Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5993/2020 21.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (Ağdaş şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı Mühəndislik universitetində işləyir ) iştirakı ilə, İddiaçı Həsən oğlunun cavabdeh Bakı Mühəndislik Universitetinə qarşı əmrin ləğv edilməsi, təhsil müəssisəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb olunmaqla məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Həsən oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Mühəndislik Universitetinin xx.xx.2020-ci il tarixli, 2460 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Həsən oğlunun Bakı Mühəndislik Universitetinə bərpa edilməsi, Bakı Mühəndislik Universitetinin bakalavr mərhələsinin əcnəbi tələbələr üçün qəbul qaydalarının iddiaçıya tətbiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasının Xabarovsk vilayətinin Komsomolsk-Amur şəhərində anadan olmuş və hal hazırda ailəsi ilə birlikdə həmin şəhərdə yaşayır. O anadan olduğu vaxtdan anası və atasının Rusiya vətəndaşı olduğunu bilmişdir. Anadan olarkən və ilk dəfə pasport alarkən valideyinləri nikahda olmadığından və o anasının himayəsində yaşadığından Rusiya vətəndaşlığını qəbul etmiş və Rusiya Federasiyasının vətəndaşı pasportunu almışdır. Bu 19 il ərzində cəmi 3 dəfə və hər dəfə bir-iki ay müddətində olmaqla Azərbaycanda olmuşdur. Bu il anası ilə birlikdə Azərbaycana qohumlarının yanına gəldikdə Azərbaycanda beynəlxalq səviyyəli universitetlərin olduğunu ona bildirmiş və bu universitetlərin birində təhsil almağını ona təklif etmişlər. Bununla əlaqədar olaraq o Bakı Mühəndislik Universitetinə müraciət etmiş və ilk müsabiqəni keçdikdən sonra ona müəyyən sənədlərin toplanmalı olduğu bildirilmişdir. Bu səbəbdən o, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (ASAN 1 vasitəsilə) onun vətəndaşlıq mənsubiyyəti haqqında arayışın verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. xx.xx.2019cu il tarixdə ona Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığının mənsubiyyətinin tanınması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarı təqdim edilmişdir. Bakı Mühəndislik Universiteti onun universitetin hazırlıq kursuna qəbulu ilə bağlı müraciətinə müsbət cavab verərək, onun universitetin hazırlıq kursuna qəbul müsabiqəsinə buraxılmağına razılıqı vermişdir. Həmin müsabiqədən keçdikdən sonra universitetin informasiya texnologiyaları ixtisasının ingilis dilli əyani şöbəsinin hazırlıq kurs bakalavr bölməsinə qəbul edilmişdir. İddiaçı universitetə qəbul olunması ilə bağlı həm təhsil və həm də yataqxanada qalmağı ilə bağlı müqavilə bağlamışdır və bütün ödənişləri həyata keçirmişdir. Universitetə qəbul edildikdən sonra iddiaçı universitetin yataqxanasında qalmaqla, bütün təhsil proqramı üzrə dərslərdə iştirak etmiş, imtahanlardan çox yüksək qiymətlər almışdır. Lakin buna baxmayaraq universitetin xx.xx.2020-ci il tarixli, 2460 nömrəli əmri ilə iddiaçı universitetin tələbələri sırasından xaric edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh cərəndamı icra etməmiş, iddiaya etirazını təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Məmmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışındа iştirak etməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasda cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: Rusiya Federasiyasının 75 ******* №-li pasportuna əsasən iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Mühəndislik Universitetinin 8720 №li, xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı Bakı Mühəndislik Universitetinin Mühəndislik fakultəsi, informasiya texnologiyaları ixtisasının əyani şöbəsinin hazırlıq kurs bakalavr tələbəsi olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Mühəndislik Universiteti üzrə 2460 №li, xx.xx.2020-ci il tarixli əmrdən çıxarışa əsasən Bakı Mühəndislik Universitetinin əcnəbilər üçün hazırlıq kursunda təhsil alan Rusiya Federasiyasının vətəndaşı Ruslan Valiev universitetin tələbələri sırasından xaric edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Mühəndislik Universitetinin Mühəndislik fakultəsi, informasiya texnologiyaları ixtisasının əyani şöbəsinin hazırlıq kurs bakalavr tələbəsi olmuşdur, 2020-ci ilin may ayında həmin universitetin tələbələri sırasından xaric edilmişdir.İddiaçı cavabdehin onun universitetdən xaric edilməsi barədə əmrini qanunsuz hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.1-ci bəndinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrin təhsil müəssisələrində, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – əcnəbilər) tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsilin bütün pillə və səviyyələri üzrə Azərbaycan Respublikasının təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura və magistratura səviyyələri üzrə elmi müəssisə və təşkilatlarda və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında (bundan sonra – təhsil müəssisələri) təhsil almasına dair ümumi tələbləri müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: 3.1.1. təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında; 3.1.2. təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında; 3.1.2-1. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında;3.1.3. təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında;3.1.4. təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;3.1.5. təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; Həmin Qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:3.4.1. seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);3.4.2. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);3.4.3. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;3.4.4. etibarlı sərhədkeçmə sənədi;3.4.5. 3x4 ölçüdə 6 ədəd fotoşəkil;3.4.6. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);3.4.7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda). Həmin Qaydaların 3.5-ci bəndinə əsasən əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil alan əcnəbilər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hüquqlara malikdirlər. Əcnəbilər təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməlidirlər. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. İcbari ümumi orta təhsildə əcnəbilərin təhsili ödənişsiz əsaslarla həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən əcnəbilərlə və ya onların təhsil haqqını ödəyən hüquqi və fiziki şəxslərlə təhsil müəssisəsi arasında bu Qaydaların əlavəsindəki formaya uyğun müqavilə bağlanılır (icbari ümumi orta təhsil istisna olmaqla). İşin faktiki hallarına əsasən iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, yəni əcnəbidir, cavabdehlə bağlanmış müqavilə əsasında 2019-cu ildə cavabdeh təhsil müəssisəsinə daxil olaraq təhsil almışdır və 2020-ci ilin may ayından həmin təhsil müəssisəsindən xaric edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının onunla bağlanmş müqavilənin şərtlərini pozmasını təsdiq edən heç bir sübut təqdim edilməmiş, məhkəmə icraatının gedişi zamanı belə bir hallar müəyyən edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının universitetdən xaric edilməsi haqqında əmri (inzibati akt) qanunsuz olmuşdur. Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli, 2460 nömrəli əmri iddiaçıya aid hissədə qanunsuz olduğu üçün ləğv edilməli, həmin əmr ləğv edilməmişdən əvvəlki vəziyyət bərpa edilməlidir, yəni iddiaçı Bakı Mühəndislik Universitetinə bərpa edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı Rusiya Federasiyasının pasportuna malikdir, yəni Rusiya Federasiyasının vətəndaşıdır. O,Azərbaycan Respublikasının vətəndaşı deyildir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Həmin Qanunun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Həmin Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. İşin faktiki hallarına əsasən iddiaçı barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 28 avqust 2019-cu il tarixli, ******* №li Qərarı qəbul edilsə də iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə ərizə verməmiş və Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməmişdir, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə, Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartına və Azərbaycan Respublikası vətəndaşının pasportuna malik deyildir. Belə olan halda iddiaşı əcnəbi şəxs olduğu üçün ona münasibətdə Bakı Mühəndislik Universitetinin bakalavr mərhələsinin əcnəbi tələbələr üçün qəbul qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Həsən oğlunun iddiası əsaslı olduğu üçün təmin edilməli, cavabdeh Bakı Mühəndislik Universitetinin xx.xx.2020ci il tarixli, 2460 nömrəli əmri ləğv edilməli, İddiaçı Həsən oğlunun Bakı Mühəndislik Universitetinə bərpa edilməsi, Bakı Mühəndislik Universitetinin bakalavr mərhələsinin əcnəbi tələbələr üçün qəbul qaydalarının iddiaçıya tətbiq edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,33,34, 68,69,85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı Mühəndislik Universitetinin xx.xx.2020-ci il tarixli, 2460 nömrəli əmri İddiaçı Həsən oğluna aid hissədə ləğv edilsin. İddiaçı Həsən oğlunun Bakı Mühəndislik Universitetinə bərpa edilməsi və Bakı Mühəndislik Universitetinin bakalavr mərhələsinin əcnəbi tələbələr üçün qəbul qaydalarının İddiaçı Həsən oğluna tətbiq edilməsi vəzifəsi cavabdeh Bakı Mühəndislik Universitetinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5993/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5993/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver