Məhkəmə qərarları › İş №2-1(112)-597/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-597/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-597/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi, vəkil Nümayəndə, üçüncü şəxs “X7” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X7” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) “bağ sahəsinin məxsusluğu barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması üçün torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddiaçılar tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 35 saylı bağ evinin 0,09 ha torpaq sahəsinin iddiaçıların atası X4 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4419/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin İş № 2-1(112)-4419/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə “X7” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, 35 saylı bağ evi iddiaçılara atalarından miras qalmışdır. Həmin bağ evinin yerləşdiyi 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişlər, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab etdikləri üçün hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Belə ki, həmin torpaq sahəsinin üzərində yerləşən bağ evinin çıxarışı var, eyni zamanda onlarla bir həyətdə yaşayan digər qardaşına həm torpaq sahəsinə, həm də evə dair çıxarış verilmişdir. Yəni, torpaq sahəsinin bir hissəsinin Dövlət Neft Şirkətinin ərazisində yerləşməsi, digər hissəsinin isə yerləşməməsi şübhə doğurur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən torpaq sahəsi iddiaçıya ilkin olaraq “Bulaq” bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində ayrılmış, sonradan Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə müqavilə bağlanılmışdır. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazi adıçəkilən bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazilərin hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin sənəd üzrə ölçüsü 900 kv.metr göstərilsə də, faktiki 600 kv.metr təşkil edir. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsi SOCAR-ın daimi isitifadəsində olan, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi ARDNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL” ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə Blokunun xəritəsindən (Bakı şəhər İH Memearlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2013 ildə təsdiq edilmişdir) görünür ki, Biləcəri Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi Biləcəri Bələdiyyəsinin mülkiyyətində olmayıb, torpaq sahəsi uzun illər ərzində “SOCAR”-ın daimi istifadəsində olmuş, daha sonra 29 aprel 2005-ci il tarixli, 901-İİ Q nömrəli Qanunla ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Siansor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X8” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlarına daxil edilmişdir. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Bolan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Həmçinin, torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusu mövcuddur. Üçüncü şəxs “X7” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “Hasilatın pay bölgüsü haqqında” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədiylə “X8” şirkətinin qanuni istifadəsinə verilmişdir. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazı müdafiə etdi və ona uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və yazılı etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs «X7” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi iddia ərizəsinə etiraz etdi və yazılı etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. xx.xx.1996-cı il tarixli, 28080 saylı icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı məsələləri üzrə Komissiyası Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində yerləşən 35 saylı bağ evinin yerləşdiyi 0,09 ha torpaq sahəsini X4 20 illik icarəyə verilmişdir. Bakı İcraiyyə Komitəsinin Bağçılıq Təsərrüfatı İdarəsi xx.xx.1998-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində yerləşən 35 saylı bağ evi X3 istifadəsinə verilmişdir. Bakı şəhər 20 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2009-cü ildə vəfat etmiş X3 vərəsələri İddiaçı1 və İddiaçı2dur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyat İdarəsinin xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində yerləşən 35 saylı bağ evindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində yerləşən 35 saylı bağ evi üzərində İddiaçı1 (1/2 hissə pay) və İddiaçı2 (1/2 hissə pay) xx.xx.2013-cü il tarixdə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. “X6 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli 41 nömrəli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan və xx.xx.2013-cü il tarixli çıxarışa əsasən iddiaçıların paylı mülkiyyətində olan şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində yerləşən 35 saylı bağ sahəsinin dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqəsinin torpağıdır, konfiqurasiya naturaya uyğundur, kordinatları rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur və sahəsi 0,1248 hektardır. İddia olunan bağ sahəsi digər “34” saylı torpaq sahəsinə keçid qeyd olunan ərazi ilə üst-üstə düşmür. İddia olunan bağ sahəsinin neft kəmərlərinin mühafizə zonasında yerləşmir, bağ sahəsində və ya yaxınlığında hər hansı neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektləri yoxdur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, 35 saylı bağ sahəsi kimi göstərilən sahə 34 saylı bağ sahəsi olduğu bildirilən sahə ilə bir hasar daxilindədir (ara sərhədləri şərtidir). Ümumi hasar daxilində sahə 1282 kv.m təşkil edir. Arxiv məlumatlarına əsasən hər iki sahə 34 saylı bağ evi və 35 saylı bağ evi (paylı mülk) kimi iddiaçının adına qeydiyyatdan keçib. Sözügedən 34 saylı bağın sənəd üzrə sahəsi 200 kv.m, 35 saylı bağın isə sənəd üzrə sahəsi 900 kv.m təşkil edir (torpaq sahələr qeydiyyatdan keçməyib, üzərində hüquq növü istifadə). Texniki baxış zamanı əlavə istifadə olunan 182 kv.m sahənin 34 saylı bağa keçid üçün istifadə ediləcəyi bildirildi. Ümumi ərazidə yerləşən 35 saylı bağın sənəd üzrə sahəsi 900 kv.m (ilkin arxiv cizgisinə əsasən 20x45) olsa da, texniki pasport ölçülərində isə 16x45=720. kv.m göstərilib. Sahə üzərində ikimərtəbəli (ikinci mərtəbə mansard tiplidir) yaşayış evi mövcuddur (hazırda mansard sahəsi tam hazır deyil). Həmin yaşayış evinin yalnız birinci mərtəbəsi qeydiyyata alınıb. Bundan əlavə ümumi sahədə 34 saylı bağ sahəsinə aid qeydiyyata alınmış ev kimi göstərilən faktiki tikilinin konfiqurasiyasında oxşarlıq olsa da, torpaq sahəsinin ölçüləri, konfiqurasiyası, tikilinin yerləşməsi, faktiki ölçüləri və sahələri arxiv cizgisində göstərilənlərlə uyğunsuzluq təşkil edir. 34 saylı bağ evi olduğu bildirilən tikilinin faktiki ölçülərə uyğun eskizi əlavə olundu. Bundan başqa ümumi ərazidə yerləşən 35 saylı bağın sənəd üzrə 900 kv.m sahəsini və arxiv ölçülərini nəzərən aldıqda 34 saylı bağ evi kimi göstərilən tikili (sxemdə B tikilisi) 35 saylı bağın ərazisində qalır (tikilidə hazırda yaşayış yoxdur). Ümumi 1282 kv.m sahənin və ümumi sahədə 35 saylı bağın 900 kv.m sahəsini nəzərə almaqla şərti olaraq 34 saylı sahə kimi 200 kv.m (tikilisiz) sahənin koordinatlarını əks etdirən izahlı baş plan əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilinə düşməməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Ərazinin təxminin 123 metrliyində ləğv olunmuş neft quyusu məlumatı var. Sənədlər toplusuna əlavə olunan 34 saylı bağ sahəsinə dair arxiv cizgisinin göstərilən əraziyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmadı. Faktiki tərtib olunmuş baş plana əsasən keçid (34 saylı bağ sahəsinin keçidi) 35 saylı bağ sahəsinin ərazisindədir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2025-ci il tarixli 10/8389 nömrəli ekspert rəyində cavabdeh tərəfindən göndərilmiş mütəxəssis rəyində qeyd edilənlər göstərilmiş və əlavə olaraq bildirilmişdir ki, baxış zamanı tədqiqat obyekti olan torpaq sahəsinin yaxınlığında hər hansı neft kəməri və ya işlək vəziyyətdə neft quyusu aşkar olunmamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edirlər. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçılar iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 35 saylı bağ evinin yerləşdiyi 0,09 ha torpaq sahəsi iddiaçıların atası mərhum Nağı Dadaşova 1996-cı ildə icarə əsasında verilmişdir. Daha sonra Bakı İcraiyyə Komitəsinin Bağçılıq Təsərrüfatı İdarəsi xx.xx.1998-ci il tarixli müqavilə əsasında həmin torpaq sahəsində yerləşən bağ evini onun istifadəsinə verilmişdir. Nağı dadaşov vəfat etdikdən sonra həmin bağ evi vərəsəlik qaydasında onun vərəsələri olan hazırkı iddiaçılara miras əmlak kimi keçmiş və iddiaçıların hər birinin bağ evi üzərində ½ hissədə payları müəyyən edilmişdir. Hazırda iddiaçılar həmin bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edirlər. Cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla dövlət neft şirktinin istifadəsinə verilmiş ərazilərə aiddir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (bundan sonra – Torpaq Məcəlləsi) əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (5.2). Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları (46.1). Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər (46.2). Qeyd edilən normaların məzmunundan göründüyü kimi təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi torpaq sahələri dövlətin müstəsna mülkiyyətindədir. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizaya dair alınmış ekspert rəyində göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilinə düşməməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi iddiaçıların iddia etdiyi torpaq sahəsi bağçılıq təsərrüfatlarının ayrıc aktı daxilində yerləşməməklə Dövlət Neft Şirkətinin istifadəsində olan ərazilərə aiddir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçıların hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 35 saylı bağ evinin 0,09 hektar torpaq sahəsinin iddiaçıların atası X4 məxsus olması barədə arayışın verilməsi” barədə iddiaları təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar