Məhkəmə qərarları › İş №2-1(112)-5955/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5955/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5955/2022 11.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı «iddiaçıya bqulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi və sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və müraciətə müvafiq hissədə cavab verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı «iddiaçıya qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi və sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və müraciətə müvafiq hissədə cavab verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, 1 yanvar 1956-cı il tarixdə doğulmuşdur, onun 65 yaşı tamam olmuş və 1977 – 2001-ci illərdə Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləməklə 2005-ci ildən etibarən əlilliyə görə prokuroluq işçisi kimi pensiyaya çıxaraq ayda 1.881 manat əmək pensiyası almış, əlillik müddəti 2021-ci ilin iyul ayında bitmişdir. Ona görə də 9 iyun 2021-ci il tarixli ərizə ilə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiyanın məbləği olduğu kimi saxlanmaqla, əmək pensiyasının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsini və nəticəsinin də ona (iddiaçıya) bildirilməsini xahiş etmişdir. Həmin ərizəyə baxılmasının nəticəsi barədə ona rəsmi məlumat verilməmiş, lakin 14 iyul 2021-ci il tarixdə istifadəsində olan mobil telefonuna SMS daxil olmuşdur ki, ona 1 iyul 2021-ci il tarixdən sabiq prokurorluq işçisi kimi yaşa görə 1.824,62 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin ayda da pensiya kartına qeyd olunan 1.824,62 manat məbləğdə, sonrakı avqust – sentyabr aylarında fərqli məbləğlərdə, oktyabr – noyabr aylarında yenidən 1.824,62 manat məbləğində pul vəsaiti daxil olmuş və hazırda da bu qayda davam edir. Qüvvədə olan pensiya qanunvericiliyi əmək pensiyasının məbləğinin olduğu kimi saxlanmaqla ödənilməsini nəzərdə tutur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşma çatmış kişilərin yaşa görə əmək pensiyası hüququ vardır və həmin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək hər 6 ay artırılır. «Prokurorluqda qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə görə də prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır və mənim də 01 yanvar 2016-cı il tarixdə onun 60 yaşı tamam olmuşdur. 19 noyabr 2009-cu il tarixədək «Əmək pensiyaları haqqında» Qanunun 20.1.5-ci maddəsinin tələblərinə əsasən əmək pensiyaçısı olan prokurorluq işçilərinə qulluq stajına görə əlavələr edilir. Qanuna 19 noyabr 2009cu il tarixdə edilmiş əlavəyə görə “prokurorluq işçiləri” sözləri “bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri” sözləri ilə əvəz edilmişdir. 3 may 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 20.1.5-1-ci maddəsinin tələblərinə görə əmək pensiyaçısı olan, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş prokurorluq işçilərinə də qulluq stajına görə əlavələr edilir. Qanuna 3 may 2017-ci il tarixdə edilmiş əlavəyə görə “əlil” sözü “1 dərəcə əlil” sözləri ilə əvəz edilmiş, “xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla” sözləri də Qanuna əlavə olunmuşdur. 3 may 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinin tələblərinə əsasən bu Qanunun 20.1.5 və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: (20.8.1) prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; (20.8.2) prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; (20.8.3) prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - prokurorluq işçisi kimi aldıqları 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qanuna 03 may 2017-ci il tarixdə edilmiş əlavəyə əsasən Qanunun 20.8.1 və 20.8.2-ci maddələri yeni redaksiyada verilərək “20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında; (20.8.2) prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.” kimi verilmiş, 20.8.3-cü maddə isə ləğv edilmişdir. Qanunun 2017-ci il iyulun 1-dək təvin edilmiş əmək pensiyasının yenidən hesablanması qaydalarını müəyyən edən 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Qanunun 26.2-ci maddəsinə görə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə almır. Qanunun 26.3-cü maddəsinə görə 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 34-cü maddəsinə görə də əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsində 63 yaşma çatmış kişilərin yaşa görə əmək pensiyası hüququ olması və həmin yaş həddinin də 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər 6 ay artırılması göstərilməsinə baxmayaraq, həmin Qanunun 20.1.5-1-ci maddəsinə görə əmək pensiyaçısı olan, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış prokurorluq işçilərinə də qulluq stajına görə əlavələr edilməsi nəzərdə tutulur. Yəni, Qanunun 7-ci maddəsində qeyd olunan 63 yaş həddi ümumi norma olduğu halda, 20.1.5-1-ci maddə isə bunu daha da konkretləşdirərək, bu Qanunun 7-ci maddəsində müəyyən olunan yaş həddinə çatmış yox, məhz qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış prokurorluq işçilərinə qulluq stajına görə əlavələr edilməsi nəzərdə tutulur ki, «Prokurorluqda qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinə görə də prokurorluq işçisinin prokurorluqda qulluqda olmasını müəyyən edən son yaş həddi - 60 yaşdır və təbii ki, həmin hüquqi normaya görə 60 yaşa çatmış prokurorluq işçilərinə qulluq stajına görə əlavələr edilməlidir. İddiaçının da 1 yanvar 2016-cı il tarixdə 60 yaşı tamam olduğundan, həmin tarixdən də yaşa görə pensiya almaq hüququ yaranmış və həmin tarixdən sonra «Əmək pensiyaları haqqında» Qanuna edilmiş əlavə və dəyişikliklər ona münasibətdə tətbiq oluna bilməz, bu səbəbdən də qanunvericiliyin tələbinə görə əmək pensiyasının məbləği dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, iddiaçı 2007-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla hər ay Dövlət Sosial Müdafiə Fonduna külli miqdarda ödənişlər etmiş və bu vəziyyət hazırda da davam edir. Ona görə də 3 dekabr 2021-ci il tarixli məktubla yenidən cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, əmək pensiyasının 2021-ci ilin iyul ayınadək olan məbləğdə saxlanaraq yenidən hesablanmasının təmin edilərək ödənilməsi, eləcə də 2007-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi hər ay Dövlət Sosial Müdafiə Fonduna etdiyi ödənişlərin əmək pensiyasının artırılmasına təsirinin olub-olmaması, müsbət halda həmin hesablamaların da əlavə olunması və nəticəsinin ona bildirilməsini xahiş etmişdir. Cavabdeh 10 yanvar 2022-ci il tarixli **********5 nömrəli məktubla ona cavab vermiş və həmin məktubda da göstərilir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən Mərkəzi Filial tərəfindən ona 1 iyul 2021-ci il tarixdən sabiq prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin olunaraq ödənilir və «Əmək pensiyaları haqqında» Qanunun 20.8.2-ci maddəsinə əsasən 24 il 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2.369,63 manat) 77 faizi – 1.824,62 manat məbləğində pensiya hesablanmışdır. Göründüyü kimi, cavabdeh «Əmək pensiyaları haqqında» Qanunun 26.2, 26.3, 20.1.5-1, 20.8.3-cü maddələrinin və «Prokurorluqda qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinin tələblərini pozaraq həmin hüquq normalarını tətbiq etməmiş, əksinə «Əmək pensiyaları haqqında» Qanunun hazırkı mübahisəyə tətbiq edilməli olmayan, Qanuna 3 may 2017-ci il tarixdə əlavə edilmiş 20.8.2-ci maddəni tətbiq etmişdir. Yuxarıda sadalanan qanunvericlik normalarının tələbinə görə də 60 yaşının tamam olduğu 1 yanvar 1956-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 26.1, 26.2, 26.3, 20.1.5-1, 20.8.3-cü maddələrinə və «Prokurorluqda qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinə əsasən ona 24 il 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2.369,63 manat) 80 faizi – 1.895,70 manat məbləğində pensiya hesablanıb ödənilməlidir. Bundan başqa, cavabdeh tərəfindən onun müraciətinin “2007-ci ildən Vəkillər Kollegiyasının üzvü kimi hər ay Dövlət Sosial Müdafiə Fonduna etdiyi ödənişlərin əmək pensiyasının artırılmasına təsirinin olubolmaması, müsbət halda həmin hesablamaların da əlavə olunması və nəticəsinin ona bildirilməsi” hissəsinə ümumiyyətlə cavab verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək hüququ vardır və hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir, 71-ci maddənin tələbinə görə isə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarım gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə də hazırkı halda vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Göstərilənlərə və İPM-in 2.2.2, 2.2.3, 33.1, 33.2, 34.1, 38.2, 39.1, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən sabiq prokurorluq işçisi kimi iddiaçıya 60 yaşı tamam olduğu 01 yanvar 2016-cı il tarixdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 26.1, 26.2, 26.3, 20.1.5-1, 20.8.3-cü maddələrinin və «Prokurorluqda qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinin tələblərinə əsasən 24 il 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2.369,63 manat) 80 faizi – yəni, 1.895,70 manat məbləğində pensiya hesablanması və iddiaçının 3 dekabr 2021-ci il tarixli müraciətinin “2007-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvü kimi hər ay DSMF-yə etdiyi ödənişlərin əmək pensiyasının artırılmasına təsirinin olub-olmaması” hissəsinə cavab verilməsi öhdəliyinin cavabde DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlnamış 16 iyun 2022-ci il tarixli məktubunda (yazılı etirazında) bildirilir ki, İddiaçı iddiasına etiraz edilir. Hesab olunur ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuni və əsaslı olduğundan, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (20.1.5) Bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; (20.1.5-1) Qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq İşçiləri istisna olmaqla); (20.1.5-2) prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri. Sözügedən Qanunun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Sözügedən Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: (20.8.1) Prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; (20.8.2) Prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçıya 14 avqust 2005-ci il tarixdə əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmiş, əlillik müddətinin 30 iyun 2021ci il tarixdə bitməsi ilə əlaqədar olaraq pensiya ödənişi 1 iyul 2021-ci il tarixdə dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya «Əmək pensiyaları haqqında» Qanununa 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. Bununla əlaqədar iddiaçıya Filial tərəfindən 1 iyul 2021-ci il tarixindən sabiq prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.225 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 551,25 manat, rütbəyə görə əlavə 134 manat, digər növ əlavə 459,38 manat olmaqla orta aylıq əmək haqqı 2.369,63 manat təşkil etmişdir. Bununla əlaqədar ona əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 20.8.2-ci maddəsinə əsasən 24 il 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2.369,63 manat) 77 faizi – 1.824,62 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddiaçı prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etdiyinə görə onun sosial sığorta stajı orta aylıq əmək haqqına münasibətdə aşağıdakı kimi hesablanmalıdır: 1) 15 il sosial sığorta stajı əmək haqqının 15 %-i məbləğində; 2) 15 İldən yuxarı sosial sığorta stajı - hər tam il üçün 3%, 80%dən çox olmamaqla: 16-3%, 17-6%, 18-9%, 19-12%, 20-15%, 21-18%, 22-21%, 23-24% və 24 - 27%, ümumilikdə 27%; 3) 50% + 27% = 77%. Bundan əılavə, 1 iyul 2021-ci il tarixədək iddiaçıya ödənilmiş əlilliyə görə əmək pensiyasının 1 iyul 2018-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək olan dövr üzrə yenidən hesablanması nəticəsində ona ödənilməli olan 312,48 manat fərq məbləği hesablanmışdır. Həmin 312,48 manat fərq məbləği 2021-ci ilin avqust və sentyabr aylarında pensiyasının (1.824,62 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunamüvafig deyildir və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq məhkəmədən, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İPM-in 33.1-ci maddəsinə əasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə görə prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Həmin Qanunun 32.4-cü maddəsinə görə yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Həmin Qanunun 32.4-cü maddəsinin əvvəllər (Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 10-30 VQD nömrəli Qanunu ilə dəyişiklik edilənədək) qüvvədə olmuş tələblərinə əsasən yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.4-cü maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 9.4-cü maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə görə prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - (20.1.5-ci maddəsi hazırda qüvvədə olan redaksiyada) bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri: (20.1.5-1) qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla). - (20.1.5-ci maddəsi 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) bu Qanunun 9.4cü maddəsində göstərilən prokurorluq işçiləri: (20.1.5-1) qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: - 20.8.3 (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuşdur) prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 26-cı maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən: - (26.1) 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. - (26.2) 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. - (26.3) 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 26-cı maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən: - (26.1) Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. - (26.2) Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. - (26.3) Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. İşin məhkəmə araşdırılmasında məlum olur ki, 1956-cı il təvəllüdlü hazırkı İddiaçı iddiasında iki tələb irəli sürür və irəli sürülən tələblər ondan ibarətdir ki: - iddiaçıya 2005-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir və həmin pensiya ödənişi əliliyin müddətini bitməsi ilə əlaqədar 1 iyul 2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı sabiq prokurorluq işçisi kimi 60 yaşı tamam olduğu 1 yanvar 2016-cı il tarixdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 26, 20.1.5-1 və 20.8.3-cü maddələrinin və «Prokurorluqda qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin olunmasını istəyir; - iddiaçı pensiya təyinatı ilə bağlı müraciətində qaldırılan müvafiq məsələ ilə bağlı ona cavab verilməsini tələb edir. Göründüyü kimi, iddiaçının birinci tələbi mahiyyətcə əmək pensiyasının bir növdən digərinə, yəni “əlilliyə görə əmək pensiyası”ndan “yaşa görə əmək pensiyası”na keçirilmə ilə bağlıdır. Məhkəmə icraatında müəyyən edilir ki, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ 2005-ci ildə, yaşa görə əmək pensiyası hüququ isə 2016-cı ildə (60 yaşda) yaranmış olur. Məhkəmənin qənaətinə görə iddiaçı hüququnun yarandığı 2016-cı ilin 1 yanvar tarixdən ilkin pensiya təyinatı kimi yaşa görə əmək pensiyasını tələb etsəydi, ona həmin pensiya «Əmək pensiyaları haqqında» Qanunun həmin dövrdə qüvvədə olan tələbləri nəzərə alınmaqla təyin oluna bilərdi. Lakin ona yaşa görə əmək pensiyasının 60 yaşdan təyin edilməsi mümkün deyil, qeyd olduğu kimi, o, əmək pensiyasının bir növdən digərinə keçirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, şəxsə təyin olunmuş əmək pensiyasının növü dəyişdirildiyi halda, həmin dəyişiklik tarixinə yox, hüququn yarandığı vaxtda qüvvədə olan tələblər üzrə pensiyanın hesablanması pensiya qanunvericiliyində nəzərdə tutulmur. Odur ki, iddia “əmək pensiyasının yenidən hesablanması” hissəsində əsaslı sayıla bilməz və bu səbəbdən də təmin edilməməlidir. İddianın digər hissəsinə gəldikdə isə, məhkəmə aşadığakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublıikası Qanununun 7-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (maddə 7.1). Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir (maddə 7.2). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir (maddə 7.5). Azərbaycan Respublikası Prezidentinin 1077 nömrəli 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 3.1-ci bındinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələri aşağıdakılardır: - (3.1.26) Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək.Məhkəmə araşdırılması ilə həmçinin müəyyən edilir ki, iddiaçı cavabdehə ünvanlanmış 3 dekabr 2021-ci il tarixli müraciətində ona əlilliyə görə əmək pensiyası təyin edildikdən sonra məşğul olduğu əmək fəaliyyəti üzrə DSMF-yə ödənişlərinin pensiya məbləğinin artmasına təsirinin olub-olmaması ilə bağlı məlumat verilməsini də xahiş etsə də, cavabdeh bu məsələni cavablandırmamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddianın bu hissəsi ilə əlaqədar, yəni iddiaçının müraciətinin həmin hissədə cavablandırılmasının təmin olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə iddianı həmin hissədfə əsaslı sayır və hesab edir ki, onun müraciəti cavabdeh tərəfindən müvafiq hissədə cavablandırılmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı 3 dekabr 2021-ci il tarixli müraciətinin “əlilliyə görə əmək pensiyası təyin edildikdən sonra məşğul olduğu əmək fəaliyyəti üzrə DSMF-yə ödənişlərinin pensiya məbləğinin artmasına təsirinin olub-olmaması barədə məlumat verilməsi” hissəsinin cavablandırılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı 3 dekabr 2021-ci il tarixli müraciətinin “əlilliyə görə əmək pensiyası təyin edildikdən sonra məşğul olduğu əmək fəaliyyəti üzrə DSMF-yə ödənişlərinin pensiya məbləğinin artmasına təsirinin olub-olmaması barədə məlumat verilməsi” hissəsinin cavablandırılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar