Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-599/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, İddiaçı 2 oktyabr 1984-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır və müxtəlif peşələrdə işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaşa çatdığından, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Lakin cavabdeh orqan **********5 saylı 20 sentyabr 2021-ci il tarixli imtina məktubu ilə müraciəti müsbət cavablandırmamışdır. İmtina aşağıdakı məzmundadır: “DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 5 iyul 2021-ci il tarixdə daxil olmuş müraciətə və ona əlavə olunmuş sənələrə aidiyyəti üzrə baxılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələri, vəzifələri və göstəricilərim müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il altı ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsinə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı ıl tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayının zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilmiş 2 oktyabr 1984-cü il tarixli ИТ-1 seriyalı ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun (ərizəçinin) 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (20 il 6 ay 13 gün) təşkil edir. Eyni zamanda, güzəştli iş stajı da yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı imtina ilə razı deyil və həmin imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri yaşa və ış stajına malikdir. Cavabdeh orqan onun 57 yaşına çatanadək işlədiyi iş yerlərini (stajını) nəzərə almamışdır. Belə ki, o, 8 noyabr 2006-cı il tarixdən 3 sentyabr 2012-ci il tarixədək “Bayıl Limanı” Dəniz Qazma İdarəsində qazma avadanlıqlarının təmir sexində təmirçi-çilingər, 23 noyabr 2012-ci il tarixdən 7 fevral 2013-cü il tarixədək X3 İdarəsində qazma avadanlığına xidmət sexində təmirçi-çilingər, 8 fevral 2013-cü il tarixdən 3 fevral 2014-cü il tarixədək Qazmaserviz və Logistika İdarəsində qazma avadanlığına xidmət sexində təmirçi-çilingər vəzifələrində işləmiş, 4 fevral 2014-cü il tarixdən hal-hazıradək ‘X2” Trestinın Logıstıka bölümünün Qazma avadanlığına və daxiliyanma mühərriklərinə xidmət sexində təmirçi-çilingər işləyir. Nəticə etibarilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli (siyahı 10.1) qərarına əsasən güzəştli pensiya hüququ verən əmək stajı 14 il 07 aydır. İddiaçı hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin eilməsı üçün kifayət qədər staja malikdir və yaşı var, bu hallar nəzərə alımaqla ona güşəştli şətrlərlə yaşa görə (57 yaşdan) əmək pensiyası təyin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, İPM-in 33.1, 33.2, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçıya 21 noyabr 2019-ci il tarixdən – 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən toplanmış, lakin ödənilməmiş əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 2 mart 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası rədd edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 oktyabr 1984cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 il 6 ay 13 gün (xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983- cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.1999- xx.xx.2000-ci il, xx.xx.2001xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər), yəni 25 ildən az təşkil edir. Eyni zamanda güzəştli iş stajı da yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İşdə olan sübutlar əsasında aparılmış məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə doğulmuşdur, 1984-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif işlərdə çalışmış, lakin 2006-cı ilin yanvar ayının 1-dək 20 il 6 ay 13 gün, yəni 25 ildən az ümumi iş stajı toplamışdır. Qeyd olunan tarixədək o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə işləməmişdir. Həmin işlərdə fəaliyyətə 2006-cı ilin noyabr ayından başlamışdır. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi, onun 2006-cı ilin 1 yanvar tarixədək 25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajı toplamaması göstərilmişdir. İddiaçı hazırda «Əmək pensiyaları haqqında» Qanunun 9.1 və 9.8-ci maddələrinə əsaslanaraq, cavabdehin imtinasını mübahisələndirir, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajına, o cümlədən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə qeyd edir ki, İddiaçı 1984-cü ildən əmək fəaliyyətinə başladığından (əvvəlki dövrdə, orta ixtisas, ali təhsil dövrü olmamışdır), onun 2006-cı ilin 1 yanvar tarixədək 25 il ümumi iş stajı toplana bilmız. Qeyd olunan halı, habelə 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 ay iş stajına malik olmamasını (həmin işlərdə işləməmişdir) nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması məsələsinə gəldikdə isə, məhkəmə qetd edir ki, 60 yaşı 21 noyabr 2022-ci il tarixdə tamam olsa da, onun cavabdeh orqana müraciəti əvvəlki dövrə təsadüf edir və müraciətin məzmunu ona 57 yaşdan əmək pensiyasının təyin olunması təşkil etmişdir. Bu səbəbdən, məhkəmə iddianın dəyişdirilməsinin iddiaçıya təklif olunmasını da məqsədəuyğun saymamışdır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikiinci tələbi, yəni “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki cavabdeh DSMF Xüsusi Şərtlərlə Təynat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd sayılmamalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-599/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-599/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver