Məhkəmə qərarları › İş №2-1(112)-5998/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5998/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5998/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək, şəhadətnamənin verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə (bundan sonra mətndə TKTA) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2010-2014-cü illərdə Ukrayna Respublikasının X3 və Menecment Universitetinin Gürcüstan filialında təhsil aldığını təsdiq edən və həmin Universitet tərəfindən ona verilmiş xx.xx.2015-ci il tarixli, Д1 048656 nömrəli diplomun tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh orqan – TKTA-nın üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2010-2014-cü illərdə Ukraynanın X3 və Menecment Universitetinin Gürcüstan Respublikasında fəaliyyətdə olan filialında ‘’Maliyyə və Kredit” ixtisası üzrə təhsil almışdır. Universitetə daxil olduğu zaman, o, qiyabi formada təhsil almış və təhsilini tam uğurla başa vurmuşdur. Həmin Universitet tərəfindən ona xx.xx.2015-ci il tarixli, Д1 048656 nömrəli diplom verilmişdir. Onun dövlət və özəl müəssisələrdə ixtisasına uyğun vəzifədə əmək fəaliyyəti ilə məşğul olması və təhsilin növbəti pilləsinə qəbul olunması üçün diplomunun ölkə ərazisində rəsmi qaydada tanınması zəruri olduğundan xx.xx.2022-ci il tarixdə cavabdeh orqana – TKTA-ya elektron ərizə ilə müraciət etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə o, cavabdeh orqan- TKTA tərəfindən diplomumun tanınmasına dair ərizəyə imtina cavabı almışdır. Cavabdeh TKTAnın imtina cavabında ona bildirilmişdir ki, aparılan icraat zamanı onun sərhədkeçmə məlumatlarına əsasən təhsil müddətində ümumiyyətlə X3 və Menecment Universitetinin yerləşdiyi Ukraynada olmaması müəyyən edilmişdir. Tədris illəri üzrə bütün sərhədkeçmə məlumatları müxtəlif tarixlərdə Gürcüstan səfərləri ilə bağlıdır ki, sözügedən ali təhsil müəssisəsinin Gürcüstanda fəaliyyət göstərən akkreditasiyadan keçmiş və qanuni əsaslarla təhsil fəaliyyəti göstərən hər hansı bir filialının mövcudluğu müəyyən edilməmişdir. Д1 048656 nömrəli diplom əlavəsində göstərilən tədris yükünü Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.2-ci yarımbəndinə əsasən müəyyən edilmiş dövlət standartlarına uyğun yerinə yetirmədiyi müəyyən edilmiş və bu səbəbdən əldə etdiyi xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində diplomunu əldə etdiyi ali təhsil müəssisəsinin Gürcüstandakı filialında təhsil aldığını bildirsə də və məhz bu səbəbdən Ukraynaya heç vaxt getmədiyini bildirsə də, Gürcüstanın Təhsildə Keyfiyyətin Yüksəldilməsi üzrə Milli Mərkəzinin rəsmi saytında (https://eqe.qe/en/paqe/static/89/umaqhlesi-saganmanatleblo-datsesebulebebi) sözügedən ali təhsil müəssisəsinin filialı barədə hər hansı bir məlumat dərc edilməmişdir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı Ukraynanın X3 və İdarəetmə Universitetinin hər hansı bir filialının Gürcüstanda qanuni əsaslarla ali təhsil üzrə fəaliyyət göstərməsinə icazə verən müvafiq lisenziya və akkreditasiyadan keçmə ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. İcraat aparılan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan”nın 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınma üzrə ümumi tələblərə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-794/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarının 40-cı bəndində təhsil alınan ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə müvafiq qaydada lisenziya əldə etməsi və akkreditasiyadan keçməsi ilə bağlı məsələnin əhəmiyyətini qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1166/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə bu iddia tələbi üzrə eyni mahiyyətə malik olan iddia tələbinin rədd edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4970/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarını qüvvədə saxlamışdır. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı Ukrayna X3 və İdarəetmə Universiteti tərəfindən verilmiş Д1№ 048656 nömrəli xx.xx.2015-ci il tarixli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh TKTA-nın nümayəndəsi X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları İş materiallarında olan: AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1986-cı təvəllüdlü İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. X3 və menecment Universiteti” tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş Dİ-048656 qeydiyyat nömrəsi ilə qeydə alınmış diplomun və “diploma əlavə”nin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən müəyyən olunur ki, Dövlət İmtahan Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı “Maliyyə və kredit” üzrə “Maliyyə və kredit” ixtisası verilmişdir. Diplom Ukranya Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2015ci ildə Kiyev şəhərində A-30460-15 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. X3 və Menecment Universitetinin nümayəndəliyinin xx.xx.2015-ci il tarixli, 42 №-li arayışında göstərilmişdir ki, İddiaçı 2014-cü ildə “X3 və Menecment Universiteti”nin “Maliyyə və kredit” ixtisası üzrə bitirmişdir. X3 və İdarəetmə Universiteti (Ukrayna) və Tbilisi Beynəlxalq Təhsil Universiteti (Gürcüstan) arasında niyyət protokolunun notarial qaydada tərcümə və təsdiqində qeyd olunmuşdur ki, X3 və İdarəetmə Universiteti (Ukrayna) və Tbilisi Beynəlxalq Təhsil Universiteti (Gürcüstan), hər iki tərəfin səlahiyyətli nümayəndələrinin təmsil etdiyi, təhsil, elm və texnologiyalar sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə qarşılıqlı razılaşma əsasında bu niyyət protokolunu bağlamışlar. Göstərilən məqsədlərə nail olmaq çərçivəsində tərəflər aşağıdakı niyyətləri ifadə edirlər: Təhsil, elm və mədəniyyət sahəsində Ukrayna-Gürcüstan tərəfdaşlığının yaradılmasına yardım etmək. Tərəflərin innovasiya və investisiya prosesinin inkişafına yardım etmək Elmi-təhsil sahəsində müasir layihələrin yaradılması və həyata keçirilməsinə yardım etmək. Hər bir proqram (layihə) ayrıca razılaşma çərçivəsində icra olunur. Tərəflərin aşağıdakı formada nümayəndəliyinin yaradılması: Təlim - təhsil mərkəzi Mədəniyyət - təhsil mərkəzi Distant və qiyabi təhsil mərkəzi tərəflərə təhsillə bağlı tələbələrin qəbulu məsələsi ilə əlaqədar Tələbələrin peşə hazırlığının rəqabətədavamlılığının təqdim edilməsi məqsədilə və sonradan ixtisas səviyyəsini təsdiq edən dövlət nümunəli diplomun və Avropa diplomunun verilməsi məqsədilə yardım etmək. Sahəyə uyğun olaraq razılaşdırılmış təlim proqramlarının hazırlanması Sahələr üzrə xüsusi fənlərin siyahısının formalaşdırılması İxtisas üzrə distant təhsilin metodik təminatı bankının formalaşdırılması Daha sonra tərəflər əməkdaşlıq haqqında və layihələrin həyata keçirilməsinə dair ayrı-ayrı razılıqların çərçivəli ikitərəfli razılığım imzalanması məsələsi üzərində işləyəcəklər. Yuxarıda göstərilənləri nəzərə alaraq, tərəflər bu sənədi Çerkassı şəhərində, 13 dekabr 2012-ci il tarixində, iki nüsxədə, rus dilində imzalayırlar, bununla belə hər iki mətn eyni gücə malikdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, təqdim edilmiş sənədlərin araşdırılması zamanı iddiaçının 2010-2014-cü illərdə Ukraynanın X3 və Menecment Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə təhsil aldığı müəyyən edilmişdir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması məqsədilə aparılan icraat zamanı onun sərhədkeçmə məlumatlarına əsasən təhsil müddətində ümumiyyətlə X3 və Menecment Universitetinin yerləşdiyi Ukraynada olmadığı müəyyən edilmişdir. Tədris illəri üzrə bütün sərhədkeçmə məlumatları müxtəlif tarixlərdə Gürcüstana səfəri ilə bağlıdır ki, sözügedən ali təhsil müəssisəsinin Gürcüstanda fəaliyyət göstərən akkreditasiyadan keçmiş və qanuni əsaslarla təhsil fəaliyyəti göstərən hər hansı bir filialının mövcudluğu müəyyən edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən 19 iyun 2015-ci il tarixində onun təqdim olunmuş Д1 seriyalı 048656 nömrəli diplom əlaqəsində göstərilən tədris yükünü Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən müəyyən edilmiş dövlət standartlarına uyğun yerinə yetirmədiyi müəyyən edilmiş və bu səbəbdən də əldə etdiyi xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması mümkün hesab edilməmişdir. Tətbiq edilən hüquq. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. - 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; - 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; - 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın: - 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. - 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamə-nin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə görə ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizə) aşağıdakılar əlavə edilir: ali təhsil haqqında sənəd; tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə. Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 2.4 və 2.5-ci bəndlərinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Qaydaların 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.4.9. Tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqidir. 2.1. Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir. 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: - 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) Məhkəmənin mövqeyi Sadalanan normaların məzmunundan da görünür ki, hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Nəzərə alınmalıdır ki, normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmuşdur. Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, “X3 və Menecment Universiteti”nin Gürcüstan Respublikasında fəaliyyət göstərən nümayəndəliyini bitirmiş iddiaçının hüquqi marağı “X3 və Menecment Universiteti” tərəfindən Dövlət Attestasiya Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə ona verilmiş diplomun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası tamamilə əsaslıdır və iddia təmin olunmamalılıdır. Yuxarıda qeyd olunan qanunvericilik aktlarından da müəyyən olunur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında müvafiq şəhadətnamənin verilməsi Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı idiaçının sərhədkeçmə məlumatlarına əsasən təhsil müddətində ümumiyyətlə X3 və Menecment Universitetinin yerləşdiyi Ukrayna Respublikasında olmadığı müəyyən edilmişdir. İddiaçının təhsil aldığı Gürcüstan Respublikasında fəaliyyət göstərən “X3 və Menecment Universiteti”nin nümayəndəliyinə gəldikdə isə sözügedən ali təhsil müəssisəsinin Gürcüstanda fəaliyyət göstərən akkreditasiyadan keçmiş və qanuni əsaslarla təhsil fəaliyyəti göstərən hər hansı bir filialının mövcudluğu müəyyən edilməmişdir. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdı Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar