Məhkəmə qərarları › İş №2-1(112)-5957/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5957/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5957/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuşdur. 10 dekabr 1990-cı ildən - 01 iyul 1992-ci ilə qədər Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1993-cü ildə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü, o cümlədən N saylı hərbi hissənin tərkibində Murov - Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə döyüş zamanı qrad mərmisi ilə ağır yaralanmışdır, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “düz bağırsağın bütün qatlarının düşməsi, İİT mərhələ” diaqnozu ilə müalicədə olunmuşdur. xx.xx.1994-cü ildə əməliyyat keçirmişdir. Ona verilmiş çıxarışın epikrizində də xəstəliyin hərbi xidməti keçən zaman meydana gəlməsi qeyd edilmişdir. Döyüş zamanı ağır yaralandığına görə uzun müddət müalicələri davam etmiş, evdə müalicə almış və hərbi xidmətini davam etdirə bilməmişdir. O, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etsə də ona “Müharibə veteranı” adı verilməmişdir. Bu barədə aidiyyəti orqanlara müraciət etmişdir. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/3-175 saylı məktubunda qeyd edilir ki, xx.xx.1994-cü il tarixdən (müalicədən) sonrakı dövrdə xidmətini təsdiq edən sənəd olmadığından ona “Müharibə Veteranı” adının verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi adından Hüquq idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-25-11/2-1807/23 nömrəli iddia tələbinə dair yazılı mülahizədə göstərilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edərək bildirilir ki, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-111 QD №-li Qanunu ilə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, “1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir”. Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir”. İddia tələbi əsassızdır. Belə ki, təqdim olunmuş sənədlərə əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən (müalicədən) sonrakı dövrdə xidmətini təsdiq edən sənəd olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarına əlavə edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi (surət) üzrə məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 4/3-175 saylı məktubda göstərilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göbdərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq sənədlərin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Təqdim olunmuş sənədlərə əsasən xx.xx.1994-cü il tarixdən (müalicədən) sonrakı dövrdə xidməti təsdiq edən sənəd olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli, 6521 saylı arayışından görünür ki, vətəndaş İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicə olmuşdur. Ona Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1994-cü ilə məxsus kitabının 1309-cu sayındakı qeydə əsasən düz bağırsağın bütün qatlarının sallanması diaqnozu qoyulmuşdur. xx.xx.1994-cü il tarixli çıxarış epikrizinin surətində göstərilmişdir ki, N saylı hərbi hissənin əsgəri İddiaçı xx.xx.1994-cü ildə xx.xx.1994-cü il tarixə qədər Mİ MHQ-nin abdominal cərrəahiyə şöbəsində stasionar müalicədə olmuşdur. Düz bağırsağın bütün qatlarının düşməsi 3-cü mərhələ diaqnozu qoyulmuşdur. xx.xx.1994-cü il tarixində Zerenin üsulu ilə rektumoskopiya əməliyyatı keçirmişdir. xx.xx.1994-cü il tarixində Xəstəlik cədvəlinin 342, 1-ci maddəsinə əsasən hərbi-tibbi komissiyadan keçmişdir. 60 (altımış) sutka istirahatə ehtiyacı var. Xəstəlik hərbi xidmət keçən zaman meydana gəlmişdir. Kafi vəziyyətdə hərbi hissəyə yazılır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 829 nömrəli qərarında göstərilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Hərbi Komissiyası tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu “xəstəlik - diaqnoz: “Düz bağırsağın bütün qatlarının düşməsi, İİİ mərhələ” (Qaradağ RHKnın 21.07.-2010-cu il tarixli 980-nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli, 503 nömrəli arayışı, MN MHKH-dən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim-mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas kimi MN MHHK-nın 752 nömrəli xx.xx.2010-cu il tarixli protokolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin A) bəndi göstərilmişdir. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətində olan qeydlərdən müəyyən olunur ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı 10 dekabr 1990-cı il tarixdən 01 iyul 1992-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi biletin 06-cı səhifəsində aparılmış qeydlərə əsasən N saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilədək xidmət emişdir. Qeydin aparılmasına əsas kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 10/2-310 nömrəli, xx.xx.2010-cu il tarixli məktubu göstərilmişdir. Hərbi biletin 24-cü səhifəsində ““Tər-tər Hərbi prokurorluğunun xx.xx.2010cu il tarixli, 19-HP/905 №-li və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xx.xx.2010-cu il tarixli, HP-02/2041 №-li qərarına əsasən barəsində cinayət işinin başlanmasının rədd edildiyi, 06 iyul 2010-cu il tarixdə h/qeydiyyata alındığı” qeyd olunmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 1370 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 10 dekabr 1990-cı il tarixdən 10 iyul 1992-ci il tarixədək SSR-in Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və təxris olunmuşdur. N saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilə qədər xidmət keçmiş və təxris olunmamışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli HP-02/2041 nömrəli qərarına əsasən haqqında cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Tərtər hərbi prokurorluğunun 17 aprel 2023-cü il tarixli 3-3-22/2-1564/2023 №li məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Tərtər hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli, ** HP *** nömrəli məktubu ilə Bakı şəhəri Qaradağ rayon komissarlığının İddiaçı barədə sorğusuna cavab verilmişdir. Lakin 2001-2013-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər hərbi prokurorluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barədə Bakı şəhər Qaradağ rayon komissarlığına verilmiş xx.xx.2010-cu il tarixli ** HP *** nömrəli məktubunun surətinin məhkəməyə göndərilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-3-12/2-30-3336/23 nömrəli məktubunda göstərilmişdir ki, Tərtər hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli 19-HP/905 №-li məktubu ilə Bakı şəhəri Qaradağ rayon hərbi komissarlığının İddiaçı barəsində sorğusuna cavab verilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində xx.xx.2010-cu il tarixli HP-02/2041 nömrə ilə məktub qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan hər iki məktubun saxlama müddəti keçdiyindən müvafiq qaydada məhv edilmişlər. Odur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin xx.xx.2010-cu il tarixli HP-02/2041 №-li və Tərtər hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli 19-HP/905 №-li məktublarının təsdiq edilmiş surətlərinin göndərilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsinin xx.xx.2023-cü il tarixli, 3-43-82/2- 803/2023 nömrəli məktubu ilə surəti məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli, HP-02/2041 nomrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində ibtidai araşdırılması dayandırılmış N saylı hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah-sursatın itirilməsi faktı üzrə 0378 №li cinayət işində N saylı hərbi-hissənin sabiq əsgəri 1971-ci il təvəllüdlü, İddiaçı barəsində hər hansı bir məlumat yoxdur və haqqında heç br istintaq hərəkəti aparılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-75-11/2-2707/23 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 4/2-2961 nömrəli arayışında göstərilmişdir ki, Qaradağ RHK-dan hərbi xidmətə çağırılmış, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 261 №-li əmrilə (əsas: §-6, sıra-9, səh 19, əmrdə vəzifəsi göstərilməmişdir) xx.xx.1993-cü il tarixdən Mühafizə və xidmət bölüyünün şəxsi heyətinin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 27 №-li əmrilə (əsas: §-8, sıra-16, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 3-cü MAT-ın hərbi qulluqçusu İddiaçı hərbi hospitala getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin 1994-cü il tarixli əsgər heyətinə “Pul təminatının ödənilməsi” cədvəlləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Məhkəmənin mövqeyi: Beləliklə şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”mədə nəzərdə tutulan, iş materiallarında olan arxiv sənədlərindən müəyyən olunur ki, Qaradağ RHK-dan hərbi xidmətə çağırılmış, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmrilə xx.xx.1993-cü il tarixdən Mühafizə və xidmət bölüyünün şəxsi heyətinin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmiş, xx.xx.1994-cü il tarixli 27 №-li əmrlə hərbi hospitala getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu “xəstəliyin - “Hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində ibtidai araşdırılması dayandırılmış N saylı hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah-sursatın itirilməsi faktı üzrə 0378 №li cinayət işində N saylı hərbi-hissənin sabiq əsgəri - İddiaçı barəsində hər hansı bir məlumat olmadığı və haqqında heç br istintaq hərəkətinin aparılmadığı bildirilmişdir. Bakı şəhəri Qaradağ rayon Hərbi komissarlığı tərəfindən iddiaçıya məxsus hərbi biletdə aparılmış qeydlərdən isə müəyyən olunur ki, sonuncu 06 iyul 2010-cu il tarixdə hərbi qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçı xx.xx.1971-ci il təvəllüdlü İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1971-ci il təvəllüdlü İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar