Məhkəmə qərarları › İş №2-1(112)-5955/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5955/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5955/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasına vətəndaşlıq mənsubiyyətinin tanınması haqqında qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X11 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Milliyyətcə azərbaycanlı olan və Azərbaycan SSR-də anadan olmuş valideynləri: X3 xx.xx.1958-ci il tarixdə Şəmkir şəhərində, X2 xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuşlar. xx.xx.2022-ci il tarixdə iddiaçı Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında sorğu ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli qərarı əsasında onun Azərbaycan Respublikasına vətəndaşlıq mənsubiyyəti tanınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı yuxarıda qeyd etdiyi əsas ilə DİNnin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. xx.xx.2023-cü il tarixli Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin müraciətinə cavab məktubunda ona məlum olmuşdur ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı əsasında iddiaçının Azərbaycan Respublikasına vətəndaşlıq mənsubiyyətinin tanınması haqqında qərar sonradan (3 ay 25 gün sonra) ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə mən bu məsələni müəyyən etmək və ləğv barədə qərarı dəqiqləşdirmək məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət ünvanlamış, xx.xx.2024-cü il tarixli Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş idarəsinin müraciətimə ünvanladığı cavab məktubunda şablon ifadə ilə imtina onunla “əsaslandırılmışdır ki”, onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. X2 (doğum:xx.xx.1972) Azərbaycan Respublikası vətəndaşıdır; X1 (doğum: xx.xx.1991) Azərbaycan Respublikası vətəndaşıdır. X16 Nazimovna (doğum:xx.xx.1988) Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qətnaməsi və xx.xx.2021-ci il tarixli qərardadına, habelə Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli sərəncamına əsasən bacısı X7 üzərində qəyyum təyin edilmişdir. Bu əsasda həm hüquq, həm də vəzifələr daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh orqan iddiaya yazılı etiraz etmiş və etirazında bildirilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015- ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1.5-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaları barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Lakin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı inzibati orqanın öz təşəbbüsü ilə təkrar araşdırma aparılmış, onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmiş və Qaydaların 4.4-cü bəndi rəhbər tutularaq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş qərarlar ləğv olunmuş və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış və bu barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Xidmət sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir. Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilən və onun Azərbaycan Respublikaısna vətəndaşlıq mənsubiyyətinin tanınması haqqında xx.xx.2022-ci il tarilxi ******* nömrəli qərarı ləğv edən xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş X11 xx.xx.1990-cı il tarixdə RF Sankt-Peterburq şəhərində doğulmuş, bu barədə 1991-ci ilin iyul ayının 30-cu günündə 5 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X6r. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə verilmiş xx.xx.2032-ci il tarixədək etibarlı olan 76 ******* nömrəli Rusiya Federasiyası pasportun surətinə əsasən X11 xx.xx.1990-cı il tarixdə Sankt-Peterburq şəhərində doğulmuş, Rusiya Federasiyası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş DMX tərəfindən MYİ seriyalı 0****** nömrəli vəsiqənin surətinə əsasən X8 xx.xx.2023-xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Azərbaycan Reapublikası Dövlət Miqrasiya Xismətinin xx.xx.2022-cü il tarixli ******* nömrəli qərarına əsasən xx xxxx 1990-cı il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-Q-39067 nömrəli məktubunda yazılmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarına əsasən Sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz tanınmış, lakin həmin xidmətin xx.xx.2022ci il tarixli ******* nömrəli qərarı ilə qeyd olunan qərar ləğv edilmişdir. Həmin xidmət tərəfindən Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətiniz tanındıqdan sonra Sizə şəxsiyyət vəsiqəsinin verilməsi məsələsinə baxılacaqdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-37/2-Q-11529-26-1/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli 134634/m nömrəli sorğunuz əsasında Sizin vətəndaşlıq mənsubiyyətiniz araşdırılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.5- ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz tanınmışdır. Lakin, təkrar araşdırma aparılarkən digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğunuz aşkar edildiyindən barənizdə qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar ləğv edilərək xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarına əsasən xx xxxx 1990-cı il təvəllüdlü X11 barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli ******* N-li qərarı ləğv olunmuş, xx xxxx 1990-cı il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin: -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdehin vəətndaşlıq mənsubiyyətinin tanınması barədə qərarın ləğv edilməsi barədə olan xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddısinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh iddiaçının mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya təqdim edilməsini sübut edən sənədə istinad etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçı sözügedən inzibati aktdan məlumatlı olmamışdır. Beləliklə, iddiaçı mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. İddia üzrə mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarıdan müəyyən olunur ki, cavabdehin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərar alınmış, daha sonra inzibati orqan “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 4.4-cü bəndinə əsasən iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğunu əsas götürərək xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarla mənzubiyyətin tanınması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı ləğv etmiş və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması nəticəsinə gəlmişdir. İddiaçı hazırkı iddiasında onun üçün əliverişsiz olan adıçəkilən ikinci qərarın ləğvini mübahisələndirir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. (...) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Həmin Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5.valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8.Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4.Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1.doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. -4.3-cü bəndinə əsasən həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. -4.4-cü bəndinə əsasən isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Beləliklə, sadalanan normalardan görünür ki, şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. İşdə olan iddiaçıya məxsus xx.xx.2022-ci il tarixdə verilmiş xx.xx.2032-ci il tarixədək etibarlı olan 76 ******* nömrəli Rusiya Federasiyası pasportundan, habelə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş tərcümeyi haldan görünür ki, o, hazırda Rusiya Federasiyasının vətəndaşıdır, xarici ölkə pasportuna əsasən müxətlif vaxtlarda ölkəyə giriş-çıxış etmişdir. Belə olan halda iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün qanunla nəzərdə tutulmuş hal- digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi halı mövcuddur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci mddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İşin hallarından görünür ki, inzibati orqan ilkin olaraq xx.xx.2022-cü il tarixli qərarla iddiaçının vətəndaşlıq mənsubiyyətini tanımış, lakin həmin inzibati akt iddiaçı üçün əliverişli olsa da iddiaçının digər ölkə vətəndaşı olması barədə məlumat cavabdehə məlum olduğu halda onun “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na zidd olaraq vətəndaşlıq mənsubiyyəti tanınmış, bununla da-maddi hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz inzibati akt qəbul edilmişdir. Qanunvericiliyin tələbinə əsasən qanunsuz inzibati aktın aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv edilməsinin mümkünlüyü nəzərə alınaraq cavabdeh inzibati orqan tərəfindən mövcud sənədlərə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təkrar araşdırma aparılmış və iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilməklə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndi rəhbər tutularaq iddiaçı barəsində qanunsuz əliverişli inzibati akt ləğv edilmiş və iddiaçının vətəndaşlıq mənsubiyyəti tanınmamışdır. Mübahisələndirilən qərarın inzibati icraat qaydalarına riayət edilməməsi ilə qəbul edildiyi barədə iddiaçının dəlili ilə bağlı məhkəmə qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması düzgün olmadığından, inzibati orqanın həmin qərarın ləğvi barədə mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 06 iyun 2022-ci il tarixli ******* N-li qərarı qüvvədə olan maddi hüquq normaları baxımından əsaslı olmamışdır. Odur ki, cavabdehin mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarı qanunazidd hesab edilə bilməz. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar