar vergi yoxlaması nəticəsində qəbul edilən məhz yuxarıda qeyd edilən qərarlar, barəsində yoxlama aparılan şəxs üçün hüquqi nəticələrə səbəb olduğundan inzibati akt hesab olunur. Belə ki, Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticələr yaradır və vergi ödəyicisi həmin qərarın yaratdığı hüquqi nəticələrlə razılaşmadığı təqdirdə onu mübahisələndirə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qeyd olunan maddədən də göründüyü kimi iddiaçı inzibati aktın qanunsuz olduğunu iddia edərək mübahisələndirərkən həmin inzibati aktın qəbul olunması zamanı hüquq normalarının pozulmasını və ya düzgün tətbiq edilməməsini əsas gətirir. Nəticə etibarı ilə iddiaçı inzibati akt kimi səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş qərarı mübahisələndirər və iddia tələbini səyyar vergi yoxlamasının başlanması zamanı və ya yoxlama gedişatında vergi orqanının hərəkət və ya hərəkətsizliyi ilə əsaslandıra bilər. İddiaçının iddia ərizəsində qeyd etdiyi müddəalar kameral vergi yoxlaması tədbirlərinin tənzimlədiyindən hazırkı mübahisə üzrə tətbiq edilə bilməz. Digər tərəfdən iddiaçının yoxlama müddətinin 2017-ci ilin dekabr ayından başlamalı olması barədə arqumentinə münasibətdə qeyd edilir ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə 17.12.2020-ci il tarixli qərara əsasən yoxlama 2017-ci ilin noyabr ayından başlanmışdır. 2017-ci ilin noyabr ayı üzrə yoxlamanın aparılması üçün qanunvericiliklə müəyyən edilmiş 3 illik müddət isə 20.12.2020-ci il tarixdə bitir. Belə olan halda vergi ödəyicisinin qeyd etdiyi arqumentin hər hansı hüquqi əsası yoxdur. Vergi orqanının səyyar vergi yoxlaması zamanı iddiaçının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilibedilməməsini yoxlamaq hüququ vardır. Həmçinin Vergi Məcəlləsinin 1.4, 85.4 və 85.5-ci maddələrinin müddəalarından da aydın olduğu kimi cavabdeh orqanın bu hüququ hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, inzibati akt hesab olunmayan səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın iddiaçı tərəfindən mübahisələndirilməsi əhəmiyyətsizdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı MMC-nin iddia tələbinin mümkün sayılmaması xahiş edilir. Daha sonra cavabdeh 30.06.2021-ci il tarixdə vəsatətə əlavə təqdim edərək bildirmişdir ki, vergi qanunvericiliyində növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi əsasları təsbit edilmişdir ki, bunlardan biri də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Belə ki, səyyar vergi yoxlaması barədə qərarın qəbul edilməsi əsası qismində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələri uyğunsuzluqdan keçirilmiş və ilkin olaraq mənfəət bəyannaməsinin xərclər hissəsində 2017-ci il üzrə 2281747.10 manat, 2018-ci il üzrə 187317.08 manat və 2019-cu il üzrə 318065.60 manat olmaqla, ümumilikdə 2787129.78 manat uçot-baza məlumatlarına əsasən sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olduğu müəyyən edilmişdir. Bununla da, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilmişdir. Qeyd olunan halların mövcudluğu əsas verir ki, vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması təyin edilsin və müvafiq hallar araşdırılsın. Bununla bağlı, Baş İdarənin 17.12.2020-ci il tarixli **********142657 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı əsasında İddiaçı MMC-də (VÖEN: **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.11.2017-31.10.2020) təyin edilmiş və hazırda yoxlama davam edir. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Belə ki, vergi qanunvericiliyinin qeyd olunan tələbinə əsasən səyyar vergi yoxlaması ilə 01.11.2017-ci il tarixdən 31.10.2020-ci il tarixədək olan dövr əhatə olunmaqla, əlavə dəyər vergisi üzrə (yoxlanılan dövr: 01.11.2017-31.10.2020), mənfəət vergisi, əmlak vergisi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə (yoxlanılan dövr: 2017-2019-cu illər), ödəmə mənbəyində tutulan vergi üzrə (yoxlanılan dövr: 4-cü rüb 2017 - 3-cü rüb 2020), məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (0111) və işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) üzrə (yoxlanılan dövr: 4-cü rüb 2018 - 2-ci rüb 2019), muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) və məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (0112) üzrə (yoxlanılan dövr: 3-cü rüb 2019 - 4-cü rüb 2019), muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə isə (yoxlanılan dövr: 1-ci rüb 2020 - 3-cü rüb 2020) yoxlama ilə əhatə olunacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 10.03.2021-ci il tarixli **********172900 nömrəli çıxarışında göstərilmişdir ki, qurumun adı: “Hemat Trade" Məhdud Məsuliyyətli Cəmiyyəti, qeydiyyata alındığı tarix: 24.04.2015, dövlət qeydiyyatı № (VÖEN) **********, təşkilati-hüquqi forması: Məhdud Məsuliyyətli Cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZ1154, ünvan 1əmsilçi: X3r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17.12.2020-ci il tarixli **********142657 nömrəli qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə noyabr 2017-oktyabr 2020-ci il yoxlama ilə əhatə olunan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 17.12.2020-ci il tarixli çıxarışa əsasən yoxlamanın müddəti: 18.12.2020-03.02.2021-ci il, yoxlanılan dövr: 01.11.2017-01.11.2020-ci il, yoxlamanın növü: növbədənkənar səyyar vergi yoxlaması, yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, VM 38.3.5-ci maddə. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli, **********497800 nömrəli İddiaçı MMC-nin müraciətinə baxılması barədə məktubda bildirilmişdir ki, “Hemat Trade" MMC-də aparılan səyyar vergi yoxlamasından narazı olmağınız barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17.12.2020-ci il tarixli **********142657 nömrəli qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən 01.11.2017-ci il tarixdən 31.10.2020-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması aparılır. Səyyar vergi yoxlaması başa çatdırıldıqdan sonra yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39 və 49-cu maddələrinə uyğun olaraq rəsmiləşdiriləcəkdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamaq və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən səyyar vergi yoxlaması aktı Sizə təqdim edilməsi günündən 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi yoxlamasını həyata keçirən vergi orqanının rəhbəri (onun müavini) tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxılır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin Onlayn Kargüzarlıqdan **********618400 nömrəli çıxarışına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müraciətə baxılması barədə məktubu 16.03.2021-ci il tarixində göndərilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17.12.2020-ci il tarixli **********142657 nömrəli qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi göstərilmiş, bununla bağlı Ədliyyə Nazirliyindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Vergi orqanı yoxlanılan dövrü 01.11.2017-01.11.2020-ci il müəyyən etmişdir. Hazırkı iddiasında iddiaçı vergi orqanına müvafiq bəyannamələrin təqdim edildiyini, vergi orqanının isə qanunla müəyyən edilən müddətlərə əməl etməiyini əsas gətirərək adıçəkilən növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə vergi orqanının qərarını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə cavabdehin mübahisələndirilən 17.12.2020-ci il tarixli **********142657 saylı qərarının səyyar vergi yoxlanmasının başlanmasını nizama saldığı, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmadığı, bu səbəbdən həmin qərarın mübahisələndirilməsinin mümkünsüzlüyü ilə bağlı qeyd etdiyi mövqeyi ilə razılaşmır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumunun ““Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adıçəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. -38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. -38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir (maddə 62.2) Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir (maddə 62.3). Sadalanan normalardan müəyyən olunur ki, səyyar vergi yoxlaması iki növdə növbəti və növbədənkənar olmaqla həyata keçirilir. Hər iki yoxlama vergi orqanının qərarı əsasında keçirilir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın vergi ödəyicisi üçün yaratdığı hüquqi nəticədən asılı olaraq inzibati akt kimi qəbul edilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, növbəti səyyar vergi yoxlaması adından da göründüyü kimi növbətidir, yəni vergi ödəyicisi təqvim ili ərzində ən azı bir dəfə vergi orqanının səyyar vergi yoxlaması keçirilmə ehtimalını bilir. Təsadüfi deyildir ki, vergi qanunvericiliyinin yuxarıda sadalanan normalarında da növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilməsi, vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, növbəti səyyar vergi yoxlaması vergi ödəyicisi üçün hər bir halda “gözlənilən” yoxlamadır. Növbədənkənar səyyar vergi yoxlaması üçün isə qanunvericilikdə belə bir tələb, yəni növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün hər hansı müddət (dövrilik) müəyyən edilməmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi ilə eyni zamanda vergi orqanı qarşısında vergi ödəyicisinə yoxlamanın başlanmasından əvvəl hər hansı bildirişin təqdim edilməsi ilə bağlı vəzifə də qoyulmamışdır. Adından da müəyəyn olunduğu kimi bu yoxlama növbətidən “kənar”dır, dolayısı ilə vergi ödəyicisi üçün gözlənilməzdir. Bunun məntiqi davamıdır ki, qanunla növbəti səyyar vergi yoxlamasından fərqli olaraq məhz növbədənkənar səyyar vergi yoxlamasının keçirilə biləcəyi ilə bağlı konkret hallar sadalanmışdır və vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasını məhz həmin hallardan ən azı birinə istinad etməklə keçirə bilər. Bunu isə vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarında qeyd etməli və istinad etdiyi halı əsaslandırmalıdır. Beləliklə, qanun bir tərəfdən vergi ödəyicisi üçün gözlənilməz növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini mümkün saydığı halda, digər tərəfdən vergi orqanına hansı halın əsasında belə bir yoxlamanın zəruri olduğunu ifadə edən əsaslandırılmış qərarın qəbul edilməsini tələb edir. Qeyd edildiyi kimi növbədənkənar səyyar vergi yoxlamasının gözlənilməz olması belə vergi ödəyicisi üçün artıq hüquqi nəticə (iş rejiminin yoxlamaya gələn vergi əməkdaşına uyğun qurulması, tələb edilən sənədlərin hazırlanıb vergi yoxlayıcısına təqdim edilməsi, sənədlərin tələb olunan qaydada verilməsi üçün əlavə vaxt və ya işçinin cəlb edilməsi, bu səbəblərdən dolayı vergi ödəyicisinin iş rejimində yarana biləcək durğunluq və s.) yaratdığını deməyə əsas verir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 62-ci maddəsi vergi orqanın qəbul etdiyi qərarlardan məhkəməyə və ya yuxarı inzibati orqana şikayət verilə bilmə imkanını nəzərdə tutmuşdur. Cavabdeh hazırkı mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında 17.12.2020-ci il tarixli qərarının 4-cü bəndində də bu qərardan təqdim olunduğu vaxtdan İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı çıxarmış vergi orqanı vasitəilə yuxarı vergi orqanına şikayət verilə bilmə imkanını vergi ödəyicisinin nəzərinə çatdırmışdır. Nəhayətində, məhkəmə qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın inzibati məhkəmə icraatında mübahisə predmeti olması və həmin inzibati aktla bağlı mahiyyəti üzrə qərarların qəbul edilməsi ilə bağlı məhkəmə təcrübəsi də mövcuddur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-389/2020 saylı, 25.02.2020-ci il tarixli qərarı). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hazırkı iş üzrə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17.12.2020-ci il tarixli **********142657 saylı qərarının inzibati məhkəmə icraatında mübahisələndirilməsini mümkün sayır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 17.12.2020-ci il tarixli qərarı ilə 22.12.2020-ci il tarixdə tanış olmuş, həmin qərardan 17.02.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə şikayət vermiş, müraciətə cavab verilməsi barədə iddiaçının elektron kabinetinə 16.03.2021-ci il tarixdə məktub göndərilmiş, bundan sonra iddiaçı 15.04.2021-ci il tarixdə iddia ərizəsini poçt xidmətinə təqdim etmişdir. Məhkəmə iddiaçının növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərardan yuxarı vergi orqanına şikayət verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın nəticəsini gözlədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı şikayətinə dair vergi orqanının 16.03.2021-ci il tarixli cavab məktubunu aldıqdan sonra 15.04.2021-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, vergi orqanının mübahisələndirilən qərarından görünür ki, iddiaçıya Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əasən, yəni vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi əsası ilə növbədənkənar səyyar vergi yoxlaması təyin etmişdir. Bununla əlaqədar vergi orqanı iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində aşkar edilmiş uyğunsuzluğu əsas götürmüşdür. Belə ki, təqdim edilmiş 2017, 2018 və 2019-cu illər üzrə vergi ödəyicisinin mənfəət vergisi bəyannamələrində xərclər hissəsində 2017-ci il üzrə 2281747.10 manat, 2018-ci il üzrə 187317.08 manat və 2019-cu il üzrə 318065.60 manat olmaqla, ümumilikdə 2787129.78 manat uçot-baza məlumatlarına əsasən sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olduğu müəyyən edilmişdir. Bununla da, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilmişdir. Digər tərəfdən mübahisələndirilən qərardan görünür ki, növbədənkənar səyyar vergi yoxlaması dövrü 01.11.2017-31.10.2020-ci il üçün müəyyən edilmişdir. İddiaçı Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinadən hesab edir ki, vergi yoxlaması dövrü hesabat dövrü bitdikdən sonra əvvəlki 3 illik dövrü əhatə edə bilər, lakin qərarın 17.12.2020-ci il tarixdə verilməsini nəzərə alaraq vergi orqanı dekabr 2017-ci il üçün yoxlamanı həyata keçirə bilərdi, lakin yoxlama bu zaman noyabr ayını əhatə edə bilməzdi. Məhkəmə iddiaçının qeyd edilən mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının qeyd etdiyi bu dəlili vergi orqanının mübahisələndirilən qərarının ləğvinə əsas vermir. Belə ki, Vergi Məcəlləsinin: -36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. -85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. -85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. -85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Qanunvericiliyin sadalanan normalarından müəyən olunur ki, yoxlama mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan dövrü əhatə etdiyi halda, digər vergilərdə yoxlama yoxlamanın keçirildiyi il də daxil son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari sığorta haqqına münasibətdə isə müddətlə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Növbədənkənar səyyar vergi yoxlaması 2017-ci ilin noyabr ayından başlamışdır. Vergi orqanının qeyd etdiyi kimi əlavə dəyər vergisi üzrə yoxlanılan dövr: 01.11.2017- 31.10.2020, mənfəət vergisi, əmlak vergisi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə (yoxlanılan dövr: 2017-2019-cu illər), ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövr: 4-cü rüb 2017 - 3-cü rüb 2020, məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (0111) və işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) üzrə yoxlanılan dövr: 4-cü rüb 2018 - 2-ci rüb 2019, muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) və məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (0112) üzrə yoxlanılan dövr: 3-cü rüb 2019 - 4-cü rüb 2019, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə isə yoxlanılan dövr: 1-ci rüb 2020 - 3-cü rüb 2020-ci ildir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, növbədənkənar səyyar vergi yoxlaması ilə 01.11.2017-ci il tarixdən 31.10.2020-ci il tarixədək olan dövr əhatə olunmaqla, qanunvericiliyin qeyd edilən müddətlərini pozmamışdır. Bu halda cavabdehin mübahisələndirilən qərarı əsaslı olmuş, iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 17.12.2020-ci il tarixli **********142657 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5944/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5944/2021
23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver