Məhkəmə qərarları › İş №2-1(112)-5991/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5991/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5991/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı, "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla, “kompensasiyanın hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 07.08.2014-cü il tarixli 130006679-381 l- USD-6 saylı kredit müqaviləsi üzrə İddiaçı kompensasiyanın hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə kompensasiyanın ödənilməsi üçün İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə iddiaçı arasında 07.08.2014cü il tarixli 130006679-3811-USD-6 saylı kredit müqaviləsi bağlanmış, iddiaçıya 5200 (beş min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı götürülmüş kredit borcu tam həcmdə ödənilmiş və bu barədə "xxxx" ASC-nin Mərkəz filial müdirinin imzası ilə təsdiq edilmiş 06.07.2015-ci il tarixli 1153 saylı məktubla bildirilmişdir ki, onun qeyd edilən kredit müqaviləsi üzrə borc məbləği qalmamışdır. İddiaçının kredit müqaviləsi və onun sonrakı şəraiti ölkə başçısının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019cu il tarixli Fərmanının təsiri dairəsinə düşdüyündən müvafiq yazılı ərizə ilə müraciət edərək kompensasiya almalı olan şəxslərin dairəsinə şamil edilməsini qeyd etmişdir. X1 tərəfindən iddiaçının həmin müraciətinə imtina məzmunlu cavab yazılaraq bildirilmişdir ki, "xxxx" ASC tərəfindən onunla bağanmış kredit müqaviləsi üzrə məlumatlar Mərkəzi Kredit Reyestrinə təqdim edilmədiyindən iddiaçının verilənləri məlumat bazasında aşkarlanmamışdır. İddiaçıya məxsus məlumatların MKR-rə daxil edilməməsi vətəndaşın təqsiri ucbatından baş vermədiyindən bu halın ona şamil edilməsi düzgün deyildir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən barəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan “Dəmirbank" ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilmədiyindən iddia ərizəsində göstərilən müqavilələr Fərman üzrə nəzərdən keçirilməmişdir. Hazırda ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında həqiqətən də 07.08.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin məlumatlara görə kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (21.02.2015-ci il tarixinə) 4.077,35 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuş və müqavilə üzrə öhdəliklər 06.07.2015-ci il tarixindək tam şəkil icra edilmişdir. Beləliklə, sözügedən kredit müqaviləsinin həqiqətən də ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılması məhkəmə tərəfindən təsdiq olunarsa, Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona tərəflər arasında bağlanmış 07.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.019,33 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçıya göndərilmiş 05 yanvar 2021-ci il tarixli 26-00007-2021 saylı məktub ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı (Fərman) çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzləşdirilmiş Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Fərmanın qüvvəyə mindiyi 01.03.2019-cu il tarixinədək kredit tarixçəsində göstərdiyi kredit müqaviləsi barədə hər hansı məlumatlar daxil edilməmiş, habelə kredit təşkilatı tərəfindən bu müqaviləyə dair hər hansı məlumatlar ötürülməmişdir. Odur ki, iddiaçıya qeyd etdiyi kredit müqaviləsi üzrə hər hansı kompensasiya məbləği hesablanmamışdır. - "xxxx" ASC-nin 6İİ/1153 saylı 06.07.2015-ci il tarixli məktubundan görünür ki, 07.08.2014-cü il tarixində "xxxx" ASC Mərkəz filialından iddiaçıya 5.200 (beş min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixə 07.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu yoxdur. - "xxxx" ASC-nin **********897 saylı 14.07.2021-ci il tarixli məktubundan görünür ki, ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07/08/2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ona illik 32 (otuz iki) faiz dərəcəsi ilə, 24 (iyirmi dörd) ay müddətinə 5200 (beş min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. 21 fevral 2015-ci il tarixinə 07/08/2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC qarşısında İddiaçı 4077.35 (dörd min yetmiş yeddi dollar, 35 sent) ABŞ dolları məbləğində əsas məbləğində borc öhdəliyi mövcud olub. 21 Dekabr 2015-ci il tarixinə və hazırki günə 07/08/2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC qarşısında borc öhdəliyi mövcud deyildir. Ərizədə qeyd olunan 07/08/2014-cü il tarixli kredit müqaviləsi "xxxx" ASC-də aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06.10.2021-ci il tarixli 16-05013-2021 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən barəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan “Dəmirbank" ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilmədiyindən iddia ərizəsində göstərilən müqavilələr Fərman üzrə nəzərdən keçirilməmişdir. Hazırda ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında həqiqətən də 07.08.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin məlumatlara görə kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (21.02.2015-ci il tarixinə) 4.077,35 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuş və müqavilə üzrə öhdəliklər 06.07.2015-ci il tarixindək tam şəkil icra edilmişdir. Beləliklə, sözügedən kredit müqaviləsinin həqiqətən də ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılması məhkəmə tərəfindən təsdiq olunarsa, Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona tərəflər arasında bağlanmış 07.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.019,33 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, 28.02.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; 3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır.

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: - 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Həmin tapşırığın icra edilməsi nəticəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 27 mart 2019-cu il tarixli, ********** nömrəli qərarı hazırlanmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 3.1-ci bəndində göstərilmişdir: Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Qaydanın 3.2-ci hissəsinə əsasən kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: 4.3.1. kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir; 4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07/08/2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ona illik 32 (otuz iki) faiz dərəcəsi ilə, 24 (iyirmi dörd) ay müddətinə 5200 (beş min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşür. Lakin, cavabdeh tərəfindən formal olaraq, həmin müqavilə barədə hər hansı məlumatın daxil olmamasına istinad edərək, iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçıya 07.08.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi 5200 (beş min iki yüz) ABŞ dolları məbləğində kredit verildiyindən həmin müqavilə üzrə birinci devalvasiya gününə (21.02.2015-ci il tarixinə) 4.077,35 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olduğu nəzərə alınaraq, Fərmanın 1.1-ci bəndlərinə əsasən iddiaçının adı Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməli və ona 07.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.019,33 manat (4.077.35 ABŞ dolları x 0.25 =1.019.33 Manat) kompensasiya hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə kompensasiyanın ödənilməsi üçün iddiaçının adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə kompensasiyanın ödənilməsi üçün İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar