Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-600/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dəyişiklik edilərək ata adının qrafasında “X3”ndan “atası X16”na dəyişdirilməsinin Nəsimi rayon Qeydiyyat Şöbəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 10 avqust 1964-cü ildə Cəbrayıl rayonunun Tinli kəndində anadan olmuşdur. Bu barədə 14 avqust 1964-cü il tarixdə Cəbrayıl rayonu, Şahvəlli icra nümayəndəliyində 94 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İddiaçıya verilmiş doğum haqqında şəhadətnamədə ata adı bölməsində “X10”, ana adı bölməsində isə “X4” kimi göstərilmiş, buna uyğun olaraq sonrakı dövrlərdə verilmiş bütün sənədlərdə atasının adı qrafasında Məhəmməd kimi göstərilmişdir. Bu zaman qeydiyyat aparmış aidiyyəti üzrə müvafiq səlahiyyətli şəxslər tərəfindən səhvə yol verilmiş, atasının adı Məmməd olduğu halda doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə ata adı Məhəmməd kimi göstərilmişdir. İddiaçı hesab edir ki, yol verilmiş qeyd olunan yanlışlıq onun hüquqlarının pozulmasına səbəb olmaqdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə münasibət məktubu (etiraz) təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X5 doğum akt qeydində dəyişiklik edilərək ata adı qrafasında “X3”ndan “atası X16”na dəyişdirilməsi vəzifəsinin cavabdeh Nəsimi rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8, X6, X11, X1 və X12 oxşar məzmunda izahatlar verərək bildirmişlər ki, İddiaçı onların qardaşıdır, münasibətləri yaxşıdır. Atalarının adı Məmməd olub, poçtda işləyib. Hamı atasının adını Məmməd kimi bilib. Qardaşının doğum akt qeydində atasının adının Məhəmməd kimi yazılmasını texniki səhv kimi qəbul edirlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni iddiaçının ata adının dəyişdirilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ata adının “Məhəmməd”dən “Məmməd”ə dəyişiklik edilməsi üçün müraciəti dəyişikliyin edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin təmin edilməsindən imtina edilmişdir. -Cəbrayıl rayonu, Şahvəlli kənd soveti tərəfindən tərtib edilmiş xx.xx.1964-cü il tarixli, 94 №-li doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Cəbrayıl rayonunun Tinli kəndində doğulmuşdur. X3, anası X2r. -AR Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyəti aktlarının reyestri xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 05/2-339-01 saylı arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Cəbrayıl rayonunun Tinli kəndində doğulmuşdur. Bu barədə xx.xx.1964-cü il tarixdə Cəbrayıl rayon Şahvəlli icra nümayəndəliyində 94 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. -ASAN 1-2 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. -Azərbaycan SSR Cəbrayıl rayon İcraiyyə Komitəsinin Daxili işlər şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, 668368 №-li SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, X16 1927-ci il tarixdə Cəbrayıl rayonu, Tinli kəndində anadan olmuşdur. -xx.xx.1969-cu il tarixli, 305490 №-li orta təhsil haqqında attestatın surətindən görünür ki, 1927-ci ildə Cəbrayıl rayonu, Tinli kəndində anadan olmuş X16 1969-cu il tarixdə Cəbrayıl rayonu Tinli 8 illik məktəbin nəzdində gənclər məktəbinin tam kursunu bitirmişdir. -Azərbaycan SSR Fizuli rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli, ******* №-li Hərbi biletin surətindən görünür ki, o, iddiaçının atası X13 (Алиев Мамед Исмаил оглы) məxsusdur. -Abşeron RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 1927-ci il tarixdə Cəbrayıl rayonunun Tinli kəndində doğulmuşdur. -AR ƏN Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki,”Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən 1927-ci il təvəllüdlü X9 doğumu, nikahı və nikahının pozulması haqqında hər hansı məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən sorğuya cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, AR Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin 1927-ci ilə dair Cəbrayıl rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə təhvil verilməməsi səbəbindən, X9 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı doğumu haqqında akt qeydində onun valideynlərinin nikahının xx.xx.1958-ci ildə Cəbrayıl rayonunun Soltanlı icra nümayəndəliyində qeydə alındığı göstərilsə də, həmin il üzrə adıçəkilən icra nümayəndəliyində tərtib edilən nikah haqqında akt qeydlərinin kağız daşıyıcıları, habelə Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış, lakin Məmməd (Məhəmməd) Əliyevin nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri"nin 1 -ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərə əsasən bildirilir ki, Məmməd (Məhəmməd) Əliyevin doğumu və nikahı haqqında akt qeydlərinin surətinin göndərilməsi mümkün olmamışdır. -Cəbrayıl RİHB-nin Şahvəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 45 nömrəli arayışından görünür ki, Tinli kənd sakini mərhum xx.xx.1927-ci il təvəllüdlü X16 vəfat etməmişdən əvvəl inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 14 saylı təsərrüfatbaşına kitabının 58-ci səhifəsində 739 saylı, təsərrüfatında ailə başçısı kimi qeyd olunmuş və aşağıdakı tərkibdə ailə üzvləri olmuşdur: X12 (xx.xx.1969-cu il, qızı), X17 (xx.xx.1998-ci il, nəvəsi), X22 (xx.xx.2007-ci il, nəvəsi), X18 (xx.xx.2000-ci il, nəvəsi), X19 (xx.xx.2019-cu il, nəticəsi) -Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı doğum haqqında akt qeydinin ata adı qrafasında düzəliş edilərək “Məhəmməd”dən “Məmməd”ə dəyişdirilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etsə də, sonuncu müraciətin təmin edilməsindən imtina etmiş, iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. -164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilməsi əsaslarından biri də vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilməsidir. Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisə olmaması halı ilə səciyyələndirmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərdə saxlamaqla hesab edir ki, iddiaçının atasının deaktiv edilmiş şəxsiyyət vəsiqəsində, SSRİ pasportunda, orta təhsil haqqında attestatında, hərbi biletində, ölüm haqqında akt qeydində adının “Məmməd” kimi göstərilməsi, habelə şahid ifadələri ilə müəyyən edilmiş hallar iddiaçının doğum haqqında akt qeydinin ata qrafasında “Məhəmməd” adının “Məmməd” kimi dəyişdirilməsi üçün kifayət qədər əsas olduğu qənaətinə gəlməyə əsas verir və aidiyyəti şəxslər arasında hər hansı ziddiyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və xx.xx.1964-cü il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydində müvafiq dəyişikliyi etmək öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.1964-cü il tarixdə Cəbrayıl rayonu, Tinli kəndində doğulmuş İddiaçı doğum haqqında akt qeydində ata adı qrafasında “Məhəmməd” adının “Məmməd” adına dəyişdirilməsi öhdəliyi cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-600/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-600/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver