Məhkəmə qərarları › İş №2-1(112)-5956/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5956/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5956/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 (hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsində qeydiyyatda olan), 3-cü şəxsin nümayəndəsi X7 (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs "xxxx" MMC cəlb olunmaqla) “torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15 və 2130 saylı torpaq sahələrinin ümumilikdə 0,20 hektar olmaqla faktiki vəziyyətdə, iddiaçının adına hüquqi qeydiyyata alınması, Çıxarışların və Texniki pasportların verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 27 yanvar 1989 il tarixli, 13/713 saylı qərarı ilə Bakı şəhərinin bir neçə rayonlarına torpaq sahələri ayrılmışdır. Bakı şəhər İcra hakimiyyətinin 20 iyun 2007-ci il tarixli, 285 saylı sərəncamı ilə Sabunçu rayon İcra hakimiyyətinin 12 iyul 2007-ci il tarixli, 1/539 savlı razılıq məktubu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 20 aprel 2007-ci il tarixli D/04/01 saylı müraciətini nəzərə alaraq, Sabunçu rayon, Nardaran qəsəbəsinin şimal hissəsində icarə əsasında istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə 101 hektar torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhər X6 27 yanvar 1989 il tarixli, 13/713 saylı qərarına əsaslanaraq, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti, Nardaran X4 Aparatının 21 avqust 2005-ci il tarixli, 02/639 saylı Qərarına əsasən Nardaran qəsəbəsi, Səfıxanlı 15 ünvanından 1200 kv və “Ləhiş” bağ massivi sahə 2130 ünvanından 1200, ümumilikdə 2400 kvadrat torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı Mirzəbaba oğluna ayrılmışdır. Qərarlarda torpaqların ümumi sahəsi 2400 kv göstərilməsinə baxmayaraq faktiki torpaqların ümumi sahəsi 2000 kv təşkil edir. "xxxx" MMC-in 13 aprel 2021-ci il tarixli, 260 saylı məktubu ilə Bakı şəhər icra hakimiyyəti başçısının 20.06.2007-ci il tarixli, 285 saylı sərəncamı, əsas götürülərək 34.197 hektar sahəyə dair “Nardaran İnvesf’ MMC-nin adına verilmiş 2011-ci il tarixli 11/178 saylı ayrıc aktı üzrə ərazidə yerləşən 0,20 hektar torpaq sahəsinin İddiaçı Mirzəbaba oğlunun adına özəlləşdirilərək çıxarışın və texniki pasportun verilməsinə etiraz etmədiklərini və rəsmi qaydada etirazları olmadığını bildirmişdirlər. Qeyd olunanları məhkəmənin diqqətinə çatdırmaqla bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15 və 2130 saylı torpaq sahələri 16 (on altı) ildir ki, iddiaçının sahibliyindədir. Həmin torpaq sahəsinin bir hissəsi Səfıxanlı 15, diğər hissəsinin “Ləhiş” bağ massivinə düşməsinə baxmayaraq torpaq naturada bir yerdədir. Torpaq sahəsinə vicdanlı sahiblik etməklə yanaşı torpaq sahəsinin vergisinin, komunal xərclərinin və digər saxlanma abadlaşdırma xərclərini ödəməklə torpaq sahəsinə uzun illərdir ki, vicdanlı sahiblik edir. Lakin torpaq sahəsi üzərində mülkiyyət hüququm qeydiyyata alınmayıb. Göstərilən səbəblərə əsasən, sahiblik etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15 və 2130 saylı torpaq sahələrinin ümumi sahəsi 0,20 hektar olmaqla hüquqi qeydiyyata alınması, Çıxarışların və Texniki pasportların verilməsinə dair, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reysteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə rəsmi müraciətlər etmişdir. Lakin ona **********79 saylı 02 aprel 2021-ci il tarixli imtina məktubu verilərək müraciyyətinin icrasından imtina edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15 və 2130 saylı torpaq sahələrinin ümumi sahəsi 0,20 hektar olmaqla faktiki vəziyyətdə, hüquqi qeydiyyata alınması üçün sənədləşdirmə işlərini aparmaq istəyir. Hesab edir ki, cavabdeh idarə tərəfindən heç bir sənədləri araşdırmadan, əsassız olaraq müraciətinin icrasından imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran X2 02/639 saylı, 21 avqust 2005-ci il tarixli və 02/763 saylı 27.03.2005-ci il tarixli Çıxarışlara əsasən iddiçının istifadəsinə ayrılmış 0.20 ha torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15 və 2130 saylı torpaq sahələrinin ümumilikdə 0,20 hektar olmaqla faktiki vəziyyətdə, onun adına hüquqi qeydiyyata alınması, çıxarışların və texniki pasportların verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15 saylı və 2130 saylı torpaq sahələrinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 26.02.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran X2 torpaq sahəsi ayırma səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən torpaq sahələri Ləhiş bağ massivində və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.06.2007-ci il tarixli, 285 saylı sərəncamı əsas götürülərək 34.1927 ha sahəyə dair "xxxx" MMC-nin adına verilmiş 2011-ci il tarixli, 11/178 saylı ayrıc aktı üzrə ərazinin daxilində yerləşir. Yerləşmə cizgisi faktiki sahəyə uyğun deyil. Məlumat üçün bildirirlər ki, Ləhiş bağ massivində 2130 nömrəli bağ evi X1 (0.12 ha torpaq sahəsi) və Axund-zadə Ağayar Əbdüləzim oğlunun (0.1161 ha torpaq sahəsi və bağ evi) adına, Nardaran massivində 15 nömrəli bağ evi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X10 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, - Bakı şəhər X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş 27 yanvar 1989 il tarixli, 13/713 saylı qərarına əsasən fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində həyətyanı torpaq fondu ayrılmışdır. -Sabunçu rayon İcra Hakimiyyəti Nardaran X4 Aparatının “ Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” 27 mart 2005-ci il tarixli, 02/763 saylı Çıxarışa əsasən Bakı şəhəri XDS-i İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Baş planına uyğun olaraq ünvan 2 ünvanda yaşayan İddiaçı Mirzəbaba oğluna Ləhiş bağ massivində sahə 2130 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.metr torpaq sahəsi ayrılmış, sahənin yerləşmə sxemi Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. -Sabunçu rayon İcra Hakimiyyəti Nardaran X4 Aparatının “ Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” 21 avqust 2005ci il tarixli, 02/639 saylı Çıxarışa əsasən Bakı şəhəri XDS-i İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Baş planına uyğun olaraq ünvan 2 ünvanda yaşayan İddiaçı Mirzəbaba oğluna Nardaran qəsəbəsi, Səfxanı 15 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.metr torpaq sahəsi ayrılmış, sahənin yerləşmə sxemi Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 iyun 2007-ci il tarixli, 285 saylı Sərəncamına əsasən Sabunçu Rayon icra Hakimiyyətinin 12.06.2007-ci il tarixli, 1/539 saylı razılıq məktubunu və "xxxx" MMC-nin 20.04.2007-ci il tarixli, D/04/01 saylı müraciətini nəzərə alaraq, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisi məqsədilə, 101 ha torpaq sahəsi, icarə əsasında, "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Sərəncamda Sifarişçiyə aşağıdakılar tapşırılmışdır: Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarəsinin tapşırığını və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirsin; Ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihələndirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırsın; Layihələndirmə başa çatdıqdan sonra işçi layihəni tam həcmdə Baş idarəyə təqdim etsin; Layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar etdikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və şəhərsalma baş idarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın; Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır; Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş sənədlər qeydiyyatdan keçirilməsi və tikintiyə icazə verilməsi üçün Bakı Dövlət Memarlıq və Tikinti Nəzarəti Müfəttişliyinə təqdim edilsin; Layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ile lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir; Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66,67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdriyyəti torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin və sifarişçi Daşınmaz Əmlakın Reyestr Xidmətinin Rakı şəhər Ərazi İdarəsinin torpaq sahəsi üzərində hüququnu təstiq edən çıxanş alınmalıdır; Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakmriyyətinin başçısına tapşırılsın. İşdə olan ayrıc aktının surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.06.2007-ci il tarixli, 285 saylı sərəncamı ilə cizgidə göstərilən sərhədlər daxilində Nardaran qəsəbəsinin şimal hissəsində 34.197 ha torpaq sahəsi istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmışdır. Ayrıc aktlarının qeydiyyat kitabında 26.12.2011-ci il tarixdə 11/178 sayla qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 02 aprel 2021-ci il tarixli, **********79 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15 və 2130 saylı torpaq sahələrinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 26.02.2021ci il tarixli ********** nömrəli ərizəyə baxılaraq Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran X2 torpaq sahəsi ayırma səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmadığı, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alındığı, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasına istinad edilməklə iddiaçının müraciətini təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin sorğusu əsasında "xxxx" MMC tərəfindən verilən cavab məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.06.2007-ci il tarixli 285 saylı sərəncamı əsas götürülərək 34.1927 ha sahəyə dair "xxxx" MMC-nin adına verilmiş 2011ci il tarixli, 11/178 saylı ayrıc aktı üzrə ərazidə yerləşən 0.20 ha torpaq sahəsinin İddiaçı Mirzəbaba oğlunun adına özəlləşdirilərək çıxarış və plan ölçünün verilməsinə etiraz etmirlər. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən «Torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Məhkəmə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran X2 02/639 saylı, 21 avqust 2005-ci il tarixli və 02/763 saylı 27.03.2005-ci il tarixli Çıxarışlarına əsasən qeyd olunan torpaq səhəsinin iddiçı İddiaçı istifadəsinə ayrıldığını, həmin sərəncamın hazırda qüvvədə olduğunu, torpaq sahələrinin yerləşmə cizgisinin icra nümayəndəsi tərəfindən təsdiq edildiyini, o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.06.2007-ci il tarixli 285 saylı sərəncamı əsasında 34.1927 ha sahəyə dair "xxxx" MMC-nin adına verilmiş 2011-ci il tarixli, 11/178 saylı ayrıc aktı üzrə ərazidə yerləşən 0.20 ha torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiyini nəzərə alaraq, imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti üzrə aparılan inzibati icraat çərçivəsində həmin sənədlər (onlardakı məlumatlar), onların həqiqətə uyğun olmaması ilə bağlı heç bir sübut toplanmadığından, mötəbər qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, inzibati akt qanunda göstərilən müddət ərzində ləğv olunmadığından hazırda qüvvədədir və onun ləğv olunmasına məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmadığından iddia təmin edilməli, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran X2 02/639 saylı, 21 avqust 2005-ci il tarixli və 02/763 saylı 27.03.2005-ci il tarixli qərarından Çıxarışlarına əsasən İddiaçı ayrılmış 0.20 ha torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi : İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran X2 02/639 saylı, 21 avqust 2005-ci il tarixli və 02/763 saylı 27.03.2005-ci il tarixli qərarından Çıxarışlarına əsasən İddiaçı ayrılmış 0.20 ha torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar