Məhkəmə qərarları › İş №2-1(112)-6002/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6002/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6002/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı3 iştirakı ilə, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra mətndə Binəqədi RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdeh Binəqədi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən ümumi torpaq sahəsi 67.11 m. olan bir mərtəbəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi EL-185/2019-ci il tarixli "xxxx" MMC-yə layihələndirilməsinə Lisenziya sənədi ilə onlara məxsusdur. Belə ki, onlar ailəlikcə həmin evdə yaşayırlar və həmin evdən mütəmadi olaraq ailəlikcə istifadə edirlər. Onlar həmin evə qeydiyyata düşmək üçün Binəqədi RPİ müraciət etmişlər. Lakin onlara imtina edilərək onlara məhkəməyə müraciət etməyi bildirmişlər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasına gəlməmişlər, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə gəlməyən iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. İddiaçı3 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1999-cu il tarixdə doğulmuş İddiaçı1 ünvan 4 ünvanında qeydiyyatdadır. AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1949-cü il tarixdə doğulmuş İddiaçı2 ünvan 4 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı3 ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğularına əsasən; Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 18/2-5817/24 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1999-cu il təvəllüdlü X3 xx.xx.2008-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Bakı şəhəri, Biləcəri qəsəbəsi, Binəqədi rayonu, B.Təbrizi küçəsi, ev 5-də, xx.xx.2012-ci il tarixdən hazıradək Bakı şəhəri, Binəqədi rayonu, Ə.Qasımov küçəsi, ev 20, mənzil 4-də ; - xx.xx.1979-cu il təvəllüdlü İddiaçı3 01,03.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Bünyatzadə küçəsi, ev 232, mənzil 60-da, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 160, mənzil 28-də, 31,07.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsi, ev 4, mənzil 26 da, xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, B.Təbrizi küçəsi, ev 5-də, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 11-də, xx.xx.2016-cı il tarixdən hazıradək ünvan 4-də; - xx.xx.1949-cu il təvəllüdlü İddiaçı2 xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 4, mənzil 26-da, xx.xx.2008-ci il tarixdən xx.xx.2012-ci il tarixədək B.Təbriz küçəsi, ev 5-də, xx.xx.2012-ci il tarixdən hazıradək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - ünvan 3 ünvanında xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.1982-ci il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********73 №-li cavab məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanı X5 adına ilkin qeydiyyata alınmışdır. Məktuba əlavə edilmiş; - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində vətəndaş X6 ayrılmış torpaq sahəsində tikintisi başa çatmış yaşayış evinin hüquqi qeydiyyata alınması barədə” xx.xx.2004-cü il tarixli, 115 №-li “Sərəncamı”ndan müəyyən olunur ki, Bakı şəhəri, F.Məmmədov küçəsi ev 9 mənzil 14-ün sakini vətəndaş X8 RİH-nə müraciət edərək. İcra Hakimiyyəti Başçısının 431 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Xocasən qəsəbəsi. Sulu-Təpə yaşayış massivi R.Allahverdiyev küçəsi İİİ döngədə ayrılmış 600 kv.m torpaq sahəsində tikintisi başa çatdırılmış 28 saylı yaşayış evinin hüquqi qeydiyyata alınmasına icazə verilməsini xahiş etmişdir. Binəqədi RİH-i Başçısının 431 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə Xocasən qəsəbəsinin Sulu-Təpə yaşayış massivində R.Allahverdiyev küçəsi İİİ döngədə vət. X6 ayrılmış 600 kv.m torpaq sahəsində tikintisi layihə əsasında başa çatdırılmış 28 saylı yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması qərara alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixli, 18/03/8/575 №-li məktubunda qeyd olunmuşdur ki, Xocəsən qəsəbəsi. Sulu-təpə yaşayış massivində Ruslan Allahverdiyev küçəsində X9 tərəfindən tikilmiş fərdi yaşayış evinə Xocəsən qəsəbəsi, Sulu-təpə yaşayış massivi, R.Allahverdiyev küçəsi, 3-cü döngə cv № 28 poçt ünvanı təyin edilir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-10-4/2-35/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı1 və İddiaçı3 Xocəsən qəsəbə nümayəndəliyinin inzibati ərazisi fərdi yaşayış evlərində qeydiyyatı yoxdur və yaşayıb-yaşamaması barədə heç bir məlumat qeydə alınmamışdır. İddiaçı3 hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Binəqədi RPİ tərəfindən verilmiş 3-13-46/2-İ-10xx/xx/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qanunun (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu) yuxarıda şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ev özbaşına tikili olmaqla, dəqiq ünvan göstəricilərinə malik deyil. İddiaçıların qeydiyyata alınmaq iddiasında olduqları ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 115 №-li Sərəncamı əsasında X5 adına ilkin qeydiyyatdan keçmişdir. Bu isə özlüyündə onu ifadə edir ki, X5 gözənilən mülkiyyət hüquqları vardır. Bununla yanaşı məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, X6 Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 431 saylı sərəncamı əsasında ayrılmış torpaq sahəsinə 2004-cü ildə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan verilmişdir. Ancaq işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıların istifadəsində olan və ünvan 7 ünvanında yerləşdiyini iddia etdikləri fərdi yaşayış evi 2022-ci ildə inşa edilmişdir və “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilməmişdir. Bununla belə Binəqədi Rayon İcra Hakimiyyətində iddiaçıların qeydiyyata alınmaq iddiasında olduqları Xocəsən qəsəbə nümayəndəliyinin inzibati ərazisi fərdi yaşayış evlərində yaşayıb-yaşamaması barədə heç bir məlumat olmadığı müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar – İddiaçı3, İddiaçı2 və İddiaçı1 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmaları tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar