Məhkəmə qərarları › İş №2-1(112)-5954/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5954/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5954/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X10, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********153600 nömrəli, 8 yanvar 2024-cü il tarixli qərarının ləğv olunması və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binasının A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71,1 m2 olan, 3 otaqlı, 48 nömrəli mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsinı dair ərizə təqdim edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********153600 nömrəli 8 yanvar 2024-cü il tarixli qərarının ləğv olunması və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binasının A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71.1 kv.m olan, 3 otaqlı, 48 nömrəli mənzilə görə İddiaçı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin 30 (otuz) faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il tarixində "xxxx" MTK ilə 26 aprel 2021-ci il tarixli A010 nömrəli müqavilə bağlayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binasının A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71,1 kv.metr olan, 3 otaqlı, 48 nömrəli mənzili ilkin 25.000 manat, qalan hissəsini isə aylar üzrə bölünmüş müvafiq qrafik üzrə ödəmək şərtilə ümumilikdə 70.389 manat ödəyərək əldə etmişdir. Sonuncu ödənişi 7 dekabr 2023-cü ilin tarixində etdikdən sonra MTK-dan mənzilə görə ödənişin tam həyata keçirilməsinə dair maliyyə arayışını əldə edərək, Azərbaycan Respublikası Prezidentinin 25 may 2023-cü il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın tələbinə uyğun olaraq Vergi Xidməti tərəfindən istifadəyə verilmiş müvafiq portalda şəxsi kabinetini yaradaraq 9 dekabrda 2023-cü il tarixində mənzilin alğı-satqısına dair müqavilə, MTK-nın təqdim etdiyi maliyyə arayışı və ödəniş qəbzlərini əlavə edərək elektron müraciət ünvanlamışdır. Bundan sonra, alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə ödəniş (tam və ya bir hissəsi) alıcı tərəfindən deyil, digər şəxs tərəfindən aparıldıqda yalnız ödəniş tarixinə nümayəndənin səlahiyyətini notariat qaydasında təsdiq edən etibarnamə və ya həmin ödəmələrin alıcı tərəfindən ona etibar edilməsinə dair notariat qaydasında təsdiq olunmuş müvafiq sənədlərin 10 iş günü müddətində təqdim edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubu 19 dekabr 2023-cü il tarixdə elektron qaydada iddiaçıya təqdim edilmişdir. Bundan sonra, İdarənin məktubunda tələb olunan sənədin hazırkı məsələyə münasibətdə əsassız olması və əlavə dəyər vergisinin qaytarılması barədə müraciətinin təmin edilməsi barədə iddiaçı tərəfindən 27 dekabr 2023cü il tarixli elektron müraciət ünvanlanmış, 8 yanvar 2024-cü il tarixində isə İdarənin **********153600 nömrəli qərarı ilə iddiaçı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilmişdir. Qərarda və məktubda qeyd olunanlarla əlaqədar iddiaçı bildirir ki, ödənişlərin müəyyən hissəsini həyata keçirən şəxsin səlahiyyətli olması ilə bağlı notariat qaydasında təsdiq edilmiş etibanamənin təqdim edilməsi ilə bağlı tələb tamamilə əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2023-cü il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 2-ci maddəsinin 2-ci və 2.0.3cü yarımbəndlərinə əsasən, müvafiq olaraq alıcı dedikdə satıcıdan yaşayış və qeyriyaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı, satıcı dedikdə isə ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs başa düşülür. Tərəflər arasında imzalanmış 26 aprel 2021-ci il tarixli A010 nömrəli müqavilədən görünür ki, satıcı qismində "xxxx" MTK, alıcı qismində isə Qardaşova (Qocayeva) Aydan Fazil qızı çıxış edir. Bundan başqa, müqavilənin tərəflərin rekvizitləri hissəsində MTK-nın m/h kimi AZ80NABZ******************** nömrəli hesabı qeyd edilmiş, iddiaçı tərəfindən ilkin 25.000 manat və digər ödənişlər, o cümlədən, anası X5 tərəfindən həyata keçirilmiş ödənişlər məhz həmin hesaba ödənilmişdir. Eyni zamanda, təqdim edilmiş bank qəbzlərindən göründüyü kimi, bütün ödənişlərin təyinatı hissəsində “xx.xx.2021-ci il tarixli A010 nömrəli alğı-satqı müqaviləsinə əsasən aylıq ödəniş X8” ifadəsi qeyd edilmişdir. Satıcı tərəfindən təqdim edilən 8 dekabr 2023-cü il tarixli maliyyə arayışında da təsdiq edilir ki, alıcı Qardaşova (Qocayeva) Aydan Fazil qızı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binasının A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71,1 m2 olan, 3 otaqlı, 48 nömrəli mənzilin dəyərini tam ödəmişdir. Əgər İdarənin məktub və qərarında qeyd olunduğu kimi, ödənişlərin iddiaçının anası - Zəminə Qardaşova tərəfindən edilməsinin əsası kimi notariat qaydada etibarnamə hüquqi əsas hesab olunursa və yalnız bu halda ödənişlər hüquqi nəticəyə səbəb olursa, onda sual yaranır ki, nəyə görə həmin ödənişlər zamanı, eləcə də, ümumilikdə mənzilin alışına görə ödənilmiş 10.737,31 manat əlavə dəyər vergisi qurum tərəfindən təsdiq edilərək büdcəyə mədaxil olunmuşdur?! Deməli, sözügedən əlavə dəyər vergisi tam hüquqi əsaslarla ödənilmişdir. İddiaçı əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bundan başqa, Azərbaycan Respublikasında bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda hesablaşma-kassa xidmətləri, pul vəsaitinin köçürülməsi üzrə xidmətlərdə ödəniş səlahiyyətini təsdiq edən etibarnamənin təqdim edilməsi ilə bağlı hər hansı tələb və ya məhdudiyyət müəyyən edilməmişdir. O cümlədən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Mərkəzi X13 17 sentyabr 2013-cü il tarixli 19/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da ödəniş zamanı notariat qaydasında təsdiq edilmiş etibarnamənin təqdim edilməsinə dair hər hansı tələb və ya qayda müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs tapşırığın icrası nəticəsində əldə olunanların hamısını tapşırığı verən şəxsə təqdim etməyə borcludur. İddia ərizəsinə əlavə olunan sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən bəzi hallarda anası - X4 mənzilin aylıq ödənişinin həyata keçirilməsi ilə bağlı verilmiş şifahi tapşırıqlar sonuncu tərəfindən vicdanla icra edilmiş və ödəniş həyata keçirilməsinə dair qəbzlər ona təqdim edilmişdir. Bu məqamda xüsusilə qeyd edilir ki, ödənişlər həyata keçirilərkən, anası evdar xanım olmuş, onun heç qazancı və gəlir mənbəyi olmamış, ödəniş üçün vəsait iddiaçı tərəfindən aylıq əmək haqqı gəlirindən ödənilmişdir. Beləliklə, Qaydanın 25 may 2022-ci il tarixdə təsdiq edildiyini, tətbiqi ilə bağlı keçid müddəalarında müəyyən edilmiş şərtləri, Azərbaycan Respublikası Konstitusiya Qanununun üstün hüquqi qüvvəsini nəzərə alaraq, etibarnamə ilə bağlı tələbin hazırkı halda əsassız və qanunsuz olduğu sübut olunur. Əlavə olaraq bildirir ki, "xxxx" ASC-nin Bakıxanov filialının 25 dekabr 2023-cü il tarixli 1903 nömrəli məktubunda bankın 3 ödəniş qəbzində vaxtilə bankın əməkdaşları tərəfindən yol verilmiş texniki səhvlərin düzgün redaktəsinə dair məlumat qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh vergi orqanı iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən həmin qaydalar Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1-ci bənd). Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Bildirilir ki, X11 nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmiş, xx.xx.2023-cü il tarixli elektron ərizəyə A010 nömrəli alqı-satqı müqaviləsi və ödəniş sənədləri də əlavə edilmişdir. Təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdəki ödəniş sənədlərində ödənişin İddiaçı tərəfindən (FİN:51 AJS1 E) aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli **********459000 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1 -ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Göründüyü kimi ödənişi aparan alıcının soyadı, adı və atasının adının dəqiq göstərildiyi bank ödəniş sənədinin elektron portala göndərməli olduğu halda, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021- ci il, xx.xx.2021, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli bank ödəniş sənədlərində ödənişin alıcının özü tərəfindən aparılmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən vergi orqanına təqdim olunmuş bank ödəniş qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bank ödəniş qəbzlərində “ödəyən” şəxs qismində X9, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli bank ödəniş qəbzlərində “ödəyən” şəxs qismində X6 qeyd olunmuşdur. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildiririk ki, İddiaçı müraciətinə və təqdim edilmiş sənədlərə əsasən aparılmış araşdırma zamanı xx.xx.2021xx.xx.2023-cü il tarixlərdəki ödəniş sənədlərində ödənişin İddiaçı tətəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmiş və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********459000 nömrəli bildiriş göndərilməsinə baxmayaraq çatışmazlıqlar aradan qaldırılmamışdır. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********153600 nömrəli qərar qəbul edilmiş və İddiaçı göndərimişdir. Həmçinin o da qeyd edilmişdir ki, iddia ərizəsində iddiaçının qaytarılmasını tələb etdiyi iddia məbləği göstərilməmişdir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Həmin Qaydaların 2.0.4-cü bəndinə əsasən, operator - ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. Həmin Qaydaların 2.0.6-cı bəndinə əsasən, müvəkkil bank- ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, elektron qaiməfaktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Həmin Qaydaların 6.2-ci maddəsinə əsasən, bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğundan cavabdeh “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi” barədə qərarı qəbul edən zamanı obyektiv həqiqəti əks etdirdirən halların nəzərə alındığını sübuta yetirmiş, bununla da qanuni inzibati akt qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq cavabdeh bildirir ki, İddiaçı müraciətinin araşdırılmasının nəticəsi üzrə qəbul edilən “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********153600 nömrəli qərar qanuni və əsaslıdır. Odur ki, iddia ərizəsində göstərilənlər qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA seriyalı ******* № li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1991-ci il təvəllüdlüdür. -"xxxx" MTK ilə payçı X8 arasında bağlanmış A010 nömrəli 26 aprel 2021-ci il tarixli mənzilin alqı-satqısına dair Payçı müqaviləsinin 1 və 2-ci bəndlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin əhatə etdiyi ərazidə yerləşən, mənzilin 1 kv.metr sahəsinin qiyməti 990 AZN olan 3 otaqdan ibarət, ümumi sahəsi 71.1 kv.metr olan, 48 saylı mənzilin ümumi dəyəri 70.389,00 manat, müqavilə üzrə ilkin ödənişlərin 25.000,00 AZN çıxılmaqla, qalan 45.389,00 manat məbləğində pul vəsaitinin 36 ay ərzində aylıq bərabər hissələrə bölünməklə ödəniş cədvəlinə uyğun olaraq ödənilməsi müəyyən edilmişdir. -A010 saylı müqaviləyə edilmiş 10 №li Əlavəyə əsasən 71.1 kv.metr mənzilə görə alıcı A.Qardaşova tərəfindən ümumilikdə 70.389,00 manat məbləğdən 25.000,00 manat məbləğində ilkin ödəniş məbləğinin, ümumi məbləğdən qalan 45.389,00 manat məbləğn xx.xx.2024-cü il tarixədək ödənilməsi müəyyən edilmişdir. -xx.xx.2021-ci il tarixli CCRTOB**********028734 №li qəbzə əsasən X8 tərəfindən 25.000,00 manat məbləğində pul vəsaiti "xxxx" MTK-nın hesabına köçürülmüşdür. -xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qəbzlərə X6 tərəfindən hər bir qəbz üzrə 1.260,00 manat məbləğində "xxxx" MTK-nın bank hesabına ödənişlər edilmişdir. -xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 683.4 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 576.6 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 2135.59 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 384.41 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 3203.38 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 576.62 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 192.2 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1067.8 manat, xx.xx.2023cü il tarixli ödəniş tapşırığı əsasında 1067.8 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 192.2 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1067.8 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 192.2 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 192.2 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1067.8 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1067.8 manat, xx.xx.2023cü il tarixli ödəniş tapşırığı əsasında 192.2 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1067.8 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 192.2 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 3227.88 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 581.12 manat İddiaçı tərəfindən "xxxx" MTK-nın bank hesabına ödənişlər edilmişdir. -"xxxx" MTK tərəfindən verilən 08 dekabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X8 payçı olduğu “S AND N “ MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilən yaşayış binasının A blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71.1 kv.metr olan, 48 saylı, 3 otaqlı mənzilin dəyərini tam ödəmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 08 yanvar 2024-cü il tarixli **********153600 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarına əsasən təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdəki ödəniş sənədlərində ödənişin İddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edildiyi və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********459000 nömrəli bildirişin alıcının portalda yaratdığı elektron kabinetə göndərildiyi, lakin, alıcı X11 tərəfindən bildirişinin 10 (on) iş günü müddətində çatışmazlıqların aradan qaldırılmadığı qeyd olunaraq “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmadığı əsası ilə İddiaçı 09 dekabr 2023-cü il tarixli ərizə üzrə ƏDV-nin geri qaytarılmaması qərara alınmışdır. -"xxxx" ASC-nin “Bakıxanov” filialı tərəfindən cavabdehə 25 dekabr 2023-cü il tarixli aşağıdakı məzmunda məktub ünvanlanmışdır: “Yazıb Sizə bildirmək istərdik ki, X8 ilə "xxxx" Mənzil Tikinti Koorperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli A010 saylı müqaviləyə əsasən 2021-2023-cü illər arasında aylıq ödənişlər şirkətin Bankımızdakı hesabı vasitəsilə edilmişdir. Edilmiş aylıq ödənişlər zamanı aşağıda sadalanan düzəlişləri nəzərə almağınızı xahiş edirik: xx.xx.2021-ci il tarixli, CCRTOB**********006006 saylı mədaxil qəbzi- ödəyənin adı X1 nəzərə alınsın, xx.xx.2021-ci il tarixli, CCRTOB**********056087 saylı mədaxil qəbzi- ödəyənin adı X1 nəzərə alınsın, xx.xx.2023-cü il tarixli, CCRTOB **********079743 saylı mədaxil qəbzi - Müqavilə tərəfinin adı X3 nəzərə alınsın. -"xxxx" MTK tərəfindən verilmiş 08 aprel 2024-cü il tarixli sorğuya cavab məktubunda X5 ilə "xxxx" MTK arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilən yaşayış və qeyriyaşayış sahələrinin alqı-satqısı ilə bağlı hər hansı müqavilənin imzalanmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsindən: -153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.5. risk qiymətləndirilməsi – məlumatların toplanması, vahid elektron məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək ziyanın dərəcəsinin qiymətləndirilməsi; 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. Bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Hazırkı işin hallarından görünür ki, iddiaçı X8 alıcı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, "xxxx" MTK isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən "xxxx" MTK ilə bağlanmış A010 nömrəli alqı-satqı müqaviləsi üzrə yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş və əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət etmişdir. Cavabdehin X11 nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Cavabdeh vergi orqanı tərəfindən ƏDV-nin qaytarılmasından imtina edilməsi və mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas kimi yaşayış sahəsinə görə xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdəki ödəniş sənədlərində ödənişin İddiaçı tərəfindən deyil, digər şəxslər tərəfindən həyata keçirildiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan Fərmanın normalarının tələblərinə uyğun olaraq təqdim edilmiş ödəniş qəbzlərindən ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi, ödənişin təyinatı, ödənişin təyinatında elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi, ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş) göstərilmişdir. Başqa sözlə, ödənişin müəyyən hissəsi alıcı İddiaçı tərəfindən həyata keçirilməsə belə, həmin ödənişin məhz onunla "xxxx" MTK arasında bağlanmış müqavilə üzrə həyata keçirildiyi aydın görünür. Belə ki, müqavilənin tərəflərin rekvizitləri hissəsində MTK-nın m/h kimi AZ80NABZ******************** nömrəli hesabı qeyd edilmiş və iddiaçı tərəfindən ilkin olaraq 25.000 manat və digər ödənişlər, o cümlədən, iddiaçının anası olan X5 tərəfindən həyata keçirilmişdir. Təqdim edilmiş bank qəbzlərində bütün ödənişlərin təyinatı hissəsində “xx.xx.2021-ci il tarixli A010 nömrəli alqı-satqı müqaviləsinə əsasən aylıq ödəniş X8” göstərilmişdir. Həmçinin vurğulanmalıdır ki, qeyd olunan Fərmanda və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda, ödəniş zamanı notariat qaydada təsdiq edilmiş etibarnamənin təqdim edilməsinə dair hər hansı tələb və ya qayda nəzərdə tutulmamışdır. Məhkəmə həm də onu nəzərə alır ki, "xxxx" MTK-nın məhkəmə sorğusuna verdiyi cavab məktubunda X5 ilə “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilən yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı ilə bağlı hər hansı müqavilənin imzalanmadığı bildirilmişdir. Həmçinin Satıcı tərəfindən təqdim edilən 8 dekabr 2023-cü il tarixli maliyyə arayışından da görünür ki, alıcı Qardaşova (Qocayevə) Aydan Fazil qızı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binasının A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71,1 m2 olan, 3 otaqlı, 48 nömrəli mənzilin dəyərini tam ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqları baxımından inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamaqla, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmamış, həmçinin cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinin tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2-ci maddə). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********153600 nömrəli 8 yanvar 2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binanın A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71.1 m2 olan, 3 otaqlı, 48 nömrəli mənzilə görə İddiaçı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin 30 (otuz) faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********153600 nömrəli 8 yanvar 2024-cü il tarixli qərarı ləğv olunsun. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binanın A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71.1 kv.m olan, 3 otaqlı, 48 nömrəli mənzilə görə İddiaçı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin 30 (otuz) faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar