Məhkəmə qərarları › İş №2-1(112)-5956/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5956/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5956/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı “Nizami A.S.” kiçik müəssisəsinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı “yanğın çıxışları üçün nəzərdə tutulan ərazilərin zəbt edilməsinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qanuni nümayəndə cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllə ünvanında “Nizami- AC"KM-nə xidmət mərkəzinin lahiyələşdirilməsi və tikintisi üçün ayrılmış 0,2 ha torpaq sahəsində inşa olunmuş tikililərin yanğın çıxışları üçün nəzərdə tutulan ərazilərinin qanunsuz yolla zəbtinin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əsl iddiaçı olan “Nizami-A.S." Kiçik Müəssisəsi (bundan sonra – iddiaçı) ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 15 may 1998-ci il tarixli, 440 nömrəli Sərəncamı ilə Qanuni nümayəndə təsisçisi və direktoru olduğu "Nizami-A.S.” kiçik müəssisəsinin 11 aprel 1997-ci il tarixli, 55 nömrəli və Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 02 yanvar 1997-ci il tarixli, 5/03 nömrəli məktubları nəzərə alınaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllə ünvanında “Nizami-A.S." KM-nə xidmət mərkəzinin lahiyələşdirilməsi və tikintisi üçün 0,2 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzrə Azərbaycan Respublikası DİN-nin BDYTİ-nin N və TN şöbəsi tərəfindən 20 iyun 1998-ci il tarixli, 1279 nömrəli rəy verilmişdir. Həmin torpaq sahəsində inşa olunmuş tikililərin yanğın çıxışları üçün nəzərdə tutulan ərazilər qanunsuz yolla zəbt edilmiş, bu fakt Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə edilən müraciət üzrə aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmış və Nazirlik tərəfindən bu qanunsuzluğun aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə məktubla müraciət edilmişdir. Lakin hələ də ərazi boşaldılmamış, zəbt olunaraq saxlanılmışdır. Hansı ki, həmin 13 metr məsafə enində olan mühafizə zolağı məhz Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə ayrılmış və bu barədə inşaat pasportunda qeyd edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, Qanuni nümayəndə iddiada qeyd etdiyi “ərazilər” Lökbatan bələdiyyəsinin mülkiyyətindədir, həmin torpaq sahələri bələdiyyə fondu üzərində yerləşdiyi üçün subyektiv hüquq iddiaçı və cavabdeh olan bələdiyəyə məxsusdur. Hazırda sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan Qaradağ Rayon İcra Hakimiyyəti bu iş üzrə cavabdeh ola bilməz və iddia tələbi rayon icra hakimiyyətinə münasibətdə mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Həmçinin həmin qərarın 6.1, 6.2 və 7-ci bəndlərinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edilənlər nəzərə alınmaqla iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı və hüquqi marağına uyğun iddia qaldırmamışdır. Belə ki, iş materiallarında olan Qaradağ Rayonu icra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 845 saylı sərəncamına əsasən Lök-batan qəsəbəsi, 2-ci yaşayış massivində maşınlara pullu dayanacaq xidməti göstərilməsi məqsədilə “Nizami AS” kiçik müəssisəsinə 50×40 m. ölçüdə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 15 may 1998-ci il tarixli, 440 nömrəli Sərəncamından görünür ki, Bakı şəhər İcr Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1100 saylı sərəncamında dəyişiklik edilmiş və həmin sərəncamın aşağıdakı redaksiyada oxunması qərara alınmışdır: "Nizami-AC” kiçik müəssisəsinin xx.xx.1997-ci il tarixli, 55 nömrəli və Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 5/03 nömrəli məktubları nəzərə alınaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllədə “Nizami-AC" kiçik müəssisəsinə xidmət mərkəzinin lahiyələşdirilməsi və tikintisi üçün 0,2 ha torpaq sahəsi ayrılsın." İddiaçı bu sərəncamla ona ayrılmış torpaq sahəsində inşa edilən tikililərin yanğından çıxışları üçün nəzərdə tutulmuş ərazinin qanunsuz zəbt etdilməsini iddia edərək cavabdehdən bu zəbtin aradan qaldırılması üçün tədbir görülməsini xahiş etmiş, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 4/10 saylı məktubla ərizədə qeyd edilən ərazinin Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmadığını bildirmişdir. İşdə olan Qaradağ Rayon Lökbatan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 06/74 nömrəli məktubundan da görünür ki, ünvan 4 ünvanında iddiaçı Qanuni nümayəndə istifadəsində olan torpaq sahəsi Lökbatan bələdiyyəsinin 20 sentyabr 2000-ci il tarixdə təsdiq edilmiş xəritəsində yerləşir. Qeyd edilən torpaq sahəsi Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 08 iyul 1994-cü il tarixli 845 nömrəli sərəncamı ilə 50x40 ölçüdə olmaqla avtomobil dayanacağı açmaq üçün ayrılmışdır. Həmin əraziyə qonşuluqda yerləşən torpaq sahələri Lökbatan bələdiyyəsi tərəfindən ayrılmamışdır. Həmçinin işdə olan bələdiyyənin Qaradağ Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda mübahisəli torpaq sahəsində mövcud olan qeyriyaşayış sahəsinin bir qisminin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı bildirilmişdir. Bundan başqa, Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 3/25 nömrəli məktubunda göstərilmişdir ki, Qanuni nümayəndə iddia etdiyi mübahisəli torpaq sahəsi Lökbatan bələdiyyəsinin təsdiq edilmiş xəritəsində yerləşir. Hazırda mübahisəli torpaq sahəsində bir neçə vətəndaşın qeyri-yaşayış sahələri mövcuddur və onların iddiaçıya heç bir maneçiliyi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edir, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirir. İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi ərazi cavabdehin, yəni dövlətin deyil, bələdiyyənin istifadəsinə verilən ərazinin hüdudları daxilindəki torpaqlara aiddir və həmin ərazi digər şəxslərin sahibliyindədir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı bələdiyyəyə ayrılmış əraziyə aid olan və digər şəxslərin sahiblik etdiyi torpağın zəbt olunması ilə bağlı tələblə cavabdehə qarşı iddia qaldıra bilməz. Məhkəmə iddiaçıya onu da izah edir ki, iddiaçının arzuladığı məqsədə nail olması hazırkı iddia vasitəsi ilə deyil, mübahisəli torpaq sahəsindən istifadə edən şəxslər hüquqmüəyyənedici sənədlər əsasında istifadə etdikdə həmin sənədlərin mübahisələndirilməsi, hər hansı hüquqmüəyyənedici sənəd olmadan qanunsuz istifadə edildikdə isə həmin şəxslərin torpaq sahəsindən çıxarılması ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırılması ilə mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar