Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5970/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə iddiaçı X5 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu RPİ-yə qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 116 saylı evdə qeydiyyatda olmaqla yaşamır. Hazırda həmin ünvan sökülmüş və yerində yeni tikili bina inşa edilmişdir. Ailə üzvləri X3, 18 iyun 2007-ci il təvəllüdlü X7 və 15 avqust 2011-ci il təvəllüdlü X8 ilə birlikdə 2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum atası X4 mülkiyyət hüquqları ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və hal-hazırdada həmin ünvanda yaşayırlar. Onun ailə üzvləri həmin ünvana qeydiyyata alınması ilə bağlı cavabdeh Bakı şəhəri Sabunçu RPİ-yə müraciət etmişlər, lakin cavabdehin ***-**** nömrəli 19 dekabr 2022-ci il tarixli cavab məktubu ilə onun qeydiyyatsız yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, 7 saylı evə qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan sənədlər təqdim olunduğu təqdirdə mümkün olduğu bildirilmiş və bu səbəbdən ərizənin icrasından imtina olunmuşdur. Sonradan Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 2-1(112)-7090/2022 saylı iş üzrə 26 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı və X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyta alınması və vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatın dəyişdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu RPİ-yə həvalə edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Bakı şəhəri Sabunçu RPİ-yə göndərilmişdir. Məhkəmə qərarı icra olunaraq X3 və 15 avqust 2011-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmış və onların şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumat dəyişdirilmişdir. Lakin məhkəmə qərarı 18 iyun 2007-ci il təvəllüdlü X7 hissəsində icra edilməmiş, cavabdeh tərəfindən səbəb kimi onun məhkəmə qərarında adının qeyd edilməməsi göstərilmişdir. 18 iyun 2007-ci il təvəllüdlü X7 hazırda 14 yaşı olduğundan, ailə üzvləri birlikdə yaşadığından və hərbi mükəlləfiyyəti ilə əlaqədar şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması və vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatın qeydə alınması cavabdeh Bakı şəhəri Sabunçu RPİ-yə həvalə edilməlidir. Bununla əlaqədar 18 iyun 2007-ci il təvəllüdlü X5 pozulmuş hüquqlarının bərpa olunması məqsədilə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edilməsinə zərurət yaranmışdır. ünvan 1 (keçmiş Aydınbekova küçəsi 7) ünvanında yerləşən fərdi yaşayış evinin hüquqmüəyyənedici – mülkiyyət hüququna dair sənədlər mərhum X2 adına olmuş, lakin onun vəfatından sonra miras əmlakla bağlı notariat kontorunda vərəsəlik işi açılmamışdır. Göstərilənlərə və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, İPM-in 34.1-ci maddəsinə əsaslanaraq, 18 iyun 2007-ci il təvəllüdlü X6 ünvan 1 ünvanına qeydiyyata alınması və vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatın dəyişdirilməsi vəzifəsinin Cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə əsl olmayan İddiaçı əsl iddiaçı X7 ilə əvəz edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin ərizəçi İddiaçı ünvanlanmış 19 fevral 2022-ci il tarixli məktubunda qeyd olunur ki, RPİ-yə daxil olmuş müraciətə baxılmışdır. Ərizəçinin ailə üzvləri ilə birlikdə (İddiaçı, X3, 2007-ci il təvəllüdlü X7 və 2011ci il təvəllüdlü X8) qeydiyyatsız yaşadığı Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, 7 saylı evə qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ QMB-yə təqdim olunması vacibdir. Lakin göstərilən sənədlər təqdim olunmadığından, həmin ünvana qeydiyyata alınma imkan xaricindədir. Məsələ ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7090/2022 saylı iş üzrə 26 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı və X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması və şətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatın dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin üzərinə qoyulmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən ünvan 5 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunması ilə əlaqədar tələb olunan sənədlərlə (qeydiyyat vəsiqəsi və ya order) birlikdə Bakı şəhərində yerləşən ASAN xidmət Mərkəzlərinə müraciət olunmalıdır, əks halda mülki qaydada məhkəməyə müraciət olunmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, 7 saylı evdə hazırkı iddiaçının valideynləri qeydiyyatdadırlar və bu barədə Bakı İnzibati Məhkəməsində inzibati məhkəmə icraatı qaydasında işə baxılaraq müvafiq aərar qəbul olunmuşdur. İddiaçının atası İddiaçının sözügedən ünvana qeydiyyata alınmasına razılıq vermişdir (iddia ərizəsi ilə). İddiaçı yetkinlik yaşına çatmayan şəxsdir. Bundan başqa, qeyd olunmalıdır ki, Bakı Şəhər XDS İK Texniki İnventarlaşdırma Bürosu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, 7 saylı evin “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportu” iddiaçının babası X2 adına tərtib edilmişdir. Belə olan halda, məhkəmə işin faktiki hallarına yuxarıda sadalanan qanunvericilik aktlarını tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X5 yaşadığı ünvana qeydiyyata alınması zəruri olduğundan (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti mövcud deyil), o, valideynləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, 7 saylı evdə yaşadığından və onun həmin ünvandan başqa yaşayış yeri olmadığından, habelə həmin ünvanda digər fiziki şəxslər, o cümlədən onun valideynləri qeydiyyata alındığından iddiaçının yaşadığı ünvana qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin imtinası «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2, 17-ci maddəsinin tələbləri ilə uzlaşmır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı X5 ünvan 1 ünvanına qeydiyyata alınması və onun şəxsiyyət vəqisqəsinin elektron daşıyıcısında ya.ayış yeri üzrə qeydiyyatın dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı X5 ünvan 1 ünvanına qeydiyyata alınması və onun şəxsiyyət vəqisqəsinin elektron daşıyıcısında ya.ayış yeri üzrə qeydiyyatın dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5970/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5970/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver