Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5954/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı 26.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq, ona ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair 22.12.2021-ci il tarixində tələb olunan sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan 30.12.2021-ci il tarixli məktubla ona pensiya təyin edilməsindən imtina etmiş və imtinaya səbəb kimi onun güzəştli və ümumi iş stajının az olması göstərilmişdir. Ona 01.01.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən 52 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən isə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, 1 nömrəli siyahı üzrə tələb olunan 10 il xüsusi, 20 il ümumi stajı 01.01.2006-cı il tarixinədək, 2 nömrəli siyahı üzrə 12 il 6 ay xüsusi, 25 il ümumi stajı isə 01.07.2017-ci il tarixinədək qazanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 10.02.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1964-cü il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 57 yaşının tamam olduğu 26.11.2021-ci il tarixdə çatmışdır. İddiaçıya 26.11.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il olması; 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Belə ki, iddiaçının 01.01.2006-cı tarixədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan azdır. İddiaçının ümumi iş stajına 12.04.1983-19.04.1985-ci il, 01.09.1985-01.07.1991-ci il, 17.09.1991-31.12.2005-ci il tarixləri arasındakı dövrlər daxildir ki, ümumilikdə 22 il 1 ay 21 gün təşkil edir. İddiaçının güzəştli iş stajına 17.09.1991-12.10.1993-cü il, 22.07.2003-12.10.2004-cü il, 08.08.2005- 31.12.2005-ci il tarixləri arasındakı dövrlər daxildir ki, bu da ümumilikdə 3 il 8 ay 8 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndinin (10.1) rəhbərlər və mütəxəssislər yarımbəndində bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifəsi nəzərdə tutulmuşdur. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala ərizəçi tərəfindən təqdim edilən SOCAR-ın “X4” trestinin ona dair 7 dekabr 2021-ci il tarixli SOCAR**********81200598X00043 nömrəli arayışında 12.10.1993- 22.07.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə Tekniki istehsalat şöbəsində mühəndis texnoloq və 12.10.2004-08.08.2005-ci il tarixləri arasındakı dövr ərzində istehsalata xidmət bazasının operativ qrupunda mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər vəzifəsinə uyğun deyil. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə hazırlıq və şifahi məhkəmə baxışı iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 00****** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 12.04.1983-cü il tarixdən 19.04.1985-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və 24.04.1985-ci ildə Masallı RHK-da qeydiyyata alınmışdır. FB-İ seriyalı 083021 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 16.12.2020-ci il tarixli 01-121 №-li arxiv arayışından müəyyən olunur ki, İddiaçı 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və kimya institutuna daxil olmuş 1991-ci ildə Azərbaycan Sənaye Universitetinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursunu bitirmişdir. İT-İ seriyalı ******* nömrəli 17.09.1991-cı il tarixli əmək kitabçasında (tərcümə təsdiq olunmuş) qeyd olunmuş məlumatlara əsasən İddiaçı 17.09.1991-ci ildə “Neft daşları” DQİİ- Neft-qaz üzrə istismar və kəşfiyyat quyularının qazılması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 71/K, 16.09.1991-ci il); 09.07.1992-ci ildə 5dərəcəli qazmaçı köməkçisi adı verilmişdir (Əmr № 40/K, 09.07.1992-ci il); 25.05.1993-cü ildə 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmişdir (Əmr № 31/K, 25.05.1993-cü il); 12.10.1993-cü ildə Texniki-istehsalat şöbəsinə 2 dərəcəli mühəndis-texnoloq vəzifəsinə keçirilmişdir (Əmr № 78/K, 12.10.1993-cü il); 01.0.1994-cü Texniki-istehsalat şöbəsinin 10cu dərəcəli mühəndis-texnoloq adı verilmişdir (Əmr № 144, 12.08.1994-cü il); 01.01.1995ci ildə Texniki-istehsalat şöbəsinin 11-ci dərəcəli mühəndis-texnloq adı verilmişdir (Əmr № 3/K, 04.01.1995-ci il); 22.07.2003-cü ildə 1145 saylı meydançaya 11-ci dərəcəli qazma ustasının köməkçisi keçirilmişdir (Əmr № 27k, 22.07.2003-cü il); 07.04.2004-cü ildə 10-cu dərəcəli qazma ustasının köməkçisi vəzifəsinə keçirilmişdir (Əmr № 64, 07.04.2004-cü il); 16.09.2004-cü ildə 11-ci dərəcəli qazma ustasının köməkçisi vəzifəsinə keçirilmişdir (Əmr № 154, 18.09.2004); 12.10.2004-cü ildə İstehsalat xidmət bazasının operativ qrupuna 11ci dərəcəli qazma ustasının köməkçisi vəzifəsinə keçirilmişdir (Əmr № 49/k, 08.08.2005-ci il); 17.01.2006-ci ildə 10-cu dərəcəli qazma ustası köməkçisi vəzifəsinə keçirilmişdir (Əmr № 206, 12.12.2005-ci il); 21.11.2006-cı ildə 1146 saylı meydançanın qazma ustası 13 dərəcəli vəzifəsinə keçirilmişdir (Əmr № 90/k, 21.11.2006-cı il); 02.09.2007-ci ildə 1145 saylı meydançanın 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 83/k, 02.092007-ci il); 17.01.2008-ci ildə 1146 saylı meydançanın 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 19/k, 01.03.2008-ci il); 14.05.2008-ci ildə 1146 saylı meydançanın 12-ci dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 102, 14.05.2008-ci il); 10.09.2008-ci ildə 1146 saylı özülə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 99/k, 10.09.2008-ci il); 03.03.2009-cu il İstehsalat xidmət bazasının Zığ sahəsindəki təchizat qrupuuna 7-ci dərəcəli anbar müdiri vəzifəsinə keçirilmişdir (Əmr № 21/k, 03.03.2009-cu il); 20.07.2009-cu ildə İstehsalat xidmət bazasına 13-cü dərəcəli anbar müdii vəzifəsinə keçirilmişdir (Əmr № 67/k. 20.07.2009-cu il); 07.06.2010-cu ildə 2 saylı rayon mühəndis texnoloji xidmətinə 12-ci dərəcəli mühəndis texnoloq vəzifəsinə keçirilmişdir (Əmr № 75-k, 05.06.2010-cu il); 03.09.2012-ci ildə 450 saylı dəniz özülünə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 211-k, 03.09.2012-ci il); 21.08.2013-cü ildə “Bahar Yatağı” 168 saylı dəniz özülünə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçrilmişdir (Əmr № 296/k, 21.08.2013-cü il); 03.02.2014-cü il tarixdə işdən azad edilmişdir (Əmr № 31/k, 03.02.2014-cü il); 04.02.2014-cü ildə “Neft Daşları istehsalat bölümünə 1887 saylı DSÖ-yə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 53/K, 04.02.2014-cu il); 16.01.2017-ci ildə “Neft Daşları” istehsalat bölümü 740 saylı DSÖ-nə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № SOCAR **********000-70020B00043, 16.01.2017-ci il); 01.02.2017-ci ildə Qaradağ, Kalmaz İstehsalat bölümü, Qaradağ sahəsi ZZ40C2 N1 saylı qurğuya 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 110, 01.02.2017-ci il); 14.12.2017-ci ildən hal-hazırda tutduğu vəzifədə işinə davam edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-SOCAR tərəfindən verilmiş 07.12.2021-ci il tarixli SOCAR**********81200598X00043 №li arayışın surətindən müəyyən olunur ki, İddiaçı həqiqətən SOCAR "X4” trestinin müxtəlif idarələrində əmək şəraiti ağır və zərərli hesab edilən peşələrdə işləyib. “Neft Daşları" X5 İdarəsi üzrə: 17.09.1991- 12.10.1993-cü illər Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi: 12.10.1993-22.07.2003-cü illər Texniki-istehsalat şöbəsində mühəndis-texnoloq; 22.07.2003-12.10.2004-cü illər qazma ustasının köməkçisi; 12.10.2004-08.08.2005-ci illər İstehsalata xidmət bazasının operativ qrupunda mühəndis: 08.08.2005-21.11.2006-cı illər qazma ustasının köməkçisi; 21.11.2006-03.03.2009-cu illər qazma ustası; 03.03.2009-07.06.2010-cu illər İstehsalata xidmət bazasının anbar müdiri; 07.06.2010-03.09.2012-ci illər 2 saylı Rayon-mühəndis texnoloji xidmətində mühəndis texnoloq; 03.09.2012-03.02.2014-cü illər qazma ustası; “X4” trestinin “Neft daşları” İstehsalat bölmələri üzrə: 04.02.2014-17.05.2021-ci illər Qazma ustası peşələrində və vəzifələrində işləyib. 17.05.2021-ci ildən hal-hazıradək “X4” trestinin Qazmaservis İstehsalat bölümünün Kəmər endirmə sahəsində qazma ustası vəzifəsində işləyir. Arayış SOCAR “Kompeks qazma işləri” tresti üzrə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 nömrəli qərarı (1 və 2 nömrəli siyahı) nəzərə alınmaqla Əmək kitabçasına əsasən verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-SOCAR tərəfindən verilmiş 21.02.2022-ci il tarixli SOCAR**********081200598X00012 saylı arayışın surətindən müəyyən olunur ki, İddiaçı həqiqətən SOCAR "X4” trestinin müxtəlif idarələrində əmək şəraiti ağır və zərərl hesab edilən peşələrdə işləyib. “Neft daşları” X5 İdarəsi üzrə: 17.09.1991-12.10.1993-cü illər Neft və Qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (1100000a-11297); 12.10.1993-22.07.2003-cü illər Texniki-istehalat şöbəsində mühənndis-texnoloq (1100000b-22247); 22.07.2003- 12.10.2004-cü illər qazma ustasının köməkçisi (1100000b-23196); 12.10.2004- 08.08.2005-ci illər İstehsalata xidmət bazasının operativ qrupunda mühəndis (1100000b- 22247); 08.08.2005-21.11.2006-cı illər qazma ustasının köməkçisi (1100000b-23196); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına 1 nömrəli əlavənin X bölməsinə əsasən , 01.01.2006-cı il tarixinədək olan güzəştli iş stajı 14 il 3 aydır. “Neft Daşları” X5 idarəsi üzrə: 21.11.2006-03.03.2009-cu illər qazma ustası; 03.03.2009-07.06.2010-cu illər İstehsalata xidmət bazasının anbar müdiri; 07.06.2010-03.09.2012-ci illər 2 saylı Rayon-mühəndis texnoloji xidmətində-texnoloq; 03.09.2012-0.02.2014-cü illər Qazma ustası “X4” trestinin “Neft Daşları” İstehsalat bölümü üzrə: 04.02.2014-17.05.2021-ci ilər Qazma ustası peşələrində və vəzifələrində işləyib. 17.05.2021-ci ildən hal-hazıradək “X4” trestinin Qazmaservis İstehsalat bölümünün Kəmər endirmə sahəsində qazma ustası işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 2 nömrəli qərarına əsasən (siyahı 10.1) güzəştli stajı 12 il 1 aydır. İddiaçının hazırkı tələblə cavabdeh orqana 30.10.2019-cu il tarixdə etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 30.12.2021-cu il tarixli **********6 №li imtina məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “X4” trestinin ona dair 7 dekabr 2021-ci il tarixli SOCAR**********81200598X00043 nömrəli arayışında 12.10.1993- 22.07.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə Tekniki istehsalat şöbəsində mühəndis texnoloq və 12.10.2004-08.08.2005-ci il tarixləri arasındakı dövr ərzində İstehsalata xidmət bazasının operativ qrupunda mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 8 ay 8 gün (17.09.1991-12.10.1993-cü il, 22.07.2003- 12.10.2004- cü il, 08.08.2005-31.12.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (22 il 1 ay 21 gün (12.04.1983-19.04.1985-ci il, 01.09.1985-01.07.1991-ci il, 17.09.1991-31.12.2005ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, xüsusi iş stajı isə 12 il 6 aydan az təşkil edir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək 20 ildən artıq, yəni 21 (iyirmi bir) il, 6 (altı) ay 9 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan X Bölmənin “Qazma adlanan İ hissəsi (kod 1100000)- Rəhbərlər və mütəxəssislər (kod 1100000b-18559)buruqların ustaları və onların köməkçiləri (kod 1100000b – 23196) və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) (kod 1100000b—22247) Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus əmək kitabçası, diplom və hərbi biletdə qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 10 ildən artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması (SOCAR “X4” tresti tərəfindən verilmiş arayışlarda göstərilmiş məlumatlar nəzərə alınmaqla) iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 01.01.2006-ci il tarixədək 20 ildən artıq, ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 52 yaşdan, yəni 26.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 30 dekabr 2021-ci il tarixli **********6 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 23 dekabr 2021-ci il tarixində müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya 23.12.2018-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu, yəni 26.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının 23.12.2018-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5954/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5954/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver