Məhkəmə qərarları › İş №2-1(112)-5949/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5949/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5949/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “əmrin ləğv edilərək işə bərpa olunması, həmçinin məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər nazirinin müavini Daxili qoşunların komandanının 06.07.2020-ci il tarixli 107 nömrəli əmrilə xidmətdən azad edilməyi barədə müvafiq əmrin ləğv edilərək yenidən işə bərpa olunması, həmçinin məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 28.10.2015-ci il tarixindən etibarən DİN DQ müddətli hərbi xidmətə qəbul edilmiş və bir sıra vəzifələrdə çalışmışdır. 2018-ci ildən xüsusi təyinatlı dəstədə 3-cü xüsusi həmlə qrupunun 1-ci yarımqrupunda atıcı-sanitar vəzifəsinə qəbul olunmuşdur. Xidmət etdiyi müddət ərzində işinə dəqiq və məsulliyyətli olmuş, buna sübut olaraq xidməti dövrü ərzində ona heç bir intizam tənbehi tətbiq edilməmişdir. Qanunsuz olaraq Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 06.07.2020-ci il tarixli 107 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı madəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə 3-cü xüsusi həmlə qrupunun 1-ci yarımqrupunda atıcı-sanitar vəzifəsindən azad edilərək şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılıb, hərbi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə göndərilmişdir. Daxili Qoşunlarda xidmət etdiyi müddətdə yol verdiyi nöqsanlarla əlaqədar xidmətdən xaric edilsə də, xidmət etdiyi dövrdə onun barəsində intizam qaydasında heç bir tənbeh növü seçilməmişdir. Bundan əlavə o xidmətdən xaric edilmədən öncə barəsində verilmiş şikayət araşdırılmalı və daha sonra qərarın verilməsi üçün şərəf məhkəməsinə onun xidmətdən xaric edilməyi ilə bağlı qərar əsasında, hərbi hissə komandirinin təqdimatı ilə Daxili Qoşunlar komandanına göndərilməli idi, Bu prosedurun aparılması üçün ən azı 15 gün tələb olunsa da, 3 gün ərzində yəni, 03.07.2020-ci il tarixdə barəsində şikayət edilmiş və bazar günü 05.07.2020-ci il tarixdə barəsində araşdırma aparılmadan şərəf məhkəməsinin qanunsuz iclası keçirilmiş və 06.07.2020-ci il tarixdə xidmətdən xaric edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iş üzrə iddianın mümkün sayılaraq, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim edilmiş etirazın dəlilləri üzrə izahat verərək, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. Hazırkı halda mübahisələndirilən inzibati aktda hüquqi müdafiə müddəti və qaydası göstərilmədiyindən onu mübahisələndirmə müddəti 6 ay qəbul edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin 07.01.2021-ci il tarixli 5 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 06.07.2020-ci il tarixli 107 nömrəli Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının Əmrilə “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e bəndinə ( xidməti uyğunsuzluq ) müvafiq olaraq N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə 3-cü xüsusi həmlə qrupunun 1-ci yarımqrupunda atıcı-sanitar vəzifəsindən azad edilərək şəxsi heyətin siyasından və bütün təminat növlərindən çıxarılıb, hərbi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə göndərilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1) 06 iyul 2020-ci il tarixli əmrinin ləğv edilrək işə bərpa olunması; 2) məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi bağlıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 06.07.2020-ci il tarixli əmrini 21.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Daxili işlər nazirinin müavinidaxili qoşunların komandanı tərəfindən qəbul edilən əmr 06.07.2020-ci il tarixə aiddir. Həmin əmrlərin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, iddiaçı Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanı tərəfindən qəbul edilən əmrin mövcudluğundan ən geci 06.08.2020-ci il tarixdə xəbərdar olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı verilmiş suallara cavabında əmrin ona təqdim edilmədiyini, lakin hərbi biletin ona təqdim edilərək qeydiyyat yeri üzrə hərbi qeydiyyata alınmalı olduğunu bildirdiklərini qeyd etmişdir. İş materiallarında olan hərbi biletin 24-cü səhifəsindən də görünür ki, İddiaçı 06.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Beləliklə burdan da aydın olur ki, İddiaçı “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e bəndinə (xidməti uyğunsuzluq) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmasından ən geci 06.08.2020-ci ildə xəbərdar olmuşdur. Göründüyü kimi, iddiaçı Daxili işlər nazirinin müavini-daxili qoşunlarının komandanı tərəfindən qəbul edilən 06 iyul 2020-ci il tarixli əmrindən ən geci 06 avqust 2020-ci il tarixdə xəbərdar olduğu təqdirdə, o həmin əmri mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırki mərhələdə iddiaçının irəli sürdüyü məcburi iş buraxma dövründə əmək haqqının hesablanaraq ödənilməsi bağlı tələbinin baxılmasının mümkün olmaması səbəbi odur ki, iddiaçının xidməti uyğunsuzluğuna görə hərbi xidmətdən ehtiyyata buraxılması barədə əmr hazırki iddia ilə mübahisələndirilmiş və məhkəmənin mövqeyinə əsasən həmin hissəyə baxılması mümkünsüz sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmənin iddiaçının məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı hissəsinə baxılması, yalnız həmin əmr üzrə mübahisə yekunlaşdığı təqdirdə mümkündür. Odur ki, iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar