Məhkəmə qərarları › İş №2-1(112)-598/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-598/2021

29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-598/2021 29.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X7 iştirakı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi inzibati icraata 3-cü şəxs qismində cəlb edilməklə “hərəkətinin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin “ona əlilliyin təyin olunması barədə qərarın etibarsız hesab edilməsinə dair qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında “İddiaçı əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X6 etibarsız edilməsi qanunsuz hesab edilsin və həmin alt sistemdə İddiaçı aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulsun” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən 1-ci qrup əlil olaraq pensiya təyin edilmişdir. İyul ayına kimi pensiyanın təyin edilməsində heç bir problem mövcud olmamışdır. 2018-ci ilin iyul ayının axırlarında təyin edilmiş pensiyanın alınması üçün kartı bankomata saldıqda bankomat qəbul etmiş kartı heç bir əməliyyat aparmadan geri qaytarmışdır. O, dializ xəstəsidir və tez-tez müalicə olma səbəbindən kartın aqibəti ilə maraqlanmağa imkanı olmamışdır. Buna baxmayaraq bir neçə yerlə bununla bağlı telefonla əlaqə saxlamağa çalışmış, lakin nəticə əldə etməmişdir. O, 1-ci qrup əlil olduğuna və pensiyanın təyin edilməsinə baxmayaraq pensiyanın alınmasında çətinlik çəkdiyinə görə bir müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-ya rəsmi müraciət etmişdir. ƏƏSMN yanında DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən ona xx.xx.2018-ci il tarixli bildiriş göndərilmiş və pensiyanın təyinatı üçün təqdim edilmiş “Forma 88”-in etibarsız hesab edildiyini və bu səbəbdən pensiyanın dayandırıldığını bildirmişdir. Bu səbəbdən o, iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) qarşı inzibati orqanın qanunsuz hərəkətlərinə son qoyulması, pensiyanın dayandırılması barədə inzibati aktın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)- 412/2019 saylı qərarı ilə iddia təmin edilmədiyindən həmin qərardan apellyasiya şikayəti verilmiş və Apelyasiya Məhkəməsində məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən məhkəməyə təqdim olunan məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili işlər Nazirliyinin Tibb idarəsinin xx.xx.2018-ci il tarixli ******* AADCR saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilimiş və ümumi xəstəlik səbəbi ilə miiddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmiş, lakin göndərişi rəsmiləşdirən Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AADCR saylı göndərişin əsassız rəsmiləşdirildiyinə görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə məktub ünvanlayaraq onun haqqında əlilliyin etibarsız hesab edilməsi barədə qəbul edilmiş qərarın surətinin ona təqdim edilməsini xahiş etmiş, lakin əlillik altsistemində onun haqqında əlilliyin etibarsız hesab edilməsi barədə qəbul edilən qərar ona təqdim edilməmişdir. Cavabdeh orqan iddiaya dair yazılı münasibətində bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli, 4110003AADCR saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “Böyrəklərin kistoz (autosom-dominant) xəstəliyi. Xroniki böyrək xəstəliyi V mərhələ. XBÇ-terminal mərhələ. Renal hipertenziya. Renal anemiya (EPO-dan asılı). Hemodializ seansından sonrakı vəziyyət. Nefrolitotomiyadan sonrakı vəziyyət (2000-ci il). Xroniki obstruktiv pielonefrit.” xəstəliyi ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsini Nazirliyinin xx.xx.2017-ci il tarixli 029- 2360-1218/5 saylı məktubu qiymətləndirməyə əsas verən 4110003AADCR saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. DİN Tibb İdarəsinin qeyd olunmuş məktubu əsasında İddiaçı aid qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli, 4110003AADCR saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AADCR saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində К.Baxşəliyevə aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia ərizəsində göstərilənlərə uygun izahat verərək iddianın təmin edilməsini məhkədən xahiş etdilər. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və nümayəndəsini dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli, 4110003AADCR saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “Böyrəklərin kistoz (autosom-dominant) xəstəliyi. Xroniki böyrək xəstəliyi V mərhələ. XBÇ-terminal mərhələ. Renal hipertenziya. Renal anemiya (EPO-dan asılı). Hemodializ seansından sonrakı vəziyyət. Nefrolitotomiyadan sonrakı vəziyyət (2000-ci il). Xroniki obstruktiv pielonefrit.” xəstəliyi ilə ümumi xəstəlik səbəbi ilə ona müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavab olaraq xx xxxxxx 2020-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli, 4110003AADCR nömrəli göndərişinə əsasən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə dərəcə əlillik təyin edilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 029-2360-1218/5 nömrəli məktubu ilə 226 nəfərin, o cümlədən İddiaçı əlilliyinin təyini üçün əsas olmuş göndərişinin etibarsız edilməsi barədə məlumat daxil olmuşdur. Qeyd olunan əsasla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlilliyi etibarsız edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvünladığı xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin xx xxxx 2004-cü il tarixli F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin xx.xx.2008-ci il tarixli **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə bir dəfə DİN-nin poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmışdır. Nazirliyin digər strukturlarında qeyd olunan əmrin tələblərindən irəli gələn tədbirlərin icrası həmin strukturların rəhbərlərinə tapşırılmışdır. Vergilər Nazirliyinin “Vergilər Nazirliyinin bir sıra əmrlərinin ləğv edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********983700 nömrəli əmri ilə qeyd olunan əmr və həmin əmrə dəyişikliklər haqqında əmrlər ləğv edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq ünvünladığı xx.xx.2020-ci il və xx.xx.2020-ci tarixli eyni məzmunlu məktublarda bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X4 tərəfindən əlillik dərəcisinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda qeyd olunan vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq ünvünladığı xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X4 tərəfindən əlillik dərəcisinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Vətəndaş İddiaçı Vergilər Nazirliyinin əməkdaşı kimi ‘‘Böyrək çatışmazlığı xəstəliyi” diaqnozu ilə 2011-ci il tarixədək DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 1 saylı poliklinikada tibbi qeydiyyatda olmuş, xx.xx.2018-ci il tarixdə DİN-in A.N.Heydərov adına Respublika Hospitalının Hemodializ şöbəsində kənar şəxs kimi ödənişli qaydada dializ seansı almışdır. Barəsində tərtib edilmiş göndəriş (Forma 88) vət. İddiaçı DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı dövrə təsadüf etdiyi üçün əsassız hesab edilmişdir. İş materiallarına İddiaçı adına Azərbaycan Respublikası DİN-nin 1 saylı poliklinikasında tərtib edilmiş tibbi karta əlavə edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli, 4110003AADCR saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “Böyrəklərin kistoz (autosom-dominant) xəstəliyi. Xroniki böyrək xəstəliyi V mərhələ. XBÇ-terminal mərhələ. Renal hipertenziya. Renal anemiya (EPO-dan asılı). Hemodializ seansından sonrakı vəziyyət. Nefrolitotomiyadan sonrakı vəziyyət (2000-ci il). Xroniki obstruktiv pielonefrit.” xəstəliyi ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 029-2360- 1218/5 nömrəli məktubu ilə 226 nəfərin, o cümlədən İddiaçı əlilliyinin təyini üçün əsas olmuş göndərişinin etibarsız edilməsi barədə daxil oldugu məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi etibarsız edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (x xxxxxxx 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA xx/xx/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi - 1-ci qrup əlil olmasının müəyyən edilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın nəticəsinin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin qanunsuz hesab edilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Belə olan halda qanunvericinin göstərişinə əsasən iddiaçı yalnız əyani müyinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. Lakin işin faktiki hallarına əsasən iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin qiymətləndirilməsi altsistemində etibarsız etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İşin faktiki hallarına əsasən cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Eyni zamanda iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Yuxarıda gödtərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə İddiaçı əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X6 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X6 etibarsız edilməsinin qanunsuz hesab edilməsi və həmin alt sistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X6 etibarsız edilməsi qanunsuz hesab edilsin və həmin alt sistemdə İddiaçı aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar