Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5979/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovnanın, onun vəkili X1 iştirakları ilə, iddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və 5 saylı Bakı “Asan xidmət” mərkəzi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla doğum akt qeydinin bərpası tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və 5 saylı Bakı “Asan xidmət” mərkəzi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla doğum akt qeydinin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni 24 mart 1987-ci ildə Ermənistan SSR-nin Qoris şəhərində doğulmuş, doğum faktı Ermənistan SSR-nin Qoris rayon VVAQ İdarəsi tərəfindən 01 aprel 1987-ci ildə 153 saylı akt qeydi ilə qeydə alınmış, anası-milliyətcə rus Abkaryan (Krestova) İrina Nikolayevna, atası-milliyətcə erməni X12(g)enoviç olan Məmmədova (Abkaryan) Elina Slavikovnanın doğum haqqında akt qeydinin bərpa edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 24 mart 1987-ci ildə Ermənistan SSR-nin Qoris şəhərində doğulmuş və doğulduqda 01 aprel 1987-ci ildə Ermənistan SSR- nin Qoris rayon VVAQ İdarəsi tərəfindən V-SL seriyalı 489005 saylı doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Doğum haqqında şəhadətnaməsində doğum yeri kimi Ermənistan SSRİ-nin Qoris şəhəri göstərilmişdir. X10 Vazq(g)enoviç 13 oktyabr 1961-ci ildə Ermənistan SSR-i Qoris şəhərində doğulmuşdur, 12 aprel 2004-cü ildə Belarusiya Respublikasında ölmüşdür. Anası Krestova (Abkaryan) İrina Nikolayevna 18 avqust 1964cü ildə Azərbaycan SSR-nin Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı olmuş, 02.12.2006-cı ildə Suraxanı RPİ tərəfindən Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 05635909 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Anası 14 avqust 2009-cu ildə Bakı şəhərində ölmüşdür. X11 Slavikovna 21 fevral 1985-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuşdur. 1988-ci ildə Belarusiyaya getmişlər, Minsk şəhərinin Mədil rayonunun Brili kəndində yaşamış, 3-cü sinfə qədər orta məktəbi Belarusiyada oxumuşdur. 27 dekabr 1996-cı ildə Azərbaycana qayıtmışlar. Anası ilə atasının nikahının pozulması Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 12 oktyabr 2006-cı il tarixdə qeydiyyata alınmışdır. 2012-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X4 ilə ailə qurmuş, 2013-cü ildə bir qızları doğulmuşdur. 11.10.2019-cu ildə X4 ilə nikaha daxil olmuş, buna uyğun olaraq ona ‘'Məmmədova” soyadı verilmişdir. Uzun illər Azərbaycanda şəxsiyyət vəsiqəsi olmadan yaşamışdır. Sonradan 26 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövət Miqrasiya Xidməti ******* saylı qərarla onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün 5 saylı Bakı "ASAN xidmət" mərkəzinə doğum haqqında şəhadətnaməsini də təqdim etməli idi. Ona doğum haqqında şəhadətnamə Ermənistan SSR-də verildiyindən həmin sənədi Rus dilindən Azərbaycan dilinə tərcümə etmək zərurəti yaranmışdır. Bu məqsədlə doğum haqqında şəhadətnaməsini Azərbaycan dilinə tərcümə edən şəxs sənədin tərcüməsində doğulduğu şəhəri “Qoris” əvəzinə “Qolisi” kimi tərcümə edib. Nəticədə, doğulduğu şəhər Daxili İşlər Nazirliyinin onun şəxsiyyətini təsdiq edən sənədlərilə bağlı bölməsində “Qolisi” kimi qeyd edilib. Bu səhvin düzəldilməsi üçün o, onu şəxsiyyət vəsiqəsi ilə təmin edən 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin şəxsiyyət vəsiqəsi bölməsinə müraciət etmiş, onlar demişlər ki, onun doğum yeri sistemə artıq “Qolisi” kimi yerləşdirilmişdir və onu Ədliyyə Nazirliyinin 5 saylı Bakı "ASAN xidmət" mərkəzindəki Qeydiyyat şöbəsinə yönəldərək bildirmişlər ki, yalnız Ədliyyə Nazirliyi öz sistemində onun doğum haqqında şəhadətnaməsini tərcümə edib yerləşdirdikdən sonra, onlar da mənim sənədlərimdə Ədliyyə Nazirliyinin məlumatına əsasən düzəliş edə bilərlər. 5 saylı Bakı "ASAN xidmət" mərkəzindəki Qeydiyyat şöbəsi ona bildirmişdir ki, doğum akt qeydi Ermənistanda saxlanıldığından Azərbaycanda mövcud olmayan akt qeydinin tərcüməsini sistemə yerləşdirmək mümkün deyil. Yalnız doğum akt qeydi Azərbaycanda bərpa edilikdən sonra, bu cür prosedur aparıla bilər. Bu səbəbdən də doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Bundan sonra o, 17 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək onun - 24 mart 1987-ci il tarixdə Ermənistan SSR-nin Qoris şəhərində doğulmuş, doğum faktı Ermənistan SSR-nin Qoris rayon VVAQ idarəsi tərəfindən 01 aprel 1987-ci ildə 153 saylı akt qeydi ilə qeydə alınmış, anası - milliyətcə rus Abkaryan (Krestova) İrina Nikolayevna, atası - milliyətcə erməni X12(g)enoviç olan Məmmədova (Abkaryan) Elina Slavikovnanın doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, qeydiyyat şöbəsi ərizəsini təmin etməkdən imtina etmişdir. Hesab edirəm ki, Bakı şəhəri Cavabdeh cavabı əsassız və qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozur. Bakı İnzibati Məhkəməsinin 22.05.2020-ci il tarixli qərardadı ilə iddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və 5 saylı Bakı “Asan xidmət” mərkəzi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla doğum akt qeydinin bərpası tələbinə dair iddia tələbi mümkün sayılmamışdır. Qərardadla razı olmayan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-(112)-3735/2020 nömrəli iş üzrə 22 may 2020ci il tarixli qrardadının dəyişdirilmədən qüvvədə saxlanılması, iddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovnanın apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1968/2020 saylı qərarı ilə Məmmədova (Abkaryan) Elina Slavikovnanın kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 iyul tarixli 2-1(10)-1325/2020 saylı qərardadının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli 2-1 (103)-1181/2021 saylı qərardadı ilə iddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovna tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3735/2020 saylı 22 may 2020-ci il tarixli qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli 2-1 (103)-1181/2021 saylı qərardadında göstərilmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-1968/2020 saylı 20.10.2020-ci il tarixli qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. İnzibati orqanın ərizəni təmin etməkdən imtina etdiyi nəzərə alındıqda, iddiaçının hazırkı məzmunda iddiasının məhkəmələrin yuxarıda qeyd etdikləri səbəblərə görə mümkünsüz hesab edilməsi qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən birinci instansiya qaydasında baxılarkən cavabdeh və üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və iddia tələbinə dair yazılı münasibətlərini (etiraz) məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-Məmmədova (Abkaryan) Elina Slavikovna iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovnanın vəkili X3 cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmasının nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunması xahiş etdi. Məhkəmə iddiaçının və onun vəkilinin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 24.03.1987-ci ildə Ermənistan Respublikasında doğlulmuşdur. Ermənistan SSR Qoris rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş V-SL 489005 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, (doğum haqqında şəhadətnamənin əslinə məhkəmə iclasında baxış keçirilmişdir), X8 24 mart 1987-ci ildə Ermənistan SSR, Qoris şəhərində doğulmuş, bu barədə 1987-ci ilin aprel ayının 1-ci günündə 153 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Valideynləri qrafasında atası-X6, anası qrafasında X7 qeyd olunmuşdur. 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 365013 №li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 19 mart 1991-ci ildə Rusiya Federasiyası Xabarovsk vilayətində doğulmuş X2 24 mart 1987-ci ildə Ermənistan Respublikası Qolisi şəhərində doğulmuş X8 ilə 11 oktyabr 2019-cu ildə nikaha daxil olmuşdur, nikahın bağlanması haqqında akt qeydləri kitabında 2019-cu ilin oktyabr ayının 11-ci günündə 4047 nömrə ilə qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Bakı şəhəri, Cavabdeh 05/15-934 №li 18 dekabr 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şəxsin şəxsiyyət vəsiqəsində doğum yeri Ermənistan Respublikası, Qolisi şəhəri yazıldığı halda, doğum haqqında şəhadətnamədə onun doğum yeri Ermənistan Respublikası Qoris rayonu yazılmışdır. Doğum akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsaslar olmadığından və yuxarıda qeyd olunan uyğunsuzluq aşkar edildiyindən akt qeydinin bərpa edilməsi şöbədə mümkün deyil. Hazırki halda yuxarıda adı şəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktların qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Bakı şəhəri, Cavabdeh 03/13-351 №li 30 mart 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Məmmədova (Abkaryan) Elina Slavikovnanın doğumu Ermənistan Respublikasında qeydə alındığından həmin doğum haqqında akt qeydinin surətinin məhkəməyə göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas müddəaların 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Əsas müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Əsas müddəaların 18-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. İş materiallarından da göründüyü kimi, iddaçının bərpa olunmasını tələb etdiyi müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənəd-ona məxsus doğum haqqında şəhadətnamənin mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən sonuncunun müraciətinin təmin olunmasından imtina olunmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 24 mart 1987-ci ildə Ermənistan SSR-nin Qoris şəhərində doğulmuş, doğum faktı Ermənistan SSR-nin Qoris rayon VVAQ İdarəsi tərəfindən 01 aprel 1987-ci ildə 153 saylı akt qeydi ilə qeydə alınmış, anası-milliyətcə rus Abkaryan (Krestova) İrina Nikolayevna, atası-milliyətcə erməni X12(g)enoviç olan Məmmədova (Abkaryan) Elina Slavikovnanın doğum haqqında akt qeydinin bərpa edilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5979/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5979/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver