Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5986/2021 17.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəs Nümayəndə və cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 17 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının verdiyi izahardan göründüyü kimi iddiaçı hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər toplusu (üzlük kitabçası, protokoldan çıxarış, akt, çizgi və s.) onun mübahisə predmetini təşkil edən əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün kifayət qədər mötəbər sənədlərdi. İddiaçı müvafiq olaraq bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz sayır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İddiaçının adına torpaq sahəsinin qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəznində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair icarə müqavilələri, sərəncamla və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 500 kv.m olsa da, faktiki olaraq 495 kv.m təşkil edir və torpaq sahəsinin 80 kv.m hissəsi qaz xəttinin mühafizə zolağına düşür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən bağ sahəsi üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Əvvəla, məhkəmə qeyd edir ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 3 əsas gətirir:
1. Torpaq sahəsinin 80 kv.m hissəsinin qaz xəttinin mühafizə zolağına düşməsini;
2. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması. Eyni zamanda iddiaçının adının idarənin arxiv siyahısında aşkar olunmaması;
3. Torpaq sahəsinin sənəd üzrə ölçüsünün 500 kv.m olduğu halda, faktiki olaraq həmin sahə 495 kv.m təşkil edir. İlk öncə məhkəmə cavabdehin gətirdiyi birinci əsasa münasibət bildirir. Belə ki, məhkəmə araşdırılması zamanı mübahisə predmetini təşkil edən bağ sahəsinin 80 kv.m olan hissəsinin qaz xəttinin mühafizə zolağında yerləşib-yerləşməməsi, qaz xəttinin mühafizə zolağında yerləşdiyi təqdirdə göstərilən qaz xəttinin hansı tarixdə quraşdırılması barədə məlumatın təqdim olunması üçün aidiyyəti inzibati orqanlara sorğu verilmişdir. Həmin sorğulara cavab məktublarından məlum olmuşdur ki, ünvan 1, 17 saylı bağ sahədə X2 məxsus torpaq sahəsindən qaz xətləri və qurğular mövcud olmamış, həmçinin həmin sahə qaz xətlərinin zonasında yerləşməmişdır. Eyni zamanda torpaq sahəsi SOCAR-a məxsus pay-hasilat torpaqlarının ərazisinə düşməmişdir. Göründüyü kimi, cavabdehin gətirdiyi birinci əsas məhkəmə araşdırılması zamanı ünvanlanmış sorğuya cavab məktubu ilə aradan qalxmışdır ki, həmin sorğulara cavab məktublarında mübahisə predmetini təşkil edən bağ sahəsinin hər hansı bir qaz xəttinin mühafizə zolağında yerləşmədiyi təsdiq olunmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehin irəli sürdüyü birinci əsas aradan qalxsa da, iddiaçının müraciətinin təmin olunması mümkün deyildir. Belə ki,müraciətin təmin olunmamasının ikinci əsası hüquqmüəyyənedici sənədlərin olmamasıdır. Qeyd olunmalıdır ki, qanunvericilik imperativ qaydada bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün aşağıda səciyyələnmiş sənədlərdən birinin olmasını şərtləndirmişdir: İcarə müqavilələri Sərəncamlar Orderlər Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Təkzib olunmaz haldır iddiaçı məhkəmə icraatı zamanı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının olmasını təsdiq edən müxtəlif sənədlər toplusunu (Bakı şəhər X9 İcraiyyə Komitəsi tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qərar, protokoldan çıxarış, akt, cizgi, üzvlük kitabçası və bağçılıq sahəsinə üzv olan işçilərin təsdiq olunmuş siyahısı) təqdim etmişdir ki, əmin sənədlərin bir hissəsinin mötəbərliyi məhkəmə üçün şübhə doğurmuşdur. Bunun müqabilində məhkəmə tərəfindən aidiyyəti inzibati orqanlara sorğular verilmiş, bağ sahələrinin S.Bəhlulzadə adına Xarici dillər (ərəb-ingilis) təmayüllü gimnaziyasına ayrılması və həmin bağ sahələrinin gimnaziyada işləyən işçilərə verilməsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim olunması tələb olunmuşdur. Düzdür, təkzib olunmaz haldır ki, Bakı şəhər X8 İcraiyyə Komitəsi tərəfindən Dübəndi rayonu ərazisində S.Bəhlulzadə adına Xarici dillər (ərəb-ingilis) təmayüllü gimnaziyasının 42 əməkdaşına torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilmiş, müvafiq akt (cizgi sxemi) ilə təsdiq olunmuşdur. Lakin, qərar ilə ayrılmış bağ sahələrindən birinin İddiaçı ayrılması hər hansı sənəd əsasında öz təsdiqi tapmamışdır. Belə ki, ümumiyyətlə bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçaları və Dübəndi bağ massivi 17-ci Cənub küçəsi, 17 saylı bağ sahəsinə dair sənədlər (üzvlük kitabası, protokoldan çıxarış və s.) arxiv sənədləri Arxiv İdarəsində aşkar olunmamışır. Buna baxmayaraq, bağ sahələlərinin S.Bəhlulzadə adına Xarici dillər (ərəbingilis) təmayüllü gimnaziyasının 42 əməkdaşına ayrılmasını təsdiq edən Siyahı təqdim olunmuşdur. Həmin siyahıda isə İddiaçı Hüseyn oğlunun adı göstərilməmişdir. Bundan başqa, Məhkəmə İdarə tərəfindən təqdim olunmuş Siyahını iddiaçı tərəfindən təqdim olunmuş Siyahı ilə birgə təhlil etdikdə müəyyən etdi ki,hər iki siyahı arasında zidiyyətli məqamlar olmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş siyahıda İddiaçı adı ilə yanaşı, həmçinin digər şəxslərin adları göstərilmiş, adların bəziləri İdarənin arxivində saxlanılan siyahıda öz əksini tapsa da, digər adlar Siyahıda ( X5, X1, X3, X6, o cümlədən İddiaçı) əks olunmamışdır. Həmçinin, iddiaçının təqdim etdiyi siyahıda, arxivdə saxlanılan siyahıdan fərqli olaraq S.Bəhlulzadə adına Xarici dillər (ərəb-ingilis) təmayüllü gimnaziyasının əməkdaşları qismində 29 nəfər şəxsin adı göstərilmişdir. Digər tərəfdən isə, iddiaçının təqdim etdiyi Siyahı Bağçılıq yoldaşlıq idarə heyətinin sədri qismində M.M.Xurşudov, X4 isə R.M.Qasımova tərəfindən təsdiq edildiyi göstərilsə də, arxivdə saxlanılan siyahı M.M.Xurşudov, B.D.Safarov və İ.S.Hacıyev tərəfindən təsdiq olunmuşdur. Göründüyü kimi, İdarəninin arxivində saxlanılan siyahı ilə iddiaçı tərəfindən təqdim etmiş olduğu siyahı arasında aşağıda göstərilən fərqliliklər olmuşdur ki, bununla da iddiaçının məhkəmə icraatı zamanı təqdim olunmuş siyahının mötəbərliyi şübhə altına alınmışdır. Siyahılar arasında olan zidiyyətlər bunlar olmuşdur.
1. Bəzi adların arxivdə saxlanılan siyahıda qeyd olunmaması,
2. Arxivdə saxlanılan siyahıda 42 əməkdaşın adı göstərildiyi halda, iddiaçının təqdim etdiyi siyahıda 29 nəfər şəxsin adı göstərilməsi;
3. Arxivdə saxlanılan siyahının iddiaçının tərəfindən təqdim olunmuş siyahıdan fərqli olaraq, başqa şəxslər tərəfindən təsdiq olunması. Məhkəmə bildirir ki, yaranmış bu şübhənin aradan qaldırılması yalnız o halda mümkün olardı ki, həqiqətən də, bağ sahəsinin İddiaçı ayrılması ilə bağli hər hansı bir digər mötəbər sənəd mövcud olsun və müvafiq olaraq həmin sənədin məcmusu, onun komplektləşdirilməsini, uçotunu, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatlarında saxlanılmış olsun. Arxivdə saxlanılan siyahıda 42 əməkdaşın adı göstərildiyi halda, iddiaçının təqdim etdiyi siyahıda 29 nəfər şəxsin adı göstərilməsi ilə bağlı əlavə olaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, müvafiq məhkəmə sorğusuna əsasən 13.07.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş cavabdehin məktubuna əlavə edilmiş siyahıdan görünür ki, 42 nəfər şəxsə 42 bağ sahəsi ayrılmışdır. 30 aprel 1988-ci il tarixli qərarda da 42 nəfər bağçılıq üzvünün adı çəkilmişdir.Həmçinin 2 nömrəli Protokolda da 42 nəfər üzvün adı qeyd edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən bağların siyahısında da bağ nömrələrinin sayından müəyyən edilir ki, 42 bağ sahəsi mövcud olmuşdur. İddiaçının təqdim etdiyi üzvlərin siyahısında isə 29 nəfər işçi adı qeyd edilmişdir. Göründüyü iddiaçının təqdim etdiyi sənədlərdə bağ sahələrinin sayı ilə işçi sayı arasında uyğunsuzluq vardır. Qeyd olunan hal isə təqdim edilən sənədlərin mötəbərliyinə şübhə yaradır. Göründüyü kimi, təkcə iddiaçının təqdim etdiyi sənədlərin arxivdə aşkar edilməməsi, həmin sənədlərin təsdiqi ilə bağlı heç bir məlumatın müəyyən edilməməsi, eyni zamanda məhkəmə sorğusuna əsasən təqdim edilən bağ sahələrinin ayrılmasına aid digər sənədlər də iddiaçının bağ sahəsinə dair məhkəməyə təqdim etdiyi sənədlərin mötəbərliyinə şübhə yaradır. Beləliklə, işin faktiki hallarından məlum olduğu kimi, məhkəmə tərəfindən kifayət qədər aidiyyəti qurumlara sorğular verildiyi halda, mübahisə predmetini təşkil edən bağ sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı bir sənəd aşkar olunmamış, bununla da, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənədin olmaması qənaətinə gəlmək üçün əsas yaranmışdır. Məhkəmə cavabdehin üçüncü əsasi ilə bağlı isə qeyd edir ki, cavabdeh mübahisə predmetini təşkil edən torpaq sahəsinin (bağ sahəsi) faktiki və sənəd üzrə ölçüləri ilə fərqliliyin olmasını iddia etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hal barədə iddia tələbinin təmini üçün nəzərdə tutulmuş digər şərtlər ödənilmədiyindən hər hansı araşdırmanın aparılmasına da məhkəmə hesab edir ki, zərurət mövcud deyil. Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından yuxarıda adıçəkilən Qanunun 15.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatından əsaslı olaraq imtina etmişdir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov