Məhkəmə qərarları › İş №2-1(112)-5975/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5975/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5975/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasına qarşı pozulmuş hüquqlarının bərpası üçün kompensasiya ödənilməsi və s. tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində şər-böhtan xarakterli xasiyyətnamə verməkdən çəkindirmək, onun ümumi hüquqi öhdəliyini pozduğu üçün onun xeyrinə 10.000 manat təzminat tutulması, cavabdehin üzərinə tərəflərindən onun barəsində tərtib olunmuş şər-böhtan xarakterli xasiyyətnamələri sübut etmək öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1972-ci ildə Gəncə şəhərində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, ailəlidir və orta təhsillidir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 28.06.2001-ci il tarixli hökmü ilə ömürlük həbs cəzasına məhkum edilmişdir. Hal-hazırda Qobustan həbsxanasında saxlanılır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, yəni 25 il cəzasını çəkməsi ilə əlaqədar şərti olaraq azadlığa çıxması məqsədilə məhkəməyə müraciət edərkən barəsində saxlandığı həbsxananın rəhbərliyi tərəfindən şər-böhtan xarakterli xasiyyətnamə təqdim edilmişdir. Həmin xasiyyətnamədə göstərilmişdir ki, onun əməyə münasibəti mənfidir, hansı ki həbsxana rəhbərliyi tərəfindən onun hər hansı işlə təmin edilməsi barədə hər hansı bir müraciəti və göstərişi olmamışdır. Çünki qapalı rejimdə saxlanılmışdır. Orada hər hansı fərdi əmək işi yoxdur. Digər işlər isə həbsxananın təsərrüfat işləri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 26.11.2020-ci il tarixə təyin edilmişdir. Cavabdehin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2019cu il tarixli 7(002)-1094/2019 saylı qərarının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Həbsxanada cəza çəkən məhkum İddiaçı ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasının iyirmi beş ilini çəkdiyini bildirərək, şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Həbsxanada cəza çəkən məhkum İddiaçı cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər. Hazırki iddia ərizəsi azadlıqdan məhrumetmə cəzası çəkən məkum İddiaçı adından verilsə də, iddia məhkəməyə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin müşayətedici məktubu ilə göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsində qeyd olunan tələblə (ziyanla) bağlı adı cavabdehə heç bir müraciət olunmamışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 21.10.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasına qarşı pozulmuş hüquqlarının bərpası üçün kompensasiya ödənilməsi və s. tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar