Məhkəmə qərarları › İş №2-1(112)-600/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-600/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-600/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil Seydəddin oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş 8.000 (səkkiz min) manat məbləğində maddi zərərin və 5.000 (beş min)mant məbləğində mənəvi zərərin cəmi 13.000(on üç min) manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqdan gözlərində problemlər var. Belə ki, iddiaçı uzağı yaxşı görə bilmir. Bu problem genetikdir. Uşaqlıqdan iddiaçı uzağı yaxşı görə bilmədiyinə görə valideynləri onu müxtəlif xəstəxanalara aparıb müayinə və müalicələr etdirmişdir. Həkimlərim məsləhəti ilə digər müalicələrlə bərabər göz gimnastikası kimi müalicələr də almışdır. Ancaq buna baxmayaraq iddiaçının uzağı görməklə bağlı görmə qabiliyyəti getdikcə zəifləmişdir. 2021-ci ilin noyabr ayında artıq 2 (iki) metrlikdə olan əşyaları görməkdə ciddi çətinlik çəkmişdir. Uzağı pis gördüyünə görə həkim müayinəsindən keçəndən sonra uzağı görmək üçün eynək taxmağa başlamışdır. Uzağı pis gördüyünə görə tibbi sığorta “Paşa sığorta” olduğuna görə xx.xx.2021-ci ildə Xətai rayonun ərazisində yerləşən “Səhhət” Klinikasına müraciət etmişdir. Göz həkimi iddiaçını müayinə etmiş və müayinədən sonra bildirmişdir ki, hər iki gözündə uzağı görməklə bağlı ciddi problemlər var. Buna baxmayaraq iddiaçı həqiqi hərbi xidmətə göndərilmiş, daha sonra isə o, yenidən şəhadətləndirilmiş və hərbi xidmətə yararsız olduğu müəyyən edilmişdir. Bu vəziyyətdə iddiaçıya maddi və mənəvi zərər dəymişdir. İddiaçı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və iddianın təmin olunmasını xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası kompensasiyanın ödənilməsi haqqında iddia (İPM-in 2.2.7-ci maddəsi) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə imtina məktubu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilsə də, nəzərə alınmalıdır ki, Xidmət hazırkı cavabdehin üst qurumudur. Xidmət tərəfindən müraciətin aidiyyəti üzrə İdarəyə göndərilməsi əvəzinə özü tərəfindən cavab verilməsi iddiaçının ziyanına şərh edilmiş və hazırki iddianın mümkünlük şərtləri baxımından ödənilməməsinə əsas vermir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: SX №0694813 hərbi biletdən görünür ki, iddiaçı “Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunmuşdur. Səhhət Klinikası tərəfindən verilmiş epikrizdən görünür ki, iddiaçıya müalicə olaraq eynək OD-1,25/-3/170 (sağ); OS-2,78/-3,5/5 (sol) kimi müəyyən edilmişdir. 172 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya qoyulan diaqnoz “XBT-H.52 Hər iki gözün mürəkkəb miopik astiqmatizmi oxlarla sağ gözdə M 5,0D və 3,0D, sol gözdə M 7,0D və 3,0D nəticəsində sağ gözün görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,7, sol gözün görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla” olmuş və o, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.” Hesab olunmuşdur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məktubuna əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci il üçün 707,7; 2021-ci il üçün 732,1; 2022(ilkin) il üçün 839,4; 2023 yanvar-mart 901,3 olmuşdur. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “2022-ci ilin iyul çağırışı zamanı Siz qeydiyyatda olduğunuz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Hərbi xidmət dövründə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmısınız. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq üç il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir. Pensiya təminatı sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicəsağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunmuşdur. Eyni zamanda, rayon (şəhər) çağırış komissiyalarının işində yerli icra hakimiyyəti başçılarının qərarı ilə dövlət səhiyyə müəssisələrində çalışan həkim mütəxəssislər iştirak edir (ezam edilir) və çağırışa cəlb olunan çağırışçıların tibbi müayinədən keçirilməsini və şəhadətləndirilməsini həmin həkim mütəxəssislər yerinə yetirirlər.” Müdafiə Nazirliyinin Baş X1 Bölməsi tərəfindən verilmiş epikrizdən görünür ki, iddiaçıya “Sol ağciyərin aşağı payının ocaqlı pnevmoniyası, yüngül dərəcə. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi. Dərman mənşəli reaktiv hepatitdən sonraki vəziyyət” diaqnozu qoyulmuşdur. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-ə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna görə: 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi xidmətkeçmə ilə bağlı fəaliyyətin subyekti kimi şəxsin tibbi qiymətləndirilməsinin aparılması və xidmətkeçmə baxımından yararlılıq kateqoriyasının müəyyən edilməsi zəruridir. Cavabdeh isə həmin hala əhəmiyyət vermədən iddiaçının hərbi xidmətə məhdud yararlı olduğunu nəzərə almamış, şəxs barəsində hər hansı əsaslı yoxlama aparmadan, xidmətə yararlılığı barədə qərar qəbul edərək hərbi xidmətə göndərilməsini təmin etmiş, lakin hərbi xidmət dövründə həmin şəxsin hərbi xidmətə məhdud olması barədə qənaətə gəlinmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətə məhdud yararlığına əsas mövcud olsa da, həmin xəstəliklə hərbi xidmətin həyata keçirilməsinə məcbur qalmış şəxsə münasibətdə iddiaçıya həm maddi zərər vurmuş, həm də onun şəxsi qeyri-əmlak hüquqlarının pozulmasına, mənəvi sarsıntı və iztirab keçməsi, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Qeyd olunmalıdır ki, adıçəkilən xəstəliyin xidmətdən öncə olub-olmamasına münasibətdə isə qeyd olunmalıdır ki, 2023-cü ildə aparılan müayinə zamanı iddiaçının sağ gözünün görmə itiliyi 0,1 korreksiya ilə 0,7, sol gözünün isə itiliyi 0,1 korreksiya ilə 0,6 olması, hər iki gözündə astiqmatizm olması və onun yüksək miopiya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunmuşdur. İddiaçı hərbi xidmətə yararlı hesab olunanadək Dünyagöz xəstəxanası tərəfindən ona buynuz qişanın tomoqrafiyası edilmiş, lakin həkim tərəfindən müayinə aparılmamışdır. Hərbi xidmətə çağırış zamanı iddiaçının əyani müayinəsinə dair cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının müayinəsinin nəticəsi aşağıdakı kimi olmuşdur. R: S -2,50, C -2,75, A 173, L: S -4,00, C - 4,25, A 6. Müayinə nəticələrinin əks olunduğu vərəqədə əlyazma ilə xx.xx.2022-ci il tarixi, iddiaçının adı və soyadı (həmçinin 2003) qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşlar təkcə müddətli hərbi xidmətə çağrılan zaman deyil, həm də buna qədər – onların 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərlə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrində təhkim edilərkən hökmən tibbi müayinədən keçirilməlidirlər. Bu müayinə isə, yalnız cərrah, can həkimi, nevrapatoloq, psixiatr, göz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi tərəfindən deyil, həm də zərurət olduqda müalicə idarələrindən göndərilən başqa ixisaslı həkimlər tərəfindən həyata keçirilir. Hazırkı halda Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən zəruri araşdırma aparılmadan, iddiaçının miopiya və astiqmatizm xəstəliyindən, onun görməsinin zəif olmasından əziyyət çəkməsinə məhəl qoymadan yalnız buynuz qişanın tomoqrafiyası ilə kifayətlənərək qərar qəbul edilmişdir ki, bu faktiki olaraq iddiaçının hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi zamanı düzgün inzibati icraatın aparılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən: 1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 34-cü maddənin c) bəndinə əsasən əsasən korluq, zəif görmə, rəng görmə anomaliyaları xəstəliyi üzrə bir gözün görmə itiliyi 0,4 olduqda, digər gözün görmə itiliyinin 0,3-dən 0,1-dək olması “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” rəyin verilməsi üçün əsasdır. Göründüyü kimi iddiaçının həmin xəstəlikdən əziyyət çəkməsi konkret şəkildə müəyyən olunmuşdur. Dəymiş maddi ziyanın məbləğinə münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 8 aydır və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. Belə ki, maddi zərərin hesablanması hüquq münasibətinin mövcud olduğu zamanı qüvvədə olan yaşayış minimumu, eyni zamanda hazırda mövcud olan yaşayış minimumu ilə deyil, iddiaçının hərbi xidmətdə olduğu dövrlərə nəzərən 2022-ci il üzrə onun sonuncu aylıq əmək haqqı məbləğinə, 2023-cü il üçün isə nəzərdə tutulmuş minimum əmək haqqı məbləğinə mütənasib aparılmalıdır. Məhkəmə araşdırması zamanı sədrlik edən tərəfindən iddiaçının təqdim etdiyi ona məxsus şəxsi kabinet üzərində göstərilmiş məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, 2022-ci ildə iddianının işləmiş olduğu sonuncu iş yeri üzrə aylıq ümumi əmək haqqısı (gəliri) 307 manat 78 qəpik, hesablanmış sığorta məbləği isə 76 manat 95 qəpik təşkil etmişdir. Bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeydlər aparılmışdır. Belə olan halda iddiaçıya vurulmuş maddi zərərin hesablanması zamanı ona dəymiş zərər 2022-ci il üzrə (xx.xx.2022-xx.xx.2022, cəmi 5 ay 12 gün) sonuncu aylıq əmək haqqı məbləğinə mütənasib şəkildə (307,78x5+307,78:30X12=1662,02), 2023-cü il üzrə (xx.xx.2023-xx.xx.2023, 2 ay 18 gün) isə həmin il üzrə minimum əmək haqqı məbləğinə (345 manat) müntənasib şəkildə (345x2+345:30x18=897) hesablanmalıdır. Belə ki, ddiaçı 2022-ci ildə əmək fəaliyyəti ilə məşğul olmuşdur ki, onun həmin il üzrə hərbi xidmətdə olduğu dövrdə aylıq qazancının sonuncu əmək haqqısı olmuş 307,78 manatdan az olmasını ehtimal etmək iddiaçının mənafeyi baxımdında ədalətli olmamaqdadır, digər tərəfdən 2023-cü ilə münasibətdə isə onun hərbi xidmətdən qayıtdığı dövrün qazancına nəzərən hesablamanın aparılması hüquqi cəhətdən məqsədəmüvafiq olmadığından 2023cü il üzrə hesablama minimum əmək haqqı məbləğinə mütənasib aparılmalıdır. Odur ki, maddi zərərin ödənilməsi hissəsi məhz 2559,02 manat hissədə təmin edilməlidir. Mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin tutulması varlaşma vasitəsi deyil, hazırki mübahisə üzrə cavabdehin hərəkətlərinin qanunsuzluğunun nəticəsini əks etdirən simvolik ifadə vasitəsidir. Başqa sözlə desək, mənəvi zərər bilavasitə zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Bu hallarda məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən hər iki tərəfin konstitusiya ilə qorunan hüquq və marağlarını nəzərə alaraq məbləğin ağlabatan olmasını nəzərə almalıdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq tutulacaq pul vəsaitinin məbləği 5000 manat məbləğində yox, məhz 1.500 manat məbləğində müəyyən edilməlidir ki, həmin məbləğin hər iki tərəf üçün ədalətli olması hüquqi yanaşma prizmasından əsaslıdır. Bu səbəbdən də məhkəmə iddianın qismən təmin edilməli olması qənaətinə gəlir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli 3 noyabr 2008-ci il Qərarının 10-cu bəndinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə də Plenum Qərarının 10-cu bəndində nəzərdə tutulan fərdi xüsusiyyətlər nəzərə alınmaqla rəhbər tutaraq, hesab edir ki, 1.500 manat məbləğ müəyyən edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1635/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarının tələblərinə də uyğun olmuşdur. Adıçəkilən işdən də göründüyü kimi iddiaçı Xidmətin aidiyyəti ərazi idarəsinə qarşı iddia irəli sürərək həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb etmişdir. İddianın məzmunundan görünür ki, iddiaçı hərbi xidmətə çağrılarkən böyrəyindən əziyyət çəksə də yoxlanılma aparılmadan hərbi xidmətə cəlb edilmişdir. İddianın rədd edilməsi barədə apellyasiya məhkəməsinin qərarını ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(102)- 1605/2021 saylı qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, ilk növbədə cavabdeh (onun hüquq sələfi) tərəfindən iddiaçının hərbi xidmətə çağırıldığı vaxtda qüvvədə olan “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunubolunmadığını müəyyən etməli idi. Həmin normaların tələbinə görə, kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər... Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssishəkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər (Qanunun 7-ci maddəsi). Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; ...çağırışçıların tibbi müayinəsini təşkil etmək (Qanunun 10-cu maddəsi). Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər — cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq, burun-boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir (Qanunun 13-cü maddəsi). Normaların tələbindən göründüyü kimi, vətəndaşlar təkcə müddətli hərbi xidmətə çağırılan zaman deyil, həm də buna qədər – onların 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilərkən hökmən tibbi müayinədən keçirilməlidirlər. Bu müayinə isə, yalnız cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi tərəfindən deyil, həm də zərurət olduqda müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən həyata keçirilir. İddiaçının sağlamlığından şikayətinin olmadığı barədə cavabdehin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əgər hər hansı orqanın (hazırkı halda, böyrəyin birinin) olmaması şəxsin hərbi xidmətə yararsızlığının əsası (səbəbi) kimi çıxış edirsə, çağırış komissiyasının təşkilinin əsas məqsədi də məhz şəxsin hərbi xidmətə yararlılığının müəyyən edilməsindən ibarətdirsə, deməli, həmin komissiya qanunda şəxsin hərbi xidmətə yararsızlığının səbəbi kimi təsbit olunan bütün halları yoxlamaq vəzifəsi daşıyır. Həmin qərar əsasında qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1635/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında analoji mövqedən çıxış edilərək hərbi xidmətə yararsız şəxsin hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə cəlb edilməsinə münasibətdə cavabdehin hərəkətləri qanunsuz hesab edilərək mənəvi zərərin ödənilməsi barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçıya dəymiş 2.559,02 manat (iki min beş yüz əlli doqquz manat iki qəpik) məbləğində maddi zərərin və 1.500 (min beş yüz) manat məbləğində mənəvi zərərin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar