Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5977/2023 14.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 2008-ci ildə Xətai rayonu Əhmədli Bələdiyyəsindən fərdi ev tikintisi məqsədilə, alqı-satqı yolu ilə 100 kv.m torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi ilə bağölı o, Bələdiyyəyə 2.000 manat pul vəsaiti ödəmişdir. Həmin torpaq sahəsi Əhmədli qəsəbəsi, 2315-ci məhəllədə yerləşir. İddiaçı 2008-ci ildə bu ərazidə tikinti işləri aparmaq üçün 5.000 manatdan artıq vəsait sərf edərək tikinti materiallarını (daş, qum, sement, armatur və s.) almış və həmin əraziyə tökmüşdür. Vəsaiti hesabına evin tikintisi üçün bünövrə də qazılmışdır. Orada tikinti işlərinə başlamaq istəyərkən, məlum olmuşdur ki, bu torpaq sahəsi Əhmədli Bələdiyyəsinin sərəncamı ilə başqa bir şəxsə fərdi ev tikintisi üçün satılmışdır. Bu səbəbdən iddiaçı tikinti işlərini dayandırmalı olmuşdur. Onun tikinti ilə bağlı aldığı materiallar naməlum şəxslər tərəfindən daşınmışdır. Bir müddət sonra Əhmədli Bələdiyyəsi iddiaçı bu torpağın əvəzinə Xətai rayonunun başqa bir ərazisində – “Radiozavod" adlandırılan ərazidə, Ramiz Quliyev küçəsi, 4-cü sahədə 100 kv.m torpaq sahəsi ayırmışdır. İddiaçı həmin ərazidə tikinti işləri aparmaq üçün yenidən 6.000 manatlıq tikinti materialları (daş, qum, sement, armatur və s.) almış, torpaq işləri gördürmüşdür. Bu ərazidə də tikinti işləri aparmaq istəyərkən, məlum olmuşdur ki, Əhmədli Bələdiyyəsi tərəfindən yenidən aldadılmışdır. Çünki, həmin ərazi də Əhmədli Bələdiyyəsi tərəfindən fərdi ev tikintisi məqsədilə başqa bir şəxsə satılmışdır. Tikinti üçün alınan materiallar isə uzun müddət istifadə olunmadığından, yararsız hala düşmüşdür. Əhmədli Bələdiyyəsinin bu hərəkətləri ilə bağlı iddiaçı 4 nəfərlik ailəsi ilə evsiz qalmamaq üçün kirayə mənzil axtarmağa başlamışdır. Bu səbəbdən aylıq kirayə haqqı 300 manat olmaqla 2008-ci ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək (11 il bir ay müddətinə) Nizami rayonu, C.Naxçıvanski 30, mənzil 27-də iki otaqlı mənzildə kirayənişin qismində yaşamağa məcbur olmuşdur. Bu müddət ərzində mənzil kirayəsinə 40.000 manatdan artıq pul ödəmişdir. X5 2008-ci ildən bugünədək onu torpaq sahəsi ilə təmin etsəydi, iddiaçı 11 il bir ay müddətində məcburiyyətdən ödədiyi kirayə haqqı olan 40.000 manat və 100 kv.m torpaq sahəsi üçün Əhmədli Bələdiyyəsinin kassasına ödədiyi 2.000 manat dövlət rüsumu, bundan başqa, hər iki torpaq sahəsində tikinti materialları üçün sərf etdiyi 11.000 manat vəsait ilə 2008-ci ildə ailəsinə 2 mərtəbəli həyət evi tikdirmiş olardı. Əhmədli Bələdiyyəsinin hərəkətləri ilə əlaqədar yaranan bu məsələnin 16 il müddətində həll olunmaması iddiaçının və ailə üzvlərimin səhhətində problemlərin yaranması ilə nəticələnmişdir (bu müddət ərzində bu məsələyə görə keçirdikləri əsəb, psixoloji gərginlik və s. səbəbindən). Göstərilənlərə əsaslanaraq, 16 il ərzində cavabdeh Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün kompensasiya olaraq cavabdehdən 50.000 manat vəsaitin alınaraq ona ödənilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya dəymiş 40.000 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsinin 23 aprel 2008-ci il tarixli 019 nömrəli qərarından çıxarışdan görünür ki, həmin qərarla X2 qəsəbəsində 2315-ci məhəllədə yerləşən 100 kv.m torpaq sahəsini həyətyanı sahə kimi alqı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsini qərara almışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsi ilə İddiaçı arasında 23 aprel 2008-ci il tarixdə Bələdiyyənin ərazisində yerləşən 100 kvm torpaq sahəsinin sonuncunun (İddiaçı) mülkiyyətinə verilməsi ilə bağlı “Torpaq sahəsinin alqı-satqı aktı” rəsmiləşdirilmişdir. İş materiallarında olan 13 aprel 2007-ci il tarixli 004226 nömrəli “Qeyri-vergi tədiyyələrinin qəbulu üçün qəbz”dən görünür ki, İddiaçı tərəfindən torpağın alqı-satqısı ilə bağlı 2.000 manat pul vəsaiti Xətai rayonu Əhmədli bələdiyyəsinə ödənilmişdir. İş materiallarında olan "xxxx" QSC Bakı şəhəri BİQİ Xətai Rayon Qaz İstsmar İdarəsinin Xərai RİH-ə ünvanlanmış 7 fevral 2008-ci il tarixli məktubunda bildirilir ki, Babək prospektində 2315-ci məhəllədə İddiaçı üçün ayrılmış torpaq sahəsindən 1 metr məsafədə X6 İdarəsinə məxsus diametri 500 mm-lik yeraltı qaz kəməri keçir. X1 Qaydalarına əsasən binaların hasarı ilə qaz kəməri arasında məsafə 5 metr nəzərdə tutulur. Həmin ərazidən Xətai Qİİ-yə məxsus yeraltı qaz kəməri keçmir. İş materiallarında olan Bakı şəhəri Xətai RİH-in Xətai rayonu Əhmədli Bələdiyyəsinə ünvanlanmış 14 fevral 2008-ci il tarixli məktubunun surətindən görünür ki, həmin məktubla RİH aşağıdakıları bildirmişdir: Xətai rayonu, Əhmədli qəsəbəsi, 2315 saylı məhəllədə fərdi evin tikintisi üçün İddiaçı ayrılması nəzərdə tutulmuş sahədən X6 İdarəsinə məxsus diametri 500 mm-lik təzyiqli qaz kəməri keçir və kəmərin mühafizə zolağı 5 metrdir. Digər tərəfdən sahə yüksək gərginlikli elektrik transformatorunun yanındadır. Faktiki olaraq torpaq sahəsinin cizgisində nəzərdə tutulan sahə mühafizə zolaqları hüdudundadır və eyni zamanda giriş-çıxışın təmin edilməsi qeyri-mümkündür. Yuxarıda göstərilən səbəbdən bu sahə fərdi yaşayış evinin tikintisi üçün inşaat norma və qaydalarına cavab vermir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin müvafiq (2-1(112)-7618/2022 saylı) inzibati iş üzrə məhkəməyə ünvanlanmış 5 may 2022-ci il tarixli məktubunda bildirilir ki, Əhmədli Bələdiyyəsinin 15 aprel 2008-ci il tarixli 4 saylı iclas protokolu X3 aşkar olunmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC-nin müvafiq (2-1(112)-7618/2022 saylı) inzibati iş üzrə məhkəməyə ünvanlanmış 10 may 2022-ci il tarixli məktubunda bildirilir ki, vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə dair Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 23 aprel 2008-ci il tarixli 019 nömrəli qərarı və digər aidiyyəti torpaqayırma sənədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə daxil olmamışdır. İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq (2-1(112)-7618/2022 saylı) inzibati iş üzrə məhkəməyə ünvanlanmış 25 may 2022-ci il tarixli məktubunda bildirilir ki, Əhmədli Bələdiyyəsinin qərarı ilə İddiaçı ayrılması nəzərdə tutulan sahəyə dair rəy verilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin arxivində heç bir sənəd aşkar edilməmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Əhmədli qəsəbəsi, 2315-ci məhəllədə yerləşən 100 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsi 23 aprel 2008-ci il tarixdə 019 nömrəli qərar qəbul etmişdir. İddiaçı tərəfindən cavabdehin hesabına torapq sahəsinin alınması ilə bağlı 2.000 manat pul vəsaiti ödənlmişdir. Tərəflər arasında alqı-satqı aktı tərtib edilsə də, həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənməmiş, eləcə də bələdiyyə ilə iddiaçı ilə bələdiyyə arasında müvafiq müqavilə rəsmiləşdirilməmişdir. Həmçinin, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi proseduru da formal şəkildə təmn edilmişdir. İddiaçı qərarla ona ayrılmış torpaq sahəsindən istifadə edə bilmədiyindən, ona dəymiş maddi və mənəvi ziyanın alınması ilə bağlı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda ona dəymiş 40.000 manat maddi və 10.000 manat mənəvi ziyanın cavabdehdən tutulmasını tələb edir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan olduğundan, iddiaçının ona dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən mənfi cavab verilməklə məsələnin həllindən imtina edildiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur, Qeyd olunanlar, habelə iddianın mümkünlüyünü istisna edən digər xüsusatların mövcud olmadığı nəzərə alınaraq, iddia mümkün qiymətləndirilir. Mübahisənin mahiyyətinə gəldikdə isə, qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - (4.0.1) qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Əsasnamənin 7-ci bəndinə görə ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (maddə 13.2). Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsinin İddiaçı torpaq sahəsi ayrılması ilə bağlı hərıkətlərini qanunsuz qiymətləndirir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə cavabdehin 23 aprel 2008-ci il tarixdə 019 saylı qərar mübahisələndirilməsə də, iddiaçı ona dəymiş ziyanı tələb edə bilər və bu hal cavabdehin özü tərəfindən ayrıca icraat aparılmaqla həmin qərarın etibarsızlığının tanınmasını, eləcə də ləğv olunmasını istisna etmir. Cavabdehin 23 aprel 2008-ci il tarixli 019 saylı qərarı “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsinə görə etibarsızdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi faktiki olaraq konkret ərazi kimi inzibati aktın ünvanlandığı şəxs qismində İddiaçı təhvil verilməmişdir. Məhkəmə cavabdehin iddiaçıya torpaq sahəsi ayrılması ilə bağlı hərəkətlərinə qiymət verərkən aşağıdakıları əsas götürmüşdür: 1) torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti orqanı kimi Xətai RİH-in rəyi nəzərə alınmamışdır, 2) qanunun tələbinə uyğun olaraq həmin dövrdə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmamışdır, 3) sahənin tikinti normalarına uyğun olub-olmaması kifayət qədər araşdırılmamışdır, 4) qərar qəbul olunduqdan sonra müvafiq müqavilə baölanmamı və qərarın nüsxəsi bələdiyyərin fəaliyyətində inzibati nəzarəti həyata keçirən orqana (X4) göndərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı dəymiş ziyanın əvəzi olaraq torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə əlaqədar ödədiyi 2.000 manat məbləğində vəsaiti cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsindən tələb etməkdə haqlıdır və iddia “2.000 manat maddi ziyanın tutulması” hissəsində əsaslıdır. İddiaçı maddi ziyanla bağlı tələbinə yuxarıda göstərilən məbləğdən başqa tikinti materiallarına və ərazinin abadlaşdırılmasına çəkdiyi xərcləri, habelə yaşayış sahəsi olmaması ilə əlaqədar kirayə xərclkərini də daxil etmişdir. Lakin həmin sahədə tikinti və abadlaşdırmaya çəkilən xərcləri, eləcə də iddiaçının kirayədə yaşamasının və başqa yaşayış sahəsini əldə etmək imkanının olmamasının birbaşa ayrılmış torpaq sahəsindəki tikintidən asılı olmasını təsdiqləyən heç bir yetərli sübut təqdim olunmadığından, məhkəmə maddi ziyan tələbini qalan hissədə əsaslı saymır. İddiaçının tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinə gəldikdə isə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmənin qənaətinə görə cavabdehin qanunsuz hərəkətləri iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb ola bilər, lakin 2008-ci ildən cavabdehə müraciət edilənədək ötən dövr ərzində onun səhhətində baş vermiş mənfi dəyişikliklərlə bağlı məhkəməyə tutarlı sübutlar təqdim edilmədiyindən, iddiaçının cavabdehin həmin hərəkətləri nəticəsində iztirab keçirməsi təsdiq olunmur. Lakin məhz cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntılar keçirməməsi qənaəti təbii görünmür. Bu qənaət ilk öncə ondan irəli gəlir ki, iddiaçı ilə cavabdeh inzibati orqan arasında ona torpaq sahəsi ayrılması barədə qərarla bağlı əvvəlcə qarşılıqlı etimad formalaşmışdır. Lakin bir müddət sonra cavabdeh ayırdığı torpaq sahəsini ona faktiki olaraq təhvil vermədiyindən və torpaq sahəsində planlaşdırılmış işlərin həyata keçirilməsinə şərait yaradılmadığından, davam edən belə halın onun onun şüurunda mənfi psixi nəticələr yaratmaması mümkünsüzdür. İddiaçıya toprpaq sahəsi ayrılması barədə cavabdehin 23 aprel 2008-ci il tarixli 019 saylı qərarı ləğv olunmadığı halda, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədən əvvəl inzibati orqana və sonradan hazırkı iddia ilə məhkəməyə müraciət etməsi onu deməyə əsas verir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya sarsıntı keçirilməsi qismində mənəvi zərər dəymişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 10-cu bəndində izah edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi sarsıntı baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqadar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qanunvericiliyin sadalanan müddaəalarına əsaslanaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 10-cu bəndini rəhbər tutaraq, işin bütün hallarını, o cümlədən qanunsuz hərəkətlərin 6 il davam etməsini, habelə iddiaçının fərdi xüsusiyyətlərini (yaşı, ailəli olması və s.), eləcə də cavabdehin inzibati orqan kimi səlahiyyətlərini, resurslarını və imkanlarlarını nəzərə alaraq, dəymiş mənəvi zərərin 1.000 manat həcmində müəyyən edilməsini ağlabatan və ədalətli sayır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsindən dəymiş maddi ziyana görə 2.000 manat və mənıvi ziyana görə 1.000 manat kompensasiya İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsindən dəymiş maddi ziyana görə 2.000 manat və mənıvi ziyana görə 1.000 manat kompensasiya İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5977/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5977/2023
14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver