Məhkəmə qərarları › İş №2-1(112)-5984/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5984/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5984/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçınin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DMX-nin İQ-49/1 saylı xx.xx.2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixli vəsatətinin təmin edilərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı il tarixdə Pakistan İslam Respublikasının Sind vilayətinin Karaçi şəhərində anadan olmuşdur, milliyətcə özünü urdudilli mühacir hesab edir, dini etiqadına görə müsəlmandır (sünnidir), Karaçi şəhərində orta təhsil almış, 2010-2013-cü illərdə Karaçi şəhərində PİA (X1) təlim mərkəzində təyyarə mühəndisliyi üzrə oxumuş, 2014-2016-cı illərdə Karaçi hava limanında texniki köməkçi işləmiş, 2016-2022-ci illərdə Karaçidə cirə və ədviyyat satışı ilə məşğul olmuşdur. Subaydır, valideynləri bir bacı və bir qardaşı ilə birlikdə Pakistanın Karaçi şəhərində, digər bir qardaşı və bacısı isə BƏƏ-nin Dubay şəhərində yaşayırlar. Karaçi şəhərində bazarda ədviyyatın pərakəndə satışı ilə məşğul olarkən, bir dəfə keyfiyyətli məhsulun əvəzinə ona Hindistandan gələn keyfiyyətcə aşağı məhsul verilmiş, yalnız dükanlara paylandıqdan sonra bu məhsulun keyfiyyətsiz olduğunu öyrənmiş, məhsulu ona satan şəxslərin yanına getmiş, aralarında mübahisə baş vermiş, sonradan onu maşına mindirərək naməlum yerə aparmışlar, ona müxtəlif işgəncələr vermiş, təhdid etmişlər. İddiaçı bu hadisədən sonra həmin şəxslərin onu qorxutmaq üçün evinə atəş açdıqlarını, onlardan ehtiyyat etdiyi üçün Karaçi şəhərini tərk etdiyini, Lahor və Sialkot şəhərlərində təxminən 3 ay yaşadıqdan sonra ölkəsini tərk etmək qərarına gəldiyini və 24 avqust 2022-ci il tarixdə Azərbaycana gəldiyini bildirmiş, səbəb olaraq vətəndaşı olduğu dövlət tərəfindən müdafiəsinin effektiv təmin olunmamasını göstərmişdir. Ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tələbini təmin etməkdən imtina edərək barəsində müvafiq qərar qəbul etmişdir. Həmin qərarı qanunsuz hesab etdiyi üçün ləğv edilməsini və tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı (pasport nömrəsi: LG5464791) ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022ci il tarixli İQ-49/1 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Şəxsin vəsatətində bir sıra ziddiyyətlər mövcuddur. Belə ki, şəxs vəsatətində düyü topdansatışı ilə bağlı yaranmış problem barədə danışsa da, müsahibəsində düyü əvəzinə zirə ilə bağlı məlumatları təqdim etmişdir. İddia ərizəsində isə mübahisənin cirə və ədviyyatlar səbəbindən baş verdiyi göstərilməkdədir. 2. Şəxsin vəsatətindən və iddia ərizəsindən görünür ki, o, Azərbaycan Respublikasına gəlməmişdən əvvəl 3 ay müddətində Lahor və Sialkot şəhərlərində yaşamışdır; 3. Dövlət tərəfindən hər hansı təqibə məruz qalması ilə bağlı, o cümlədən təqib olunması ilə bağlı polis və məhkəmə orqanlarına müraciət etdiyini bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Əlavə olaraq qeyd olunmuşdur ki, əcnəbi xx.xx.2022-ci il tarixdə işgüzar viza (sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi) ilə gəlmiş, xx.xx.2022-ci il tarixdə DMX-yə müraciət edərək xx.xx.2022-ci ilədək ünvan 1 ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Lakin əcnəbinin ölkədə olma müddəti bitməsinə baxmayaraq o, ölkəni tərk etməmiş və 11 gündən sonra, xx.xx.2022-ci il tarixdə X2çqın statusu almaq məqsədilə müraciət etmişdir. Göründüyü kimi, şəxs adi qaydada viza almaqla ölkə ərazisinə daxil ola bilərdi, həmçinin əgər şəxsin təqib qorxusu olma ehtimalı varsa, o, qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikasına gələn gündən DMX-yə müraciət edə bilərdi. Miqrasiya Məcəlləsinin 26.1-ci maddəsinə əsasən işgüzar səfər vizası Azərbaycan Respublikasında işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin, Ələt azad iqtisadi zonasında fəaliyyət üçün isə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və ya hüquqi şəxslərinin vəsatəti əsasında və ya Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Nəhayət, Şəxsin DMX-yə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsatətindən görünür ki, İddiaçınin Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı onun barəsində belə bir əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən (xx.xx.2022-ci il) sonra, həmin qərarı aldığı tarixdən (cavabdeh daha tez almasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmşdir) qanunvericiliklə nəzərdə tutulmuş müddətdə, xx.xx.2023-cü il tarixdə iddianı qaldırmışdır (İPM, maddə 38.2). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan PİR, DİN Pasport və immiqrasiya idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş LG5464791 nömrəli Pakistan İslam Respublikası pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Pakistan İslam Respublikası, Sind vilayəti, Kəraçi şəhərində doğulmuşdur, Pakistan İslam Respublikasının vətəndaşıdır. Pasportu xx.xx.2027-ci il tarixədək etibarlıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizəanket) görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının milliyəti urdu dilli mohacer, dini etiqadı islam (sünni), ana dili urdu olmuşdur, həmçinin ingilis dilini bilir. İddiaçı 2007-ci ildə St.Patrick məktəbində, 2009-cu ildə Govt Collegedə, 2010-2013-cü il tarixlərdə PİA təlim mərkəzində təyyarə mühəndisi ixtisası üzrə təhsil almışdır. Peşəsi biznesmendir. 2014-2016-cı il tarixlərdə Siakot hava limanında texniki köməkçi vəzifəsində işləmiş, 2016-2022-ci il tarixlərdə Kəraçi şəhərində düyü və ədviyyatlar satışı ilə məşğul olmuşdur. Subaydır, valideynləri bir bacı və bir qardaşı ilə birlikdə Pakistanın Karaçi şəhərində, digər bir qardaşı və bacısı isə BƏƏ-nin Dubay şəhərində yaşayırlar. Kəraçi şəhərində bazarda ədviyyatın pərakəndə satışı ilə məşğul olarkən, bir dəfə keyfiyyətli məhsulun əvəzinə ona Hindistandan gələn keyfiyyətcə aşağı məhsul verilmiş, yalnız dükanlara paylandıqdan sonra bu məhsulun keyfiyyətsiz olduğunu öyrənmiş, məhsulu ona satan şəxslərin yanına getmiş, aralarında mübahisə baş vermiş, sonradan onu maşına mindirərək naməlum yerə aparmışlar, ona müxtəlif işgəncələr verilmiş, təhdid etmişlər. O, bu hadisədən sonra həmin şəxslərin onu qorxutmaq üçün evinə atəş açdıqlarını, onlardan ehtiyyat etdiyi üçün Kəraçi şəhərini tərk etdiyini, Lahor və Sialkot şəhərlərində təxminən 3 ay yaşadıqdan sonra ölkəsini tərk etmək qərarına gəldiyini bildirmişdir. AR gəlməmişdən əvvəl hər hansı bir siyasi, dini, hərbi və ictimai təşkilatın üzvü və ya tərəfdarı olmadığını qeyd etmişdir. 2022-ci ilin aprel ayında 10 gün Kəraçidə həbsxanada qaldığını, biznes tərəfdaşlarının ona şər atıb tutdurduqlarını, sonra zaminliklə azad olunduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Həmin şəxslərin hələ də evlərinə gəldiyini, onun yerini soruşduğunu, Pakistana qayıdacağı halda onu tapıb öldürəcəklərini bildirmişdir. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli, İQ-49/1 saylı qərarından görünür ki, iddiaçının vəsatətinə baxılmış, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-cü bəndini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçına qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, ərizəçi təqibə məruz qaldıqdan sonra Lahor və Sialkot şəhərlərində təxminən 3 ay yaşamış, ötən müddət ərzində heç bir təqibə məruz qalmasa da, ölkədaxili yerdəyişmə alternativindən istifadə etməmiş və ölkəni tərk etmişdir. İddiaçınin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, o, vətəndaşı olduğu ölkədə dövlət orqanları, hər hansı bir şəxs və qrup tərəfindən təqibə məruz qalmamışdır. İddiaçı hazırda bu qərarı mübahisələndirərək onun ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. - Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən: - Bənd 1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. - "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. - bənd 3. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. - 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir. İşdən görünür ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu imtinası əsaslı olmuşdur. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağına dair iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə keçirilmiş müsahibələrdən sonra cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin və müvafiq araşdırmaların nəticələrinə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatından aydın olur ki, onun ölkəsini tərk etməsinin səbəbi Karaçi şəhərində məşğul olduğu iş (alver) üzrə digər şəxslərlə arasında yaranmış mübahisə olmuşdur. İddiaçının məruz qaldığı bu təhlükə irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə olmamış, o dövlət tərəfindən təqib edilməmiş, vətəndaşı olduğu ölkədə yerdəyişmə edərək hər hansı bir təhlükə olmadan yaşamaq imkanına malik olmuşdur. Yəni iddiaçı vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etmək imkanından məhrum olunduğunu, rəsmi qurumların onu qorumaq iqtidarında olmadığını əsaslandıra bilməmişdir. İddiaçı ölkəyə qayıdacağı təqdirdə düşmənlərinin onu öldürəcəyini bildirsə də, ölkəni tərk etməmişdən əvvəl Lahor və Sialkot şəhərlərində təxminən 3 ay yaşamış, həmin dövrdə təqibə məruz qalması barədə əsaslı sübut təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi imtina barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar