Məhkəmə qərarları › İş №2-1(112)-5973/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5973/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5973/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Protokolların (cərimələrin) qanunsuz sayılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək “ KURFİN" MMC, “RİNAY" MMC, "xxxx" MMC, “SUFRA" MMC, “ERİNA" MMC-lərin barəsində tətbiq edilmiş protokolların (cərimənin) qanunsuz sayılması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, SUFRA MMC, İddiaçı5lərin təsisçisidir və həmin MMC-ləri etibarnamə ilə idarə edilməsi üçün X3 verib. Etibarnamədə onun tərəfindən konkret görəcəyi iş göstərilsə də o, qanunun tələblərini pozmuşdur və göstərdiyi qanunsuz xidmətə görə Azərbaycan Respublikası dövlət orqanları tərəfindən inzibati protokol tərtib edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5 və 18.6-cı maddələri ilə baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmdir.

3. Məhkəmə tərəfindən iddiaçıya 26.04.2021-ci il tarixli məktubla İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq hüquqi yardım məktubu göndərilmiş, iddia ərizəsinin formal tələblərə uyğunlaşdırılmaqla iddia tələbinin dəqiqləşdirilməsi və mübahisələndirdiyi akt(lar)ın təqdim edilməsi üçün müddət müəyyən etmiş, iddia ərizəsinin forma və məzmununun uyğunlaşdırılmamasına dair formal tələblərə riayət edilməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmiş, eyni zamanda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

4. Məhkəmənin hazırlıq icraatı üzrə keçirilmiş iclasında verdiyi izahatında iddiaçı bildirdi ki, qeyd edilən MMC-ləri təsis etmək üçün X4 vəkalət vermiş, həmin müəssisələrin fəaliyyətindən xəbərsizdir. Hazırda həmin vəkalətləri ləğv etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, iddiaçı onun dostudur. X10 iddiaçıya bəzi sənədlərə imza çəkdirmişdir. Həmin sənədlərin nə sənəd olduğunu iddiaçı bilmədən imzalayıb. Həmin imzaların iddiaçını işə götürülməsi üçün lazım olduğunu bildirmişdir. Sonradan bizə məlum oldu ki, həmin şəxs iddiaçının adına MMClər yaradıb, onun adına VÖEN açdırıb və iddiaçını həmin MMC-lərin təsisçisi kimi qeydiyyata aldırıb.

6. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli məlumatların təqdim edilməsi barədə arayışa əsasən, idarərədə olan reyestrə əsasən "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi X2r. Bildirir ki, 23.06.2021-ci il tarixə olan uçot-baza və şəxsi hesab vərəqəsi məlumatlarına əsasən, fiziki şəxs X1 vergi orqanında fərdi sahibkar kimi uçota alınması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, "xxxx" MMC-nin və "xxxx" MMC-nin borclarının olmadığı və "xxxx" MMC-nin isə vergi ödəmələri üzrə 32.774,80 manat borcunun olduğu aşkar edilmişdir. Müraciətdə qeyd edilən digər vergi ödəyicisi "xxxx" MMC tərəfindən 18.01.2020-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilmiş Sadələşdirilmiş vergi bəyannaməsinə əsasən 1054, 75 manat vergi hesablanmış və hesablanmış vergi ödəmə müddətində ödənilmədiyi üçün Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ötmüş hər bir gün üçün 0,1 faiz məbləğində faiz hesablanaraq 232 manat faiz borcu ilə birlikdə 1286, 75 manat vergi borcu yaranmışdır. Həmçinin "xxxx" MMC tərəfindən 18.01.2020-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilmiş Sadələşdirilmiş vergi bəyannaməsinə əsasən 1582,72 manat vergi hesablanmış və hesablanmış vergi ödəmə müddətində ödənilmədiyi üçün Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ötmüş hər bir gün üçün 0,1 faiz məbləğində faiz hesablanaraq 360,03 manat faiz borcu ilə birlikdə 1943,02 manat vergi borcu yaranmışdır. Bildirilmişdir ki, 08.06.2021-ci il tarixdə "xxxx" MMC və "xxxx" MMC Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən aktivləri barədə əsas olmadan müəyyən edilən müddətdə məlumat vermədikləri üçün vergi orqanı tərəfindən 100,0 manat məbləğində məsuliyyətə cəlb etmə qərarı çıxarılmışdır. Əlavə olaraq qeyd edilən hüquqi şəxslərin nizamnamələrinin təsdiq edilmiş surəti təqdim edilmişdir.

7. Bakı Kommersiya məhkəməsinin e-2-2(113)-2732/2020 nömrəli iş üzrə 07.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilərək "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 33737,32 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri X1 (doğulduğu tarix – 24.10.2001-ci il, doğulduğu yer – Bakı şəhəri, şəxsiyyət vəsiqəsinin FİN nömrəsi – 6LJL39X, seriya nömrəsi – AZE********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

8. Məhkəmənin hazırlıq icraatı üzrə əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən vəsatətdə iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qeyd edilən cərimələrin hansı qərarla hansı inzibati aktla tətbiq edildiyini, ümumiyyətlə cərimənin Dövlət Vergi Xidməti tərəfindən yazıldığını hər hansı sübutla əsaslandırılmamışdır. Müəssisənin təsisçisinin müəssisə barədə tərtib edilmiş protokolları öz adından iddia ərizəsi ilə mübahisələndirilməsi qanunvericiliyin tələbinə əsasən yolverilməzdir.

II. İddianın mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

10. Məhkəmə qeyd edir ki, iddia tələbi aydın deyil. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilməklə iddiaçıya vaxt verilmiş (bax 3-cü bənd), lakin iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

11. Eyni zamanda məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2013-cü il tarixli qərarına əsasən: -Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. -Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Cavabdehin vəsatəti təmin edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar