Məhkəmə qərarları › İş №2-1(112)-5957/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5957/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5957/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına xx.xx.2021-cı il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru A.Heydərovun 31 mart 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru A.Heydərov xx.xx.2021 -ci il tarixli qərarla icraata başladığı 4 saylı Bakı “ASAN Xidmət" Mərkəzində Notariat Kontorunun 8İ-5399 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədi ilə iddiaçıdan 951 530 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilinəsi qərara alınmışdır. Aşağıdakılara əsasən hesab edir ki, qərar əsassızdır, ləğv edilməlidir. İddiaçının pasport qeydiyyatı Nəsimi rayon ərazisində yox, Binəqədi rayon inzibati ərazisindədir. İcraçının elektron sistemində bunu yoxlamağa imkanı var idi və icra işini geri qaytarmalı idi. Notariat kontoru və ya tələbkar tərəfindən ona heç bir bildiriş, xəbərdarlıq daxil olmamış, həmin icra sənədinə əsas olan xx.xx.2015-ci il tarixli “Barışıq Sazişi”nin bir qismi icra olunmuş, digər tərəfdəndə sazişin müddəti bitmişdir. Ona görə də, Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru A.Heydərov göstərilənləri araşdırmadan, xx.xx.2021 -ci il tarixli qərarla icraata başlamış, halbuki göstərilən icra sənədi 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qaytarılmalı idi. Bildirir ki, tərəfinən 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun 8İ-5399 nömrəli, xx.xx.2015-ci il tarixli “Barışıq Sazişi”indən məhkəməyə təqdim etmək üçün mülki qaydada ayrıca iddia ərizəsi hazırlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya 23 fevral 2021-ci il tarixdə məktub ünvanlanaraq, iddiaçının tələbinin 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 8İ-5399 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı olduğu, bununla bağlı qeyd edilən icra sənədinin icrası ilə bağlı icra şöbəsinin hərəkətlərindən müvafiq tələblə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edilməli olduğu bildirilsə də, iddiaçı tərəfindən hər hansı münasibət bildirilməmişdir. İş üzrə mümkünlük iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi məhkəmə tərəfindən lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakları olmadan iddianın mümkünlüyü məsələsinə qiymət vermişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd); İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında Qərardan görünür ki, 4 saylı Bakı “ASAN Xidmət" Mərkəzində Notariat Kontorunun 8İ-5399 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra sənədinin icrasına başlamışdır. Hazırki iddia tələbi üzrə iddiaçı xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsi ilkin araşdırma zamanı Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli Qərarın ləğvi barədə olsa da, lakin mübahisənin mahiyyət etibarilə notariat hərəkətlərindən irəli gəlməklə, 4 saylı Bakı “ASAN Xidmət" Mərkəzində Notariat Kontoru tərəfindən qəbul edilmiş 8İ-5399 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin üzərində qurulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın kökündə Notariat Kontoru tərəfindən qəbul edilmiş (barışıq sazişinin təsdiq olunması barədə) icra sənədi durduğundan sözügedən iddia tələbinə inzibati qaydada baxılması yolverilməzdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlarə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, notariat hərəkətlərindən irəli gələn mübahisələrə xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxıldığından və hazırki iş üzrə Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın kökündə Notariat Kontoru tərəfindən qəbul edilmiş icra sənədi olduğundan sözügedən mübahisəyə ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı qərarın ləğv edilməsinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar