Məhkəmə qərarları › İş №2-1(112)-5969/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5969/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5969/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 10, mənzil 17) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Şərifzadə küçəsi, 201) qarşı «iddiaçıya keçmiş müddət üzrə təqaüdün hesablanaraq ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin X1rşı «iddiaçıya keçmiş müddət üzrə təqaüdün hesablanaraq ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir və ona xx xxxxxx 2019-cu il tarixdə "veteran vəsiqəsi” verilmişdir. Ona “veteran vəsiqəsi” təqdim edildikdən sonra müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat məbləğində təqaüdü hər ay alır. Həmin vəsiqənin verildiyi müddətdən 3 il əvvəlki dövrün təqaüdünün hesablanaraq verilməsi üçün DOST Agentliyinin Əhalinin Sosial Müdafiəsi Fonduna müraciət etmişdir, həmin müraciətə DSMF Sosial Ödənişlərin X5 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubla cavab verilmişdir. Həmin məktubda «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlərin “veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilməsi qeyd olunaraq müraciət təmin edilməmişdir. «Veteranlar haqqında» AR Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Cavabdeh təşkilatın vəsiqənin alınması tarixindən etibarən müavinətin verilməsini qeyd etməsi qanunvericiliyin tələbinə tamamilə ziddir və qanunvericilikdə belə bir norma nəzərdə tutulmamışdır. Belə ki, vəsiqənin nə zaman alınmasından asılı olmayaraq o, müharibə eteranı statusunu 1990 – 1994-cü illər ərzində vətən uğrunda gedən döyüşlərdə ştirak etdiyi üçün 1994-cü ildən qazanmışdır. Vəsiqənin verilməsi yalnız müharibə veteranı olmağını təsdiq edən sənəddir, lakin, bu vəsiqənin verildiyi andan müharibə veteranı olmağını ifadə etmir. Beləliklə də, müharibə veteranı kimi ona ödənilməli olan təqaüdün cavabdeh təşkilat tərəfindən ödənilməsindən imtina edilməsi qanunsuz olmaqla yanaşı, onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Göstərilənlərə və İPM-in 34, 35.1, 45, 46cı maddələrinə əsaslanaraq, ona "veteran vəsiqəsi”nin verildiyi gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən 3 il əvvəlki dövr üzrə təqaüdün hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - Vətəndaşa müvafiq müavinətə hüququ yaranmazdan, yəni müharibə veteranı statusu əldə etməmişdən əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İş materiallarından görünür ki, İddiaçı AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə veteran vəsiqəsi verilmişdir. DSMF Sosial Ödənişlərin X6 vətəndaşa xx xxxxxx 2019-cu il tarixdən, yəni veteran statusunu aldığı vaxtdan müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə prezident təqaüdü təyin etmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə yenidən DSMF-nin Sosial Ödənişlərin X3 müraciət edərək, müharibə veteranı kimi ona ödənilməyən əvvəlki 3 il üçün müavinət ödənilməsini xahiş etmiş, müvafiq inzibati orqan isə əsaslı olaraq şəxsə veteran vəsiqəsi aldığı tarixdən prezident təqaüdü təsis edildiyindən, əvvəlki 3 il üçün müavinət ödənilməsi barədə tələbindən imtina etmişdir. Hesab olunur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Belə ki, şəxs Şöbəyə müraciət etdiyi tarixdə Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin Təqaüdü”nün təsis edilməsi haqqında xx xxxxx 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, 80 manat məbləğində Prezident Təqaüdü təyin edilmişdir. O, 3 illik müddətin ödənilməsi tələbini irəli sürmək üçün «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 4-cü maddəsində müavinətin növləri sadalanmışdır. Lakin sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də, həmin Qanunun 9.1-ci maddəsinə əsasən “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi, şəxsə sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın Şöbəyə müraciət etdiyi tarixdə Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanı qüvvədə olduğu üçün Şöbəyə ona sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Beləliklə, şəxsin müraciət etməzdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi hüququ yaranmış olmamışdır. Lakin məhkəmə Qanunun 9.1-ci maddəsini təfsir edərkən bu nüansı nəzərə almayaraq vətəndaşın təqaüd təyin edilməsiylə bağlı müraciətini sosial müavinət təyin edilməsiylə bağlı müraciətindən fərqləndirməmiş ,beləliklə, «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsini səhv təfsir və tətbiq etmişdir. Vətəndaşa sosial müavinət təyin edilməsinin mümkünsüzlüyünü təsdiq edən yuxarıdakı faktlardan başqa aşağıdakı əsaslarda onun belə bir hüququnun olmadığını bir daha təsdiqləyir. Şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. «Sosial müavinətlər haqqında» AR Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəadan da göründüyü kimi qanunverici sosial müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. xx xxxx 1994 tarixli «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsində və AR Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni xx xxxxxx 2019 tarixdən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Bu fakt öz təsdiqini müharibə veteranı vəsiqəsində yazılan “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir’ ’müddəasında da tapır. Yəni, güzəşt və imtiyazlardan istifadə hüququnun yaranması vəsiqənin sahibi olmaq anıyla şərtləndirilmişdir. Şəxsin müharibə veteranı statusunu almaq üçün döyüşlərdə iştirak etməsi bizim üçün mübahisə predmeti deyildir, lakin şəxsin «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması) onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Məhkəmə öz qərarında qeyd etmişdir ki, “vəsiqənin verilməsi əsasını iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməsi təşkil etmişdir. Deməli, iddiaçının müvafiq müavinət almaq hüququ məhz həmin tarixdən yaranmışdır.” Lakin bu mövqe tamamilə əsassızdır. Məhkəmənin özünün də qeyd etdiyi kimi döyüş fəaliyyəti vəsiqənin verilməsi üçün hüquqi əsas olmuşdur. Lakin məhkəmənin bu hüquqi əsası həm də sosial müavinətin təyin olunması üçün əsas kimi hesab etməsi heç bir normativ müddəaya əsaslanmamaqla yanaşı «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsinə də ziddir. Çünki həmin maddə veteranlar üçün güzəştlərin tətbiq edilməsinin hüquqi əsasının veteran vəsiqəsinin təqdim olunması olduğunu aydın şəkildə təsbit etmişdir. Belə ki, döyüş fəaliyyəti veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsas, veteran vəsiqəsi isə müavinətin təyin olunması öçün hüquqi əsasdır. Oxşar mövqe müharibə əlilinə təqaüdün ödənilməsiylə bağlı Ali Məhkəmənin 2-1(102)-575/2018 saylı qərarında və digər qərarlarında əks olunmuşdur. Həmin qərarda hüququn yarandığı anın müəyyən olunması aşağıdakı kimi əsaslandırılmışdır: “Hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin Təqaüdü təyin edilməsinə əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əiaqədar üçüncü dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikasının Prezidentinin Təqaüdünü almaq hüququ ona üçüncü dərəcə əlillik təyin edildiyi andan yəni, xx.xx.2016-cı il tarixdən yaranmışdır.” Ali Məhkəmənin bu qərarından da aydın görünür ki, müharibə əlili statusunun verildiyi an döyüşlərdə iştirak anı deyil, əlilliyin müəyyən olunduğu andır və həmin andan da təqaüdü almağa hüquq yaranmış hesab olunur. Nəzərə alsaq ki, müharibə əlillərinin onların xüsusi statusuna görə aldıqları ödənişlərə hüququnun yaranması anı (müharibə əlili statusunun yarandığı an) kimi onların döyüş əməliyyatlarında iştirak etdiyi deyil, əlilliyinin rəsmiləşdirildiyi (müəyyən olunduğu) an müəyyən olunur, eyni yanaşma müharibə veteranları üçün də tətbiq olunmalıdır. Çünki aşağıdakı əsaslara görə bu münasibətlər tamamilə analoji münasibətlərdir: Hər iki kateqoriyadan olan şəxslərin xüsüsi statusunun yaranması üçün əsas (müharibə veteranı və müharibə əlili statusu) vətənin bütövlüyü uğrunda döyüşlərdə iştirak olmuşdur, hər iki kateqoriya şəxsin statusu rəsmiləşdirilir (müharibə əlillərində əllilik arayışı ilə, veteranlarda veteran vəsiqəsi ilə). Bütün bu faktlar birmənalı şəkildə göstərir ki, müharibə veteranlarının da xüsusi statusu,yəni qanunvericilikdə onlar üçün müəyyən edilmiş istənilən hüquq ,o cümlədən, sosial ödənişləri almağa hüquq müharibə əlillərində olduğu kimi, onların xüsusi statusunun rəsmiləşdirildiyi anda, yəni vəsiqənin verildiyi anda yaranmış olur. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Veteranlar haqqında» AR xx xxxx 1994-cü il tarixli 841 nömrəli Qanununun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun (Qanunun x xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmişdir) 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.3-cü maddəsinə görə bu Qanunla nəzərdə tutulmuş bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 257 nömrəli Fərmanının 1-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə qərara alınmışdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının “müharibə veteranı” adı və vəsiqəsi alması və ona müavinət verilməsi (vəsiqəsinin alındığı vaxtdan etibarən) işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi xx xxxxxx 2019cu il tarixdən əvvəlki üç il üzrə verilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaətinə görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi xx xxxxxx 2019-cu il tarixdə verilsə də, həmin tarixdən əvvəlki dövrdə iddiaçı “müharibə veteranı” statusuna malik olmadığından, ona həmin tarixdən əvvəlki 3 ilik müddət üzrə müavinətin və təqaüdün ödənilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur və bu imtina qanuna zidd sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin X1rşı «iddiaçıya keçmiş müddət üzrə təqaüdün hesablanaraq ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin X1rşı «iddiaçıya keçmiş müddət üzrə təqaüdün hesablanaraq ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar