Məhkəmə qərarları › İş №2-1(112)-5975/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5975/2024

05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5975/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın reyestr nömrəsi **********70-1301 olan qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********70-1301 olan fərdi yaşayış evi texniki pasportuna düzəliş edilərək, müvafiq olaraq çıxarışda “torpaq sahəsinin ölçüsü(hektarla)”, texniki pasportda isə “sənəd üzrə torpaq sahəsinin ölçüsü” qrafalarında düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.16453 ha qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “daşınmaz əmlakın reyestr nömrəsi **********70-1301 olan qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********70-1301 olan fərdi yaşayış evi texniki pasportuna düzəliş edilərək, müvafiq olaraq çıxarışda “torpaq sahəsinin ölçüsü(hektarla)”, texniki pasportda isə “sənəd üzrə torpaq sahəsinin ölçüsü” qrafalarında düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.16453 ha qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması:

1. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçusu hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində yalnış olaraq göstərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Çıxarışda istifadədə olan torpaq sahəsi 15 sot qeyd edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli Çıxaırşda isə mülkiyyətə verilən torpaq sahəsi kimi yalnız 9 sot ərazi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Texniki pasportda faktiki torpaq sahəsi kimi 16 sot qeyd edilsə də, sənəddə isə yalnız 9 sot torpaq sahəsi qeyd edilmişdir. Hətta Xidmətin əməkdaşları əraziyə ölçüyə gələrkən, faktiki ərazinin 17 sot olduğunu qeyd etmişlər, lakin sənədə torpaq sahəsi üzrə qeydiyiyyatı daha az ölçü ilə aparmışdılar. Xidmətin əməkdaşları niyə 17 sot torpağın onun qanuni istifadəsində olmasına baxmayaraq, yalnız 9 sotunun rəsmiləşdirmələrinin səbəbini izah etməmişlər. O, heç bir torpaq sahəsini zəbt etməmiş, onun istifadəsində olan torpaq sahəsi digər şəxslərin mülkiyyət hüquqlarını pozmur Dəfələrlə yaranmış problemin aradan qaldırılması üçün müxtəlif dövlət orqanlarına müraciət etsə də, həmin qurumlar problemin aradan qaldırılması üçün heç bir səy göstərməmişlər. Cari məsələyə aydınlıq gətirmək üçün tərəfindən dövlət və bələdiyyə orqanlarına müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq, Xəzər Rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş 01.11 2023-cü il tarixli 95 saylı cavab məktubunda qeyd edilmişdir ki. onun mülkiyyətində olan torpaq sahəsi faktiki olaraq 0.16 ha təşkil edir. Bakı şəhəri Xəzər RİHB X4 Ərazi Dairəsi üzrə nümayəndəliliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 5-12-212-360/2023 saylı cavab məktubunda isə qeyd edilmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsinə 1969-cu ildən bugünə qədər heç bir artırmaq edilməsi barədə nümayəndəlikdə məlumat yoxdur. 1 saylı Bakı Ərizi İdarəsinə sorğuya cavab olaraq ona xx.xx.2023-cü il tarixdə təqdim edilmiş xx.xx.1991-cı ıl tarixli qərarda isə torpaq sahəsi texniki yanlışlıqda 975.3 kv.m göstərilmişdir. Çünki İcra Nümayəndəliyi tərəfindən də verilmiş sənəd də qeyd edilir ki, 1969-cu ildən həmin sahəyə heç bir artırılma olmayıb. 1 saylı Bakı Ərazi İdarəsinin sorğudan sonra təqdim etdiyi arxiv sənədinin mövcudluğundan isə heç zaman xəbəri olmamışdır. Bundan başqa o, məhz 16 sot ərazi üçün vergi ödəyir. Belə kİ, bu ərizəyə nümunə kimi əlavə edilmiş tədiyyə bildirişində də onun 9.87 azn vergi ödəməli olduğu bildirilmişdir. Vergilər Məcəlləsinin 206.3-cü maddəsinə əsasən torpaq sahəsi 10000 m2dək olduqda, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq sahəsinə görə 0.6 misli vergi ödənilir. Onun ödədiyi 9.87 azn vergini 0.6-ya böldükdə isə 16.45 alınır. Heç bir zəbt olunma, heç bir artırma olmadığı təqdirdə faktiki olaraq 16.45 ha olan torpaq sahəsinə texniki olaraq yalnışlıqla 9 sot qeyd edildiyi üçün, həqiqəti görməzdən gələrək, torpaq sahəsinin ölçüsünün həqiqətə uyğun olmayan rəqəmlərlə göstərilməsi kobud şəkildə qanunvericiliyin və insan hüquqlarının pozulmasıdır. Belə ki, cavabdeh orqan ona məxsus torpaq sahəsinin bir qisminə əlavə sahə desə də, həmin sahənin əslində kimə məxsus olması, onun nə vaxt həmin sahəni zəbt etməsi barədə heç bir dəlil göstərməmişdir. Zamanında sovet dövlət orqanları tərəfindən yalnış ölçü aparılması vətəndaşın günahı ola bilməz və sovet dövlət orqanının səhlənkarlığına görə AR vətəndaşı zərər çəkməməlidir.

Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ərizələrlə ilə İdarəyə müraciətlər etmiş və xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsində yerləşən və reyestr nömrəsi **********70-10301 olan 8 saylı fərdi yaşayış evi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı xx.xx.2023-cü il tarixdə ********** ərizə nömrəsi ilə İdarəyə müraciət edərək yuxarıda adıçəkilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qeydiyyata alınmasını xahiş etmişdir. Vətəndaşın müraciəti İdarə tərəfindən icra edilərək xx.xx.2023cü il tarixində iddiaçıya elektron çıxarış təqdim edilmişdir. Təqdim edilmiş elektron çıxarışda özəlləşdirilmiş torpaq sahəsinin ölçüsü 0.0975 ha göstərilmişdir. Bunun səbəbi onunla əlaqədardır ki, iddiaçının İdarəyə xx.xx.2023-cü il tarixli müraciəti zamanı Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 2 fərdi yaşayış evinə məxsus Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasport qanunvericiliyin tələbinə uyğun olaraq İdarə tərəfindən nəzərə alınmışdır. Həmin texniki pasportda isə torpaq sahəsinin ölçüsü 0.0975 ha olaraq göstərilmişdir. İddiaçı hazırda özəlləşdirilməli torpaq sahəsinin ölçüsünün 0.16453 ha olduğunu qeyd etsə də, əlavə 0.06703 ha torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Göründüyü kimi, müvafiq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi zamanı İdarənin hərəkətləri tam qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların əldə edilməsinə əsas hesab olunan sənəd hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri təqdim edildiyi təqdirdə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İddiaçının cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazına dair etirazı:

3. İş üzrə cavabdeh orqanın etirazı əsassızdır. Cavabdeh öz etiraz ərizəsində istinad etdiyi qanunnvericilik aktının müddəasını da təhrif edərək, iddianın əhəmiyyətini önəmsizləşdirməyə çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci tarixli 439 saylı Fərmanının 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış qeyd edilmişdir. Həmin ərazidə heç vaxt sovxozla kolxoz olmadığından, sovxoz və kolxozun təqdim edəcəyi hər hansı sənəddən söz gedə bilməz. Bundan başqa İnzibati İcraat Haqqında qanunun müddəalarına əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur (maddə 32.2-1). Bu maddədən də görsəndiyi kimi inzibati orqan vətəndaşdan özü əldə edə biləcəyi məlumatı tələb edə bilməz. İndiki halda inzibati orqan qaytanlanmış torpaq kitabından həmin məlumatı götürə bilər. Bir daha xüsusi vurğulamaq lazımdır ki, həmin torpaq sahəsi uzun müddətdir ki onun istifadəsindədir. Hətta o, özüm doğulandan həmin torpaq sahəsində yaşamış. O, uzun illərdi yalnış aparılmış ölçünün düzəldilməsini xahiş edir, özünə hər hansı artıq torpaq sahəsi istəmir. Təqdim etdiyi sənədlərdən də onun hər hansı torpağı zəbt etmədiyi, uzun illərdi həmin torpaqlarda yaşadığı görsənir. İndiki halda çıxarışa düzəliş aparmamaq üçün heç bir qanuni əsas yoxdur. Bundan başqa zəruri hallarda şahidləri də dindirmək olar, ətraf qonşuların ərazilərini müqayisə etmək olar. Bundan başqa o, uzun illərdi məhz 16.5 sot torpaq ərazisi üçün vergi ödəyir. Bu o deməkdir ki, dövlət də onun məhz 16.5 ha torpaq sahəsi olmasını qəbul edir. İndiki halda çıxarışa düzəliş edilməməsi üçün heç bir qanuni əsas yoxdur, əksinə çıxarışın yanlış məlumatlarla saxlanılması qeyri-qanuni və qeyri-insanidir.

Tərəflərin iştirakı və izahatları:

4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar: İddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********57-10301 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, **********70-10301 nömrəli “texniki pasport” və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi – 110.30 kv.m, Torpaq sahəsinin ölçüsü – 0.097530 ha) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin: - xx.xx.20230-cü il tarixli, **********40 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi (vahid əmlak) üzərində mülkiyyət hüququnu tanınmış və adına xx.xx.2023-cü il tarixdə dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. - xx.xx.2023-cü il tarixli, **********38 nömrəli məktubundan görünür ki, fərdi yaşayış evinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada icra edilmişdir. Məlumat üçün bildirilmişdir ki, faktiki iddia olunan torpaq sahəsi əlavə sahədir. Həmin sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. - xx.xx.2023-cü il tarixli, **********29 nömrəli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 2 fərdi yaşayış evinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli, 3-21-3-02/2-N-0434-8/2023 nömrəli məktubun surətindən görünür ki, araşdırma zamanı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”da və texniki pasportda göstərilən torpaq sahəsinin ölçüsünün (975 kv.m) torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd əsasında verildiyi, eləcə də faktiki istifadə kimi qeyd etdiyi torpaq sahəsinin əlavə sahə olduğu və həmin sahəyə dair hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən mövcud qanunvericiliyin tələbləri barədə sizə ətraflı məlumat verilmişdir. Əlavə olaraq sözügedən əlavə sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə məsələyə aidiyyəti üzrə qanunamüvafiq qaydada baxılacaqdır. Bakı şəhər Xəzər rayon Şüvəlan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 95 nömrəli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi faktiki 0.16453 ha təşkil edir. Nəcəfovaya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanın torpaq sahəsinin faktiki ölçü ilə çıxarışda qeyd edilən ölçü vahidləri arasındakı fərqi yalnız məhkəmə qaydasında mübahisələndirilə bilər. Xəzər RİHB-nın Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-ci il tarixli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məktubda ünvanlanan sualların 1969-cu ildən bügünə qədər faktiki artırma və alqı-satqı və ya hasarların yerinin dəyişməsi barədə qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. 2ci məsələyə gəldikdə vətəndaş İddiaçı torpaq sahəsinin ölçüsünün nə qədər olması barədə Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş çıxarışda bütün məlumatlar qeyd olunmuşdur. Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin 24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi sakini Nəcəfova X1. Tərəflərindən sözügedən torpaq sahəsinə baxış keçirilib, torpaq sahəsi sənəd üzrə olandan çoxdur. Faktiki 0.17 hektara yaxın torpaq sahəsidir. Məhkəmənin müvafiq sorğusuna əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən . Nəcəfovaya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 və onun yerləşdiyi torpaq sahəsinə dair arxiv qovluğunda aşkar edilən müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir.

Məhkəmənin mövqeyi.

8. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir.

9. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. - 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. - 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

12. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin 0.0975 ha hissəsinin hüquqmüəyyənedici sənədləri mövcuddur və iddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı əldə etmişdir. Lakin iddiaçı hazırkı iş üzrə əlavə torpaq sahəsinə yəni 0.16453 ha (0.0975 ha torpaq sahəsi daxildir) torpaq sahasinə mülkiyyət hüquqlarının təsdiq edilməsini tələb edir, əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilən sənədləri - hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmiş və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmişdir.

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

14. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

16. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə “daşınmaz əmlakın reyestr nömrəsi **********70-1301 olan qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********70-1301 olan fərdi yaşayış evi texniki pasportuna düzəliş edilərək, müvafiq olaraq çıxarışda “torpaq sahəsinin ölçüsü(hektarla)”, texniki pasportda isə “sənəd üzrə torpaq sahəsinin ölçüsü” qrafalarında düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.16453 ha qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

17. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

NƏTİCƏVİ HİSSƏ

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar