Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-597/2022 19.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, böyük hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin xx.xx.2020-ci il tarixli **********197876 nömrəli “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görəməsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, növbədənkənar səyyar vergi yoxlaması VM-nin 38.3.5-ci maddəsində qeyd edilmiş əsasla başlasa da, həmin əsasların olmasını təsdiq edən sənədlər mövcud olmamış, vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının başlanması haqqında qərarında formal olaraq VM-nin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, yoxlamanın başlanması üçün əsas olan mənbəyi bəlli məlumatın nədən ibarət olduğunu, bu məlumatı təsdiq edən zəruri sənədlərə və ya sübutlara əsaslanmamış, ümumiyyətlə yoxlamanın qeyd olunan əsasla həyata keçirilməsini əsaslandırmamışdır. Vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 gün, yəni 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Halbuki, VM-in 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq göstərilmiş, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamışdır. Bundan başqa, səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan dayandırılmışdır. Belə ki, vergi orqanı yoxlamanın xx.xx.2018-ci il tarixdən başlanmasından təxminən 10 ay keçdikdən sonra xx.xx.2019-cu il tarixdə 30 gün müddətinə yoxlamanın vergi orqanının təşəbbüsü ilə ekspertizanın keçirilməsi əsası ilə dayandırılması barədə qərar qəbul etmişdir. Yoxlama aktının məzmunundan görünür ki, vergi orqanı tərəfindən ekspertizanın keçirilməsi barədə qərarın qəbul edilməsinə zərurət olmamışdır. Vergi orqanı yoxlama zamanı ilkin olaraq ekspertizanın keçirilməsi məqsədilə qərar qəbul etsə də, daha sonra ekspert rəyinə ümumiyyətlə ehtiyac qalmadığı qənaətinə gəlmişdir. Lakin buna baxmayaraq vergi orqanı qanunsuz və əsassız olaraq xx.xx.2019-cu il tarixdə 30 gün müddətinə vergi orqanının təşəbbüsü ilə ekspertizanın keçirilməsi əsası ilə dayandırılması barədə qərar qəbul etmişdir. Bundan əlavə, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181307973 saylı çıxarışdan görünür ki, yoxlamanın başa çatma tarixi xx.xx.2018 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2020-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181307973 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyetrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə qərarlar ümumiyyətlə düzgün tarixlərdə qeydiyyata alınmamışdır. Həmçinin, vergi orqanının xx.xx.2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. Yoxlamanın qeydiyyata alınmasına dair çıxarışda isə yalnız yoxlamanın başlanması haqqında qərarda adı olan yoxlayıcı X16 barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilmiş, yoxlamanı bundan sonra aparan yoxlayıcılar X11 və X7 barəsində heç bir məlumat mövcud olmamışdır. Bundan başqa, yoxlama zamanı vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. Belə ki, vergi orqanı xx.xx.2018-ci il tarixdə cəmiyyətə tələbnamə təqdim edərək yoxlama üçün zəruri olan sənədlərin təqdim edilməsini tələb etmiş və cəmiyyət yoxlamaya aid olan bütün sənədləri vergi orqanına təqdim etmişdir. Belə ki, vergi orqanı yoxlama aktında cəmiyyət tərəfindən sənədlərin qimsən təqdim edildiyini göstərsə də, bununla bağlı sənədlərin qismən təqdim edilməsi barədə akt əvəzinə, sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib etmiş, tələbnamə üzrə nəzərdə tutulmuş hansı sənədlərin cəmiyyət tərəfindən təqdim edilmədiyini ümumiyyətlə qeyd etməmişdir. Eyni zamanda, səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi vergi qanunvericiliyinin kobud pozulması ilə həyata keçirilmişdir. Belə ki, vergi orqanı vergi qanunvericilik normalarına əməl etməyərək aktı vergi ödəyicisinə tanış olması, imzalanması və müvafiq qeydlərin aparılması üçün təqdim etməmiş və bununla da kobud qanun pozuntusuna yol verərək cəmiyyətin hüquqlarını məhdudlaşdırmışdır. Həmçinin, məsuliyyətə cəlb edilməsi haqqında qərar VM-nin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlamanın materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarı ümumiyyətlə əsaslandırılmamış, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qeyd edilməsi ilə kifayətlənmiş, habelə qeyd olunan qərarın surəti cəmiyyətə bu günədək təqdim edilməmişdir. Bundan başqa, vergi orqanı vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş 3 illik müddəti keçirməklə əlavə vergilər hesablamış və maliyyə sanksiyaları tətbiq etmişdir. Belə ki, 1 yanvar 2020-ci il tarixdə qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yeni redaksiyası 1 yanvar 2020-ci il tarixdən əvvəl başlamış səyyar vergi yoxlamalarına vergi ödəyicisinin vəziyyətinin ağırlaşdırdığı üçün tətbiq edilə bilməz. Vergi orqanı isə qanunvericiliyinin normalarını özünə uyğun tərzdə başa düşərək hesabat dövründən 3 illik müddət keçmiş vergiləri və maliyyə sanksiyaları hazırkı halda iddiaçının üzərinə qoymuşdur. Belə ki, səyyar vergi yoxlaması aktına nəzər yetirilsə görünür ki, aşağıdakı qeyd olunan vergilərin və maliyyə sanksiyaların 3 illik müddəti keçmişdir: 2016-cı ilin sentyabr-oktyabr, 2017-ci ilin yanvar ayları üzrə ƏDV üzrə - 68 746,10 manat (2016-cı il sentyabr – 30 346,70 +2016-cı il oktyabr – 25 015,33 + 2017-ci il yanvar – 13 384,07) vergi və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 34 373.05 manat maliyyə sanksiyası (ümumilikdə 103 119,15 manat). Bundan başqa, vergi orqanı iş üzrə faktiki halları tam araşdırmadan və mövcud məsələyə vergi qanunvericiliyi baxımından düzgün qiymət vermədən əlavə vergilərin hesablanmasını həyata keçirmişdir. Belə ki, cəmiyyətin dövriyyəsinin bir hissəsi malların topdan satışından formalaşdığı halda, digər bir hissəsi isə nəzarət kassaaparatına mədaxil olunmaqla malların pərakəndə satışı təşkil etmişdir. Vergi orqanı isə yalnız pərakəndə satılmış malların miqdarını, qiymətini və ticarət əlavəsini müəyyən etmək mümkün olmadığını əsas kimi gətirmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etmədən birbaşa 67.14-cü maddəsini tətbiq etmişdir. Cavabdeh vergi orqanı isə VM-nin 67-ci maddəsində göstərilən ardıcılığa əməl etmədən, yəni əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin uçot və hesabat məlumatlarından istifadə etmədən birbaşa VM-nin 67.14-cü maddəsini tətbiq etməklə vergilərin hesablanmasını həyata keçirmişdir ki, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Əlavə dəyər vergisi üzrə səyyar vergi yoxlaması aktında vergi orqanı burada da eyni pozisiya üzrə vergilərin hesablanmasını həyata keçirmişdir. Belə ki, yoxlama aktının ƏDV-yə aid hissədə hesablamanın əsas mahiyyəti cəmiyyət tərəfindən satış dövriyyəsinin düzgün göstərilməməsi qeyd edilsə də, bu düzgün göstərilməmə nədən ibarət olduğu ümumiyyətlə açıqlanmamış, pozuntu halların mahiyyəti izah edilməmiş və bu halları təsdiq edən sənədlərə istinad edilməmiş, yalnız sadə ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Vergi orqanı tərəfindən ƏDV üzrə 557.284,01 manat azaldılmasının və 338.688,45 manat artıq hesablanmasının (eyni zamanda şəxsi hesab vərəqəsində həmin anda mövcud olan 165.313,33 manat artıq ödəmənin) müəyyən edilməsinə baxmayaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə görə 278.642,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Halbuki, həmin normaya görə hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi müəyyən edilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil qanunsuz inzibati aktın ləğv edilməsinə dair iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Bundan başqa, iddia ərizəsinə əlavədə göstərilmişdir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsi olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə VM-nin 67-ci maddəsinin normalarının sıra ardıcılığı ilə tətbiq edilməli olmasını təsdiq etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3815/2021 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/5132 nömrəli rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı ilə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisənin aparıldığı əməliyyatlara görə dövlət büdcəsinə çatası mənfəət vergisinin və əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr ərzində (illər üzrə) topdan satış (elektron qaimə faktura əsasında) 2016cı il üzrə - 1.283.745,00 AZN, 2017-ci üzrə - 7.593.776,00 AZN, pərakəndə satış qaydasında (nəzarət kassa aparatı ilə) 2016-cı il üzrə 951.103,84 AZN, 2017-ci il üzrə 6.246.564,70 AZN müəyyən edilir. Qeyd olunmuş vergi məbləğlərindən (az hesablanmış) 2016-cı ilin sentyabr ayı üzrə 30346,7 manat, oktyabr ayı üzrə 25.015,33 manat, 2017-ci ilin yanvar ayı üzrə 13384,07 manat, ümumilikdə 68.746,01 manat məbləğində əlavə dəyər vergisi məbləğləri və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 34.373,05 manat maliyyə sanksiyasının 3 illik müddəti keçmişdir. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli qərardadla təyin edilmiş əlavə məhkəmə-mühasibat ekspertiza ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1134 nömrəli rəyindən görünür ki,ilkin ekspertiza zamanı tədqiqata müəssisənin fəaliyyətini özündə əks etdirən 23 qutu, 11 qovluq və 01 ədəd yaddaş kartından ibarət əlavə sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş ilkin mühasibat sənədlərini tədqiq edərək müəssisənin 2016 və 2017-ci illər üzrə (hesablama ekspertiza tədqiqatına təqdim edilmiş ilkin mühasibat sənədləri, vergi hesabatları və DSMF orqanına təqdim edilmiş hesabatlar və s. əsasında aparıldı) gəliri, gəlirin əldə edilməsi ilə bağlı xərcləri və mənfəətini (zərərini) aşağıdakı kimi müəyyən etmişdir: 2016-cı il üzrə Ümumi gəlir 2.303.940,8 manat; Cəmi xərclər 2.098.763,06 manat; Mənfəət 205.177,74 manat; Mənfəət vergisi 41.035,55 manat. 41.035,55 manat. 2017-ci il üzrə Ümumi gəlir 13.850.169,94 manat; Cəmi xərclər 13.256,330,41 manat; Mənfəət 593.839,23 manat; Mənfəət vergisi 118.767,85 manat. Hazırki ekspertiza tədqiqatı ilə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisənin aparıldığı əməliyyatlara görə dövlət büdcəsinə çatası mənfəət vergisinin və əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Beləliklə yuxarıda qeyd olunan ekspertiza rəylərindən göründüyü kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış vergi yoxlanılması vergi qanunvericiliyinin tələblərinin pozulması ilə aparılmış və ekspertiza rəylərindən müəyyən olunduğu kimi yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisənin aparıldığı əməliyyatlara görə dövlət büdcəsinə çatası mənfəət vergisinin və əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən yoxlama zamanı kobud maddi və prosessual pozuntulara yol verməklə yanaşı, iddiaçıya əlavə hesablanmış vergilər belə öz təsdiqini tapmamışdır ki, bu da bir daha yoxlamanın nəticəsi üzrə cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş məsuliyyətə cəlb etmə qərarının qanunsuz və əsassız olmasına dəlalət edir. İddiaçı göstərilənlərə əsasən cavabdeh tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə səyyar vergi yoxlaması aktı və vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinin tələbindən göründüyü kimi səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş müddətlərin iş günü kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. Vergi orqanı tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlər çərçivəsində yoxlama həyata keçirilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi qanunvericiliyi dayandırma əsaslarını müəyyən etmişdir və onlardan biri də ekspertizanın keçirilməsidir. Vergi orqanı isə yoxlamanın dayandırıması zamanı hər hansı qanun pozuntusuna yol verməmişdir. Həmçinin, vergi orqanı tərəfindən “sənədlərin qismən təqdim edilməsi barədə xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir və akt vergi ödəyicisi tərəfindən imzalanıb möhürlənməklə qəbul edilmişdir. Sadəcə səyyar vergi yoxlamsı aktında texniki səhv olaraq aktın adı düzgün qeyd edilməmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixli sənədlərin qismən təqdim edilməsi barədə aktda hansı sənədlərin təqdim edilməməsi, yoxlama aktının 1.9.4-cü bəndində hansı sənədlərin təqdim edilməsi və sənədlərin və nümunə kimi əşyaların götürülməsi protokolu barədə məlumatlar öz əksini tapmışdır. Bundan əlavə, həm səyyar vergi yoxlaması aktı və həm də məsuliyyətə cəlb edilməsi haqqında qərar iddiaçıya təqdim edilmiş və sonuncu tərəfindən imzalanıb möhürlənməklə qəbul edilmişdir. Həmçinin, vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi qərarın qəbul edilməsi şərtləri, əsasları və digər hallar səyyar vergi yoxlaması aktında kifayət qədər əsaslandırılmışdır. Vergi orqanında olan mövcud praktikada aktda qeyd edilənlər təkrarən məsuliyyətə cəlb edilmə qərarında əks etdirilmir. Eyni zamanda, yeni redaksiyada verilmiş 85.4-cü maddəsinə əsasən müəyyən edilən 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Nəzərə alsaq ki, yoxlama aktı və nəticələri barədə məsuliyyət qərarı qanun qüvvəyə mindikdən sonra qəbul edilmişdir, belə olan halda 3 illik yoxlama dövrünün bitməsinə istinad etmək əsassızdır. Bundan əlavə, vergi orqanı tərəfindən 67.14-cü maddənin tələbləri gözlənilməklə şərti rentabellik norması əsasında xərcə uyğun olaraq vergilər hesablanmışdır. Müvafiq olaraq pərakəndə satılmış malların dəyərini, miqdarını, ticarət əlavəsini müəyyən etmək mümkün olmadığından bu hal xərcə əsasən şərti rentabellik normasını tətbiq etməyə əsas vermişdir. Bununla yanaşı, yoxlama zamanı VM-nin 159.1-ci və 161-ci maddələrinin tələbləri pozulmuşdur. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən satış dövriyyəsi düzgün göstərilməmiş və nəticədə büdcəyə çatası ƏDV məbləği 260 572,38 (1447624,43 x 18%) manat məbləğində azaldılmışdır. Eyni zamanda, VM-nin 175.1.2-ci maddəsinin tələblərinin pozulması nəticəsində əvəzləşdirilməli olan (idxal edilmiş mallara görə) 41 976,85 manat ƏDV məbləği əvəzləşdirilməmişdir. Yoxlama zaman həmin ƏDV məbləği VM-nin 175.1.2-ci maddəsinə müvafiq olaraq əvəzləşdirildi. Göstərilənlərə əsasən cavabdeh vergi orqanı iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh həmçinin iddia müddətinin tətbiqinə dair ərizə verərək bildirmişdir ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan xx.xx.2020-ci il tarixli **********197876 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görəməsuliyyətə cəlb edilməsi haqqında” qərar elə həmin gün, yəni xx.xx.2020-ci il tarixdə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 təqdim edilmiş və sonuncu tərəfindən imzalanıb möhürlənməklə qəbul edilmişdir.Lakin iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edilərək, qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə vergi orqanına səyyar vergi yoxlaması ilə əlaqədar şikayət məktubu ünvanlamış, daha sonra isə xx.xx.2020-ci il tarixdə həmin şikayət məktubunun ləğv edilməsinə dair təkzibedici məktub göndərmişdir. Şikayət geri götürüldüyünə görə inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli **********500700 nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərar qəbul etmişdir. Həmin qərardan nə yuxarı vergi orqanına, nə də məhkəməyə şikayət verilməmişdir. Daha sonra iddiaçı yenidən xx.xx.2020-ci il tarixdə səyyar vergi yoxlamasından narazılıq barədə vergi orqanına şikayət ünvanlamışdır. İddia ərizəsində xx.xx.2020-ci il tarixli şikayət məktubuna vergi orqanı tərəfindənxx.xx.2020-ci il tarixdə cavab verilməklə inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulduğu bildirilir. İddiaçının xx.xx.2020-ci il tarixli şikayət məktubu ilə əlaqədar iddiaçıya “Araşdırmada iştirak etmə haqqında” teleqram ünvanlanmışdır. Lakin vergi ödəyicisi araşdırmada iştirak etmədiyi səbəbindən xx.xx.2020ci il tarixdə “Sənədlərin təqdim edilməsi barədə” və sənədlər təqdim edilmədiyinə görə xx.xx.2020-ci il tarixdə “Müddət axımının dayandırılmasına dair” məktublar göndərilmişdir. Habelə bildirilir ki, külli miqdar təşkil edən 692.139,34 manat məbləğində vergilərin qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə, İddiaçı MMC-nin direktoru X4 barəsində başlanmış cinayət işi, bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən rədd edilmiş və xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasından bəraətverici olmayan əsasla rədd edilmişdir. Habelə iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə cavablandırılaraq, iddiaçıya “Müraciətə baxılması haqqında” məktub göndərilmişdir. İddiaçı iddia ərizəsində vergi orqanının xx.xx.2021-ci il tarixli "Müraciətə baxılması haqqında" məktubuna istinad ederek, məhkəməya müraciət edilmesi üçün qanunverciliklə müəyyən edilmiş müddəti ötürmədiyini bildirir. Məhkəmənin diqqətinə çatdırılır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla, vergi ödəyicisinin dəfələrlə inzibati orqana müraciət etməsi məhkəməyə müraciət etmə ilə bağlı müddət axımının dayandırılmasına əsas vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1, 38.1 və “İnzibati icraat Haqqında” Qanunun 73-cü maddələrinə əsasən qeyd olunur ki, iddiaçı inzibati orqana xx.xx.2020-ci il tarixdə, məhkəməyə isə xx.xx.2021ci il tarixdə müraciət etməklə, qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********167194 saylı qərarı ilə İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 14 yanvar 2020-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması aktı ilə mənfəət vergisinin 2016-cı ildə 56203,1 manat, 2017-ci ildə 451035,58 manat azaldılması, ƏDV-nin 2016-cı ilin yoxlanılan dövründə 55362,03 manat azaldılması və 99673,05 manat artıq hesablanması, 2017-ci ildə 29311,69 manat azaldılması və 73556,26 manat artıq hesablanması, 2018-ci ilin yoxlanılan dövründə 203610,29 manat azaldılması və 165459,14 manat artıq hesablanması, 2016-cı ilin yoxlanılan dövründə sadələşdirilmiş verginin 33807,7 manat artıq hesablanması və 2017-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin 112,8 manat azaldılması müəyyən edilmişdir. Vergi orqanı tərəfindən qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərar qəbul edilmiş və cəmiyyətə 692139,34 manat əlavə vergi hesablanmış və 497944,71 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 62.3-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Eyni zamanda, iddiaçı barəsində keçirilən yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarın 2-ci bəndində göstərilmişdir ki, qərarın təqdim edildiyi vaxtdan İMPnin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya VM-nin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı çıxarmış vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər. İddiaçı isə ilkin olaraq qərarı aldığı 3 mart 2020-ci il tarixdən növbəti gün 4 mart 2020-ci il tarixdə yoxlamadan narazılıq barədə şikayət versə də, daha sonra şikayəti daha əsaslı və qanuni tərtib edilməsi üçün vaxt tələb edildiyi üçün 13 mart 2020-ci il tarixdə həmin şikayəti geri götürmüş və nəticə etibarı ilə 14 aprel 2020-ci il tarixdə yuxarı vergi orqanı “Şikayətin baxılmamış saxlanılması barədə” qərar qəbul etmişdir. İddiaçı isə yeni şikayət tərtib edərək 1 may 2020-ci il tarixdə yenidən yuxarı vergi orqanına şikayət təqdim etmiş və bununla da qanunla ona verilmiş 3 aylıq şikayət etmə müddətini ötürməmişdir. Məhz bu səbəbdən də yuxarı vergi orqanı şikayəti icraata qəbul edərək araşdırma aparmağa başlamışdır. Əgər iddiaçı 3 aylıq şikayət etmə müddətini ötürsəydi yuxarı vergi orqanı həmin şikayəti müddətin ötürməsi əsası ilə baxılmamış saxlayacaqdı. Qeyd olunan 3 aylıq müddət ötürülmədiyi üçün yuxarı vergi orqanı iddiaçı tərəfindən 1 may 2020-ci il tarixində verilmiş şikayətə baxaraq düz 96 gün sonra, yəni inzibati icraat qanunvericiliyi ilə şikayətlərə baxılması müddətləri kobud pozulmaqla 4 avqust 2020-ci il tarixdə cəmiyyətə işin həlli üçün zəruri sənədlər araşdırmaya təqdim edilmədiyi səbəbi ilə formal mülahizələrə istinad edilərək inzibati şikayət üzrə müddətin axımının dayandırılması barədə məktub təqdim edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-ci maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Eyni Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, inzibati şikayətə baxan inzibati orqan təqdim olunmuş sübutlar yetərli olmadıqda öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhz qeyd olunan qanunvericilik normaların tələbləri rəhbər tutulmaqla və yoxlama ilə bağlı bütün sənədlərin yoxlamanın aparıldığı vaxtda vergi orqanına təqdim edildiyi bildirilməklə iddiaçı tərəfindən 30 dekabr 2020-ci il tarixdə şikayət idarəsinə məktubla müraciət edilərək inzibati şikayət üzrə icraatın bərpa edilməsi və inzibati şikayətin mahiyyəti üzrə müvafiq qərar qəbul edilməsi xahiş edilmiş, yuxarı vergi orqanı isə müraciətə baxılması və qanunla nəzərdə tutulmuş müddətdə cavab veriləcəyi barədə məktub göndərsə də, daha sonra 8 yanvar 2021-ci il tarixdə iddiaçının şikayət üzrə icraatın bərpasına dair müraciətinə cavab məktubu təqdim edərək göstərmişdir ki, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş inzibati akt cinayət prosesinin tərtib hissəsi olduğundan və inzibati icraat haqqında qanunvericiliyinin predmeti təşkil etmədiyindən iddiaçının inzibati şikayətinə baxıla bilməz. Şikayət idarəsi cavab məktubunda belə qənaətə gəlməyini iddiaçı tərəfindən yoxlamanın nəticəsi üzrə hesablanmış vergilərin dövlət büdcəsinə tam ödənilməsi və bu səbəbdən də vergidən yayınma faktı üzrə başlanmış cinayət işinin rədd edilməsi ilə bağlı qərarın qəbul edilməsi ilə əsaslandırmağa çalışmışdır. İddiaçı səyyar vergi yoxlamasının nəticəsi üzrə hesablanmış vergilər ilə razı olmadığı üçün həmin yoxlamanın nəticəsini inzibati qaydada mübahisələndirmiş, eyni zamanda başlanmış cinayət işinə xitam verilməsi və VM-nin 63.2ci maddəsinin tələblərinə əməl edilməsi məqsədi ilə həmin vergilərin tam olaraq dövlət büdcəsinə ödənilməsini təmin etmişdir. Lakin vergilərin dövlət büdcəsinə ödənilməsi heç də həmin vergilərin hesablanmasının qanuni və əsaslı olmasına, eləcə də həmin vergilərin hesablanmasına cəmiyyətin razı olmasına dəlalət edə bilməz. Beləliklə, qeyd olunanlardan görünür ki, şikayət idarəsində inzibati şikayətə 1 may 2020-ci il tarixdən 4 avqust 2020-ci il tarixədək, yəni 96 gün baxılıb, 4 avqust 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək, təxminən 5 ay müddətində inzibati şikayət üzrə icraatın axımı dayandırılmış və iddiaçının 30 dekabr 2020-ci il tarixli şikayət üzrə icraatın bərpa edilməsi ilə bağlı müraciətdən sonra 8 yanvar 2021-ci il tarixdə şikayətin mahiyyəti üzrə müvafiq qərar qəbul etmək əvəzinə, cinayət işinin rədd edilməsi barədə qərarın qəbul edilməsini əsas gətirməklə inzibati şikayətə baxılmaqdan əsassz və qanunsuz olaraq imtina edilmiş və bununla bağlı iddiaçıya yalnız formal mülahizələrə əsaslanan cavab məktubu təqdim etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Göründüyü kimi, qanunvericiliyinin tələblərinə görə inzibati aktdan şikayət verildiyi halda şikayət instansiyası hər bir halda şikayətə müəyyən edilmiş müddətlər ərzində baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Hazırkı halda isə yuxarı şikayət instansiyası qanunvericiliyinin tələblərini kobud pozaraq şikayətin mahiyyəti üzrə qərar qəbul etməkdən imtina etmiş və formal cavab məktubunun təqdim edilməsi ilə kifayətlənmişdir.Məlumdur ki, “İnzibati icraat haqqında” Qanunun 78.2-ci maddəsinə görə şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası tərəfindən yalnız 8 yanvar 2021-ci il tarixdə cavab verildiyindən iddiaçı həmin cavab məktubundan qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddətini ötürmədən 19 yanvar 2021-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərtiiddia müddətinə riayət edilməsidir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər İddiaçının hazırda mübahisələndirilən inzibati aktdan verdiyi inzibati şikayətə yuxarı şikayət idarəsi tərəfindən 1 may 2020-ci il tarixindən 4 avqust 2020-ci il tarixinədək baxılıb, 4 avqust 2020-ci il tarixindən 30 dekabr 2020-ci il tarixinədək inzibati şikayət üzrə icraatın axımının dayandırdığını, iddiaçının 30 dekabr 2020-ci il tarixli şikayət üzrə icraatın bərpa edilməsi ilə bağlı müraciətdən sonra 8 yanvar 2021-ci il tarixdə iddiaçıya cavab məktubunun təqdim edildiyini, iddiaçının isə 19 yanvar 2021-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə iddia qaldırdığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Beləliklə, iddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili ŞərifovElvinNurəddin oğlu iddia ərizəsində göstərilən məzmunda çıxış edərəkiddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5oğlu iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərəkiddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********167194 saylı qərarına əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama ilə əhatə olunan vergi dövrü: aprel 2016- avqust 2018 Cavabdehin tərtib etdiyi 14 yanvar 2020-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktına əsasən mənfəət vergisinin 2016-cı ildə 56203,1 manat, 2017-ci ildə 451035,58 manat azaldılması, ƏDV-nin 2016-cı ilin yoxlanılan dövründə 55362,03 manat azaldılması və 99673,05 manat artıq hesablanması, 2017-ci ildə 29311,69 manat azaldılması və 73556,26 manat artıq hesablanması, 2018-ci ilin yoxlanılan dövründə 203610,29 manat azaldılması və 165459,14 manat artıq hesablanması, 2016-cı ilin yoxlanılan dövründə sadələşdirilmiş verginin 33807,7 manat artıq hesablanması və 2017-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin 112,8 manat azaldılması müəyyən edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərarına əsasən iddiaçıya 692139,34 manat əlavə vergi hesablanması və 497944,71 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. İddiaçının 4 mart 2020-ci il tarixli inzibati şikayətindən görünür ki, iddiaçı yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərardan narazıdır və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının 13 mart 2020-ci il tarixdə yuxarı şikayət idarəsinə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı həmin inzibat şikayəti geri götürmüş və nəticə etibarı ilə 14 aprel 2020-ci il tarixində yuxarı vergi orqanı “Şikayətin baxılmamış saxlanılması barədə” qərar qəbul etmişdir. İddiaçının 1 may 2020-ci il tarixli inzibati şikayətindən görünür ki, iddiaçı yenidən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərardan şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin 4 avqust 2020-ci il tarixli cavab məktubuna əsasən iddiaçıya işin həlli üçün zəruri sənədlərin təqdim edilmədiyi səbəbindən iş üzrə icraatın axımının dayandırılması bildirilmişdir. İddiaçının 30 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı inzibati şikayət üzrə icraatın bərpa edilməsi və inzibati şikayətin mahiyyəti üzrə müvafiq qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçının şikayəti üzrə icraatın bərpasına dair məktubuna cavabdehin 8 yanvar 2021-ci il tarixli cavab məktubuna əsasən səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş inzibati akt cinayət prosesinin tərtib hissəsi olduğundan və inzibati icraat haqqında qanunvericiliyinin predmeti təşkil etmədiyindən iddiaçının inzibati şikayətinə baxıla bilməməsi bildirilmişdir. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı 25 yanvar 2021-ci il tarixdəcavabdehin qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərarın ləğv edilməsi barədə iddia qaldırmışdır. Vergi qanunvericiliyinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 23-cü maddəsində isə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək kimi vergiorqanlarının hüquqlarınəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, hazırkı iş üzrə növbədənkənar vergi yoxlaması cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli **********167194 saylı qərara əsasən başlamış və həmin qərarda yoxlamanın növbədənkənar olduğu və Vergi Məcəlləsinin 23 və38-ci maddələrinə əsasən başlandığı qeyd edilmişdir. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə.38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda;38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə.38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın öz səlahiyyətlərindən düzgün istifadə etdiyi, qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin səyyar vergi yoxlamasının başlanması, yoxlma müddətlərin uzadılması qərarlarından göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyriiş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Həmçinin, qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minəndəyişikliklərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni 1 yanvar 2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Göstərilən qanun dəyişikliyi cavabdeh vergi orqanın səyyar vergi yoxlamaların təqvim və ya iş günləri ilə aparılmasına dair irəli sürdüyü dəlillərin əsassız olmasına bilavasitə dəlalət edir. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Sadalanan normaların məzmunundan göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181307973 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2018, sona çatma tarixi xx.xx.2018 tarixidir. Halbuki, yoxlama xx.xx.2018-ci il tarixində başlasa da, yoxlama müddəti 7 dəfə dayandırılmış (təxirə salınmışdır), iki dəfə artırılmış, bir dəfə əlavə vergi yoxlaması təyin edilmiş və yalnız yoxlamanın başlanmasından 1 ildən çox müddət (təxminən 1 il 2 ay 10 gün) keçdikdən sonra xx.xx.2020-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2018 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2020-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181307973 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyestrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə qərarlar ümumiyyətlə düzgün tarixlərdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (46 gün müddətinə), halbuki yoxlamanın müddəti iki dəfə xx.xx.2019-cu il tarixdə 30 gün uzadılmış, müddət uzatma qərarı qəbul edildiyi andan 1 gün sonra xx.xx.2019-cu il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. Eyni zamanda, yoxlama xx.xx.2019-cu il tarixdə 30 gün uzadılmış, lakin müddət uzatma qərarı yoxlamaların reyestr məlumatlarında ümumiyyətlə qeydiyyata alınmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, vergi orqanının xx.xx.2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. Beləliklə, əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.13-cü yarımbəndinə görə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar sırasındadır. Belə ki, vergi orqanının 26 oktyabr 2018-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarla səyyar vergi yoxlamasının aparılması yoxlayıcı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 3-cü şöbəsinin dövlət vergi müfəttişi X15 həvalə edilmişdir. Daha sonra, vergi orqanının xx.xx.2019-cu il tarixli **********187284 nömrəli qərarı ilə yoxlamanın başlanması haqqında qərara dəyişiklik edilmiş və yoxlamanın aparılması həmin nazirliyin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin baş dövlət vergi müfəttişi X8 və Vergi auditi idarəsinin Nəqliyyat, rabitə və informasiya texnologiyaları sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi X2 tapşırılmışdır. Göründüyü kimi, yoxlama məhz yoxlayıcılar X9 və X6 tərəfindən aparılmış və səyyar vergi yoxlaması aktı da sonuncular tərəfindən tərtib edilərək müvafiq qaydada imzalanmışdır. Yoxlamanın qeydiyyata alınmasına dair çıxarışda isə yalnız yoxlamanın başlanması haqqında qərarda adı olan yoxlayıcı X16 barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilmiş, yoxlamanı bundan sonra aparan yoxlayıcılar X11 və X7 barəsində heç bir məlumat mövcud deyil. Bu isə yeni cəlb edilmiş yoxlayıcılar ilə aparılan bütün yoxlama hərəkətlərin qanunsuz və əsassız olmasına dəlalət edir. Göründüyü kimi, qeyd olunan Əsasnamənin tələblərinə zidd olaraq, yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlamaya sonradan cəlb edilmiş yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi barədə məlumatlar reyestr məlumatlarına daxil edilməmişdir. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə 3 mart 2020-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bundan başqa, səyyar vergi yoxlaması aktından görünür ki, 2016-cı ilin sentyabroktyabr, 2017-ci ilin yanvar ayları üzrə ƏDV üzrə - 68 746,10 manat (2016-cı il sentyabr – 30 346,70 +2016-cı il oktyabr – 25 015,33 + 2017-ci il yanvar – 13 384,07) verginin və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 34 373.05 manat maliyyə sanksiyasının (ümumilikdə 103 119,15 manat) 3 illik müddəti keçmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beli ki, Vergi Məcəlləsinin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin, Məcəllənin 177.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Həmin Məcəllənin 177.2-ci maddəinsə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Sözügedən normalardan göründüyü kimi, 2016-cı ilin sentyabr-oktyabr, 2017-ci ilin yanvar ayları üzrə cəmiyyət tərəfindən ƏDV hesabatının təqdim edilməsi müddəti müvafiq olaraq 2016-cı ilin oktyabr və noyabr ayının, 2017-ci ilin fevral ayının 20-də bitmişdir. Belə olan halda, 20 oktyabr və 20 noyabr 2016-ci il, 20 fevral 2017-ci il tarixlərdən 3 illik müddətin son günü müvafiq olaraq 20 oktyabr və 20 noyabr 2019-cu il, 20 fevral 2020-ci il tarixlərə təsadüf edir. 1 yanvar 2020-ci il tarixədək mövcud olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinin məzmununa görə vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Qanunvericiliyinin tələblərindən göründüyü kimi, 1 yanvar 2020-ci il tarixədək olan əvvəlki qanunvericiliyə əsasən əgər vergi ödəyicisi hər hansı dövr üzrə vergi öhdəliklərini yerinə yetirməyibsə və bu qanun pozuntusu vergi orqanı tərəfindən aşkar edilmişdirsə, həmin vergi öhdəliklərinin yerinə yetirilməsinin aid edildiyi hesabat dövründən 3 illik müddətin axımı vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edildiyi tarixədək hesablanırdı. Başqa sözlə, məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyi tarixdə vergi öhdəliklərinin aid edildiyi hesabat dövründən 3 il müddət keçmişdirsə, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi öhdəlikləri yaradıla və vergi məsuliyyətinə cəlb edilə bilməzdi. Yəni, səyyar vergi yoxlamasının aparıldığı müddət də həmin 3 illik müddətə daxil edilirdi. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən yeni qanunvericiliyə əsasən vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi qərarının çıxarılmasından asılı olmayaraq 3 illik müddət yalnız səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qəbul edildiyi vaxtan əvvəlki dövrə aid edildi. Başqa sözlə desək, artıq yeni qanunvericiliklə yoxlamanın aparılması müddəti 3 illik müddətə daxil edilmədi. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar 26 oktyabr 2018-ci il tarixdə, yəni yeni qanunvericilikdən əvvəl qəbul edildiyini nəzərə alaraq hazırkı yoxlama üzrə də əlavə vergi öhdəliklərinin yaradılması və məsuliyyətə cəlb edilməsi Vergi Məcəlləsinin 56.1-ci maddəsinin əvvəlki redaksiyasına uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyi 3 mart 2020-ci il tarixədək yoxlamanın aparılması müddəti də 3 illik müddətlə əhatə edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliklər yalnız həmin tarixdən sonra başlamış səyyar vergi yoxlamalarına aid ediə bilər. Belə ki, qeyd olunan müddəa Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə görə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, 1 yanvar 2020-ci il tarixdə qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yeni redaksiyası 1 yanvar 2020-ci il tarixdən əvvəl başlamış səyyar vergi yoxlamalarına vergi ödəyicisinin vəziyyətinin ağırlaşdırdığı üçün tətbiq edilə bilməz. İş üzrə səyyar vergi yoxlama materiallarına əsasən müəyyən edilir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində hesablama əsasən mənfəət vergisi və ƏDV üzrə aparılmışdır. Belə ki, iddiaçı yoxlama ilə əhatə olunan 2016-2017-ci illər üzrə vergi orqanına dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələrini təqdim edərək aşağıdakı kimi bəyan etmişdir: 2016-cı il üzrə Gəlirlər –2.303.940,80 manat, Xərclər –2.098.763,06 manat, Mənfəət – 205.177,74 manat; Mənfəət vergisi–41.035,55 manat. 2017-ci il üzrə Gəlirlər –13.850.169,64 manat; Xərclər –13.256.330,41 manat; Mənfəət -593.839,23 manat; Mənfəət vergisi–118.767,85 manat; İddiaçının 2016-cı il üzrə bəyan etdiyi 2.098.763,06 manat məbləğində xərclərin 1.901.793,78 manat hissəsi, 2017-ci il üzrə isə bəyan etdiyi 13.256.330,41 manat məbləğində xərclərin 10.812.763,08 manat hissəsi malların dəyəri xərclərini təşkil edir. Cavabdeh vergi orqanının yoxlamanın nəticəsi üzrə tərtib etdiyi səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, “Cəmiyyət tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə (anbar uçotunun hərəkəti barədə malların adlı mədaxil-məxaric sənədlərinə) əsasən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannamələrində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclərin tərkibində 2016-cı il üzrə malın dəyəri faktiki olaraq 1.888.537,07 manat olduğu halda, mənfəət vergisi bəyannaməsində malların dəyəri 1.901.793,78 manat və ya 13.256,71 manat artıq, 2017ci il üzrə isə malın dəyəri faktiki olaraq 11.841.145,92 manat olduğu halda, mənfəət vergisi bəyannaməsində malların dəyəri 10.812.763,08 manat və ya 1.028.382,84 manat əskik göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda, yoxlama zamanı təqdim edilmiş sənədlərə əsasən pərakəndə olaraq satılmış malların miqdarını, qiymətini və ticarət əlavəsinin müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən xərclərə görə şərti rentabellik tətbiq etməklə yoxlama zamanı 2016-2017-ci illər üzrə mənfəət vergisi yenidən hesablandı.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı yalnız pərakəndə satılmış malların miqdarını, qiymətini və ticarət əlavəsini müəyyən etmək mümkün olmadığını əsas kimi gətirmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etmədən birbaşa 67.14-cü maddəsini tətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.3-cü maddəsində təsbit edilmişdir ki, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Eyni zamanda, Vergi Məcəlləsinin 67.4-cü maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmçinin, Vergi Məcəlləsinin 67.14-cü maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Beləliklə, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında vergini hesablamadan əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8-ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsi olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə VM-nin 67 maddəsinin normalarının sıra ardıcılığı ilə tətbiq edilməli olmasını təsdiq etmişdir. Əlavə dəyər vergisi üzrə səyyar vergi yoxlaması aktında ƏDV-yə dair hissə ilə bağlı məhkəmə qeyd edir ki, vergi orqanı burada da eyni pozisiya üzrə vergilərin hesablanmasını həyata keçirmişdir. Belə ki, səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, “yoxlama təqdim edilmiş sənədlərə əsasən ......müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən satış dövriyyəsi düzgün göstərilməmiş və nəticədə büdcəyə çatası ƏDV məbləği 260.572,38 manat (1.447.624,43 * 18%) məbləğində azaldılmışdır. Eyni zamanda, ......əvəzləşdirilməli olan (idxal edilmiş mallara görə) 41.976,85 manat ƏDV əvəzləşdirilməmişdir. Yoxlama zamanı həmin məbləğ əvəzləşdirildi. Beləliklə, büdcəyə əlavə olaraq 218.595,53 manat (260.572,38 – 41.976,85) hesablandı və VM-nin 58.1-ci maddəsinə görə ayrı-ayrı aylar üzrə ümumulikdə 557.284,04 manat məbləğində vergilərin azaldıldığına görə 278.642,02 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olundu” Göründüyü kimi, yoxlama aktının ƏDV-yə aid hissədə hesablamanın əsas mahiyyəti iddiaçı tərəfindən satış dövriyyəsinin düzgün göstərilməməsi qeyd edilsə də, bu düzgün göstərilməmə nədən ibarət olduğu ümumiyyətlə açıqlanmamış, pozuntu halların mahiyyəti izah edilməmiş və bu halları təsdiq edən sənədlərə istinad edilməmiş, yalnız sadə ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən ƏDV üzrə 557.284,01 manat azaldılmasının və 338.688,45 manat artıq hesablanmasının (eyni zamanda şəxsi hesab vərəqəsində həmin anda mövcud olan 165.313,33 manat artıq ödəmənin) müəyyən edilməsinə baxmayaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə görə 278.642,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Halbuki, həmin normaya görə hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3815/2021 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/5132 nömrəli rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı ilə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisənin aparıldığı əməliyyatlara görə dövlət büdcəsinə çatası mənfəət vergisinin və əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr ərzində (illər üzrə) topdan satış (elektron qaimə faktura əsasında) 2016-cı il üzrə - 1.283.745,00 AZN, 2017-ci üzrə - 7.593.776,00 AZN, pərakəndə satış qaydasında (nəzarət kassa aparatı ilə) 2016-cı il üzrə 951.103,84 AZN, 2017-ci il üzrə 6.246.564,70 AZN müəyyən edilir. Yuxarıda qeyd olunmuş vergi məbləğlərindən (az hesablanmış) 2016-cı ilin sentyabr ayı üzrə 30346,7 manat, oktyabr ayı üzrə 25.015,33 manat, 2017-ci ilin yanvar ayı üzrə 13384,07 manat, ümumilikdə 68.746,01 manat məbləğində əlavə dəyər vergisi məbləğləri və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 34.373,05 manat maliyyə sanksiyasının 3 illik müddəti keçmişdir. Bundan əlavə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş əlavə məhkəmə-mühasibat ekspertiza ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1134 nömrəli rəyindən görünür ki, ilkin ekspertiza zamanı tədqiqata müəssisənin fəaliyyətini özündə əks etdirən 23 qutu, 11 qovluq və 01 ədəd yaddaş kartından ibarət əlavə sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş ilkin mühasibat sənədlərini tədqiq edərək müəssisənin 2016 və 2017-ci illər üzrə (hesablama ekspertiza tədqiqatına təqdim edilmiş ilkin mühasibat sənədləri, vergi hesabatları və DSMF orqanına təqdim edilmiş hesabatlar və s. əsasında aparıldı) gəliri, gəlirin əldə edilməsi ilə bağlı xərcləri və mənfəətini (zərərini) aşağıdakı kimi müəyyən etmişdir: 2016-cı il üzrə ümumi gəlir2.303.940,8 manat; cəmi xərclər 2.098.763,06 manat; mənfəət 205.177,74 manat; mənfəət vergisi 41.035,55 manat; 2017-ci il üzrə ümumi gəlir13.850.169,94 manat; cəmi xərclər 13.256,330,41 manat; mənfəət593.839,23 manat; mənfəət vergisi118.767,85 manat. ekspertiza tədqiqatı ilə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisənin aparıldığı əməliyyatlara görə dövlət büdcəsinə çatası mənfəət vergisinin və əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Beləliklə, yuxarıda qeyd olunan ekspertiza rəylərindən də göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən aparılmış vergi yoxlanılması vergi qanunvericiliyinin tələblərinin pozulması ilə aparılmış və ekspertiza rəylərindən müəyyən olunduğu kimi yoxlamanın əhatə etdiyi dövr ərzində iddiaçının aparıldığı əməliyyatlara görə dövlət büdcəsinə çatası mənfəət vergisinin və əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmamışdır. Sözügedən ekspertiza rəylərin məzmunundan görünür ki, “səyyar vergi yoxlaması aktının 1.9.2 bəndində yoxlama zamanı vergi ödəyicisinin əmlakının inventarizasiyası, 1.9.3 bəndində isə vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmədiyi öz əksini tapmışdır. Lakin səyyar vergi yoxlamasının mənfəət vergisi hissəsində inventarizasiya və baxış keçirilmədən malların əskikgəlməsi müəyyən edilmişdir. Halbuki malların əskikgəlməsini müəyyən etmək üçün qanunverciliyin tələblərinə uyğun olaraqinventarizasiya və baxış keçirilməli idi. Bundan başqa yoxlama aktında xərclərə görə vergilərin hesablanması üçün müəyyən olunmuş xərc məbləğlərinin nədən ibarət olması və hansı qaydada hesablanması göstərilməmişdir. Eyni zamanda qeyd edilir ki, səyyar vergi yoxlaması ilə VM-nin tələblərinə əsasən əlaqəli məlumatlara istinad edilmədən analoji müəssisənin olub-olmamasını müəyyən etmədən, Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən birbaşa olaraq xərclərə şərti rentabellik tətbiq edilib. Halbuki mənfəət vergisinin hesablanması zamanı əlaqəli məlumatlara, analoji vergi ödəyicisi barədə məlumatlar əldə edilməklə hesablamalar aparılmalı idi. Beləki VM 67, 67.1, 67.3 maddələrində aşağıdakılar göstərilmişdir. Yoxlanılan dövr ərzində (aprel 2016 – avqust 2018) ƏDV üzrə 557.284,01 manat azaldılmasının və 338.688,45 manat artıq hesablanmasının (eyni zamanda şəxsi hesab vərəqəsində həmin anda mövcud olan 165.313,33 manat artıq ödəmənin) müəyyən edilməsinə baxmayaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə görə 278.642,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinə ziddir.” Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən yoxlama zamanı kobud maddi və prosessual pozuntulara yol verməklə yanaşı, iddiaçıya əlavə hesablanmış vergilər belə ekspertiza rəyləri ilə öz təsdiqini tapmamışdır ki, bu da bir daha yoxlamanın nəticəsi üzrə cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş məsuliyyətə cəlb etmə qərarının qanunsuz və əsassız olmasına dəlalət edir. Məhkəmə mübahisələndirilən qərar əsasında iddiaçı barəsində hesablanmış 2017-ci il üzrə 112.80 manat MÖMV və 108,04 manat maliyyə sanksiyasına münasibətdə hesab edir ki, həmin hissədə məbləğlərin düzgün hesablanıb-hesablanmaması istiqamətində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Çünki, hətta qərarda əks olunmuş həmin məbləğ əsaslı olsa belə, vergi orqanı tərəfindən aparılan yoxlama üzrə prosessual pozuntulara yol verildiyindən və ən əsası aparılan yoxlama üzrə müvafiq reyestrdə zəruri qeydiyyat aparılmadığından, yoxlamanın hüquqi nəticəsi olmamış, bununla da iddiaçı hüquqi nəticəsi olmayan səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş qərar üzrə hesablanmış vergi borcunu ödəməmək hüququna malikdir. Məhkəmənin qənaətinə görə, iş üzrə aparılmış araşdırma nəticəsində hazırda mübahisələndirilən cavabdehin 3 mart 2020-ci il tarixli qərarı üzrə hesablanmış mənfəət və ƏDV vergisi əsassız olduğundan, onlara tətbiq olunan maliyyə sanksiyası da əsassız hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərarı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-tərəflərdövlət rüsumuödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-597/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-597/2022
19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver