Məhkəmə qərarları › İş №2-1(112)-6004/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6004/2020

12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6004/2020 12.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, üçüncü şəxsin (Babayeva Rəhiməxanım Məhyəddin qızının) nümayəndəsi və vəkili X6 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər Babayeva Rəhiməxanım Məhyəddin qızı, X10 və Bağırov Məhəmməd Adıgözəl oğlu) qarşı «sərəncamların etibarsız sayılması, cavabdehin üzərinə mənzilə dair iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı) qarşı Bakı ŞİH-in başçısının x xxxxxx 2016-cı il tarixli 454 nömrəli sərəncamının “x xxxx 2014-cü il tarixli 248 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində etibarsız sayılması və “xx xxxxxx 2013-cü il tarixli 503 saylı sərəncamın X7 aid hissədə ləğvi və Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinin Babayeva Rəhiməxanım Məhyəddin qızının adına sənədləşdirilməsi barədə” xx xxx 2016-cı il tarixli 201 saylı sərəncamının ləğv edilməsi, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinə hüquqlarının bərpa edilməsi tələblərini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı ŞİH başçısının 503 saylı xx xxxxxx 2013-cü il tarixli sərəncamı ilə dövlət qarşısında xidmətlərini nəzərə alaraq paraolimpiyaçı, idman ustası, 1 qrup əlil X8 Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə “xxxxxxxxxxx” MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, 2 otaqlı, 47,8 kv.m yaşayış sahəsi, 88,8 kv.m ümumi sahəsi olan 57 saylı mənzili verilmişdir. Həmin mənzili İman Hüseynovun satmaq və pulunu müalicəsinə sərf etmək istədiyini öyrənib iddiaçı mənzili almaq qərarına gəlmişdir. Bu məqsədlə o, İman Hüseynovla mənzili 54.000 manata almaq barədə razılığa gəlmişdir. Mənzilin alqı-satqısını həyata keçirmək üçün notariat kontoruna müraciət etdikdə, həmin qurumdan onlara izah olunmuşdur ki, mənzil özəl olmadığından və Bakı ŞİH başçısının sərəncamı ilə İman Hüseynova ayrıldığından, həmin əmlakın onun adına keçirilməsi üçün Bakı ŞİH-ə müraciət olunmalıdır. O, mənilin verilməsi üçün həmin məbləği İman Hüseynova ödəmiş və sonuncu da mənzilin iddiaçının adına keçirilməsinə razılıq barədə ərizə vermiş və həmin ərizə notarial qaydada təsdiqlənmişdir. Bakı ŞİH-dən onlara bildirilmişdir ki, mənzilin addan-ada keçirilməsi məhkəmə qərarı əsasında mümkün ola bilər. Buna görə də həmin mənzilin iddiaçının adına keçirilməsi üçün iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməlidir. Bundan sonra iddiaçı həmin məhkəmədə sözügedən mənzilin onun adına keçirilməsi öhdəliyinin Bakı ŞİH-in üzərinə qoyulması tələbi üzrə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2-1(81)2585/2014 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə “xxxxxxxxxxx” MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m yaşayış sahəsi, 88,8 kv.m ümumi sahəsi olan 57 saylı mənzilə dair Bakı ŞİH tərəfindən verilmiş 503 saylı xx xxxxxx 2013-cü il tarixli sərəncamının İman Hüseynovun adından iddiaçının adına keçirilməsinə dair sərəncam verilməsi öhdəliyi Bakı ŞİH-in üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2-1(81)2585/2014 saylı qərarı Bakı ŞİH-ə göndərildikdən sonra, qərar qüvvəyə minməmiş Bakı ŞİH başçısı tərəfindən x xxxx 2014cü il tarixli 248 saylı sərəncam verilərək Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346- 2347 nömrəli məhəllədə “xxxxxxxxxxx” MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m yaşayış sahəsi, 88,8 kv.m ümumi sahəsi olan 57 saylı mənzil İman Hüseynovun adından iddiaçının adına keçirilmişdir. Həmin sərəncamın bir surəti iddiaçıya özü üçün və bir surəti isə “xxxxxxxxxxx” MTK-ya təqdim etmək üçün verilmişdir. O, qeyd edilən sərəncamın surətini xxxxxxxxxxx” MTK-ya təqdim edən zaman MTK-nın rəhbərliyi ona bildirmişdir ki, sərəncamın surəti MTK-ya rəsmi qaydada məktubla Bakı ŞİH-dən icra üçün göndərilməlidir. Bu zaman sərəncamın kserosurətini MTK ondan almışdır. Lakin sonradan Bakı ŞİH-in məhkəmə qərarı əsasında verilmiş 248 saylı x xxxx 2014-cü il tarixli sərəncamı birtərəfli qaydada ləğv edilərək, həmin mənzilin Babayeva Rəhiməxanım Məhyəddin qızı adlı şəxsə verilməsinə dair Bakı ŞİH 454 saylı x xxxxxx 2016-cı il tarixli sərəncam vermişdir. Sözügedən sərəncamda göstərilmişdir ki, x xxxx 2014-cü il tarixli 248 saylı sərəncam “xxxxxxxxxxx” MTK-ya cavabdehin hüquq şöbəsinin işçilərinin təqsirindən təqdim edilməmiş və guya paraolimpiyaçı İman Hüseynov mübahisəli mənzili Bağırov Məhəmməd Adıgözəl oğlu adlı şəxsə satmasına dair x xxxxxx 2015-ci il tarixli ilkin müqavilə bağlamış və həmin tarixli qətnamə ilə mənzili qeyd edilən şəxsə vəsiyyət etmişdir. Sərəncamda eyni zamanda göstərilmişdir ki, guya İman Hüseynov yazdığı ərizəsində mənzili Məhəmməd Bağırova satmasına və vəsiyyət etməsinə baxmayaraq pulunu ala bilmədiyindən həmin mənzili tanışının qızı Babayeva Rəhiməxanım Məhyəddin qızının adına sənədləşdirilməsini xahiş etmişdir. Bakı ŞİH iddiaçının adına mübahisəli mənzilin keçirilməsinə dair məhkəmə qərarının icrası məqsədi ilə verilmiş 248 saylı x xxxx 2014-cü il tarixli sərəncam qüvvədə olduğu vaxtda – xx xxx 2016-cı il tarixdə 201 saylı qanunsuz və əsassız sərəncam verərək mübahisəli mənzili Babayeva Rəhiməxanım Məhyəddin qızının adına keçirmiş, 7-238/17g saylı məktubla icra edilməsi üçün “xxxxxxxxxxx” MTK-ya göndərmişdir. MTK tərəfindən mənzilin R.M.Babayevanın adına sənədləşdirildiyi barədə cavab məktubunu alınmışdır. Bakı ŞİH guya paraolimpiyaçı İman Hüseynovun qeyd edilən məhkəmə qərarından və 248 saylı x xxxx 2016-cı il tarixli sərəncamdan məlumatsız olmasını və mənzilin iddiaçının adına keçirilməsinə dair həmin sərəncamın ləğv edilməsini xahiş etdiyini əsas götürərək 454 saylı x xxxxxx 2016-cı il tarixli sərəncamıla iddiaçının adına mübahisəli mənzilin keçirilməsinə dair 248 saylı x xxxx 2014-cü il tarixli sərəncamı əsassız olaraq ləğv etmişdir. Mənzilin iddiaçının adına keçirilməsinə dair Bakı ŞİH-in 248 saylı x xxxx 2014-cü il tarixli sərəncamı qüvvədə olduğu bir vaxtda həmin qurum tərəfindən xx xxx 2016-cı il tarixli 201 saylı qanunsuz və əsassız sərəncam verilməsi və mübahisəli mənzilin Babayeva Rəhiməxanım Məhyəddin qızının adına keçirməsinə dair hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bakı ŞİH-in iddiaçının məlumatı olmadan onun adına qarşılıqlı razılıq əsasında və mənzilin razılaşdırılmış 54.000 manat pulun İman Hüseynova ödənilməsi müqabilində keçirilməsinə dair sərəncamını birtərəfli qaydada ləğv etmək səlahiyyəti olmamışdır. Eyni zamanda, mənzilin ilkin sahibi olmuş İman Hüseynovun notarial təsdiq olunmuş ərizəsindən görünür ki, o, mübahisəli mənzili iddiaçının adına sənədləşməsinə dair 12 saylı notariat kontorunda ərizə verdiyini, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli qərarının qəbzə imza etdirilməklə aldığını, apellyasiya və kassasiya şikayətləri vermək niyyəti olmadığını, Babayeva Rəhiməxanım Məhyəddin qızı adlı şəxsi tanımadığını və ona heç bir mənzili satmadığını, Bakı ŞİH-in 503 saylı xx xxxxxx 2013-cü il tarixli sərəncamı əsasında ona verilmiş mənzillə bağlı Rəhimaxanım Babayevadan pul almadığını və həmin mənzilin onun adına sənədləşdirilməsinə dair Bakı ŞİH-ə ərizə ilə müraciət etmədiyini, adından edilmiş qanunsuzluqlara görə məsuliyyət daşımadığını və təqsirkarların cəzalandırılmalı olduğunu göstərmişdir. İddiaçı tərəfindən Bakı ŞİH-in 454 saylı x xxxxxx 2016-cı il tarixli sərəncamının ləğv edilməsi və pozulmuş hüquqlarının bərpası barədə ərizəsi əsassız olaraq xx xxxxxx 2018-ci il tarixli M-574/2-110/2-t/1 saylı məktubu ilə təmin olunmamış və bu zaman iddiaçıya guya onun əvvəlki ərizəsinə xx xxxxxxxx 2018-ci il tarixli məktubla cavab verildiyi göstərilmişdir. Lakin həmin tarixli məktub Bakı ŞİH-ə göndərilməmişdir. Bakı ŞİH-in imtinasını əsassız hesab edilir və hesab edilir ki, mübahisəli mənzilin onun adına keçirilməsinə dair Bakı ŞİH-in 248 saylı x xxxx 2014-cü il tarixli səncamının ləğv edilməsi üçün əsaslar olmamış, Bakı ŞİH-in məsul şəxsləri tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla mübahisəli mənzilə dair qeyd edilən sərəncam qüvvədə olduğu müddətdə mübahisəli mənzilin üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının adına keçirilməsinə dair 201 saylı xx xxx 2016-cı il tarixli sərəncam verməklə və sonradan 454 saylı x xxxxxx 2016-cı il tarixli sərəncamla iddiaçının adına keçirilmiş qeyd edilən mənzilə dair 248 saylı x xxxx 2014-cü il tarixli sərəncamı ləğv etməklə onun mənzil hüquqlarını pozmuşdur. Göstərilənlərə və İPM-in 2.2.1 və 32-ci maddələrinə əsaslanaraq, Bakı ŞİH-in başçısının x xxxxxx 2016-cı il tarixli 454 nömrəli sərəncamının “x xxxx 2014-cü il tarixli 248 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində etibarsız sayılması və “xx xxxxxx 2013-cü il tarixli 503 saylı sərəncamın X7 aid hissədə ləğvi və Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinin Babayeva Rəhiməxanım Məhyəddin qızının adına sənədləşdirilməsi barədə” xx xxx 2016-cı il tarixli 201 saylı sərəncamının ləğv edilməsi, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinə hüquqlarının bərpa edilməsi barədə qərar qəbul etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmılş və məhkəmənin sərəncamı ilə iddiayq arşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edimişdir. Lakin cavabdeh Bakı ŞİH-in iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə X10 və Bağırov Məhəmməd Adıgözəl oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək aşağıdakı kimi qəbul olunmasını xahiş etmişdir: - Bakı ŞİH başçısının cavabdehin x xxxxxx 2016-cı il tarixli 454 nömrəli sərəncamının “x xxxx 2014-cü il tarixli 248 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində etibarsız sayılması; - Bakı ŞİH başçısının “xx xxxxxx 2013-cü il tarixli 503 nömrəli sərəncamın X7 aid hissədə ləğvi və Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinin Babayeva Rəhiməxanım Məhyəddin qızının adına sənədləşdirilməsi barədə” xx xxx 2016-cı il tarixli 201 saylı sərəncamının etibarsız sayılması; - məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinə dair iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul olunması öhdəliyinin cavabdeh Bakı ŞİH-in üzərinə qoyulması. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmənin x xxxx 2019-cu il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İnzibati mübahisəyə xx xxxx 2019-cu il tarixdə baxılmış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş və birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qərarda məhkəmə kollegiyası İPM-in 8.1.1-ci maddəsinə, Məhkəmə-Hüquq Şurasının «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli qərarına istinadən qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia olunan daşınmaz əmlakla bağlı hüquqa dair hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra iş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının və üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının nümayəndələri gəlmişlər, cavabdehin nümayəndəsi və üçüncü şəxslər (və ya nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X11 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının nümayəndəsi və vəkili X12 iddianın əsassız olduğunu bildirdi və onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respuiblikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının xx xxxxxx 2013-cü il tarixli 503 nömrəli qərarında aşağıdakılar qərara alınmışdır: - X7 1 nəfər ailə tərkibi ilə, “xxxxxxxxxxx” MTK-ya məxsus, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346 – 2347 ünvanındakı yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m., yaşayış sahəsi 47,8 kv.m. olan 2 otaqlı 57 saylı mənzil verilsin. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2585/2014 saylı xx xxx 2014-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsi, məhəllə 2346 – 2347 ünvanında yerləşən binanın 2-ci giriş, 9-cu mərtəbə, 2 otaqlı, 47.8 kv.m yaşayış sahəsindən (ümumi sahəsi 88,8 kv.m) ibarət 57 nömrəli mənzilinə dair Bakı ŞİH tərəfindən verilmiş 503 nömrəli xx xxxxxx 2013cü il tarixli sərəncamın addan-ada keçirilməsi və həmin mənzilin İddiaçı adına sənədləşdirilməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı ŞİH-in üzərinə qoyulmuşdur. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1885/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qərardadı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2585/2014 saylı xx xxx 2014-cü il tarixli qərarı ləğv edilmiş və işə üçüncü şəxslər X10 və Bağırov Məhəmməd Adıgözəl oğlunun iştirakları ilə yenidən baxılması üçün iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 416/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı ŞİH-ə (üçüncü şəxslər X10, Bağırov Məhəmməd Adıgözəl oğlu və X2) qarşı mənzilin rəsmiləşdirilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1528/2018 saylı x xxxxxx 2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-416/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı cavabdeh Bakı ŞİH-ə qarşı (üçüncü şəxslər X10, Bağırov Məhəmməd Adıgözəl oğlu və X2) mənzilin rəsmiləşdirilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının x xxxxxx 2016-cı il tarixli 454 nömrəli qərarında aşağıdakılar qərara alınmışdır: - (1-ci bənd) paraolimpiyaçı, idman ustası X7 məxsus Xətai rayonu, Sarayevo küçəsi, 2346 – 2347-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilin İddiaçı adına keçirilməsi barədə Bakı ŞİH başçısının x xxxx 2014-cü il tarixli 248 saylı sərəncamı ləğv edilsin; - (2-ci bənd) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2- 1(81)-2585/2014 saylı qərarından idman ustası İman Hüseynovun xəbərsiz olması barədə məlumatını nəzərə alaraq, həmin qərardan apellyasiya şikayəti verilməsinin təmin edilməsi ŞİH hüquq şöbəsinə (S.Nəsibov) tapşırılsın. İş materiallarında olan X3 notarial qaydada təsdiqlənmiş xx xxxxxx 2018-ci il tarixli ərizəsində aşağıdakılar bildirilmişdir: - Bakı ŞİH 503 saylı xx xxxxxx 2013-cü il tarixli sərəncamına əsasən “xxxxxxxxxxx” MTK tərəfindən Bakı şəhəri, Sarayevo küçəsi, məhəllə 2346 – 2347 ünvanında inşa edilmiş çoxçərtəbəli yaşayış evində 2-ci giriş, 9-cu mənzilin dəyəri kimi 2014-cü ilin aprel ayında 3 dəfəyə İddiaçı aldığı 54.000 manat nağd pulun müqabilində həmin mənzilin İddiaçı keçirilməsinə və gələcəkdə mənzillə bağlı heç bir iddia və tələbinin olmayacağı ilə bağlı notarial qaydada ərizə vermişdir. Bu gün də həmin ərizədəkiləri təsdiq etməklə yanaşı bildirir ki, mənzilin İddiaçı adına keçirilməsi ilə əlaqədar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 2014-cü ilin aprel – may aylarında keçirilən iclaslarda iştirak etməklə yanaşı, məhkəmənin bu işlə bağlı qəbul etdiyi xx xxx 2014-cü il tarixli 2-1(81)-2595/2014 saylı qərarının surətini qəbzə imza etməklə almışdır. Həmin qərardan apellyasiya və kassasiya şikayətləri verməmişdir və belə niyyəti də olmamışdır. . . . İş materiallarından görünür ki, Bakı ŞİH başçısının x xxxx 2014-cü il tarixli 248 nömrəli qərarında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2-1(81)- 2585/2014 saylı qərarına əsaslanaraq aşağıdakılar qərara alınmışdır: - Bakı ŞİH başçısının 503 saylı xx xxxxxx 2013-cü il tarixli sərəncamı ilə “xxxxxxxxxxx” MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346 – 2347-də yerləşən yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzili X5 adından İddiaçı adına keçirilsin. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının xx xxx 2016-cı il tarixli 201 nömrəli qərarında aşağıdakılar qərara alınmışdır: - (1-ci bənd) Bakı ŞİH başçısının 503 saylı xx xxxxxx 2013-cü il tarixli sərəncamı vətəndaş X7 aid hissədə ləğv edilsin; - (2-ci bənd) X1 rəsmi ərizəsi nəzərə alınaraq “xxxxxxxxxxx” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346 – 2347-də yerləşən yaşayış binasının giriş 2, 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzili Babayeva Rəhiməxanım Məhyəddin qızının adına rəsmiləşdirilsin. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respuiblikası Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər, inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346 – 2347-də yerləşən yaşayış binasının giriş 2, 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilinə hazırda hər hansı hüququnun olub-olmamasından asılı olmayaraq, onunla bağlı olan Bakı ŞİH başçısının x xxxxxx 2016cı il tarixli 454 nömrəli və xx xxx 2016-cı il tarixli 201 nömrəli sərəncamların qəbulu birbaşa hazırkı İddiaçı qanunla qorunan maraqlarına toxunan haldır. Odur ki, İddiaçı bu inzibati aktların qəbulu üzrə inzibati icraatda məlumatlandırılmaması və iştirakının təmin olunmaması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 24.1, 36-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, bu səbəbdən də həmin sərəncamların etibarsız sayılması üzrə hazırkı İddiaçı subyektiv hüquqa malik olur. Həmçinin qeyd olunmalıdır ki, müstəqil hüquqi şəxs olan hər hansı MTK tərəfindən inşa edilmiş yaşayış binasındakı mənzilin bir şəxsin adından başqa şəxsin adına hər hansı formada rəsmiləşdirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərində deyil. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı ŞİH başçısının x xxxxxx 2016-cı il tarixli 454 nömrəli və xx xxx 2016-cı il tarixli 201 nömrəli sərəncamları «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 65.1.2 və 65.1.5-ci maddələrinə əsasən etibarsız inzibati aktlar sayılmalıdırlar. İddianın üçüncü hissəsinə, yəni “iddiaçının adına inzibati aktln qəbulu” tələbinə gəldikdə isə, məhkəmənin mövqeyi belədir ki, cavabdeh tərəfindən İddiaçı mübahisə obyekti olan mənzillə bağlı ona ünvanlanmış müvafiq müraciətinə baxılmalı və bu zaman «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 24.1, 24.2-ci maddələrinin də tələbləri nəzərə alınmaqla nəticəsi barədə hər hansı akt qəbul olunmalıdır. Odur ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346 – 2347-də yerləşən yaşayış binasının giriş 2, 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilinə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı ŞİH-in üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı ŞİH başçısının x xxxxxx 2016-cı il tarixli 454 nömrəli sərəncamının “x xxxx 2014-cü il tarixli 248 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində etibarsız sayılsın. Bakı ŞİH başçısının xx xxx 2016-cı il tarixli 201 saylı sərəncamı etibarsız sayılsın. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346 – 2347-də yerləşən yaşayış binasının giriş 2, 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilinə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı ŞİH-in üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar