Məhkəmə qərarları › İş №2-1(112)-5969/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5969/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5969/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması və avtomobilin axtarışına xitam verilməklə, məhdudiyyətin götürülməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "BMW X-6" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı, universal tipli. № WBAFH10900B42934 ban nömrəli, qara metallik rəngli, 2014-cü il buraxılışlı avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin axtarışına xitam verilməklə üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə 9-cu mkr-da yerləşən avtomobil satışı salonundan 37.000 ABŞ dollarına X8 adlı şəxsdən "BMW X-6" markalı **- TX-*** dövlət qeydiyyat nişanlı, universal tipli. WBAFH10900B42934 ban nömrəli, qara metallik rəngli, 2014-cü il buraxılışlı avtomobil almışdır və Moskva şəhərində yaşadığından bacanağı X2 həmin avtomobilə dair etibarnamə vermişdir. Maddi imkanı çətin olduğundan 2021-ci ilin noyabr ayında həmin avtomobili satmaq qərarına gəlmişdir. Bu məqsədlə bacanağı X1 xahiş etmişdir ki, həmin avtomobili sürüb Azərbaycan Respublikası BDYPİnə aparsın. X3 həmin avtomobili BDYPİ-nə aparan zaman ona zəng edərək məlumat vermişdir ki. avtomobil 21 noyabr 2021-ci il tarixdə təkrar qeydiyyat üçün BDYPİ-nə təqdim edilmiş və avtomobilin texniki müayinəsi keçirilən zamanı avtomobilin İnterpol xətti ilə Almaniya dövləti tərəfindən axtarışda olması aşkar edilmişdir. Bundan sonra fakt üzrə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində onun əməlində cinayət tərkibi olmadığından vicdanlı alıcı hesab edilməklə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona avtomobilin üzərində mülkiyyət hüququnun tanınması üçün mülki qaydada məhkəməyə müraciət etməsi izah olumuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1978-ci ildə Gədəbəy rayonu, Yenikənd kəndində doğulmuş Şirinov X9 rayonu Yenikənd kəndində qeydiyyatdadır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Gədəbəy rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçı nümayəndəsi və vəkili X10 hazırki işin aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması və avtomobilin axtarışına xitam verilməklə, məhdudiyyətin götürülməsi tələbinə dair 2-1(112)-5969/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar