Məhkəmə qərarları › İş №2-1(112)-5980/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5980/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5980/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı müvafiq tədbirlərin görülməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi rayon Polis İdarəsi və istintaq rəisi Vüqar Ağayev və Orxan Süleymanlının hərəkətsizliyi, səthi yanaşması ilə bağlı və prosessual hərəkətlərin pozuntusuna yol verilməsi ilə müvafiq tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hadisə və fakt olanda onun əmlakına, mülki əşyalarına və sənədlərinə qarşı qanunsuzluq olanda hüquq mühafizə orqanlarına müraciət etmişdir. Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elxan Tağızadə onun tələbi ilə bağlı heç bir araşdırma aparmamış, müraciətinə səthi yanaşmışdır. 01.12.2017-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Yuxarı orqanlara yazdığı şikayətə yenidən Elxan Tağızadə özü cavab vermişdir. X1 və Sənan Qurbanov müraciətlərinə səthi yanaşmış, 25.09.2021-ci il tarixli qərarla cinayət işinin başlanmasını rədd etmişdirlər. Onlar onun müraciətlərinə səthi yanaşırlar, öhdəliklərini yerinə yetirmirlər. Odur ki, Nəsimi rayon Polis İdarəsi və istintaq rəisi Vüqar Ağayev və Orxan Süleymanlının hərəkətsizliyi, səthi yanaşması ilə bağlı və prosessual hərəkətlərin pozuntusuna yol verilməsi ilə müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.10.2019-cu il tarixli, 082-39489-1219 №-li məktubdan görünür ki, Nəsimi rayon prokurorluğuna ünvanlanmış ərizələri Nəsimi RPİ-nin İstintaq Şöbəsinə daxil olmuş, müraciətlər, istintaq şöbəsinin müstəntiqi polis kapitanı Elxan Tağızadə tərəfindən istintaq olunan və onun eyniməzmunlu müraciətləri əsaslnda Nəsimi RPİ-nin İstintaq Şöbəsində toplanmış materiallara əlavə olunmuşdur. Qeyd olunan material üzrə 01.12.2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Onun müraciətlərində qeyd olunan xüsusatlar mülki mübahisə predmeti olduğundan məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Hazırda iddiaçı cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti həyata keçirən orqanın fəaliyyəti ilə bağlı məsələni inzibati icraat qaydasında mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.1-ci maddəsinə əsasən qanunun tətbiq dairəsi cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. - 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə. - 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. - 442.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara; cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi cinayət məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisəyə aid olduğundan, inzibati icraat qaydasında baxılmalı olan işlərin tətbiq dairəsi cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmadığından mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün hesab edilə bilməz. Ona görə də iddia tələbi mümkünsüz hesab edilməklə iddiaçıya ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar