Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5960/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “məlumatların təqdim edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidməti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi və satılan marqarin yağı, palma yağı 9 duru yağ məhsullarına dair alış qiyməti, satış qiyməti və satış həcminə dair məlumatların cədvəl formasında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaranmış zərurətlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3634 nömrəli məktubu ilə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin 4.0.5-ci bəndinə əsasən marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq digər yağ məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi Cavabdeh MMC-dən xahiş edilmişdir. Həmin məktubla məlumatların və sənədlərin verilməməsinə, yaxud düzgün olmayan məlumatların verilməsinə görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları Cavabdeh MMC-nin nəzərinə çatdırılmışdır. Cəmiyyətin Dövlət Xidmətinə daxilolmuş xx.xx.2022-ci il tarixli 136 nömrəli məktubunda (daxilolma qeydiyyatı: 5/3752, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş hallar üzrə və qaydada Xidmət tərəfindən sorğu daxil olduqda yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların Cavabdeh MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, lakin tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Bununla əlaqədar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə Cavabdeh MMC barəsində xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, işə baxılması iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş, eyni zamanda Xidmətin xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3634 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların təqdim edilməsi xx.xx.2022-ci il tarixli Qərarla Cavabdeh MMCdən xahiş edilmişdir. Xidmətin xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3634 nömrəli məktubu ilə, habelə Xidmətin xx.xx.2022-ci il tarixli FA-52 nömrəli əmrilə yaradılmış Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsasən tələb olunan sənəd və məlumatlar Cavabdeh MMC tərəfindən təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixli Qərarın icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli Göstərişlə Cəmiyyətə satılan marqarin yağı, palma yağı və duru yağ məhsullarına dair alış qiyməti, satış qiyməti və satış həcminə dair məlumatların cədvəl formasında tərtib edilərək Xidmətə təqdim edilməsi tələb edilmişdir. Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişi Cəmiyyətə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada çatdırılsa da, Göstərişin icrası hazırkı tarixədək təmin edilməmişdir.
3. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbayca Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin məcburi icrası baradə” iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə aid olmadığı üçün mümkün sayılmamalı və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin məcburi icrası baradə” tələbi barədə iddiası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara siyahısına daxil olmadığı üçün mövcud iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Buna görə də iddia həmin Məcəllənin 35-ci maddəsinə uyğun olaraq, mümkünsüz sayılmalıdır. İddiaçı iddia ərizəsində ilk öncə iddiasının mümkünlüyünü əsaslandırmalı olduğu halda, bu hissədə heç bir hüquqi əsaslandırma həyata keçirməmiş, yalnız Dövlət Xidmətinin fiziki şəxs X3 qarşı sənəd və məlumatların təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli AİBNDX-14/01-8/116 nömrəli iddia ərizəsinin Sumqayıt İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilməsini əsas gətirmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 10.İddia tələbi məlumatların təqdim edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. İddia mümkündür.
Məhkəmənin mövqeyi
12. İddiaçı cavabdehə münasibətdə qəbul etdiyi xx.xx.2022-ci il tarixli göstərişin məcburi qaydada icrasının təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Həmin göstəriş cavabdehə aid sənədlərin və məlumatların iddiaçıya təqdim olunması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir:
13. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasnını Qanunu
2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər.
11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər.
2. Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri: qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə; qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə; vurulmuş zərəri ödəməyə; tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar.
14. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 1-1. Antiinhisar qanunvericiliyi Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativhüquqi aktlardan ibarətdir.
3. İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər.
16. Müvafiq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ
1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır.
17. Bu Qanunun pozulmasının nəticələri
1. Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri: bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə; vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə borcludurlar.
2. Vurulmuş zərər məhkəmə tərəfindən tutulur.
18. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.
1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar.
15. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.10. antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək;
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”: 1.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. 2.1. Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. 2.2. Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. 2.4. Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. İşə baxılarkən yaranmış və izahı üçün xüsusi biliklər tələb olunan məsələlərin aydınlaşdırılması məqsədi ilə Komissiya ekspert və mütəxəssislər cəlb edə bilər. Ekspert və mütəxəssislər rəy vermək üçün işin materialları ilə tanış ola bilərlər. 2.5. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işə Komissiya tərəfindən qanunun pozulması əlamətləri üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan üç ay müddətinə baxılır. Zəruri hallarda işə baxılması müddəti Komissiya tərəfindən həmin müddətin qurtardığı vaxtından altı aydan çox olmayaraq uzadıla bilər. 2.12. Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar (8 nömrəli əlavə) qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. 2.17. Göstərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Göstərişin vaxtında icra edilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər. Göstərişin vaxtında icra edilməməsi — onun icrasından yayınma və ya qismən icra olunması, yaxud müəyyən olunmuş müddətdə icra olunmaması kimi başa düşülür. 2.21. Antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş aktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstəriş yerinə yetirilmədikdə, Antiinhisar orqanı həmin aktların bütövlüklə və ya qismən etibarsız hesab edilməsi, yaxud antiinhisar qanunvericiliyinin pozulması baş verən ana qədərki vəziyyətin bərpa olunmasının məcburi həyata keçirilməsi haqqında ərizə ilə məhkəmə orqanlarına müraciət edə bilər. Digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstəriş icra edilmədikdə Antiinhisar orqanı müqavilənin məcburi bağlanması, yaxud müqavilələrin tamamilə və ya qismən etibarsız sayılması haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilmədikdə Antiinhisar orqanı qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Antiinhisar orqanının ilkin və ya təkrar tələbi ilə bu Qaydaların 3.1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə antiinhisar orqanları həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. 3.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13- 1-ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə.
17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda istinad olunan normalara görə, iddiaçı bütün göstərişlərinin, yəni “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması ilə bağlı göstərişlərinin məcburi icrası barədə məhkəməyə müraciət etməyə haqlıdır. Cavabdeh tərəfindən sənəd və məlumatların təqdim olunmaması “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinin tələbləri baxımından antiinhisar qanunvericiliyinin pozulması kimi təfsir edilə və qiymətləndirilə bilər.
18. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsi ümumiyyətlə məlumat almaq hüququnu təsbit edir. Bu mənada iddiaçının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan məlumatları, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ, əslində antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edir və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır.
19. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi sənəd və məlumatlar antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması üzrə icraat çərçivəsində cavabdehdən tələb oluna bilər və obyektiv qərarın qəbulunu təmin etmək üçün tələb edilməlidir. Başqa sözlə, sənəd və məlumatların təqdim olunmaması cavabdehə münasibətdə əlverişsiz qərarın qəbulunu şərtləndirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir. Belə hallarda dövlət orqanı olan iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olur.
20. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisə edilən hazırkı göstəriş sənəd və məlumatların cavabdeh tərəfindən təqdim olunmasına yönəldiyindən, iddiaçı həmin göstərişin məhkəmə qaydasında məcburi icrasına dair iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
21. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
22. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) icrasının təmin edilməsi və satılan marqarin yağı, palma yağı 9 duru yağ məhsullarına dair alış qiyməti, satış qiyməti və satış həcminə dair məlumatların cədvəl formasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinə təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva