Məhkəmə qərarları › İş №2-1(112)-5985/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5985/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5985/2022 05.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “fərdi yaşayış evinin tikintisinin davam etdirilməsinə qanunsuz müdaxilənin qadağan olunması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə (bundan sonra – Cavabdehlər) qarşı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3H ünvanında yerləşən 0.032 ha torpaq sahəsində 081387 saylı xx.xx.2014-cü il tarixli lisenziya ilə fəaliyyət göstərən X14 tərəfindən tərtib edilmiş layihəyə əsasən fərdi yaşayış evinin tikintisinin aparılmasına (davam etdirilməsinə) cavabdeh orqanların qanunsuz müdaxiləsinə qadağa qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3H ünvanında yerləşən fərdi yaşayış evinin sökülərərək yerləşdiyi 0.032 ha torpaq sahəsində 081387 saylı xx.xx.2014-cü il tarixli lisenziya ilə fəaliyyət göstərən X15 tərəfindən tərtib edilmiş layihəyə əsasən fərdi yaşayış evinin tikintisi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı haqqında xx.xx.2017-ci il tarixli müraciət təqdim edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 02/12-10-7/R-24-151 nömrəli müraciətə verilmiş cavab məktubu ilə fərdi yaşayış evinin tikintisi zamanı Azərbaycan Respublikası Şəhrəsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun hərəkət edilməsi tövsiyə edilmişdir. Sonradan qeyd edilən tikintinin sökülməsi və yerində qeyd edilən layihə əsasında fərdi yaşayış evinin inşa edilməsinə icazə verilməsi üçün iddiaçı tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinə xx.xx.2017-ci il tarixində yenidən müraciət edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini tərəfindən xx.xx.2017-ci il tarixli, 167 nömrəli sərəncam verilmişdir. Sərəncamla fərdi yaşayış evinin 081387 saylı xx.xx.2014-cü il tarixli lisenziya ilə fəaliyyət göstərən X15 tərəfindən tərtib edilmiş layihəyə əsasən tikintisinə icazə verilmişdir. Sərəncam verildikdən sonra İddiaçı tərəfindən fərdi yaşayış evi tikilmiş və layihə əsasında tikinti işləri aparılmağa başlanılmışdır. Tikintinin bünövrəsi qazılmış, təməl işləri görülərək yekunlaşdırılmışdır. Həmin işlər zamanı heç bir mühəndis kommunikasiya xətti qeydə alınmamış, sakinlərə maneçilik yaradılmamışdır. Tikinti işlərinə başlanan zaman bir qrup sakin tərəfindən müxtəlif təşkilatlara şikayət ərizələri göndərilmişdir, eləcə də onlardan bir neçəsi tərəfindən tikinti işlərinə maneçilik yaradılmışdır. Bununla bağlı cavabdeh orqanın nümayəndələri tərəfindən inşaat işləri dayandırılmışdır. Tikinti işlərinə maneçilik törədən şəxslərin yaratdıqları manelərin aradan qaldırılması üçün iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmədə iddia ərizəsinə baxılmış, iddianın təmin edilməsi və sakinlərə tikinti işlərinin davam etdirilməsinə törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmışdır. Ancaq buna baxmayaraq cavabdeh orqanların əməkdaşları bu günə qədər tikinti işlərinin davam etdirilməsinə maneələr yaratmaqda davam edirlər. Ərazidə anti-sanitariya vəziyyəti yarandığı üçün məcburiyyət qarşısında qalaraq iddiaçı inşa etdiyi bünövrəni torpaqla doldurmuşdur. Cavabdeh orqanlara xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən ərizə ilə müraciət edilərək manelərin aradan qaldırılması xahiş edilmişdir. Birinci cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, 04/13-11-11/72-82-151 nömrəli cavab məktubu ilə ərizə təmin edilməmişdir. Həmin məktubla məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Digər cavabdeh orqan tərəfindən də eyni məzmunlu cavab məktubu verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanların imtina məktubları tam qanunsuzdur. İddiaçıya məxsus torpaq sahəsində fərdi yaşayış evinin inşasına məlumatlandırma icraatı tətbiq edilir. İddiaçı məlumatlandırma icraatının tələblərinə əməl etdikdən sonra fərdi yaşayış evinin inşaasına başlamışdır. Həmin tikinti işlərinə müdaxilə etmək cavabdeh orqanların səlahiyyəti xaricindədir. Cavabdehlər iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayənddəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən ibarətdir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialara aiddir. İPM-in 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddiaçı hazırda tikinti aparılmasına maneçilik törədilməsi ilə bağlı əlverişsiz hərəkətlərin edilməməsinin cavabdehlərə qadağan edilməsini xahiş edir ki, bu iddia müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə aiddir. İddiaçı həmin tələblə məhkəməyə müraciət edənədək cavabdehlərə yazılı müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. İşdə olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3H ünvanında yerləşən, ümumi sahəsi 133,6 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.032 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsudur. İşdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3H ünvanında yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi iddiaçının sifarişi əsasında Memarlıq-Layihə və Dizayn Mərkəzinin memarı H.Vəliyev (X13 081387 nömrəli xx.xx.2014-cü il tarixli lisenziyaya əsasən 5 il müddətinə “Dövlət standartlarına uyğun olaraq, İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi”ni həyata keçirməyə icazə verilmişdir) tərəfindən tərtib edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində istifadəsində olan torpaq sahəsində mövcud fərdi yaşayış evinin sökülüb təqdim olunmuş layihə əsasında yenidən tikilməsinə icazə verilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, həmin müraciət Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli məktubla cavablandırılmış və iddiaçıya Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun hərəkət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 167 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində təqdim olunmuş layihə əsasında (fiziki şəxs - X11 işi) tikintisinə icazə verilmiş, tikinti işləri aparılarkən sahədə aşkar olunmamış mühəndis kommunikasiya xətləri qeydə alınarsa, aidiyyəti təşkilatlarla razılaşdırmaqla onların sahədən köçürülməsinin vətəndaş İddiaçı vəsaiti hesabına həyata keçirilməsi, tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara uyğun olaraq təmiz və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qonşuluqda yaşayan sakinlərdə narazılıqlar yaradılmaması və müvafiq sənədləşdirmə işlərinin aparılmasının vətəndaş İddiaçı tapşırılması qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli 2(001)-1614/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 və X5 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3H ünvanında tikintinin davam etdirilməsinə yaradılmış maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə tikintinin davam etdirilməsinə maneənin arada qaldırılması tələbinə dair iddianın təmin edilməsini və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonı M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3H ünvanında tikintinin davam etdirilməsinə X2 və X9 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını qət etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə ilə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi ev 3H ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi və yerində hündürlüyü sıfır səviyyəsindən hesablanmaqla 12 metrlik ölçüdən kiçik olan fərdi yaşayış evinin inşa edilməsi barədə məlumatlandırma icraatı barədə ərizəsinə Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 02/12-10-7/R-24-151 saylı məktubla Azərbaycan Respublikası Şəhərslama və Tikinti Məcəlləsinə müddəlarına uyğun hərəkət etmək tövsiyə edilmişdir. Sonradan Binəqədi RİHB-nın xx.xx.2017-ci il tarixli 167 nömrəli sərəncamı ilə təqdim edilmiş layihə əsasında sözügedən fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Tikinti işləri aparılan zaman qonşuluqda yaşayan şəxslər tərəfindən qanuni əsaslarla apardığı inşaat işlərinə əsasız maneçiliklər yaradılmışdır. Maneçiliklərlə bağlı tiknti işlərinin davam etdirilməsi mümkün olmadığı üçün tikintini dayandırmaq məcburiyətində qalmışdır. Pozulmuş hüquqlarının bərpası üçün Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müarciət etmiş, məhkəmənin 2(001)-1614/2019 nömrəli 13 sentyabr tarixli qətnaməsi ilə cavabdehlər X2 və X10 tərfindən yaradılan manelərin aradan qaldrılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edimişdir. Hazırda qanuni əsaslarla qeyd edilən ünvanda tikinti işlərinin davam etdirilməsinə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən manelər yaradılır. İddiaçı qeyd edilənləri nəzərə alaraq cavabdehdən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi ev 3H ünvanda aparılan fərdi yaşayış evinin inşasına yaradılan manelərin aradan qaldırılması üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. İddiaçının bu müraciətinə cavab olaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, məsələ ilə əlaqədar aparılan araşdırma zamanı müraciətdə qaldırılan məsələnin mübahisəli olduğu müəyyən edilmişdir. Mübahisəli məsələlərin araşdırılması məhkəmənin səlahiyyətlərinə aid olduğundan, müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli cavab məktubunda da müraciətdə qaldırılan məsələnin mübahisəli olduğu bildirilmiş və şəxsin məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı hazırda təqdim edilən layihəyə əsasən mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına cavabdehlər tərəfindən müdaxilə edilməsinin qadağan olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər) məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.5-ci maddəsinə görə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) həyata keçirir. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı ona məxsus torpaq sahəsində müvafiq layihə üzrə fərdi yaşayış evinin tikinti niyyəti barədə cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə məlumat vermiş, cavabdeh isə hər hansı bir irad bildirmədən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun hərəkət etməyi tövsiyə etmiş, xx.xx.2017-ci il tarixdə isə yenidən tikintiyə icazə verilməsi barədə sərəncam vermişdir. Lakin işdən müəyyən olunur ki, daha sonra digər şəxslərin tikinti aparılmasına dair narazılıqları əsas götürülərək cavabdehlər tərəfindən faktiki xarakterli hərəkətlə iddiaçı tərəfindən müvafiq tikinti işlərinin aparılması dayandırılmışdır. Bu halı iddiaçının cavabdelərə ünvanlanmış tikinti işlərinin aparılmasına yaradılan manelərin aradan qaldırılması barədə müraciətinə cavab olaraq cavabdehlərin xx.xx.2021ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları təsdiq edir, hansı ki, həmin məktubda cavabdehlər tikinti işlərinə hər hansı bir maneçilik törədilmədiyini deyil, məsələ mübahisəli olduğundan məhkəməyə müraciət edilməli olduğunu bildirmişlər. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi də öz izahatında həmin ərazidə qonşular tərəfindən narazlıq olduğunu nəzərə alaraq tərəflərindən tikinti işlərinin aparılmasına icazə verilmədiyini qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: -maddə 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir) tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. - maddə 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. - maddə 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. - maddə 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə; 92.4.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. - maddə 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 gün müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. - maddə 92.6. Tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. - maddə 92.7. Tikinti işləri bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən dayandırıldığı hallarda sifarişçiyə (podratçıya) yalnız dayandırılma barədə qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işlərin yerinə yetirilməsinə yol verilir. - maddə 92.8. Sifarişçi (podratçı) bu Məcəllənin 92.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) göstərişlərinin yerinə yetirdiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırdığı barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və bu barədə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) sifarişçiyə (podratçıya) yazılı məlumat verir. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir. Bu maddənin birinci cümləsində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) tərəfindən sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması haqda yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verilmədikdə tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab edilir. - maddə 92.9. Yazılı göstəriş və tikinti işlərinin dayandırılması barədə qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci yarımbəndinə əsasən yerli icra hakimiyyətinin başçısı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Həmçinin “İnzibati icraat haqqında” Qanuna 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Beləliklə, istinad olunan normalardan müəyyən olunur ki, yerli icra hakimiyyəti orqanları tikinti norma və qaydalarına riayət olunmadığını aşkar etdikdə, tikintinin dayandırılmasını özü həyata keçirməməli, bunun üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidir. Qanunvericiliyə əsasən həmçinin fiziki və ya hüquqi şəxslər də belə bir ərizə ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi isə həmin müraciətlər əsasında, yaxud öz təşəbbüsü ilə məlumatlandırma icraatının tətbiq olunduğu hallarda layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığını və ya digər pozuntuları müəyyən etdikdə:

1. tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə icrası məcburi olan yazılı göstəriş təqdim edir;

2. Sifarişçi ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə məlumatın vermədiyi hallarda ilkin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır.

3. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir.

4. ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda isə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Beləliklə, qanunvericiliyin tələbindən aydın olur ki, tikintiyə nəzarəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir və yalnız həmin inzibati orqan tikintinin dayandırılması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçı tərəfindən aparılan tikintiyə hər hansı müdaxilə etməsinin hüquqi əsası olmamışdır və bu səbəbdən iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X7 küçəsi, ev 3H ünvanında yerləşən 0.032 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına müdaxilə edilməsi cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qadağan olunsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar