Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5973/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadə, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-68/3 nömrəli xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi; cavabdeh AR DMX-nin üzərinə İddiaçı xx.xx.2020-ci il tarixli vəsatətini təmin edərək İddiaçı və ailə üzvlərinə (qardaşları, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü Ansari Aliullah) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycn Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ərizəçi Əfqanıstan vətəndaşıdır və Bamiyan vilayətinin Qəzni şəhərində anadan olmuşdur. O, dini etiqadına görə müsəlman, etnik olaraq şiə hazəradır. Ərizəçi təhsil almamış, dərziliyi bacarmışdır. Ərizəçi Kabildə yaşayarkən evlərdə təmizlik işləri aparıb. Ərizəçi subaydır, 4 qardaşı və 2 bacısı vardır. Qəzni şəhərində ailəsi ilə birlikdə yaşamışdır. Ərizəçi Qəzni müharibəsi (09-xx xxxxxx 2018-ci il) zamanı qardaşları ilə Ali Sina və Aliullah ilə birlikdə evdən çıxmış, qayıdan zaman döyüşün başlaması və evə gedən yolların bağlaması səbəbindən evə qayıda bilməmiş, taksi ilə Bamyana tərəf getmiş, Bamyanda qaldıqdan sonra Kabilə getmişdir. Ərizəçi Kabildə ailəsini axtarmağa cəhd etmişdir. Bu məqsədlə Kabil Qəzni marşrutu ilə fəaliyyət göstərən sürücülər vasitəsi ilə ailəsindən məlumat almağa çalışmış, lakin ərizəçinin cəhdləri nəticəsiz olmuşdur. X5 ziyarətgahında tanış olduğu Arifə adlı bir nəfərin köməkliyi ilə iş tapmış, evlərdə təmizlik işləri məşğul olmuş, lakin himayəsində yetkinlik yaşına çatmamış 2 qardaşı ilə Kabildə tək qalmağı ərizəçiyə çətin olmuş, buna görə də, Arifənin məsləhəti və maddi yardımı ilə xx.xx.2019-cu ildə Əfqanistanı tərk etmiş, 1 ay Özbəkistanda qaldıqdan sonra xx.xx.2019-cu il tarixində qardaşları ilə birlikdə Azərbaycana gəlmişdir. xx xxxxxx 2020-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 09-2020- saylı iş nömrəsi ilə qedyiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi həzara olduğuna görə taliblər tərəfindən pis rəftara məruz qalacağından və həyatı üçün təhlükə olduğundan qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. xx xxxxx 2020-ci ildə DMX İQ-68/3 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onun əsaslandırıb ki, ərizəçinin söylədikləri mötəbər deyil. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 164 saylı xx.xx.2020-ci il qərarla inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırıb. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndəsi X2 iddiaçının ərizəsinə əsasən açılmış inzibati işin araşdırılması nəticəsi iddiaçıya qaçqın statusunun verilməsini qeyri-mümkün etdiyini, cavabdeh orqan tərəfindən qanuni olaraq iddiaçıya imtina cavabı verildiyini, qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Beləliklə, Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin işin hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında verdiyi izahatlarını, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasıya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki,xx.xx.1998-ci ildə anadan olmuş Əfqanıstan İslan Respublikasının vətəndaşı İddiaçı və onun ailə üzvləri (qardaşları, xx.xx.2006-cı il təvəllüdlü X6 və 04.047.2006-cı il təvəllüdlü Ansari Aliullah) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə müraciət etmiş, onun adına 09-2020 saylı şəxsi işi açılmışdır. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı Əfqanıstan İslam Respublikasının Qəzni şəhərində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman olduğunu, təhsil almadığını, dərziliyi bacardığını, Kabildə yaşayarkən evlərdə təmizlik işləri ilə məşğul olduğunu, 4 qardaşı, 2 bacısı olduğunu, Qəzni şəhərində ailə üzvləri ilə birlikdə yaşadığını, Qəzni müharibəsi zamanı qardaşları Ali Sina və Aliullah ilə birlikdə evdən çıxdıqlarını, döyüşün başlaması və evə gedən yolun bağlı olması səbəbilə evə qayıda bilmədiklərini, taksi ilə Bamyana tərəf getdiklərini, Bamyanda qohumlarını axtardıqlarını, lakin tapa bilmədiklərini, 1 həftə Bamyanda qaldıqdan sonra Kabilə getdiklərini, Kabildə ailəsini tapmağa cəhd etdiyini, bu məqsədlə Kabil Qəzni marşrutu ilə fəaliyyət göstərən sürüclər vasitəsilə ailəsindən məlumat almağa çalışdığını, lakin bu cəhdinin nəticəsiz qaldığını, Kabildə Bəlxi ziyarətgahında tanış olduğu Arifə adlı bir nəfərin köməkliyi iş tapdığını, evlərdə təmizlik işləri ilə məşğul olduğunu, lakin himayəsində yetkinlik yaşına çatmamış 2 qardaşı ilə Kabildə tək qalmağın ona çətin olduğunu, buna görə də Arifənin məsləhəti və maddi yardımı ilə xx.xx.2019-cu ildə Əfqanıstanı tərk etdiyini 1 ay Özbəkistanda qaldıqdan sonra xx.xx.2019-cu il tarixdə qardaşları ilə birlikdə Azərbaycana gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların hə-qiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adlarının, yaşlarının, vətəndaşlıqlarını sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Lakin ərizəçinin dediklərindən onun 1 ildən çox müddətdə Kabildə yaşadığı, Qəznidə döyüşlərin başa çatmasını, Kabil-Qəzni yolunda hərəkətin bərpa olunmasına baxmayaraq Qəzniyə getmədiyini, digər ailə üzvlərini axtarmadığı məlum olmuşdur, bu isə onun söylədiklərini inandırıcılıq baxımından şübhə altına almış və bu şübhə onun xeyrinə həll edilməmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, o və ailə üzvləri vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışdır. İnin materaillarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi ( ailə üzvləri ilə birlikdə) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1 və 21.2-ci maddələrinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada ərizəçinin iştirakı ilə müzakirə edilmiş, onun Komissiyada iştirakı dinlənilməsi, o cümlədən qeyd edilən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı təmin edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və arvadının gətirdikləri dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirlmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2020-ci il tarixli 164 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ-68/3 saylı qərarından Əfqanistan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq işə aşağdaki qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən ş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, X3 Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi barədə iddiа tələbi əsаssız оlduğundаn rədd еdilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi” barədə iddiа tələbi rədd еdilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5973/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5973/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver