Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5983/2022 05.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinə əsaslanaraq, məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (2012-ci ildə verilmiş) əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı 2014-cü ildə ərizə ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə müraciət edərək, mülkiyyətində olan qeyri-yaşayış binasının yenidən qurulmasına icazə istəmişdir. Bakı şəhəri Səbail RİH-in 47 saylı 25 fevral 2014-cü il tarixli Sərəncam ilə müvafiq icazə verilmişdir. Sərəncama əsas iddiaçının Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 iyun 2013-cü il tarixli məktubu ilə layihənin razılaşdırılması olmuşdur. Eyni zamanda, yeni qeyri-yaşayış binasına bütün kommunal xətlər çəkilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi də iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı Qeyri-yaşayış binasına dair reyestrdən çıxarışın alınması üçün ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədləri təqdim etməklə müraciət etmişdir. Lakin cavabdeh iddiaçıya qaldırılan məsələnin həllindən imtina olunması barədə məktub ünvanlamışdır. İmtina məktubunda bildirilmişdir ki, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədi Bakı ŞİH tərəfindən verilməmiş və qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdehin imtinası əsassız hesab olunur. Göstərilənlərəı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 8.0.10.1-ci maddələrinə, İPM-in 2.2.3, 8.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «X. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanaraq, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz sayılması və Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 2 mart 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 9 dekabr 2021-ci il tarixdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim olunmuş sənədlər surətdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış binasına dair Bakı ŞİH tərəfindən tikintiyə icazə, istismara icazə sənədləri təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Qeydiyyatdan keçmiş qeyri-yaşayış binası söküldüyü üçün məhvlə bağlı ərizə təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasının bir hissəsi sənəd üzrə olan sahədən kənarda, dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya 22 dekabr 2021-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9, 8.0.10, 11.1, 18-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli, 1 avqust 2018-ci il tarixli 226 nömrəli və 28 dekabr 2018-ci il tarixli 460 nömrəli fərmanlarının müddəalarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etdi və iddianın dəyişdirlərək «qeyriyaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 1 ünvanında yerləşən qeyri-yaşayış binası və altındakı torpaq sahəsi İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış və bu barədə 3 avqust 2012-ci il tarixdə RX seriyalı ******* nömrəli reyestrdən çıxarışvə müvafiq texniki pasport verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail RİH-in Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 18 dekabr 2012-ci il tarixli 1/10-H-129 nömrəli məktubunda aşağıdakılar bildirilir: - Vətəndaş İddiaçı ünvan 4 ünvanında mülkiyyətində olan qeyri-yaşayış binasının yenidənqurulmasına dair eskiz-layihəsinin təsdiq edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Səbail RİH təqdim olunmuş eskiz-layihəyə etiraz etmir və sənədlər aidiyyəti üzrə baxılaraq münasibət bildirilməsi üçün Sizə (Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinə) göndərilir. İş materiallarında olan Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Səbail RİH-ə ünvanlanmış 7 iyun 2013-cü il tarixli 18/03-8/1242 nömrəli məktubunda aşağıdakılar bildirilir: - Baş İdarənin 18 dekabr 2012-ci il tarixli 1/10-H-129 nömrəli məktubunu nəzərə alaraq, vətəndaş İddiaçı ünvan 6 ünvanda mülkiyyətində olan (3 avqust 2012-ci il tarixli ******* nömrəli reyestrdən çıxarışla) qeyri-yaşayış binasının yenidən qurulmasına dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi ("xxxx" MMC-nin işi) Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyinin alınması şərti ilə razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Sənədləşmə işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail RİH başçısının 25 fevral 2014-cü il tarixli 47 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı Səbail rayonu, Q.Abbasov küçəsi, 1 ünvanında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 iyun 2013-cü il tarixli, 18/03-8/1242 saylı məktubu ilə razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsi və irəli gələn şərtlər əsasında qeyri-yaşayış binasının yenidənqurulmasına icazə verilmişdir. İş materiallaarından görünür ki, 20 iyun 2014-cü il tarixdə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasının "xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihəsini razılaşdıraraq təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X3 Ekspertiza Baş İdarəsinin ünvan 9 ünvanında qeyri-yaşayış binası ilə bağlı 11 oktyabr 2014-cü il tarixli 18827 nömrəli rəyində aşağıdakılar bildirilir: - (Rəyin nəticə hissəsi) ünvan 9 ünvanında qeyri-yaşayış binasının işçi layihəsi bu rəyin 4-cü bölməsinin tələbinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin İddiaçı ünvanlanmış 15 may 2017-ci il tarixli 37/H-01008 saylı məktubunda aşağıdakılar bildiriir: - Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli 624 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, ünvan 9 ünvanında yerləşən zirzəmili, 6 mərtəbəli qeyri-yaşayış binasında aparılmış müayinənin nəticələri Agentliyin Təhlil qrupunun 10 may 2017-ci il tarixli 774 saylı iclasında müzakirə olunmuşdur. Müzakirə nəticəsində binaya dair tərtib olunmuş rəy Sizə təqdim edilir. İş materiallaarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin İddiaçı ünvanlanmış 15 may 2017-ci il tarixli 37/H-01008 saylı məktubun əlavə olunmuş Agentliyin Təhlil qrupunun 10 may 2017-ci il tarixli 774 nömrəli rəyində aşağıdakılar bildiriir: - (Rəyin nəticə hissəsi) Fiziki şəxs İddiaçı məxsus ünvan 9 ünvanında yerləşən zirzəmili, 6 mərtəbəli qeyri-yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlılıq tələblərini ödəyir. AR FHN Tikintidə X5 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun 10 may 2017-ci il tarixli 774 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 22 sekabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 9 dekabr 2021-ci il tarixli müraciətə baxılmışdır. Qeyri-yaşayış binasına dair Bakı ŞİH tərəfindən təsdiq edilmiş tikintiyə icazə, istismara icazə sənədləri təqdim edilməmişdir. Həmçinin, təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə qeyri-yaşayış binasının bir hissəsi sənəd üzrə olan sahədən kənarda dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü ilin yanvarın 1-dək) inşa edilmiş tikililərə dair – (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. Həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəısinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 28 aprel 2015-ci il tarixli 1262-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə aşağıdakı məzmunda 80.1-1-ci maddə əlavə edilmişdir: - “80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1.400 kvadratmetrdən və tikinti sahəsi 1.000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.”. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 16 may 2017-ci il tarixli 673-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində 80.1-1-ci maddə ləğv edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - (8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Göründüyü kimi, «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 16 may 2017-ci il tarixli 673- VQD nömrəli Qanunu qüvvəyə minənədək qüvvədə olan qanunvericlik normaları insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1.400 kvadratmetrdən və tikinti sahəsi 1.000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsini, tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması nəzərdə tutmuş, belə tikililərlə əlaqədar tikintiyə icazə alınmasını şərtləndirməmişdir. Hazırkı iddiaçı müvafiq dövrdə mülkiyyətində olan torpaq sahəsindəki mövcud qeyri-yaşayış binasının, hansı ki, onun həmin əmlaka hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır, yenidən qurulması ilə əlaqədar aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturuna zəruri layihə sənədlərini təqdim etmiş və yenidən qurulma ilə bağlı tikinti işlərinin aparılmasının zəruriliyini bildirişdir. Ona səlahiyyətli təşkilat kimi Səbail RİH tərəfindən icazə verilmiş, habelə müvafiq layihə Bakı ŞİH Memarlıq və Şəhərsalma baş İdarəsi ilə razılaşdırılmışdır. Lakin obyektin yenidənqurulması üzrə işlər başa çatdıqdan sonra FHN-in müvafiq qurumu tərəfindən yeni tikilinin istismarına dair müsbət rəy verilsə də, qeyri-yaşayış binasının istismarına icazə sənədi tərtib olunmamışdır. Bu halı səbəb gətirərək iddiaçının yeni obyektə mülkiyyət hüququnun qeydiyyat alınmasından cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Nəzərə alınmalıdır ki, yuxarıda sadalanan qanunvericilik normalarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin əvvəllər qüvvədə olmuş 81.1-1-ci maddəsinin tələblərinə əsasən İddiaçı ünvan 8 ünvanındakı qeyri-yaşayış binasına münasibətdə tikintiyə icazə, razılaşdırılmış layihə, müvafiq rəylər mövcud olduğu halda, mülkiyyət hüquqlarının qeydiyyatının tikilinin istismarına icazə sənədi olmadan aparılması qanuna zidd sayılmamalıdır. Bu qənaət ondan irəli gəlir ki, müvafiq tikinti işləri 2017-ci ilin may ayının 10-dək tamamlanmışdır və həımin dövrdə qüvvədə olan qanunvericilik normaları bu qəbildən olan tikililərə tikintiyə icazəni nəzərdə tutmurdu. Odur ki, həmin sənədin tələb olunması formal mülahizələrə söykənən dəlildir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasında göstərilən digər xüsusatlara, yəni layihə ilə faktiki vəziyyət arasındakı uyğunsuzluq və tikilinin bir hissəsinin sənəd üzrə olan sahədən kənarda yerləşməsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu halların mövcudluğu ilə bağlı cavabdeh heç bir tutarlı sübut təqdim etməmiş, aidiyyəti orqanın iddia qaldırılmamışdan verilən rəyində də bu halın mövcudluğu bildirilməmişdir. İddiaya qarşı etirada qeyd olunan “sənədlər surətdir” qeydi isə, formal xarakterli dəlildir. Yenidənqurulma ilə bağlı hallarda daşınmaz əmlakın məhvi barədə ərizənin verilməsi zəruri ola bilməz. Belə olan halda, məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, qeyri-yaşayış sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 1 ünvanındakı qeyri-yaşayış binasına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 1 ünvanındakı qeyri-yaşayış binasına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5983/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5983/2022
05.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver