Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5980/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinin ayrılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılmasının cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə məlum hadisələrlə bağlı Ağdam rayonundan məcburi köçkün düşüb və məcburi köçkün kimi ünvan 1 ünvanda məskunlaşıblar. Onun üç övladı var, ailəlidirlər və azyaşlı uşaqları vardır. Onun və övladlarının şəxsi evləri yoxdur. Onun ailəsinin yaşayış səviyyəsi çox aşağıdır. Yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün onların ailəsinə torpaq sahəsi ayrılmalıdır. Həmin torpağı əkib-becərib ərzaq bolluğu yaradaraq ailə vəziyyətlərini yaxşılaşdırmaq olar. O, uzun müddət təhsil sistemində işləyib, 43 (qırx üç) illik iş stajı var. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak edib. Qarabağ müharibəsi veteranıdır. Həmçinin müharibədə şəhid, əlil olmuş, “Milli Qəhraman” adı almış qohumları vardır. Onlar hal-hazırda yaşadıqları ərazidə istifadəsiz torpaq sahələri mövcuddur, həmin torpaq sahələrindən onların ailəsinə ayrılması mümkündür və belə olan təqdirdə ayrılmış sahədə torpağı əkib-becərərək həyat şəraitlərini yaxşılaşdırmaq mümkündür. Məcburi köçkün olmasına baxmayaraq, o da Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlar üçün Konstitusiyada təsbit edilmiş hüquqlardan istifadə etmək və yararlanmaq arzusundadır. Sabunçu rayon İcra hakimiyyəti təsərrüfat şöbəsinin müdiri tərəfindən onun adına Pirşağı qəsəbəsi, Pirşağı Məmmədli yolunun sol kənarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün təklif olunan torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Həmçinin ona Sabunçu rayon İcra hakimiyyəti başçısının birinci müavini tərəfindən 06.09.2018-ci il tarixdə verilmiş cavabda Pirşağı qəsəbəsində yaşadığı evin yaxınlığında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün torpaq sahəsi ayrılması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət etməsi tövsiyyə olunmuşdur. Lakin indiyədək Sabunçu rayon İcra hakimiyyətindən torpağın tam olaraq ona verilməsi və rəsmiləşdirilməsi üçün hər hansı bir nəticə edə bilmədiyindən, bu inzibati orqanın fəaliyyətsizliyindən narazıdır və Bakı şəhər İcra hakimiyyətini cavabdeh orqan kimi məhkəməyə cəlb etmək məcburiyyətində qalıb. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-906/2020 saylı 29.09.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-906/2020 saylı 28.10.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinin ayrılması barədə iddiası mümkün sayılmamışdır. İş üzrə İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-906/2020 saylı 28.10.2020-ci il tarixli qərardadından apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.02.2021-ci il tarixli 2-1(103)-407/2021 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2-1(112)-906/2020 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılmasının cavabdehə həvalə olunması” tələbinə dar inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin 16.02.2021-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, iddiaçı 16.03.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, ona 10 sot torpaq sahəsi ayrılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçının 16.03.2020-ci il tarixli ərizəsinə münasibət bildirilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin 16.02.2021-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, işin birinci instansiya icratı zamanı iddiaçıya iddia tələbini dəqiqləşdirib-dəqiqləşdirməməsi, iddia növünün münasibləri ilə əvəz olunubolunmaması təklif edilməli, onun bu barədə münasibəti aydın şəkildə məhkəmə iclası protokolunda öz əksini tapmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5980/2021 №li 23 aprel 2021-ci il tarixli qərardadı ilə 16.03.2020-ci il tarixdə İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, ona 10 sot torpaq sahəsinin ayrılması barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. Həmçinin İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 23 aprel 2021-ci il tarixli məktubla müraciət olunaraq, iddia tələbinin və iddia tələbinə cavab verməli olan inzibati orqanın dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı 03.06.2021-ci il tarixdə İPM-nin 54-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətini cavabdeh qismində göstərməklə ailə üzvlərilə birlikdə onun istifadəsinə 0,10 ha torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5980/2021 saylı 22.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətini cavabdeh qismində göstərməklə ailə üzvlərilə birlikdə onun istifadəsinə 0,10 ha torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə həvalə olunması barədə ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı yenidən məhkəməyə ərizə təqdim edərək, onun ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün ona torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmiş və qeyd olunan ərizə də məhkəmə tərəfində icraata qəbul olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddiaya dair etirazı (mülahizə) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materialarında olan; Bakı şəhər Sabunçu rayon İcra hakimiyyəti başçısısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.12.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində 14 saylı evdə Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21.11.2019-cu il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiqlənən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü yarımbəndinə əsasən “müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrinin “Torpaq icarəsi haqqınnda” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə verilməsinin, 4.16.6-cı yarımbəndində əsasən “Torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin müdafiəsinə köməklik göstərmək” səlahiyyətinin yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aid olduğu qeyd olunmuşdur. Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti başçısının İddiaçı ünvanladığı 22.11.2019-cu il tarixli məktubda Sabunçu polis idarəsindən Sabunçu rayon İcra hakimiyyətinə daxil olmuş torpaq sahəsi ilə təmin olunmağına köməklik göstərilməsi barədə H-6/116-038/94 saylı, 31.10.2019-cu il tarixli müraciətinə baxıldığı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən vətəndaşlara məqsədli şəkildə torpaq sahəsinin verilməsinin bələdiyyələr və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilmiş torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirildiyi, Sabunçu rayon İcra hakimiyyətinin hər hansı məqsədlə vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyətində olmadıqları qeyd olunmuşdur. Bakı şəhər İcra hakimiyyəti tərəfindən verilmiş 27.02.2019-cu il, 25.04.2019-cu il və 08.05.2019-cu il tarixli məktublarında göstərilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün boş torpaq sahələri olmadığından müraciətin icrası mümkün deyil. Bununla belə qüvvədə olan qanunvericiliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsinin əldə edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin yerli bələdiyyə orqanları tərəfindən elan edilən və mütəmadi olaraq keçirilən hərrac və müsabiqələrdə iştirak etmək hüququndan istifadə etmək hüququ vardır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin: -49-cu maddəsinin 2-ci hissəsinə görə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. -50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Həmin maddənin 4-cü bəndinə görə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. -51-ci maddəsinin 1-ci bəndinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. -56-cı maddəsinin: 1-ci bəndinə görə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 2-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanının 2-ci hissəsinin dördüncü bəndinə əsasən həmin Qanunun 8-ci maddəsinin 8.1-ci bəndində və 11-ci maddəsinin 11.2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göstərilənlərə əsasən yerli icra hakimiyyəti orqanlarının fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə torpaq ayırmaq səlahiyyəti yoxdur. Yalnız, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 4.16.4-cü bəndində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) səlahiyyəti müəyyən edilmişdir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin 4.16.4-cü bəndində nəzərdə tutulmuş səlahiyyət şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Qeyd edilən normanın məzmunundan görünür ki, şəhər icra hakimiyyəti başçısı dövlət mülkiyyətində olan torpaq sahələrini rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyini aldıqdan sonra fiziki və ya hüquqi şəxsin istifadəsinə və ya icarəsinə verir. Göründüyü kimi hazırki iddia tələbi üzrə torpaq sahəsinin istər mülkiyyətə, istərsə də istifadə və ya icarəyə verilməsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid deyildir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara uyğun deyil. İddiaçı iddia ərizəsində cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu təsdiq edən heç bir əsas göstərməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3113/18 saylı iş üzrə qəbul etdiyi 19 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qeyd olunan qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verimiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3113/18 saylı iş üzrə qəbul etdiyi 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 844/2019 №li 13 mart 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinin ayrılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5980/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5980/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver