Məhkəmə qərarları › İş №2-1(112)-5968/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5968/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5968/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı Əbdürəhim oğlunun cavabdeh Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əbdürəhim oğlu cavabdeh Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: - (305.1.8) notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində aşağıdakılar göstərilmişdir: notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdır ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1 – 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə, iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı məsələ – notariusun müvafiq müqavilənin rəsmiləşdirilməsindən imtinasının mübahisələndirilməsi barədədir və bu mübahisə publik xarakterli deyil, mülki münasibətlərdən yarandığından, ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Nəzərə alınmalıdır ki, İPM-in 2.1-ci maddəsi inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatının inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsini qanunla başqa aidiyyət qaydasının müəyyən edilməməsi ilə şərtləndirir. Belə olan halda məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar