Məhkəmə qərarları › İş №2-1(112)-5996/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5996/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5996/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X5 və digərləri) “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X5 və digərləri) “çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə izahatları dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinə dair X2, X4, X3 və X1 adına verilmiş **********47 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1739/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından da göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə çıxarışın ləğv edilməsi ilə bağlı olmuşdur ki, kassasiya instansiya məhkəməsi bu mübahisənin İPM-nin 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia olmasını nəzərə almış və mübahisə ilə məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana ilkin müraciətinin (məhkəmədən əvvəl) olmasını zəruri saymışdır. Beləliklə, məhkəmənin qənaətinə görə “çıxarışın ləğv edilməsi” və ya “çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbləri İPM-nin 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia növlərinə aid olduğundan, bu tələblər ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mütləq qaydada inzibati orqana ilkin müraciət olunmalıdır. Məhkəmə, həmçinin hazırkı iş üzrə AR İPM-nin 13-cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iş üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilərək çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinin öhdəliyin icrası haqqında iddia hesab edildiyindən və qeyd olunan iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsinin zəruri olduğu bildirilmiş, iddia tələbində nəzərdə tutulmuş öhdəliyin həvalə edilməsi ilə bağlı əvvəlcədən inzibati orqana müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə həmin müraciət və onun cavabdehə rəsmi qaydada təqdim edilməsi barədə müvafiq sənədin (xəbərnamə və ) təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə də yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, işə mahiyyəti üzrə baxılıb iddia ərizəsinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbində nəzərdə tutulmuş öhdəliyin həvalə edilməsi (çıxarışın etibarsız hesab edilməsi) ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi təqdirdə, onun eyni tələblə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar