Məhkəmə qərarları › İş №2-1(112)-5950/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5950/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5950/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5 və üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı Azərbaycan Respublikası X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla dövlət qulluğu münasibətinin müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində 13.10.2008-ci il tarixdən bu günə kimi dövlət qulluğunun inzibati vəzifələr üzrə iş stajının nəzərə alınaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə həmin tarixlər ürə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07.02.2022-ci il tarixli, 2-1(112)-5950/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 17.09.2007-ci il tarixdən 13.10.2008-ci il tarixədək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (bundan sonra mətində “Komitə” kimi qeyd olunacaq) Qadın problemləri və gender məsələləri şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 13.10.2008-ci il tarixində X4 şöbəsinə keçirilərək stajçı kimi böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 13.10.2009-cu il tarixində “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə uyğun olaraq 6 ay sınaq müddətində Komitəyə qəbul edilmiş və Ailə Problemləri şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir.13.04.2010-cu il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq daimi dövlət qulluğuna qəbul edlmiş və 6-cı təsnifatın 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 13.10.2008-ci il tarixindən 17.10.2011-ci il tarixinədək Ailə Problemləri şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır. 17.10.2011-ci il tarixindən etibarən dövlət qulluğu yüksəliş yolu ilə X4 şöbəsinin baş məsləhətçi vəzifəsinə təyin olunmuş və bu günə kimi bu vəzifədə dövlət qulluqçusu statusunda qulluq keçir. Çalışdığı müddət zamanı, 13.04.2010-cu il tarixində 2ci dərəcəli dövlət qulluqçusu, 15.04.2013-cü il tarixində 1-ci dərəcəli dövlət qulluqçusu və 15.04.2016-cı il tarixində Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcələri almışdır. 13.10.2008-ci il tarixdən indiyədək tutduğu vəzifə daimi dövlət qulluğu sayılmaqla, dövlət qulluqçuları üçün qanunvericiliklə nəzərdə tutulan bütün hüquq və vəzifələr ona da aid olunmuşdur. Habelə 27.11.2018-ci il tarixində elan edilmiş müsahibədə iştirak etmək üçün X9 (bundan sonra “DİM” kimi qeyd olunacaq) müraciət olunaraq namizədliyi təsdiq olunub və 21.01.2019-cu il tarixində DİM tərəfindən keçirilmiş müsahibədə 12.7 bal almışdır. Lakin DİM tərəfindən 07.10.2021-ci il tarixində təşkil olunan müsahibədə iştirak etmək üçün iddia etdiyi vakant vəzifəyə üzrə müraciətinə cavab olaraq bildirilmişdir ki, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edildiyinə görə müsahibədə iştirakına imtina verilmişdir. Bu cür yanaşma onun dövlət qulluqçusuna dair qanunla müəyyən olunmuş və qorunan hüquqlarının pozulması ilə nəticələnir. Qeyd etdiyi kimi o 13 ildən çoxdur ki, dövlət qulluğunda çalışır, bu müddət ərzində onun dövlət qulluğunda olmağı, mübahisəsiz qaydada publik hüquq münasibətlərində olmasının göstəricisidir və bu hüquq münasibətləri müəyyən edilməli və ya tanınmalıdır. Eyni zamanda onun inzibati orqanına işə qəbul prosesi ilə əlaqədar işçi ilə işəgötürən münasibətlərini tənzilməyən və bir-birini tamamlayan inzibati aktlar mövcuddur. 13 ildən artıq müddət ərzində, onun dövlət qulluqçusu kimi fəaliyyət ilə bağlı vəzifəyə təyin oıunması, vəzifədən vəzifəyə keçirilməsi, məzuniyyət, ezamiyyət və sair məzmunlu) çoxsaylı inzibati aktlar qəbul edilmişdir. Bu aktların heç biri 13 il ərzində istər Komitə, istərsə də DİM və ya bundan öncə dövlət qulluğuna qəbul ilə bağlı prosedurları yerinə yetirən orqanlar, və ya hər hansı digər orqanlar tərəfindən mübahisələndirilməmiş, həmin inzibati aktlar ləğv edilməmişdir. Əksinə onun dövlət qulluğuna qəbul olunduğu tarixdən, barəsində olan müvafiq məlumatlar, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli, 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”na əsasən Reyestrə daxil edilmişdir. Həmin məlumatların təqdim edilməsindən sonra onların təqdim edilməsi ilə bağlı hər hansı nöqsan aşkar olunaraq mübahisələndirilməmişdir. Üçüncü şəxs iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, dövlət qulluğuna qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. İddiaçı 2008-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədən keçmədən Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində inzibati vəzifələrin 5-ci təsnifatına aid olan böyük məsləhətçi vəzifəsinə dövlət quliuğuna qəbul edilmişdir. Azərbaycan Respublikasının X12 tərəfindən aparılan məlumat bazalarında İddiaçı dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. İddiaçı qeyd edilən vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda bu cür prosedurdan keçmədən birbaşa dövlət qulluğuna qəbul edilmiş, 2011-ci ildə isə əlavə olaraq müvafiq qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqə və ya müsahibədə (daxili və ya ümumi müsahibə) iştirak etmədən vəzifədə irəli çəkilmiş və baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 14.1-ci maddəsində “dövlət qulluqçusu”nun anlayışı verilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddədən də göründüyü kimi dövlət qulluqçusu statusunun əldə edilməsi üçün şəxs həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları “Dövlət qulluğu haqqında” Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuşdur. İddiaçı çalışdığı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının X12 yaradılmış, 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış, 2017-ci ilin yanvarından fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X12 publik hüquqi şəxsin Nizamnaməsi" ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29-cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd edilən vəzifələrin icrası ilə əlaqədar X12 dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildə müvafiq dövlət orqanlarına məktublar ünvanlamışdır. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən inzibati dövlət qulluğu vəzifələrinə müsabiqədə iştirak etmədən qəbul edilmiş 17 nəfər şəxs müəyyən edilmiş, qanunvericilik tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi barədə Mərkəzə məlumat verilməsi xahişi 2017-ci ilin noyabr ayında dövlət orqanına bildirilmiş və sözügedən şəxslərin siyahısı dövlət orqanına təqdim edilmişdir. Eyni məsələ ilə bağlı 14 may 2018-ci il tarixli 01/01-09/1323 nömrəli məktubla X12 Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktubda İddiaçı məlumatları da öz əksini tapmışdır. X12 tərəfindən dövlət qlluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları barədə yenidən 18 dekabr 2018-ci il tarixli 01/01-09/3566 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət edilmişdir. Qeyd edilən məktubda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında İddiaçı dair məlumatlar yenidən öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.12ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İddiaçı ilə bağlı qanunsuz inzibati aktın qəbul edilməsi halı X9 fəaliyyətə başladığı tarixdən 1 il keçmədən məlum olmuş və həmin müddət ərzində bu qanunsuz inzibati aktla bağlı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanladığı 21 iyun 2018-ci il tarixli 1-712/18 nömrəli məktubunda Komitədə çalışan 10 nəfərin, o cümlədən İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyini etiraf etmiş və həmin şəxslərlə bağlı lazımi tədbirlərin görülməkdə olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslər, o cümlədən İddiaçı barəsində müvafiq tədbirlərin görüləcəyi barədə həm Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, həm də X9 məlumat verilsə də İddiaçı barəsində bugünədək yol verilmiş pozuntu halının aradan qaldırılması ilə bağlı hər hansı bir tədbir görülməmişdir. İddia ərizəsində İddiaçı müsahibədə iştirakla bağlı müraciətlərinə imtina verilməsi məsələsi də qeyd edilmişdir. Məsələyə dair bildirilir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin birinci hissəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Həmin Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü - yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununun keçid müddəalarına uyğun olaraq 2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (yəni 10 avqust 2016-cı il tarixədək) “Dövlət quliuğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş (2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər istisna olmaqla) və on ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat əldə etməlidirlər. Qeyd edilənlərdən göründüyü kimi 10 avqust 2016-cı il tarixədək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş, 10 ildən az qulluq stajı olan hazırda dövlət orqanında inzibati vəzifələrdə qulluq keçməklə inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcələri olan dövlət qulluqçuları qulluq keçdikləri dövlət orqanında mövcud vakant inzibati vəzifələrin tutulması ilə bağlı elan edilmiş daxili müsahibələrdə, eyni zamanda həm qulluq keçdikləri dövlət orqanında, həm də digər dövlət orqanlarında mövcud vakant vəzifələrin tutulması ilə bağlı elan edilmiş ümumi müsahibələrdə iştirak etmək üçün X12 tərəfindən keçirilən test imtahanında iştirak edərək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat əldə etməlidirlər. Deməli dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması ilə bağlı elan edilmiş ümumi və daxili müsahibələrdə iştirak etmək üçün dövlət qulluqçusu eyni zamanda dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş olmalıdır. Yuxarıda artıq qeyd olunduğu kimi İddiaçı dövlət qulluğuna qəbulu “Dövlət qulluğu haqqında” Qanunun tələbləri gözlənilmədən həyata keçirilmişdir. “Dövlət qulluğu haqqında” Qanuna 31 may 2021-ci il tarixdə edilmiş dəyişikliklərlə qanunverici 10 avqust 2016-cı il arixdən əvvəl dövlət qulluğuna qəbul edilmiş şəxslərin hüququ statusunu müəyyən etməklə bu kateqoriyadan olan şəxsləri 2 kateqoriyaya ayırmışdır. 1-ci kateqoriyaya 2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər daxildir. Qanunverici bu şəxsləri müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutur. 2-ci kateqoriyaya isə 10 avqust 2016-cı il tarixədək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçuları daxildir. Qanunverici həmin kateqoriyadan olan dövlət qulluqçularının daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət hüququnu həmin Qanunun 28-1-ci maddəsinə əsasən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat alması ilə şərtləndirir. Qanundan da göründüyü kimi qanunverici “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmadan dövlət qulluğuna qəbul olunmuş şəxslərə münasibətdə hər hansı status müəyyən etməmişdir. Yuxarıda qeyd edilənləri və İddiaçı dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyini nəzərə alaraq onun “dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X13 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli, 24.04.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 11.04.1953-cü il tarixdə Özbəkistan, Surxandərya vilayətində doğulmuşdur, yaşayış yeri ünvan 1 ünvanıdır. - İddiaçı məxsus ******* nömrəli, 13.09.2007-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17.09.2007-ci il tarixdə S.Məmmədovanın analıq məzuniyyətində olduğu müddətdə Qadın problemlərinə gender məsələləri şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmiş, 13.10.2008-ci il tarixdə Ailə problemləri şöbəsinin böyük məsləhətçisi vəzifəsinə bir il müddətinə stajçı kimi təyin edilmiş; 13.10.2009-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28.6-cı maddəsinə əsasən altı ay sınaq müddəti ilə dovlət qulluğuna qəbul edilmiş; 13.04.2010-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq daimi dövlət qulluğuna qəbul edilməsi və altıncı təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş; 17.10.2011-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsinə əsasən dövlət qulluğuna irəli çəkilməklə Ailə problemləri şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmiş; 15.04.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq beşinci təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş; 15.04.2016-cı il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq inzibati vəzifələrin 5-ci təsnifatı üzrə Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. - Komitə tərəfindən verilmiş 13 sentyabr 2007-ci il tarixli, 118 nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Səbinə Şahin qızı Məmmədovanın analıq məzuniyyətində olduğu müddətə 17 sentyabr 2007-ci il tarixindən Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir; - Komitə tərəfindən verilmiş 10 oktyabr 2008-ci il tarixli, 156 “k” nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 13 oktyabr 2008-ci il tarixdən vəzifə maaşı ştat cədvəlinə uyğun ödənilməklə 1 il müddətinə stajçı kimi Ailə problemləri şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmiş, Ailə problemləri şöbəsinin müdiri stajçı İddiaçı kuratoru təyin edilmişdir. - Komitə tərəfindən verilmiş 12 oktyabr 2009-cu il tarixli, 159 “k” nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Ailə problemləri şöbəsinin böyük məsləhətçisinin staj müddətinin bitməsini və Ailə problemləri şöbəsi müdirinin tövsiyyəsini nəzərə alaraq, 13 oktyabr 2009-cu il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-ci maddəsinə əsasən altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. - Komitə tərəfindən verilmiş 12 aprel 2010-cu il tarixli, 54 “k” nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli, 569 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nı, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli, 911 saylı Fərmanını rəhbər tuaraq, 13 aprel 2010-cu il tarixdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə probemləri şöbəsinin böyük məsləhətçisi İddiaçı daimi dövlət qulluğuna qəbul edilmiş, Ailə problemləri şöbəsinin böyük məsləhətçisi İddiaçı İnzibati vəzifələrin altıncı təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. - Komitə tərəfindən verilmiş 15 oktyabr 2010-cu il tarixli, 148 “a” nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ailə problemləri şöbəsinin böyük məsləhətçisi X1 13 oktyabr 2010-cu il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən qulluq stajına görə vəzifə maaşına 5% əlavə haqqın ödənilməsinə əmr edilmişdir. - Komitə tərəfindən verilmiş 10 oktyabr 2011-ci il tarixli, 178 “k” nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 17 oktyabr 2011-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 32.2-ci maddəsinə əsasən dövlət qulluğunda irəli çəkilməklə Ailə problemləri şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. - Komitə tərəfindən verilmiş 15 aprel 2013-cü il tarixli, 76 “k” nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 15 aprel 2013-cü il tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə problemləri şöbəsinin baş məsləhətçisi İddiaçı inzibati vəzifələrinin beşinci təsnifatı üzrə 1ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. - Komitə tərəfindən verilmiş 14 oktyabr 2013-cü il tarixli, 247 nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 14 oktyabr 2013-cü il tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi İddiaçı qulluq stajına görə vəzifə maaşına 10% əlavə haqqın ödənilməsinə əmr verilmişdir. - Komitə tərəfindən verilmiş 15 aprel 2016-cı il tarixli, 75 “k” nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 15 aprel 2016-cı il tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə problemləri şöbəsinin baş məsləhətçisi İddiaçı inzibati vəzifələrinin beşinci təsnifatı üzrə Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. - Komitə tərəfindən verilmiş 12 mart 2018-ci il tarixli, 31 nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 30.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə problemləri şöbəsinin baş məsləhətçisi İddiaçı 17 sentyabr 2017-ci il tarixdən 17 sentyabr 2018-ci il tarixədək iş ili üçün 02 aprel 2018-ci il tarixindən 34 təqvim günü məzuniyyət verilmişdir. - Komitə tərəfindən verilmiş 15 oktyabr 2018-ci il tarixli, 243//1 nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 15 oktyabr 2018-ci il tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi İddiaçı qulluq stajına görə vəzifə maaşına hər ay 20% əlavə haqqın ödənilməsinə əmr verilmişdir. - Komitə tərəfindən verilmiş 12 iyul 2019-cu il tarixli, 194 nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 30.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi İddiaçı 17 sentyabr 2018-ci il tarixdən 17 sentyabr 2019-cu il tarixədək iş ili üçün 05 avqust 2019-cu il tarixdən 36 təqvim günü (30 gün əsas, 4 gün əlavə və 2 bayram günü) məzuniyyət verilmişdir. - Komitə tərəfindən verilmiş 13 iyul 2020-ci il tarixli, 137 nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi İddiaçı 17 sentyabr 2019-cu il tarixdən 17 sentyabr 2020-ci il tarixədək iş ili üçün 04 avqust 2020-ci il tarixindən 34 təqvim günü (30 gün əsas, 4 gün əlavə) məzuniyyət verilmişdir. - Komitə tərəfindən verilmiş 02 №-li, 07.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 17.09.2007-ci il tarixdən Komitənin Aparatında işləyir. X4 şöbəsinin baş məsləhətçisidir, 13 il 2 ay dövlət qulluğu stajı var və inzibati vəzifələrin 5-ci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə malikdir. əmək haqqısı 1174 AZN təşkil edir. - Komitə tərəfindən məhkəməyə ünvanlanmış 26.04.2022-ci il tarixli, 2-535/22 №-li məktubdan görünür ki, “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 21 iyun 2006-cı il tarixli, 420 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin yaradılması qərara alınmışdır. Reyestrin ilkin versiyasına məlumatların işlənilməsinə 2007-ci ildən başlanılmışdır. İddiaçı 2008-ci ildə stajçı kimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan onun barəsində olan məlumatlar Dövlət Qulluqçuları Reyestrinin ilkin versiyasına işlənilmişdir. Daha sonra İddiaçı aid olan məlumatlar X12 tərəfindən avtomatik olaraq yeni yaradılmış Reyestrə yerləşdirilmişdir. - Azərbaycan Respublikası X12 tərəfindən məhkəməyə ünvanlanmış 28.04.2022-ci il tarixli, PHŞ/3-2-2022-978 №-li məktubdan görünür ki, X12 “Dövlət qulluqçularının Reyestri” informasiya sistemini ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X7 üzrə Komissiyadan 2017-ci ilin fevral ayında təhvil almışdır. Müəyyən edilmişdir ki, həmin dövrdə təhvil alınmış Reyestrdə dövlət qulluqçuları haqqında məlumatların dövlət orqanları tərəfindən sistemə ilk dəfə daxil edilmə tarixlərinin qeydiyyatı mövcud olmamışdır. Bu səbəbdən İddiaçı haqqında məlumatların çalışdığı dövlət orqanı tərəfindən “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə ilk dəfə daxil edilməsinin tarixi ilə bağlı Mərkəzin verilənlər bazasında məlumat yoxdur. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunması barədə məlumatların 2008-ci ildən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilməsi və həmin dövrdən mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalan”nın 14-cü bəndinə və Azərbaycan Respublikasının Prezidenti yanında keçmiş X7 üzrə Komissiyasının 2011-ci il 11 mart tarixli 01/08/262-DQ- ST nömrəli məktubuna uyğun olaraq əlavələr edilməsi və yenilənməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın: - 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. - 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. - 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının X12 tərəfindən aparılır. - 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır; 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz. 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.11-ci maddəsinə əsasən, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır; - 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı 2008-ci ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Komitənin 10 oktyabr 2008-ci il tarixli, 156 “k” nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar barədə işdə hər hansı sübut yoxdur və bu hallarla bağlı mübahisə açılmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı barəsində qəbul edilən Komitənin 10 oktyabr 2008-ci il tarixli, 156 “k” nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Komitədə dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2008-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmişdir, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçı Komitədə dövlət qulluğu vəzifələrində 13 ildən artıq çalışmışdır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir, bu isə İddiaçı ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymətləndirilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir; - 17.1-ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir; - 17.3-cü maddəsinin 3-cü cümləsinə əsasən, ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydasının 7-ci bəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır: dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü; dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət; əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; ödənişli məzuniyyət dövrləri. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 13.10.2008-ci il tarixdən işlədiyi böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində iş stajı nəzərə alınmaqla, həmin tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçının Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 13.10.2008-ci il tarixdən işlədiyi böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində iş stajı nəzərə alınmaqla, həmin tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar