Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5959/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi və 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının istehsalında istifadə edilən xammalın və hazır yağ məhsullarının idxalına dair cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının aylar üzrə topdansatış qiymətləri və satış həcmi barədə cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində illər üzrə ayrı-ayrılıqda istehsal və idxal olunan yağ məhsulları üzrə gəlir, xərc, mənfəət və rentabellik göstəricilərin, 2021 və 2022-ci ilin ötən dövrü ərzində istehsal və idxal edilən yağ məhsullarının satış qiymətlərində dəyişikliklər baş verdiyi tarixlərdə (gün, ay, il) hər bir məhsul çeşidi üzrə maya dəyəri, gəlir, xərc (xərc maddələri tam açıqlamaqla), mənfəət, rentabellik və dövrlər aralığında satış həcmi göstəriciləri barədə cədvəl məlumatlarının Dövlət Xidmətinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, yaranmış zərurətlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Dövlət Xidməti) xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3614 nömrəli məktubu ilə "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.5-ci bəndinə əsasən marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq digər yağ məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi “Bakı Qida və Yağ Fabriki" MMC-dən (Bundan sonra- Cəmiyyət) xahiş edilmişdir. Həmin məktubla məlumatların və sənədlərin verilməməsinə, yaxud düzgün olmayan məlumatların verilməsinə görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları “Bakı Qida və Yağ Fabriki" MMC-nin nəzərinə çatdırılmışdır. Cəmiyyətin Dövlət Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli BY 176 nömrəli məktubunda (daxilolma qeydiyyatı: 5/3735, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş hallar üzrə və qaydada Xidmət tərəfindən sorğu daxil olduqda yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların "xxxx" MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, lakin tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Bununla əlaqədar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə "Bakı Qida və Yağ Fabriki” MMC barəsində xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, işə baxılması iclası xx.xx.2022- ci il tarixinə təyin edilmiş, eyni zamanda Xidmətin xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3614 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların təqdim edilməsi xx.xx.2022-ci il tarixli Qərarla “Bakı Qida və Yağ Fabriki" MMC-dən xahiş edilmişdir. “Bakı Qida və Yağ Fabriki" MMC-nin Xidmətə daxil olmuş xx.xx.2022-ci il tarixli BY 185 nömrəli etiraz məktubunda (daxilolma qeydiyyatı: 5/4263, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2023-cü il tarixinədək dayandırıldığı və bu müddət ərzində yoxlama aparıla bilən istisna yoxlanılan sahələr içərisində antiinhisar qanunvericiliyi ilə bağlı yoxlamaların nəzərdə tutulmadığı bildirilmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.5ci bəndinə əsasən çay məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi “X6 Fabriki” MMC-dən xahiş edilmiş və müəssisə tərəfindən həmin sənəd və məlumatlar Xidmətə təqdim edilmişdir. Həm “X6 Fabriki” MMC-nin, həm də "xxxx" MMC-nin təsisçisi eyni şəxs olmasına baxmayaraq, eyni işə dair müəssisələr tərəfindən Dövlət Xidmətinin tapşırığına fərqli cür yanaşılmışdır. "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq Xidmətin hüquqlarındandır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Beləliklə, işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalan"nın 2.1-ci bəndinə əsasən yaradılmış Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsasən tələb olunan sənəd və məlumatlar "Bakı Qida və Yağ Fabriki” MMC tərəfindən təqdim edilməmişdir. “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 109s nömrəli Sərəncamın 1,2-ci bəndinə əsasən daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.3 və 3.0.6-cı bəndlərinə əsasən antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş, habelə antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Habelə, həmin Əsasnamənin 4.0.5-ci bəndinə əsasən Xidmətin müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq hüquqları vardır. Yuxarıda qeyd edilənlərə əsasən, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısını almaq məqsədilə "xxxx" MMC barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 manat (beş min beş yüz manat) maliyyə sanksiyası şəklində cərimənin tətbiq edilməsi və Dövlət Xidmətinin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılmasına dair xx.xx.2022-ci il tarixli Qərar və həmin Qərarın icrası barədə xx.xx.2022-ci il tarixli Göstəriş qəbul etmişdir. Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişi Cəmiyyətə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada çatdırılsa da, icrası hazırkı tarixədək təmin edilməmişdir. “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. İddiaçı “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalar”ına istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə ünvanladığı yazılı münasibətdə bildirmişdir ki, inzibati hüquq mübahisələri inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın inzibati aktla bağlı olmayan hərəkət və ya hərəkətsizliyi ilə bağlı fiziki və hüquqi şəxslər tərəfindən mübahisələndirilən mübahisələri nəzərdə tutur. Hazırkı vəziyyətdə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı “Dövlət Xidmətinin xx.xx.2022ci il tarixli göstərişinin məcburi icrası baradə” tələbi barədə iddiası AR İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara siyahısına daxil olmadığı üçün mövcud iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Buna görə də iddia AR İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq, mümkünsüz sayılmalıdır. Lakin iddiaçı iddia ərizəsində ilk öncə iddiasının mümkünlüyünü əsaslandırmalı olduğu halda, bu hissədə heç bir hüquqi əsaslandırma həyata keçirməmiş, yalnız Dövlət Xidmətinin fiziki şəxs X2 qarşı sənəd və məlumatların təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli AİBNDX-14/01-8/116 nömrəli iddia ərizəsinin Sumqayıt inzibati Məhkəməsi tərəfindən icraata qəbul edilməsini əsas gətirmişdir. Bununla da əslində iddiasının inzibati mühakimə icraatı qaydasında baxılmamalı olduğunu etiraf etmiş, sadəcə iddiası üzrə məhkəmə aidiyyətinin AR İPM-nin 2-ci maddəsi ilə əsaslandırmalı olduğu halda, Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı ilə əsaslandırmışdır ki, bu da qəbuledilməz və yolverilməzdir. Cavabdeh hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin müvafiq iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı qərarı məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinə, dolayısıyla da, iddianın mümkünlüyünə əsas ola bilməz. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddianın mümkünlük məsələsinə münasibətdə qeyd edir ki, iddia Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməklə bağlı fəaliyyətindən irəli gəldiyindən mübahisəyə ümumi hüquq tətbiq olunmalıdır. Belə ki, iddiaçı inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən ümumi hüququn nizama salma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, tərəflər arasındakı münasibətlər ümumi hüquqla tənzimləndiyinə görə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatında iddiaya etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən sənədlərin istənilməsi mahiyyətcə yoxlama xarakteri daşıdığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vahid məlumat reyestrində qeydə alınmalıdır. Lakin iddiaçı bu qaydaya əməl etməmişdir. Bu səbəbdən cavabdeh Cəmiyyət tələb olunan sənədləri iddiaçıya təqdim etməməkdə haqlıdır. Həmçinin əlavə etdi ki, hazırkı mübahisə inzibati mübahisə olmadığına və kommersiya mübahisəsi olduğuna görə iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh "xxxx" MMC vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN almışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilən “Antilnhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması ve tatbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli Göstərişdən görünür ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1Q29, ünvan 1ağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "Bakı Qida ve Yağ Fabriki” MMC) (VÖEN: **********) barəsində qaldırılmış xx.xx.2022-cİ il tarixil FA-53 nömrəli Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları tətbiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarına əsaslanaraq, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 17-ci və 18-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 3.7-ci bəndini rəhbər tutaraq Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX- 06/07-5/3614 nömrəli məktub ilə tələb olunan sənəd və məlumatları xx.xx.2022ci il tarıxınədək təqdim edilməsi, Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə barəsində tətbiq edilmiş 5500 (beş min beş yüz) manat məbləğində maliyyə sanksiyasını təqdim edildiyi gündən 30 (otuz) gündən gec olmayaraq iddiaçının hesabına köçürülməsinin təmin edilməsini tələb edilmişdir. Göstərişin 3-cü bəndindən görünür ki, iddiaçı bazar subyektlərinin Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, təsərrüfat subyektləri məlumatların və sənədlərin verilməməsinə, yaxud düzgün olmayan melumatların verilməsinə görə Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında" Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları "Bakı Qida və Yağ Fabriki” MMC-nin (VÖEN: **********) nəzərinə çatdırılması, həmçinin "Bakı Qida və Yağ Fabriki' MMC-nin (VÖEN: **********) nəzərinə qanunvericiliyə əsasan antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifələrindən olduğu "Bakı Qida və Yağ Fabriki” MMC-nin nəzərinə çatdırılmış, Göstərişin icrasına nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin Antiinhisar qanunvericiliyinə nəzarət sektorunun məsləhətçisi X1 həvalə edilmişdir. Göstərişdən 30 (otuz) gün müddətində inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermə hüququ izah edilmişdir. -iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3614 nömrəli məktub əsasında marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq digər yağ məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi “Bakı Qida və Yağ Fabriki" MMC-dən xahiş edilmiş, lakin sonuncu tərəfindən tələb olunan sənəd və məlumatlar təqdim edilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun: -1-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında”, "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativhüquqi aktlardan ibarətdir. -3-cü maddəsinə əsasən, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. -16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. -18-ci maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.
1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyəti nəzərə alınır. Antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın: -1.1-ci bəndinə əsasən Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. -2.3-cü bəndinə əsasən Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar (4 nömrəli əlavə) qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. -2.4-cü bəndinə əsasən Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. -2.21-ci bəndinə əsasən Antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş aktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstəriş yerinə yetirilmədikdə, Antiinhisar orqanı həmin aktların bütövlüklə və ya qismən etibarsız hesab edilməsi, yaxud antiinhisar qanunvericiliyinin pozulması baş verən ana qədərki vəziyyətin bərpa olunmasının məcburi həyata keçirilməsi haqqında ərizə ilə məhkəmə orqanlarına müraciət edə bilər. Digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstəriş icra edilmədikdə Antiinhisar orqanı müqavilənin məcburi bağlanması, yaxud müqavilələrin tamamilə və ya qismən etibarsız sayılması haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilmədikdə Antiinhisar orqanı qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Əsasnamənin 3.1-ci bəndinə əsasən, Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2022-ci il tarixli, 378 №li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edilərək 2.21-ci bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilmişdir: Antiinhisar orqanının ilkin və ya təkrar tələbi ilə bu Qaydaların 3.1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə antiinhisar orqanları həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. -3.11-ci bəndə əsasən cərimə və maliyyə sanksiyalarının tətbiqi bazar subyektlərini (onların rəhbərlərini) antiinhisar orqanlarının qərarlarını və göstərişlərini icra etmək və ya antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş tələbləri yerinə yetirmək və digər hərəkətləri icra etmək vəzifəsindən azad etmir. -3.12-ci bəndə əsasən bazar subyekti tərəfindən Antiinhisar orqanının göstərişi icra olunmadıqda, Komissiya cərimə və ya maliyyə sanksiyası tətbiq edir və iş üzrə qəbul olunmuş qərara əsasən yeni müddət təyin edərək təkrar göstəriş verir. Təkrar göstəriş icra olunmadıqda Komissiyanın bu Qaydalara uyğun olaraq yenidən cərimə tətbiq edilməsi barədə işə baxılmasına qayıtmaq hüququ var. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin: -3.0.3-cü bəndinə əsasən antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra – təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri görmək; -3.0.6-cı bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.5-ci bəndinə əsasən öz vəzifələrini yerinə yetirmək üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq Xidmətin hüquqlarından biridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırkı mübahisə üzrə iş materiallarından müəyyən edildi ki, iddiaçı Dövlət Xidməti "xxxx" MMC barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış və Xidmətin xx.xx.2022-ci il tarixli Qərarı ilə iddia tələbində göstərilən məlumat və sənədlər “Bakı Qida və Yağ Fabriki" MMC-dən tələb edilmiş, lakin sonuncu sənədləri təqdim etməmiş, bunu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2023-cü il tarixinədək dayandırıldığı və bu müddət ərzində yoxlama aparıla bilən istisna yoxlanılan sahələr içərisində antiinhisar qanunvericiliyi ilə bağlı yoxlamaların nəzərdə tutulmadığı ilə əsaslandırmışdır. Halbuki, yuxarıda istinad olunan əlaqədar normaladan göründüyü kimi, antiinhisar orqanına antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxarkən öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı təsərrüfat subyektləri də daxil olmaqla dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından və vəzifəli şəxslərdən zəruri olan müvafiq sənəd və məlumatların təqdim edilməsi barədə göstəriş vermək, həmin göstərişlər yerinə yetirilmədikdə cərimə və ya maliyyə sanksiyasının tətbiqi haqqında qərar qəbul etməklə yanaşı, müvafiq sənəd və məlumatlar təqdim edilmədikdə həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət etmək hüququ verilmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə bildirir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununda yoxlamanın anlayışı və qaydası aydın şəkildə göstərilmişdir. Hazırkı halda mübahisə məlumatlar və sənədlərin təqdim edilməsi ilə bağlıdır. Həmin sənədlərin tələb edilməsi iddiaçının antiinhisar qanunvericiliyindən irəli gələn hüququ, cavabdehin isə təsərrüfat subyekti kimi onları təqdim etmək vəzifəsi olduğundan bu fəaliyyət yoxlama kimi qiymətləndirilməməli, əslində antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edən və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır. Məhkəmə cavabdehin iddianın mümkün hesab edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda vurğulandığı kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2022-ci il tarixli 378 №li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edildiyindən antiinhisar orqanlarının cavabdehdən tələb etdiyi müvafiq sənəd və məlumatların təqdim edilməsi ilə bağlı məhkəməyə müraciət etmək, başqa sözlə, tələb olunan sənədlərin cavabdehdən məcburi götürülməsi ilə bağlı iddia qaldırmağın normativ hüquqi əsası yaranmışdır. Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək bu qənaətə gəlir ki, iddiaçı müvafiq qərara əsasən sənəd və məlumatları "Bakı Qida və Yağ Fabriki” MMC tərəfindən təqdim edilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməli, Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi və 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının istehsalında istifadə edilən xammalın və hazır yağ məhsullarının idxalına dair cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının aylar üzrə topdansatış qiymətləri və satış həcmi barədə cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində illər üzrə ayrı-ayrılıqda istehsal və idxal olunan yağ məhsulları üzrə gəlir, xərc, mənfəət və rentabellik göstəricilərin, 2021 və 2022-ci ilin ötən dövrü ərzində istehsal və idxal edilən yağ məhsullarının satış qiymətlərində dəyişikliklər baş verdiyi tarixlərdə (gün, ay, il) hər bir məhsul çeşidi üzrə maya dəyəri, gəlir, xərc (xərc maddələri tam açıqlamaqla), mənfəət, rentabellik və dövrlər aralığında satış həcmi göstəriciləri barədə cədvəl məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməlidir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ : İddia təmin edilsin. Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi və 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının istehsalında istifadə edilən xammalın və hazır yağ məhsullarının idxalına dair cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının aylar üzrə topdansatış qiymətləri və satış həcmi barədə cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində illər üzrə ayrı-ayrılıqda istehsal və idxal olunan yağ məhsulları üzrə gəlir, xərc, mənfəət və rentabellik göstəricilərin, 2021 və 2022-ci ilin ötən dövrü ərzində istehsal və idxal edilən yağ məhsullarının satış qiymətlərində dəyişikliklər baş verdiyi tarixlərdə (gün, ay, il) hər bir məhsul çeşidi üzrə maya dəyəri, gəlir, xərc (xərc maddələri tam açıqlamaqla), mənfəət, rentabellik və dövrlər aralığında satış həcmi göstəriciləri barədə cədvəl məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov