Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5959/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Seyran Məmmədov küçəsi, 8 saylı evin, yaşayış sahəsi 18,0 kv. metr olan 515 a saylı mənzilin onun adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxanşın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Seyran Məmmədov küçəsində yerləşən 8 saylı yaşayış binasının (keçmiş yataqxana), yaşayış sahəsi 18,0 kv. metr olan 1 otaqlı 515 a saylı mənzilində uzun illərdir faktiki olaraq yaşayır və mənzil həmin ildən daimi olaraq istifadəsindədir. Göstərilən mənzildə yaşamaqla butun kommunal xərclərini ödəyir. Vaxtlı vaxtında həmin mənzildə təmir işlərini öz vəsati hesabına aparır. 2012-ci ildən yaşadığı bina Dövlət Neft Şirkətinin balansından Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bundan sonra da mənzilə dair kommunal xidmətlərə görə xərcləri müvafiq olaraq aidiyyəti təşkilatlara (qaz, su, işıq), o cümlədən mənzil kirayə və zibil haqlarını həmin təşkilatın 144 saylı Mənzil-Kommunal İstismar Sahəsinə ödəyir. Yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sənədlərini qəbul etməyərək şifahi olaraq ona bildirilmişdir ki, binanın balans saxlayan təşkilatı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin qeyd edilən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncamı olmalıdır və müvafiq sərəncam olduqdan sonra mənzilin adına özəlləşdirilməsi həyata keçiriləcəkdir. Müraciətinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 20.08.2018-ci il tarixli, 65/3 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Seyran Məmmədov küçəsində yerləşən 8 saylı evin, yaşayış sahəsi 18,0 kv. metr olan 1 otaqlı 515 a mənzilinin kirayə müqaviləsi onun adına bağlanılmış və o həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd edilən sərəncam verildikdən sonra yenidən sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciətinə imtina olunmuşdur. Bununla da, mənzilə dair sahiblik və sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24.06.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 9.17-ci maddəsinə əsasən "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri və bu qanuna uyğun olaraq dövlət reyestrində saxlanılmalı olan məlumatların dövlət reyestrinə daxil edilməsi və həmin Əsasnamənin 9.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, qanuna və normativ akta əsasən hüquqların dövlət qeydiyyatının aparılması cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qanunla və normativ aktla müəyyən edilmiş funksional vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 26 aprel 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın **********2 saylı 16 may 2021-ci il tarixli etirazında göstərilmişdir ki, İddiaçı sözügedən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə ********** saylı 13.01.2021-ci il tarixli müraciəti daxil olmuşdur. ünvan 2 evin, 515a saylı mənzilinə dair İddiaçı adına verilmiş 146 saylı, 20.04.2017-ci il tarixli order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq İddiaçı adına verilmiş 146 saylı, 20.04.2007-ci il tarixli orderdə istinad olunan BB- 11-04-5431 saylı, 17.04.2007-ci il tarixli məktubun həqiqi olmadığı bildirilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən, cavabdeh məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 06.09.2021-ci il tarixli yazılı etirazında göstərmişdir ki, Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 20.08.2018-ci il tarixli, 65/3 saylı sərəncamı ilə ünvan 2 evin 515 a saylı mənzilinə dair İddiaçı adına kirayə müqaviləsi bağlanılmaqla o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 8 ünvanında yerləşən keçmiş yataqxana binası dövlət mənzil fonduna daxil edilməklə Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə 26.12.2006cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Ona görə də, İddiaçı uzun illər, yaşadığı ünvan 2 yaşayış binasının 515a saylı mənzilinin onun adına özəlləşdirilməsinə etiraz etmirlər. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X4 yazılı münasibətdə qeyd olunanları müdafiə edərək, mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1986-ci ildə Salyan şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkiaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş 20.04.2007-ci il tarixli 146 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi, ev 8, otaq 515 A İddiaçı istifadəsinə ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 20.08.2018-ci il tarixli 65/3 №-li Sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 2 ünvanda yeriəşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsinin bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 2012-ci ildən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən 8 saylı evin, yaşayış sahəsi 18,0 kv. metr olan 1 otaqlı 515a saylı mənzilində yaşayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və “Azərbaycan Respublikasınd mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq aşağıdakılar qərara alınmışdır: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən 8 saylı evin, yaşayış sahəsi 18,0 kv. metr olan 1 otaqlı 515a saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlanılsın və o, həmin mənzilin kirayəçisi hesab olunsun. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 144 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılsın. İddiaçı göstərilən mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması Səbail rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsindən xahiş edilsin. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 144 saylı Mənzil Kommunal İstimar Sahəsi tərəfindən verilmiş 06.01.2021-ci il tarixli 01 saylı “Forma 1” arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində, 8 saylı evin, 5-ci mərtəbəsində, 18,0 kv. metr yaşayış sahəsindən ibarət 515 a saylı mənzildə yaşayır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 144 saylı Mənzil Kommunal İstimar Sahəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində, 8 saylı evin 515 a saylı mənzilinə dair mənzilin sxemi tərtib edilmişdir. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 14.06.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, istifadəsində olan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********2 №li 23.02.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, ünvan 2 evin, 515a saylı mənzilinə dair İddiaçı adına verilmiş 146 saylı, 20.04.2007-ci il tarixli order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq İddiaçı adına verilmiş 146 saylı, 20.04.2007-ci il tarixli orderdə istinad olunan BB-11-04-5431 saylı, 17.04.2007-ci il tarixli məktubun həqiqi olmadığı bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Sosial İnkişaf İdarəsi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli **********30490075X00031 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən ünvan 4 ünvanında yerləşən bina, onlara aid sənədlərlə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin balansına verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqavəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Həmin Qanunun 9-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (bənd 1) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci madəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilən bütün hüquqmüəyyənedici sənədlər (mənzilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam, mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı) məhkəməyə təqdim edildiyindən cavabdehin imtinası qanuni sayıla bilməz. Cavabdeh imtinasını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sorğuya cavab məktubunda İddiaçı adına verilmiş 146 saylı, 20.04.2007-ci il tarixli orderdə istinad olunan BB-11-04-5431 saylı, 17.04.2007-ci il tarixli məktubun həqiqi olmamasının qeyd olunması ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, bununla bağlı məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş cavab məktubunda mübahisəli mənzilin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin balansına verildiyi göstərilmiş, sonuncu tərəfindən isə İddiaçı adına kirayə müqaviləsi bağlanılması və iddiaçının həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Ona görə də həmin imtina qanuni sayıla bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2 evin 1 (bir) otaqlı 18,0 kv metrdən ibarət 515 a saylı mənzilinin İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və buna dair onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5959/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5959/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver