Məhkəmə qərarları › İş №2-1(112)-5983/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5983/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5983/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 26 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum yoldaşı X4 ilə 22.07.1977ci il tarixdə akt qeydləri kitabında № 457048 sayı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. 29 dekabr 2019-cu il tarixdə X4 vəfat etmiş və buna dair 08 yanvar 2020-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 26 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı bina 27.05.1997-ci il tarixli texniki pasporta əsasən mərhum A.Nəsirovun adına qeydiyyatdan keçmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 22.07.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnaməsinə əsasən mərhum A.Nəsirovun qanun üzrə vərəsəsi olan iddiaçı (arvadı) miras əmlaklarına tam varislik almışdır. Hazırda miras əmlakı olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 26 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) əldə edilməsinə dair zərurət yarandığından iddiaçının nümayəndəsi və vəkili tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanına 26 yanvar 2021-ci il tarixli 22/21 saylı ərizə ilə müraciət edilmiş və vərəsəlik hüquqlarını təsdiq edən sənədlər həmin ərizəyə əlavə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.03.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunanları əhatə edən arayış yazılı və ya elektron formada hüquq sahibinə (hüquq təsdiqedici sənəd), onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə verilir. Beləliklə, növbəti dəfə 01.04.2021-ci il tarixli təkrar ərizə ilə iddiaçının özü tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, mərhum X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 26 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi xahiş edilmiş və zəruri sənədlər ərizənin qoşma hissəsinə əlavə olunmuşdur. Buna baxmayaraq, uzun müddət keçmiş və bügunədək qeyd edilən ərizələrə heç bir reaksiya verilməmiş və görülən tədbirlər barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 26 ünvanında yerləşən təsərrüfat məqsədli yardımçı binaya dair məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə (hüquqmüəyyənedici sənəd), onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Bununla bağlı İdarə tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsinə **********59 qeydiyyat nömrəli, 12.03.2021-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İ-ЖГ № 457048 nömrəli 22.07.1977-ci il tarixli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 ilə İddiaçı 22.07.1977-ci ildə nikaha daxil olmuşlar. AZ İİ № 057940 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 29.12.2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.01.2020-ci il tarixdə 40 nömrə ilə qeyd edilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 22 iyul 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrindən müəyyən olunur ki, 29.12.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı İddiaçı miras əmlakdan tam irs almalıdır. 27 may 1997-ci ildə tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 26 ünvanında yerləşən təsərrüfat məqsədli yardımçı binanın tikildiyi il 1953-cü il, tikini sahəsi 18,0 kv.m, əsas sahəsi 18,0 kv.m təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23.06.2021-ci il tarixli, BA-02838-2021 nömrəli məktubuna əlavə edilmiş Nərimanov rayon XDS İK-nin (indiki Nərimanov RİH) arxiv fondu üzrə 28.06.1991-ci il tarixli, 11/193 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, A.Neymətulla küçəsi 26da yerləşən istifadəsiz qazpaylaşdırıcı məntəqəsinin sahəsi 18.0 kv.m olan binası təsərrüfat məqsədi ilə istifadə etmək üçün A.R.Nəsirova verilmişdir. Rayon mənzil təsərrüfatı idarəsinə A.R.Nəsirovun adına haqq-hesab vərəqinin açılması, 18 nömrəli MİSə binanın məqsədəuyğun istifadəsinə nəzarət tapşırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 15.07.2021-ci il tarixli, 3/254 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən 18 kv.m sahədən ibarət yardımçı binanın yerləşmə vəziyyəti və ilkin təyinatı barədə sorğunuza cavab olaraq bildirilir ki, qeyd olunan 18 kv.m-lik yardımçı sahə ilə bağlı heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30.06.2021-ci il tarixli, **********26 nömrəli məktubunda bildirilmişdir ki, Nərimanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 28.06.1991-ci il tarixli, 11 nömrəli qərarı həmin dövlət əmlakının vətəndaşın mülkiyyətinə deyil, onun istifadəsinə verilməsi ilə bağlıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 06 sentyabr tarixli 629 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, sözügedən dövlət əmlakının istifadəçisindən dövlət əmlakının sərəncamçısı - Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılmasının tələb olunması zəruridir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsinə ünvanladığı 12.03.2021-ci il tarixli, **********59 nömrəli məktubunda bildirilmişdir ki, sizin Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 26 ünvanında yerləşən təsərrüfat məqsədli yardımçı binaya dair məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın alınması ilə bağlı ərizənizə baxılmışdır. Bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə (hüquqi təsdiqedici sənəd), onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı Nərimanov rayon XDS İK-nin (indiki Nərimanov RİH) 28.06.1991-ci il tarixli, 11/193 saylı qərarına əsaslanaraq mərhum X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 26 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün həmin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin üzərinə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi öhdəliyinin qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etmək (bənd 3.0.12) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci bəndinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın: -2.1-ci bəndinə əsasən arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin ərazi idarələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni və şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. -4.1-ci bəndinə görə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışda aşağıdakı məlumatlar göstərilir: 4.1.1. hüquq sahibinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı); 4.1.2. daşınmaz əmlak obyektinin növü, ünvanı (olduğu yer), hüququn qeydə alındığı reyestr kitabının və vərəqinin nömrəsi; 4.1.3. mülkiyyətçilər haqqında məlumat (hüquq sahibinin adı, payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi); 4.1.4. hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi); 4.1.5 daşınmaz əmlakın təsviri: 4.1.5.1. torpaq sahəsi haqqında hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), kateqoriyası, məqsədli istifadəsi; 4.1.5.2. su obyekti həcmi, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.3. çoxmənzilli yaşayış binası haqqında binanın tikildiyi il, mərtəbəliliyi, mənzillərin sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi, qeyri-yaşayış sahəsi, çoxmənzilli yaşayış binasının tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq, tikinti və şəhərsalma qanunvericiliyinin tələbləri nəzərə alınmaqla müəyyən edilən torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.4. qeyri-yaşayış binasının binanın tikildiyi il, mərtəbəliliyi, ümumi sahəsi (kv.m), tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha)); 4.1.5.5. qurğunun, çoxillik əkmənin, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.6. qeyri-yaşayış sahəsinin binanın tikildiyi il, mərtəbəliliyi, qeyri-yaşayış sahəsinin mərtəbəsi (yerləşdiyi mərtəbə), ümumi sahəsi (kv.m); 4.1.5.7. mənzilin yerləşdiyi binanın tikildiyi il, mərtəbəliliyi, mənzilin mərtəbəsi, yaşayış otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi sahəsi (kv.m); 4.1.5.8. fərdi yaşayış evi haqqında- liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter, mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.9. bağ evi və yaşayış evləri haqqında məlumat (liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter (sıra №-si), mərtəbəliliyi, təyinatı (adı), tikintialtı sahə (kv.m), cəmi), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.10. əmlak kompleksi kimi müəssisə haqqında liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.11. müəssisə filialının hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi), müəssisə filialının tərkibi haqqında məlumat (liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.6. məhdudlaşdırılma (yüklülük) haqqında məlumat; 4.1.7. “Arayış qeydiyyata alındığı gündən 30 (otuz) gün müddətində etibarlıdır.” yazısı. -8.1-ci bəndinə görə arayış qeydiyyata alındıqdan sonra hüquq sahibinə və ya onun vəkil etdiyi şəxsə Xidmətin ərazi idarəsində və ya onun rayon (şəhər) şöbəsində icraçı tərəfindən təqdim edilir. Arayışı almaq hüququ olan şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə jurnalda imza edir, tarix qoyur və bundan sonra ona arayış verilir. -8.2-ci bəndinə görə müraciət etmiş şəxsə arayışın və ya arayış verilməsindən imtina edilməsi üçün bu Təlimatın 8.3-cü bəndində nəzərdə tutulmuş imtina halları mövcud olduqda əsaslandırılmış imtina məktubunun yazılı və ya elektron formada verilməsi 1 (bir) iş günü müddətində təmin edilməlidir. -8.3-cü bəndinə əsasən arayışın verilməsindən aşağıdakı hallarda imtina edilə bilər: 8.3.1. arayışın alınması üçün ərizə bu Təlimatın 1.2-ci bəndində göstərilmiş şəxslər tərəfindən verilmədikdə; 8.3.2. məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 07 dekabr 2012-ci il tarixli 08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 3.2.1-ci yarımbəndinə əsasən daşınmaz əmlak üzərində hüquq sahibi olmayan, daşınmaz əmlak üzərində hüquq sahibi tərəfindən vəkil edilməmiş şəxs və hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olmayan şəxs tərəfindən sorğu verildikdə və məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə xidmətin göstərilməsindən imtina edilir. Qeyd edilən normalardan müəyyən olunur ki, dövlət reyestrini həyata keçirən orqan tərəfindən daşınmaz əmlakla bağlı həmin əmlakın təsviri, həmin əmlakla bağlı dövlət qeydiyyatına alınmış hüquqlar eləcə də bu hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə və ya hüquq sahibinin əmlakına vərəsəlik hüququ olan şəxsə həmin daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənəd əsasında verilir. Daşınmaz əmlak üzərində hüquq isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmış hüquqmüəyyənedici sənədlər, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ndakı sənədlər əsasında müəyyən olunur. Hazırkı işin hallarından müəyyən olunur ki, iddia predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla 26 yaşayış binasının həyətində yerləşən 18.0 kv.mdən ibarət yardımçı bina vaxtilə qazpaylaşdırıcı məntəqə olmuş, daha sonra iddiaçının mərhum əri A.R.Nəsirovun müraciəti əsasında ona Nərimanov rayon X1 İcraiyyə Komitəsinin 28.06.1991-ci il tarixli qərarı ilə həmin binadan təsərrüfat məqsədi ilə istifadə etmək üçün verilmişdir. Qeyd edilən binaya dair 27.05.1997-ci il tarixdə tərtib edilmiş texniki pasportda texniki pasportun məhz “Qeyri-yaşayış fonduna daxil olan dövlət binaları və özəl obyektlərinin pasportu olduğu qeyd edilməklə, dolayısı ilə sözügedən obyekt dövlət binası olaraq təsərrüfat məqsədli yardımçı bina kimi təqdim edilmişdir. Həmçinin dövlət əmlakının idarə edilməsinə və sərəncam verilməsinə məsul olan dövlət orqanı Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 30.06.2021-ci il tarixli cavab məktubunda sözügedən yardımçı binanın dövlət əmlakı olduğu, onun vətəndaşın mülkiyyətinə deyil, istifadəsinə verildiyi və həmin əmlakdan istifadə edilməsi ilə bağlı Xidmətlə icarə müqaviləsinin bağlanılmasının zəruri olduğu bildirilmişdir. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi, bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunması, səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınar əmlakın və Dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsi yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə həyata keçirilməsi qərara alınmışdır. Beləliklə, iddiaçı iddia etdiyi əmlakla bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. İş üzrə təqdim olunmuş sənədlərə əsasən iddia predmeti olan daşınmaz əmlak dövlət mülkiyyətində olan əmlak olmaqla iddiaçının mərhum ərinə yalnız istifadə üçün verildiyi müəyyən olunur. Belə olan halda cavabdeh orqanın iddiaçının həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı verməkdən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar